Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:37

Neft son 13 ildə ən aşağı həddə düşür


Neft
Neft

-

Bazar ertəsi dünyada neftin qiymətləri 2003-cü ildən bəri ən aşağı həddə düşüb. Səbəb İrana beynəlxalq sanksiyalar qaldırılandan sonra bazarın Tehrandan gözlədiyi neft ixracıdır.

Bazar günü İran bildirib ki, gündəlik ixracı 500 min barrel artırmağa hazırdır.

«İrandan ixrac çox pis bir vaxtda artır», - «Barclays» təhlilçiləri «Reuters» agentliyinə deyib. Belə ki, hazırda dünya bazarına gündəlik təklif tələbdən bir milyon barreldən də artıqdır və 2014-cü ilin ortasından neftin qiymətin 75 faizdən çox düşüb.

Bazar ertəsi tezdən «Brent» neftinin qiyməti 27.67 dollara düşüb. Bu, 2003-cü ildən bəri ən aşağı qiymətdir. ABŞ xam neftinin barreli isə 38 sent ucuzlaşaraq 29.04 dollara bərabərləşib. 2003-cü ildə qiymət 28.36 dollar idi.

Ancaq treyderlər və təhlilçilər qiymətlərin belə düşməsini ilkin reaksiya sayır, İranın gündəlik ixracı 500 min barrel artıracağını real saymırlar.

«İranın son 12-18 aydakı ritorikasını izləsəniz, görərsiniz ki, rəsmilər sanksiyalar qaldırılan kimi ixracı 1 milyon barrel artırmaqdan dəm vururdular», - təhlilçi Virendra Chauhan deyir.

Təhlilçilərin gözləntisinə görə, İranın ixrac infrastrukturunu tam bərpa etməsi də vaxt alacaq. Ancaq OPEC üzvünün 10-dan çox tankeri atıq neftlə dolu vəziyyətdə bazara girməyi gözləyir. Treyderlər neftin daha da ucuzlaşacağını proqnozlaşdırırlar.

İran
İran

BARREL 25 DOLLARA DÜŞƏ BİLƏR

«The Wall Street Journal» da neftin daha da ucuzlaşmasından yazır. Təhlilçilər üzümüzə gələn həftələrdə barelin 25 dollaradək düşə biləcəyini söyləyir.

İranın bazara göndərdiyi əlavə neft dərhal mövcud kontraktlarla Çinə və digər Asiya ölkələrinə satıla bilər. İranın Avropadakı keçmiş alıcılarına nə qədər neft satacağı hələ qaranlıq qalır.

«Həftənin əvvəlində qiymətlərin reaksiyasının şahidi olacağıq, ancaq bazarlar bunu onsuz da gözləyirdi», - «Morgan Stanley»nin hesabatında deyilir. Amma İranda xam neft istehsalının gələcəyi tutqun görünür, belə ki, bərpa işlərinə əməlli xarici sərmayə və texnologiya gərəkir. Digər tərəfdən, İranın qlobal bazara tam girişi hələ bir neçə ay çəkə bilər.

«Hazırda yerli bankların problemlərini öyrənirik. Onlar həll olununca, istehsal və xam neftin satışı artacaq», - Milli İran Neft Şirkətinin rəhbəri Rokneddin Javadi deyib.

«Daha öncə bazara girişi məhdudlaşdırılmış neft tezliklə axacaq, ancaq indiki məqamda İranda istehsalın ciddi artımı çətin məsələdir», - bunu isə «Phillip Futures»dən Daniel Ang deyir.

Qubada aksiya
Qubada aksiya

AZƏRBAYCANIN İQTİSADİ ÇÖKÜŞÜ

«Stratfor» Araşdırmalar Mərkəzi neftin ucuzlaşmasının Azərbaycanda iqtisadi geriləməyə gətirməsindən yazır.

2015-ci ildə ölkədə ÜDM cəmi 1 faiz artıb. 2014-cü ildə bu rəqəm 2.8, 2013-cü ildə 5.8 idi.

Təhlildə manatın ötən ilki devalvasiyasından sonra hökumətin bəzi tədbirlərə əl atmasından bəhs olunur. «Ancaq istənilən halda, sonda dövlət və enerji sektorunda ixtisarlar qaçılmaz olacaq», - deyə yazıda vurğulanır və ötən həftə bölgələrdə baş verən etirazlara diqqət çəkilir:

«Azərbaycanda əvvəllər də etirazlar olub, ancaq onlar, əsasən, Bakıda və ona yaxın ərazilərdə, Nardaranda və ya Sumqayıtda baş verib, ən çox da siyasi məsələlərlə bağlı olub. Hökumət də hamısının öhdəsindən gəlib. Ötən həftə ölkənin 5-10 şəhərində və bölgəsində bir neçə yüzdən minədək insan etirazlara çıxıb. Etirazlar böyüyüb başqa şəhərlərə keçsə, Azərbaycanın on illər boyu görmədiyi sosial və siyasi təzyiqlə nəticələnər. Ölkənin siyasi və demoqrafik özəyi olan Bakını izləmək xüsusilə maraqlıdır. Elə Müsavat Partiyası kimi müxalifət qruplarının yeni tərəfdarlar toplamaq və hökumətə təzyiqi artırmaq üçün bu etirazlardan necə faydalanacağı da maraq doğurur».

«Stratfor» yazır ki, hökumətin bu etirazlara reaksiyası da çox vacibdir:

«İndiyədək Bakıda nümayişlər həbslərlə yatırılıb. Təhlükəsizlik qüvvələri daha aqressiv davransalar, böyük toqquşmalar baş versə, etirazlar güclənə bilər. Ancaq hökumət yumşalsa, qiymət artımına qarşı tədbir görsə, yaxud siyasi güzəştə getsə, nümayişlərin qarşısını ala bilər».

XS
SM
MD
LG