Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:13

Tutuquşuların İnkişaf Fondudur, özüm açmışam


İllüstrasiya Məmməd Haqverdinindir

İllüstrasiya Məmməd Haqverdinindir

-

"- Nə danışırsan, dəli olmusan, o qədər qızılı fonda keçirərlər?

Tutuquşu bic-bic gülümsədi."

Vüqar Haqverdiyev

QIVRIMSAÇIN HOQQALARI

(uşaq macəra ədəbiyyatı)

Əvvəli burada

IV fəsil

“Qızıl ilan” əməliyyatı

Vüqar Haqverdiyev

Vüqar Haqverdiyev

Bağça uşaqları avtobusdan düşüb zooparkın girişinə tərəf qaçdılar. Heyvanların səsi çölə gəlirdi. Vəhşi heyvanların nəriltisi, quşların civiltisi biri-birinə qarışmışdı.

Uşaqlar parkın tağlı böyük qapısı ağzında sıraya düzüldülər. Tünzalə müəllimə onları əli ilə sayıb dedi:

- Hamı yerindədir, on beş uşaqsız, içəridə biri-birinizdən muğayat olun, dəstəni tərk etməyin, birdən ayrı düşən olsa, gəlib qapının ağzında gözləsin.

Qıvrımsaç dedi:

- Müəllimə, hər şey qaydasında olacaq!

Tünzalə müəllimə zooparkın keçid üçün nəzərdə tutulmuş ensiz dar qapısında dayanmış nəzarətçi qadına bağçadan gəldiklərini bildirdi. Nəzarətçi qapını açıb onları içəri buraxdı.

Heyvanxana gözəl mənzərəli yaşıllıq bir ərazini əhatə edirdi, hər heyvanın özünə uyğun qəfəsi vardı. Qəfəslərin bəziləri dəmir barmaqlıqlardan, bəziləri isə dəmir tordan düzəldilmişdi. Vəhşi, yırtıcı heyvanlar olan qəfəslərin qabağında keçilməsi qadağan olunan sədlər də vardı.

Uşaqlar giriş hissədən başlayaraq zooparkı seyr etməyə başladılar. Haqqında nağıllardan eşitdikləri heyvanları canlı olaraq burada görürdülər. Hər qəfəsin qabağında dayananda, içindəki heyvana xas olan hərəkətlər edirdilər. Guya onlarla ünsiyyət qururdular.

Heyvanlar isə onlara çox da məhəl qoymurdular, öz işlərində idilər, bəziləri yatırdı, bəziləri yeyirdi, bəziləri bir-birləri ilə oynayırdı, bəziləri də özlərini günə verirdi.

Meymunlar həmişəki kimi meymunluq edib adamları güldürürdülər. Hava isti olduğundan timsahlar, su quşları sərinləmək üçün süni gölməçələrə girmişdi.

Möhtəşəm tovuz quşları gözcüklərlə bəzənmiş uzun lələklərini açıb ziyarətçiləri valeh edirdi. Gözəl flaminqolar bir ayaqları üstə dayanıb su içirdilər.

Heyvanları izləmək çox maraqlı və əyləncəli idi. Birdən Qıvrımsaçın gözləri kəlləsinə çıxdı. Durduğu yerdən bir qədər aralı quşlar saxlanılan bölmədə bəzəkli dəmir qəfəsin içindən tutuquşu Cimi ona baxırdı. Cimini burada görəcəyini ağlına da gətirməmişdi. Xəlvətcə uşaqlardan ayrılıb tutuquşuya yaxınlaşdı.

- Cimi, salam, sən hara, bura hara?

Tutuquşu rəngbərəng qanadının uzun lələyini “sus” işarəsi kimi ağzına yaxınlaşdırıb yavaşca dedi:

- Salam, mən burda xüsusi əməliyyat aparıram.

- Əməliyyat? – Qıvrımsaç təəccübləndi.

- Hə, heç kim bilməsin, mən zooparka kəşfiyyatçı kimi gəlmişəm.

- Kəşfiyyatçı kimi? – Qıvrımsaçı heyrətləndi. – Bu ki, əladır, əməliyyatın adı nədir?

- “Qızıl ilan”, zooparkda bir qızıl ilan balası var, onu xilas etməliyəm, bir həftədir tutublar. Anası bir küp qızıl vəd edib..

- Bir küp qızıl? - Qıvrımsaçın gözləri qızıl kimi parıldadı. – Cimi, məni də bu işə cəlb elə.

- Yox, bu uşaq işi deyil, sən ancaq mane olarsan.

- Mən bacararam, Cimi, xahiş edirəm! – Qıvrımsaç əllərini hindistanlılar kimi biri-birinə yapışdırıb burnun ucunda tutdu. – Məni də bu işə qoş, Cimi, nolar!

Tutuquşu caynaqları ilə başını qaşıyıb dedi:

- Yaxşı, ancaq qızıldan sənə verə bilməyəcəyəm.

- Niyə?

- Çünki, qızılları Fonda keçirəcəyəm.

- Cimi, nə danışırsan, dəli olmusan, o qədər qızılı fonda keçirərlər?

Tutuquşu bic-bic gülümsədi.

- Tutuquşuların İnkişaf Fondudur, özüm açmışam.

- Belə de...

Tutuquşu dedi:

– Ancaq istəsən, bir neçə qızıl sənin adından Fonda keçirərəm, hesab elə ki, ianə vermisən.

- Yaxşı, ilk işim olduğu üçün, bu dəfə belə olsun!

Tutuquşu dedi:

- Afərin, əsl kəşfiyyatçı pul haqqında düşünməz. Yaxşı, görəsən, sənə nə tapşırıq verim? – tutuquşu qanadını çənəsinə dirəyib qəfəsdə sağa-sola bir qədər gəzişdi, birdən dayandı. - Aha, tapdım, qəfəslərin açarını götürə bilərsən, ancaq elə etməlisən ki, görən olmasın?!

- Sən, təkcə açarların yerini de!

- Bax, orda bir otaq var. - deyə tutuquşu qanadı ilə parkın ortasındakı tikilini göstərdi. - Açarlar ordadır. Ancaq otaqda mühafizəçilər də olur. Onlardan yayınıb açarları götürmək lazımdır. İlanın qəfəsinin nömrəsi 120, mənimki isə 45-dir.

Qıvrımsaç dedi:

- Əvvəl, keşikçiləri otaqdan çıxarmaq üçün plan qurmaq lazımdır.

Tutuquşu dedi:

- Afərin Qıvrımsaç, düz deyirsən, bu işdə bizə Matvey kömək edər.

- Matvey kimdir?

- Rus ayısıdır, köhnə çekistlərdəndir. Bir dəqiqə gözlə, görüm nə deyir?! - Cimi başını sol qanadının altına soxub nə isə danışdı. Sonra başını çıxardıb dedi:

- Matvey kömək edəcək, bax, oradan bizə əl eyləyir.

Qıvrımsaç baxdı ki, parkın o biri tərəfindən iri bir qara ayı arxa pəncələri üstə qalxıb dəmir qəfəsdən onlara əl eyləyir.

- Cimi, sən onunla necə danışdın?

- Tutuquşu rəngbərəng qanadını qaldırıb balaca gizli telefonu göstərdi

- Casus qurğusudur.

- Super, bəs Ayfonun hanı?

- Evdədir, belə işdə yaramır. – deyə Cimi başını yenə də qanadının altına saldi.

Zooparkda ayı

Zooparkda ayı

Qıvrımsaç fikir verdi ki, ayı da başını qoltuğunun altına soxub.

- Matveydə də gizli telefon var?

- Əlbəttə, axı o da kəşfiyyatçıdır. – Tutuquşu dedi. - Danışdıq, Matvey mühafizəçilərin başını qatacaq, girib açarları götürərsən.

Tutuquşları

Tutuquşları

Tutuquşu sözünü qurtaran kimi ayı dəhşətli nərə çəkdi. İri pəncələri ilə qəfəsin dəmir barmaqlıqlarından yapışıb necə silkələdisə heyvanlara baxmağa gələn adamlar panikaya düşdülər, hərə bir tərəfə qaçdı. Gözətçilər ayını sakitləşdirmək üçün qəfəsə sarı cumdular. Bağça uşaqları qorxub qışqırışdılar. Tünzalə müəllimə əllərini açıb uşaqların qabağında qoruyucu sipər kimi dayandı.

- Uşaqlar, bəs Qıvrımsaç hanı? – həyəcanla soruşdu.

- Bilmirik! – uşaqlar dilləndilər.

- Qıvrımsaç, Qıvrımsaç, hardasan? – Tünzalə müəllimə qışqıra-qışqıra Qıvrımsaçı harayladı.

Qıvrımsaç isə açarlar olan otağın boşaldığını görüb, özünü ora verdi. Lazım olan açarları götürüb tutuquşunun yanına qaçdı. Cimi dedi:

- Tez qəfəsi aç, mən çıxan kimi yenidən bağla, sonra dalımca gəl!

Qıvrımsaç, Cimi deyən kimi etdi. Quş uçub ilanlar saxlanılan guşəyə girdi, İçində qızıl ilan balasını axtarıb tapdı. Onu ağzı qıfıllı şüşə qutuda saxlayırdılar. Cimi qutunun üstünə qondu və dedi:

- Qızılxan bala, səni ananın yanına aparacam.

İlan balası sevincək quyruğu üstə qalxıb dilini çıxartdı.

Qıvrımsaç qutunu açdı, tutuquşu ilan balasını caynağına götürən kimi yenidən bağladı.

Cimi dedi:

- Afərin Qıvrımsaç, sənin missiyan başa çatır, apar açarları yerinə qoy, sonra Matveyə de ki, “Bal pətəkdədir!”

- “Bal pətəkdədir!” nə deməkdir?

- Bu gizli sözdür, əməliyyatın sona çatdığını bildirir, ayı başa düşəcək.

Qıvrımsaç dedi:

- Bəlkə ayını da xilas edək?

- Ona burda rahatdır, yeməyi, içməyi, hər şeyi var, burdan yaxşı yer tapmayacaq. – deyə Tutuquşu uçmağa hazırlaşdı.

- Mənim bir vızıvım qalıb ha! – Qıvrımsaç tutuquşunun yadına saldı.

- Bilirəm, yadımdadır, hələlik! – tutuquşu uçub uzaqlaşdı.

Açarlar

Açarlar

Qıvrımsaç gizlincə açarları aparıb yerindən asdı. Sonra heç nə olmamış kimi Matvey olan qəfəsə sarı qaçdı. Birdən eşitdi ki, Tünzalə müəllimə onu çağırır:

- Qıvrımsaç, Qıvrımsaç, tez bura gəl, hardasan, bayaqdan səni çağırırıq, tez bura gəl, ora təhlükəlidir!

Qıvrımsaç qışqırdı:

- Müəllimə, qorxmayın, indi gəlirəm.

Ayı sakitləşmək bilmirdi, aqressivliyi artırdı, qəfəsi elə silkələyirdi ki, deyirdin indi dəmir barmaqlıqları qırıb camaata hücum edəcək. Zooparkın bütün işçiləri bura toplaşmışdı. Mühafizəçilər silahlarını çıxardıb ayıya tuşlamışdılar. Qıvrımsaç qışqırdı:

- Dayanın, belə onu daha da hirsləndirərsiniz, qoyun mən ona bir kəlmə söz deyim!

- Ay uşaq, kənara çəkil, nə boş-boş danışırsan, ayı səni eşidəndi? – keşikçilərdən biri qəzəblə dedi.

Qıvrımsaç keşikçinin sözünə məhəl qoymayıb, qəfəsə yaxınlaşıb ayının üstünə qışqırdı:

- Ey ayı, sakit ol, özünü adam kimi apar, “Bal pətəkdədir!”

Ayı o dəqiqə sakitləşdi, dəmir barmaqlıqları buraxdı, qabaq pəncələrini də yerə qoyub yırğalana-yırğalana qaya daşlarından düzəldilmiş mağarasına girdi. Hamı heyrətlə Qıvrımsaça baxdı.

- Afərin Qıvrımsaç, Qıvrımsaça eşq olsun! – deyə Tünzalə müəllimə qışqırdı.

Zooparkdakı uşaqlar, valideynlər, mühafizəçilər, parkın bütün işçiləri bərkdən əl çaldılar, Qıvrımsaçı ucadan alqışladılar. Qıvrımsaç isə növbəti əməliyyatın nə olacağını fikirləşirdi...

Günün bütün mövzuları

XS
SM
MD
LG