Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:05

-

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyən edilib.

Bu haqda AzadlıqRadiosuna Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, nümayəndə heyətinin üzvü Rövşən Rzayev məlumat verib.

Heyətin tərkibində ciddi dəyişiklik edilməyib, sadəcə, 3 nəfər yeni üzv daxil edilib.

Yeni üzvlər bitərəf Müslüm Məmmədov, hakim Yeni Azərbaycan Partiyasından Vüsal Hüseynov və Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir. Onlar hər üçü də ilk dəfədir parlamentə seçilirlər.

Rövşən Rzayev bildirib ki, V.Hüseynov əsas heyətdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, YAP üzvü Əli Hüseynlini əvəzləyib:

«Əli Hüseynli iş yükü çox olduğundan AŞPA-dakı nümayəndə heyətində təmsil olunmaq istəmədi. Müslüm Məmmədov isə keçmiş deputat Aydın Abbasovu əvəz edir. Bilirsiniz ki, Aydın Abbasov bu dəfə seçilmədi. Elşən Musayev əvəzedici heyətdə Vətəndaş Həmrəyliyi Partiyasından deputat Fəzail İbrahimlini əvəz edib».

Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə, son 12 ildə olduğu kimi, yenə də Səməd Seyidov başçılıq edir.

Nümayəndə heyətinin tərkibi belədir: Rövşən Rzayev, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Qənirə Paşayeva, Fazil Mustafa, Elxan Süleymanov, Rəfael Hüseynov, Müslüm Məmmədov, Elşən Musayev, Vüsal Hüseynov.

Ötən ilin noyabrında Milli Məclisə seçkilər keçirilib. Buna görə də Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti yenidən formalaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG