Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:01

-

"Arvad bunu deyəndən sonra bir-birimizə qoşulub ay doyunca gülmüşük ha!"

2010-cu ildə yazıya aldığım bu hekayədə danışılanların hamısı gerçəkdən baş vermişdir. Mənim işim bu müxtəlif olayları bir yerə toplayıb yazıya almaq olmuşdur.

Müəllif

Araz Gündüz

NOVRUZ KİŞİNİN ARVAD DÖYMƏKLİYİ

Poçtalyon Novruz kişi bizim Qaradağlı kəndindən deyildi, ancaq keçən yüzilliyin 60-70-ci illərində günaşırı kəndimizə gəlib qəzet, məktub gətirərdi.

Novruz kişinin ağ-boz rəngli, üstündə iri qara çilləri olan atı kənddə görünəndə adamlar arasında istər-istəməz bir çaxnaşma yaranardı.

Elə düşünülməsin, bizim kənddə hamı hər gün məktub alacağını gözləyirdi, ya da adamların qəzet oxumaqdan ötəri ürəyi atlanırdı, yox, iş bunda deyildi. Bu çaxnaşmanın yaranmasının və adamların Novruz kişinin başına toplanmasının niyəsi, onun çox dadlı-duzlu danışıqlarının olması idi.

Novruz kişi evləri qapı-qapı gəzib poçtalyon çantasındakı qəzet və məktubları paylayandan sonra, kəndin ortasındakı çiy kərpicdən tikilmiş dükana gələr, atını yaxınlıqdakı tut ağacına bağlayar, dükanın qarşısındakı taxta oturacaqda oturub tütün kisəsini çıxarar, qəzet kağızından bir eşmə düzəldib tüstülədərdi. Bir də onda görərdin, kənd adamı yavaş-yavaş yığışdı kişinin başına və danışıq qızışdı.

Novruz kişi keçmişlərdən danışmağı çox sevərdi:

“Ay bala, boş yerə demirlər ha, ötən günə gün çatmaz calasan günü günə. Sizə indi öz gözümlə gördüyüm bir başagəldi danışım siz də bunu indiki gününüzlə tutuşdurun, görün keçmiş yaxşı idi, yoxsa indi?

Keçmişdə kişilərin sözü çəp gələndə çomaq davasına çıxardılar, vurub biri-birinin başını-gözünü əzərdilər, ancaq indikilər kimi çeynənmişin qanlısı da deyildilər, biri o birinin basıldığını görəndə özücə dayanıb deyərdi: a kişi, yetər şeytana uyduq, gəl aralaşaq.

O çağlar indiki bu ayaqqabılar yox idi, hamı çarıq geyinərdi ayağına, bu çarıq andıra qalmış da, biraz qıvraq tərpəndinmi, görərdin bağı açıldı, çıxdı ayağından, onda görərdin, çomaq davasına çıxanlardan biri dayanıb o birinə deyir: toxda görüm, qoy çarığımın bağını bağlayım; o biri də dayanıb bunun çarığının bağını bərkitməyini gözləyərdi, sonra yenidən başlardılar davaya. Hanı indi elə sözündə doğrucul, işində düz adamlar, gənci–od-alov parçası kimi zirək, qocası–dağdan ağır kişilər?”

Dili dinc durmayan birisi: “Ay Novruz kişi, axı kitablarda yazırlar, keçmişdə adamlar çox acınacaqlı gündə yaşayıblar, bəylər-xanlar onlara qan uddurublar”–deyincə, açılardı Novruz kişinin “gül ağzı”: ay onu yazanın var-yoxunu, ölü-dirisini...

Söyüb-söylənib ürəyini boşaldandan sonra Novruz kişi bir eşmə də büküb tüstülədər, sonra sözünə davam eləyərdi: “Ay bala, kitablarda yazılanlar düz olsaydı, biz indi gərək yağ-bal içində üzəydik, belə it günündə dolanmayaydıq, hanı o kitablarda dedikləri “gözəl günlər, şən günlər, ömrümə düşən günlər”?!..

Birdən deyərsiniz Novruz kişi kitab oxuyub şeir əzbərləyir, yox, aradabir evdə uşaqlar kitab oxuyanda qulaq verib eşitdiklərimdən deyirəm. Bir də mən qoca kişiyəm, atdığımı-tutduğumu bilmirəm, məni qurdalayıb, danışdırıb zibilə salmayın, sizi Tanrı.

Qaldı bizim bu başda oturanların “bişmiş toyuğun gülməyi gələn” danışıqlarına, ağ yalanı adamın üzünə elə deyirlər, quruyub qalırsan yerində. Sizə Molla Nəsrəddindən bir yarımçıq söz danışım, ardını özünüz anlarsınız:

Molla Nəsrəddin

Molla Nəsrəddin

Mollanın göy ot yeməyə öyrəşmiş bir eşşəyi varmış, qışda qabağına qoyulan quru otu yeməyib günü-gündən sınıxırmış.

Molla da çox düşünüb-daşınır, gedib bir yaşıl şüşəli eynək alıb taxır eşşəyin gözünə...

Bu yuxarı başda oturan dılğırlar da bizi mollanın eşşəyinin gününə salıblar, ölkə od tutub yanır, kösövü çıxıb, bunlar yaşıllıqdan, güldən-çiçəkdən qırıldadırlar”

Dili dinc durmayan birisi soruşdu:

–Ay Novruz əmi, mollanın sözünü sonacan danışmadın axı, nə oldu, yaşıl şüşəli eynək taxandan sonra eşşək quru otu yedi, ya yox?

–A bala, sözü özünə götürmə, Atalar deyiblər: anlaqlı kişi bir himdən anlayır, eşşəyi yüz yol bizlə, yenə də qanmayır. Sən bilən eşşək quru otu yeməyib nə eləyəcəkdi?

Novruz kişi araya düşən səssizlikdən yararlanıb bir eşmə də büküb tüstülətdi, sonra yadına nə düşüdüsə üzünə incə bir gülüş qondu:

–Ay uşaqlar, yetər bu dəvənin boynundan, –yəni dünyanın işlərini deyirəm–danışdıq, gəlin sizə bir dodaqqaçdı danışım, başınız qarışsın. Sizə haradan deyim, kimdən danışım, hamınızın tanıdığı o oxuyan var ha, İnnab Ağalarova, bax ondan... Günlərin bir günü bu oxuyan gəlib çıxdı bizim kəndə, demə qabaqcadan raykomdan kolxoz sədrinə zəng eləyib deyibmişlər, buna pul-paradan, kənd sovqatından verib yola salsın. Bizim Masqıva(Moskva) kolxozunun sədri Cavadı da tanıyırsınız da, itoynadanın biridir: bunu qarşılayır, aparır kabinetinə, deyilən pulu verir, deyir, tapşırmışam, maşınınıza bir qoyun cəmdəyi, beş-altı kəsilmiş çolpa qoysunlar. Hə, bu İnnab Ağalarova oturub yalandan ala dağdan, qara dağdan danışır, birazdan durub sağollaşıb getmək istəyəndə Cavad soruşur:

–İnnab xanım, bəs oxumayacaqsınız?

Bu da qayıdıb deyəsi, bəz İbrahim müəllim(raykom katibi) sizə deməyib mən oxumayacağam?

Cavad da tutasan bu İnnabın əlindən, gətirəsən kabinetinə bitişik dincəlmək üçün olan otağa, deyəsən buna: sən soyun, mən də işçilərimə deyim bura heçkimi buraxmasınlar, indi gəlirəm. Bu İnnab da, tökəsən gözünün yaşını: Cavad müəllim, mən elə qadın deyiləm. Cavad da qayıdıb buna deyəsi, ay İnnab xanım, bu axı düz iş deyil, mən sizə pul verirəm, sizdə gərək bunun qarşılığında mənə nəsə “verəsiniz” də, yoxsa, mən dəli deyiləm ha, bir ətək pulu götürüb elə-belə, boş yerə verəm sizə.

Nə isə, bu İnnab Ağalarova suyu süzülə-süzülə çıxıb gedir.

Novruz kişiyə ərki yetən kənd ağsaqqallarından biri gülə-qülə soruşdu:

–Ay Novruz, eşitmişəm bu yaxında evdə arvadı yaman şapartdamısan axı?

Novruz kişi qımışdı, eşməsinə bir dərin qullab vurub dilləndi:

İllüstrasiya

İllüstrasiya

–Sən deyəsən bu uşaq-muşağın yanında mənim üzümün suyunu tökmək istəyirsən.—Sonra bir az düşünüb gülümsədi: –A kişilər, deyirlər axı arvaddan qorxmayan tanrısını tanımaz, mən hara, arvad döymək hara.

Olur da, yaşlı adamın deyirlər beyni quruyur, dəngi əskilir, aradabir qanım qara olanda acığımı arvadın üstünə tökürəm: söyüb-söylənirəm, lap özümdən çıxanda arvadın doğmalarını da qatıb qarışdırıram. Çoxdandır, görürəm, mən söyüb-söyləndikcə arvad da öz-özünə deyir: “çox da fərq eləməz”. Bir gün arvadın yaxasından yapışıb dedim, ya mənə deyəcəksən, bu nə sözdür belə deyirsən, ya da səni boğub öldürəcəyəm. Arvad gülə-gülə qayıdıb deyəsi, a kişi, sən mənim doğmalarımı bərkdən söydükcə, mən də səninkilərini ürəyimdə söyürəm, ona görə də deyirəm: ”çox da fərq eləməz”. Arvad bunu deyəndən sonra bir-birimizə qoşulub ay doyunca gülmüşük ha! Mənim arvad döyməyim bax belə olub.

Gün batana yaxın Novruz kişi adamlarla sağollaşar, atını minib öz kəndinə yola düşərdi...

Günün bütün mövzuları

XS
SM
MD
LG