Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:09

-

«Şirkət xeyli vətəndaşla müqavilə imzalayıb, onların külli miqdarda pulunu mənimsəyib. Yüzlərlə insanı çıxılmaz vəziyyətdə qoyub».

Bakı sakini Əjdər Abdullayev deyir, 2009-cu ildə mənzil tikintisi ilə məşğul olan «Xudafərin» MMC ilə müqavilə bağlayıb, şirkətə 125 min manat pul keçirib və mənzil alıb. Ancaq sonradan ona məlum olub ki, mənzili özündən başqa 4 nəfərə satılıb.

BİNANIN QARŞISINDA BOYNUNU BÜKƏNLƏR

Ancaq bu olay təkcə Əjdər Abdullayevin başına gəlməyib. AzadlıqRadiosunun «Qaynar xətt»inə eyni şirkətdən illərdir ki, mənzil almış, hələ də binanın qarşısında boynunu büküb mənzilinin pəncərəsinə baxmaqdan başqa əlindən heç nə gəlməyən başqaları da müraciət edib.

Şirkət Binəqədi rayonu, Atatürk prospekti 3078 ünvandakı hündürmərtəbəli yaşayış binasının tikintisinə 2001-ci ildən başlayıb. Ancaq payçıların istismarına verilməsi gecikdirilib. 15 il ərzində binadan yüzlərlə insan mənzil alıb. Təxminən 5 il əvvəl payçılar xəbər tutub ki, eyni mənzillər təkrar-təkrar satılıb. Payçılar şirkətlə bunun davasını apardıqları vaxtda da şirkət əməlindən qalmayıb.

ARAŞDIRMAĞA BAŞLAYIB VƏ...

Səfa Qurbanəliyev deyir, bilsəydi ki, ona satılan mənzil əvvəllər üç nəfərə də satılıb, mənzil sahibi olmaq arzusunu içində boğardı:

«2013-cü ildə 85 min manat pul ödəmişəm, ikiotaqlı mənzil almışam. Bu yaxınlarda «A.M.A.Y» Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayevin məhkəməsi gedəndə saytlardan oxudum ki, «Xudafərin» MMC də ona bağlıdır. Özü də şirkətdən mənzil alanlar məhkəmədə zərərçəkmiş kimi dindirilir. Düzü, özümü pis hiss elədim. Elə bil, kimsə qulağıma pıçıldadı ki, «bir araşdır»... Elə araşdıranda məlum oldu ki, mənzil aldığım bina başıbəlalı imiş. Neçə il imiş ki, mənzillər təkrar-təkrar adamlara satılırmış. Mənim aldığım mənzil də məndən əvvəl üç nəfərə satılıbmış. Deməyim odur ki, adamlar şikayətçi ola-ola da şirkət rəhbərliyi əməlindən qalmayıb, dələduzluğunu davam etdirib».

«QAYNANAM QOLTUĞUMDA, KİRAYƏLƏRDƏYƏM»

Deyir, 2 il əvvəl özünün və qayınanasının mənzilini satıb, pulları da qəpiyinə qədər gətirib bu şirkətə ödəyib ki, nəhayət, geniş, işıqlı mənzildə yaşasınlar. İndi ailəsi və qayınanası da himayəsində, elə binanın yaxınlığındakı mənzillərdən birində kirayədə yaşayır.

Hər gün yeni tikilinin qarşısına gələrək sənədlə azı dörd nəfərə məxsus olan eyni mənzilin pəncərəsinə tamaşa edib gedir.

Payçılar deyir, elə binanın qapısı da üzlərinə ona görə bağlıdır ki, şirkət işçiləri mənzilləri təkrar-təkrar satdıqları adamların arasında bölüşdürə bilmirlər.

Payçılardan biri Əfsanə Rzayeva binadan oğlunun adına aldığı mənzilin ondan əvvəl üç nəfərə satıldığını deyir. O hesab edir ki, daha böyük problem mənzillərə köçərkən yaranacaq. Elə şirkət də buna görə binanın qapısını adamların üzünə bərk-bərk bağlayıb:

«Adamlara desələr, «mənzillərinizə köçə bilərsiniz», görün burda necə qan su yerinə axacaq... Camaatın pulunu alıb həyatı ilə oynayıblar. Hamının əsəbləri tarımdadır, hamı gərgindir. Adamlar ev-eşiklərini satıb gətirib axırıncı pullarını bura veriblər. İndi görün bir mənzil üstündə 4 payçı necə boğuşacaq... Şirkət adamları qan çanağına atıb...».

«GÜNAH MƏNDƏ DEYİL»

Payçılar məsələyə hökumətin müdaxiləsini istəyirlər.

Ötən ilin yayında Bakı Ağır Cinayətlər Məhkəməsi «A.M.A.Y» Ticarət Mərkəzinin sahibi, işadamı Abdulla Abdullayevi mühakimə edib. Ona verilən ittihamlardan biri «Xudafərin» MMC-nin faktiki sahibi kimi mənzil almaq istəyən payçıları aldatması olub.

Məsələn, Əziz Ələkbərov məhkəmədə bildirmişdi ki, şirkətdən 14 il əvvəl mənzil alıb. Ancaq hələ də içərisinə köçə bilməyib. O, şirkət tərəfindən aldadıldığını deyəndə, Abdulla Abdullayev zərərçəkmişə «o, binanın təhvil verilməməsinin günahı məndə deyil» deyə cavab verib.

Bəzi payçılar mənzillərə görə pulları Abdulla Abdullayevin yaxın qohumu Məğrur Abdullayevə və şirkətin təsisçisi kimi tanıdıqları Anar Əliyev adlı şəxsə ödədiklərini deyirlər.

Hazırda şirkətin hansı ünvanda yerləşdiyi və hansı şəkildə fəaliyyət göstərdiyi bəlli deyil. Payçılar şirkət əməkdaşlarını gündüz çıraqla axtarır, tapa bilmir. Onlar hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG