Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:25

İkinci Mahmudun yeni "Bataqlıq donuzu" povestindən bir parça


"Bataqlıq donuzu" kitabının üz qabığı
"Bataqlıq donuzu" kitabının üz qabığı

-

Gənc yazıçı İkinci Mahmudun "Bataqlıq Donuzu" adlı povesti kitab şəklində çapdan çıxıb. Povest gənc fotoqrafın keçirdiyi ağır mənəvi sarsıntılar fonunda fərd və cəmiyyət arasında uçurumdan bəhs edir.

Yeni kitabdan bir hissəni müəllifin icazəsi ilə OxuZalında təqdim edirik.

İkinci Mahmud

"Bataqlıq donuzu” povestindən bir parça

İkinci Mahmud
İkinci Mahmud

...Bəyazqut xan uzun müddət bu adamın arxasınca baxa durdu, sonra dərindən bir köks ötürüb başını yellədi və handan-hana üzünü mənə tutub sakitcə dilləndi:

-Gətir, yeməyimizi yeyək... – dedi – Sonra davam edərəm... Gör, neçə vaxtdır, qabaq-qabağa oturub yemək yeməyə adam tapmıram! Tək olanda yemək də adamın boğazından getmir...

İçində bozbaşabənzər yemək olan kasalardan birini mənim qabağıma qoyub qrafini götürdü. Balaca kasalardan birini südə oxşayan ağ içki ilə ağzına kimi doldurub bir anlıq duruxsundu, sonra maraqla üzümə baxıb soruşdu:

-Hələ bir de, görüm, bizim doyranın dadına baxmısan?

Çiynimi çəkdim.

Bəyazqut xan o biri kasanı da doldura-doldura böyük həvəslə izahat verməyə başladı:

-Həəə... “Doyran” bizim qədim içkimizdir. Bilirsən, necə hazırlayırlar?! Çox asan! Südü qoyurlar qızmar günün qabağına, yaxşıca turşudurlar. Gərək bir-iki gün eləcə qalsın... Sonra nanə qurusunu toz kimi ovxalayıb qatırlar südə. Biz az da üzüm şirəsi, vəssalam! Amma gərək üzüm şirəsi də yaxşıca turşumuş olsun... Əsas odur ki, hamısının qədəri düz tutarsan! İştahaçan şeydi...

Sözünü bitirib fincanı mənə uzatdı, tez də geri çəkib əlavə etdi:

-Bax ha! Bunun sərxoşluğu yaman olur!

Mən özümü sındırmadım. Kasanı götürüb bir nəfəsə başıma çəkdim... Sonra... Sonrasını xatırlamıram, bircə o yadımdadır ki, Bəyazqut xan qabağımda o yan-bu yana var-gəl edə-edə nəsə danışırdı...

Həyatım boyu belə axmaq içki içməmişdim... Ayılanda artıq növbəti günün səhəri idi. Mədəm alışıb yanırdı, üstəlik, ağzım lax yumurta qoxuyurdu. Qoxu o qədər kəskin idi ki, hətta, bir iki-dəfə ürəyim bulandı. Dilim və dodaqların tamam keyimişdi...

Bir anlıq mənə elə gəldi ki, üzümdə qarışqalar yeriyir. Sifətimi ovuşdurmağa başladım. Bəyazqut xan əlini çiynimə qoyub qayğıkeşliklə dedi:

-Birinci dəfə məndə də belə olmuşdu... Özünə gəl, sənə çox şey danışmalıyam...

Sonra gözünü uzaq bir nöqtəyə zilləyib dərin fikrə getdi, handan-hana xəyallar aləmindən qayıdıb sözə başladı:

-Burda cəmi bircə dəfə yemək verirlər... Gərək, günortanı gözləyəsən...

-Yox, onsuz da...

-Eeeh! Yeddi yarım! Kəsmə sözümü! Mən bilmirəm, sən kimsən, heç bilmək də istəmirəm... Bu haqda çox fikirləşmişəm. Daha bundan sonra ehtiyat etməyə dəyməz... Yaxşı-yaxşı qulaq as mənə... Qaramat taxta çıxandan sonra çox dəyişdi Palusiya. Yəqin fikirləşirsən ki, günah mənim özümdədir, fərasətim olmayıb... Ola bilər, bəlkə də haqlısan! Etiraf edirəm ki, mənim də müəyyən səhvlərim oldu...

Lap elə götürək bu islahat məsələsini. Əlbəttə, mən indi də o fikirdəyəm ki, bu islahatlara ehtiyac var idi, amma onu da qəbul edirəm ki, hər şeyi düz hesablamamışdım. Bilirsən, adam taxtda olanda, ona elə gəlir ki, hər şeyin ən doğrusunu özündən yaxşı bilən yoxdur. İndi başa düşürəm ki, bu belə deyilmiş...

Mən palusiyalıları azad görmək istəyirdim, istəyirdim ki, hər şeyə çəpik çalan axmaq adamların yox, öz həyatları haqqında özləri qərar verməyi bacaran azad insanların hökmdarı olum. Hə, ola bilsin, mənə inanmayacaqsan. Amma bir özün fikirləş, niyə yalan danışım axı?! Düşünürdüm ki, palusiyalılar azad olmağa layiqdirlər... Görünür, yanılmışam... Hə, qəribədir, çox qəribədir bütün bunlar... 44 ildir, yalnız bu haqda düşünürəm... Axx! Yeddi yarım! Qaramat ha! Kimin ağlına gələrdi ki, çoban Qaramat Palusiyanın xanı olacaq!

-Çoba...

-Dedim axı, kəsmə sözümü! Həə! Çoban! Yəqin ki, indi Qaramatın nə vaxtsa, çobanlıq etdiyini heç kim xatırlamır... Axı indi o, “Qaramat ata”dır... Qaramat ata- Palusiya ölkəsinin əbədi hökmdarı! Bəh-bəh-bəh! Payy yeddi yarım! Yəqin, indi Qaramat haqqında əfsanələr dolaşır... Hə, dəqiq, bu belədir. Adım kimi əminəm! Palusiyalılar qarışqadan qoyun düzəltməkdə ustadırlar...

Elə mənim özüm haqqımda elə şeylər danışırdılar ki, eşidəndə gülməkdən qarnıma sancı dolurdu. Guya mən doğulan kimi ayaq açıb yerimişəm. Ha-ha-ha! Ay yeddi yarım! Guya mən üç günlük olanda danışmağa başlamışam...

Əşşi! İslahatlar haqqında çox düşünmüşdüm, yaxşıca götür-qoy etmişdim, bilirdim ki, asan olmayacaq, amma bu qədərini ağlıma gətirməmişdim. Axı mən nə istəyirdim? İstəyirdim ki, palusiyalılar öz axmaq adətlərindən əl çəksinlər. Elə bu da axırıma çıxdı...

Amma özümdə də təqsir var, deyirdilər ki, islahatlar palusiyalılar arasında narazılıq yaradıb, deyilənlərə fikir vermirdim... Özümə o qədər əmin idim ki, hətta palusiyalılara öz hökmdarlarını seçmək hüququ da vermişdim. Deyirdim ki, qoy öz xanlarını özləri seçsinlər. Düzünü desəm, ilk referendumda yaxşı səs toplamışdım. Bu məni daha da ruhlandırmışdı...

İkinci referendum isə gözlədiyim nəticəni vermədi. Başa düşürəm, mən buna hazır olmalı idim. Amma Qaramat kimi küt bir adamın hamını aldada biləcəyi ağlıma gəlməzdi...

-Axı...

-Kəsmə sözümü! Dinlə... Hamısını danışacağam. Ehh, sən çox şeyi bilmirsən...Bizim Bambam dağını görmüsən?! Hə, o, sarayın arxasından görünən əzəmətli dağı deyirəm. Bilirsən, deyirlər ki, Bambam dağında bir bilgə yaşayır, Tenqer Bilgə deyərlərmiş adına, ta qədim zamanlarda Palusiya xalqı dara düşəndə ağsaqqallar yığışıb yollanarmışlar Bambam dağına, bu bilgə kişidən məsləhət istəyərmişlər. Bilgə də onlara ağıl verərmiş, yol göstərərmiş...

Üzü o qədər nurlu imiş ki, üzünə baxanların gözləri qamaşarmış, səsi elə məlahətli imiş ki, dinləyənləri məst edərmiş. Dünyanın bütün sirrlərindən xəbərdar imiş bu bilgə. Korların gözündən öpərmiş, gözə işiq gələrmiş, karların qulağına üfürərmiş, kar eşidər olarmış, lalın ağzına tüpürərmiş, lalın dili açılarmış, sonsuz qadınlara sığal çəkərmiş, qadın hamilə qalarmış...

Sonra necə olubsa, Tenqer Bilgə adamlardan uzaq qaçmağa başlayıb. Danışırlar ki, daha əvvəlki tək görüşə gedənlərin üzünə çıxmazmış. Sanki, bezibmiş adamlardan Tenqer Bilgə...

Bir gün Palusiya ağsaqqallarını yığıb başına, deyib ki, daha mənim görüşümə gəlməyin. Öz başınızın çarəsinə özünüz baxın... Ağsaqqallardan biri etiraz edib buna, deyib, ulu bilgə, axı biz həmişədara düşəndə sənə üz tutmuşuq, indi birdən-birə necə özbaşımıza yaşayaq. Axı biz özbaşına yaşamağı bacarmırıq!

Gərək əvvəlcə bizə özbaşına olmağı öyrədəsən! Heç olmasa, bir-iki məsləhət ver, yol göstər. Tenqer Bilgənin ağlına batıb bu söz. Deyib gedin, 40 günün tamamında etibar etdiyiniz bir adam göndərin yanıma.

40 günün tamamında Palusiya xalqı Tenqer bilgənin görüşünə etibarlı bir ağsaqqal göndərib. Bu adam da olub mənim ulu babam Xızır Qoca. Xızır Qoca, deyilənə görə, görüşdən bir kitabla qayıdıb. “Qutluq” kitabı deyiblər bu kitaba. “Qutluq” elə bir kitabmış ki, onu oxuyan dünyanın hər elmindən halı olarmış. Hər şey yazılıbmış “Qutluq” kitabında. Özü də Bambam dağı ağırlığında imiş.

“Qutluq” kitabını oxumayan adam onu yerdən qaldıra bilməzmiş. Vərəqlədikcə artarmış vərəqləri. Sona çatmağa bir igidin ömrü yetməzmiş... Xızır Qoca Tenqer Bilgənin son istəyini çatdırıb palusiyalılara. Tenqer Bilgənin istəyi beləymiş ki, nəbadə bir də məni axtarasınız, bundan sonra kim məni axtarmaq sevdasına düşsə, başına dəhşətli bəlalar gələr.

Bir də deyibmiş ki, “Qutluq” kitabını gizli saxlamaq lazımdır. Hər adamın əli dəyməməlidir bu müqəddəs kitaba! Onda palusiyalılar ulu babam Xızır Qocanı özlərinə xan seçiblər. Deyiblər, indi ki iş belədir, qoy Xızır Qoca bizim başbilənimiz olsun. Kitabımızı göz bəbəyi kimi qorusun, nə dərdimiz olsa, o kitaba əsasən bizə yol göstərsin. Bax, beləcə, babam Xızır Qoca palusiyalıların yol göstərəni olub...

Düzünü desəm, mən bu əfsanəyə bir o qədər də inanmıram. 44 ildə bu haqda düşünməyə yetərincə zamanım olub. İnamamağımın tutarlı bir səbəbi də var. Bilirsən, hələ o “Qutluq” kitabını görən olmayıb. Hə, təsəvvür edirsən, hələ o kitabı görən olmayıb... Bir dəfə Bitikçi Qoratı çağırdım yanıma, tapşırdım ki, bütün saray kitabxanasını axtarıb həmin o “Qutluq” kitabını tapsın. Axtarışlar heç bir fayda vermədi. “Qutluq” kitabı tapılmadı ki, tapılmadı. Bax, mən onda barmağımı dişlədim!

Əvəzində “Qutluq” kitabındakı qaydaları şərh edən minlərlə qədim kitab tapdılar. Səncə, qəribə deyil, kitabın özü yoxdur, amma bu kitab haqqında yazılmış minlərlə kitab var. Mən o kitabları bir-bir oxudum, bircə-bircə...

12 ilim getdi buna! Hamısı beynimdə yaxşıca götür-qoy etdim. “Qutluq” kitabı haqqında ciddi şübhələrim yaranmağa başladı... Bir dəfə palusiyalıları Dahar meydanına yığıb “Qutluq” kitabı haqqında şübhələrimi dilə gətirdim. Düşünürdüm ki, xalqımla səmimi danışmalıyam. Ay-hay! Bax, bu, mənim həyatımda ən axmaq addım idi. Bunların hamısı indi, 44 ildən sonra daha yaxşı başa düşürəm....

Qulaq as, görürəm, sözümü kəsməyə hazırlaşırsan, tələsmə, özüm hamısı danışacağam... Yəqin, maraq səni götürüb ki, bəs necə oldu,çolaq Qaramatı xan seçdilər. Hə, bax, bu əsl söhbətdi. Desəm, inanmazsan, referenduma hələ yarım il qalırdı, günlərin bir günü mənə dedilər ki, Qaramat deyilən bir çoban gələn seçkilərdə sənlə yarışmaq sevdasına düşüb. Düzü, bu xəbərə yaman sevindim, axı elə mənim də istəyim bu idi. İstəyirdim ki, palusiyalılar bax, belə cəsarətli olsunlar.

Həm də, lap açığı, özümə çox güvənirdim, əmin idim ki, palusiyalılar məni yenidən xan seçəcəklər. Bayaq da dedim, adam taxtda olanda reallığı düzgün qiymətləndirə bilmir. Başa düşürsən, ətrafındakı adamlar dayanmadan səni tərifləyirlər, hər addımını alqışlayırlar, sən də elə bilirsən ki, hamıdan ağıllısan.

İş ən axmaq tərəfi də odur ki, kimsə səni tənqid edəndə də xoşuna gəlmir. Bax, əsas məsələ də elə budur. Tənqid edənləri təqib edirsən, tərif edənləri başa çəkirsən, nəticədə özün qalırsan çıxılmaz vəziyyətdə. Getdikcə, özün də inanırsan ki, sən dünyada ən ağıllı adamsan.

Sənə elə gəlir ki, dünya səni çiyinlərində dayanıb, Günəş sənə görə çıxır, ay səninçün doğur. İndi o vaxt vəziyyəti düzgün qiymətləndirə bilməməyim məni yaman incidir. Axı bir anlıq yalançı illüziyalar dünyasından qayıdıb yaxşıca düşünməliydim: mən kiməm, necə adamların hökmdarıyam, öz xalqıma güvənə bilərəmmi, yaxud, bütün həqiqətləri çılpaqlığı ilə demək olarmı?.. Bax, bunların hamısı yaxşıca götür-qoy etməliydim....

Referendumdan qabaq bütün namizədlər xalqın qarşısında çıxışlar edirlər- bu qaydanı da mən qoymuşdum. Getdikcə, Qaramatın palusiyalılar arasında nüfuz qazandığını hiss edirdim. Düzünü desəm, bir az narahat olmuşdum. Göstəriş verdim ki, Qaramatın çıxışlarının video yazısını gətirsinlər. Onda hələ foto və video çəkilişləri qadağan edən qanun qəbul edilməmişdi.

Qaramatın çıxışları məni dəhşətə gətirdi; mən ilk dəfə bu adama uduzduğumu anladım. Artıq hər şey çoxdan həll edilmişdi! Daxilən vəziyyətin nə dərəcədə təhlükəli olduğunu hiss etməyə başladım. Əlbəttə, öz sakitliyimi də qorumağa çalışırdım...

Qaramat sadə şeylərdən danışırdı, palusiyalılar onu çox yaxşı anlayırdılar. Onun çıxışları ən adi məsələlərə həsr edilirdi. Palusiyalılar tezliklə bu adamı özlərinə yaxın hiss etməyə başladılar, çünki Qaramat onların özlərinə çox bənzəyirdi.

Üstəlik, o, bu vaxtadək xalqı öz yalanına inandıra bilmişdi. Daha doğrusu, xalqa lazım olan yalanı tapmışdı. Qaramatın çıxışlarını dəhşət içində izləyirdim. O, Bambam dağına gedib Tenqer Bilgə ilə görüşdüyünü və Tenqer Bilgənin ona Palusiya xanı olması üçün xeyir-dua verdiyini söyləyirdi.

Palusiyaylılar arasında müxtəlif əfsanələr dolaşmağa başlamışdı. Guya Qaramat qoyun otarırmış, birdən haradansa qulağına ün gəlib, qeybdən gələn səs dayanmadan deyirmiş: “Məni görmək istəsən, başını sinənə əy! Məni görməkistəsən, başını sinənə əy!...” Qaramat da düşüb bu ünün dalınca, nəhayət, gəlib, Bambam dağına çıxıb. Görüb ki, budur ünün yiyəsi oturub qaya üstündə, öz-özünə pıçıldayır:

“Məni görmək istəsən, başını sinənə əy.” Guya Qaramatı görən kimi qocanın üzündə nur parıldayıb - yalana bax!Onda Qaramata agah olub ki, bu adam Tenqer Bilgədir... Belə... Palusiyalılar arasında yüzlərlə belə əhvalat dolaşırdı. Gah deyirdilər ki, Qaramat o saat bilib ki, ün Tenqer Bilgənindir, bəziləri də deyirdilər ki, yox, Qaramat sonradan başa düşüb bunu.

Əlbəttə, mən bütün bunların cəfəngiyat olduğunu bilirdim. Dəqiq bilirdim! Düzünü desəm, ümumiyyətlə, Tenqer Bilgənin varlığına şübhə edirdim. Amma indi bunu Palusiya xalqına necə deyəydim?! Bilirsən, bu, nə demək idi? Bir düşün, axı ulu babam Xızır Qoca da elə Tenqer Bilgənin tövsiyyəsi ilə taxta oturmuşdu. Bütün baş verənləri müşahidə edə-edə içimdə qıvrılırdım. Dişim bağırsağımı kəsirdi. Referendumun nəticələrini gözləməkdən başqa çarə qalmırdı...

Bu da nəticə: Qaramat Palusiya xanıdır! Qaramatın ilk işi əzəmətli xan sarayını yerlə yeksan edib yerində saray böyüklüyündə tövlə tikmək oldu. Tövlə! Dedi ki, sarayda özümü narahat hiss edirəm. Açığı, onu anlamaq çətin deyildi; axı, həyatı boyu tövlədə yaşamışdı... Sonra bütün nazirləri və ali məmurları işdən azad etdi. Həmin vəzifələrə dəxlisiz adamları təyin etməyə başladı.

Bax, onda mən vəziyyətin nə dərəcədə qorxulu olduğunu bir daha dərk etdim. O, öz nazirlərini bircə meyara görə seçirdi: vəzifəyə təyin ediləcək adam mümkün qədər çirkin, bəstəboy və dazbaş olmalı idi. Üstəlik, axsaq adamlar onun sevimlisinə çevirilirdi. Bax beləcə, bütün palusiyalılar axsamağa başladılar, hətta vəziyyət o yerə çatmışdı ki, axsamamaq qəbahət hesab edilirdi...

Sonra Qaramat yenə yalanlar uydurmağa davam etdi: o, verdiyi bütün axmaq qərarların, əslində, Tenqer Bilgenin istəyi olduğunu bəyan edirdi, palusiyalılar da bu cəfəngiyata canla-başla inanırdılar... Axx, yeddi yarım! Hə, bax, hər şey belə oldu...

Bayazqut xan bunları danışıb birdən susdu və dərin xəyallar aləminə yollandı. Bir müddət sonra fikirdən ayılıb üzümə baxdı. Amma mənim ona veriləcək heç bir sualım qalmamışdı. Nəyə görəsə, dilimdən bircə kəlmə çıxdı:

-Qəribədir...

Bəyazqut xan gülümsündü:

-Yox, burda qəribə heç nə yoxdur... Qulaq as, sən burdan getməlisən!

-Necə???

-Çox asan! Elə bu axşam qaç burdan. Başa düşdün?!

-Axı...

-Onu mənə burax! İndi özün görəcəksən...

Artıq günorta idi... Hərbi geyimli iki adam bizə nahar gətirdi. Sinini qəfəsin içinə qoyub qapını bağlamaq istəyəndə Bəyazqutxan onlara palusiyalılara xas formada müraciət etdi:

-Qoçum! Bəlkə, qapı açıq qalsın, hava yaman istidir...

Adamlardan biri dilləndi:

-Mənimçün fərqi yoxdur!

O biri də tez əlavə etdi:

-Mənimçün də fərqi yoxdur!

Qəribə də olsa, onlar qapını açıq qoyub getdilər. Mən çaşıb qalmışdım, demə, hər şey bu qədər sadə imiş. Bəs, Bəyazqut xanın özü bu vaxtacan niyə qaçmayıb burdan?! Amma bu haqda ondan heç nə soruşmadım...

Üstəlik, onun kələyi ürəyimə lap yağ kimi yayılmışdı. Təsəvvür edin, deyir ki, dəmir barmaqlıqlı qəfəsin qapısını bağlamayın, içəri yaman istidir. İşə bir bax!

Palusiyalılar bir başqa aləmdilər! O, sanki, mənim nə haqda düşündüyü hiss edib gülümsündü, amma biz bu haqda bir kəlmə də danışmadıq... Qısa müddət ərzində aramızda elə doğmalıq yaranmışdı ki, artıq bir-birimizi sözsüz də anlayırdıq...

Sakitcə nahar etdik. Əlbəttə, mən doyran içmədim... Bəyazqut xan sonuncu doyran kasasını başına çəkib ağzını əlinin dalı ilə sildi, sonra ağlına nə gəldisə, ciddi sifət alıb dedi:

-Hava qaralan kimi çıx aradan! Axşama qədər isə sən danış, dinləyim, daha mənim danışılası sözüm yoxdu...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG