Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:34

Ziya Alar. Oyuncaq


Ziya Alar
Ziya Alar

-

Gənclərin OxuZalına göndərdikləri hekayələrdən

Ziya Alar

OYUNCAQ

Həkim onu sonuncu dəfə müayinə etdikdən sonra tibb bacısından soruşdu:

- Xəstənin yiyəsi kimdi?

Tibb bacısı:

-Yoxdu. ­– dedi, – bircə bu uşaqdı. – küncdə qısılıb duran uşağı göstərdi. Həkim əvvəl uşağın qorxmuş və nigaran gözlərinə baxdı, sonra onun əlindəki oyuncağı sinəsinə necə bərk-bərk sıxdığına fikir verdi.

- Uşağıdı? – Həkim soruşdu.

- Bəli.

- Bəs, xəstəxananın pulu? – Həkim çəkinmədən dedi. – sonra üzünü qarşısında uzanmış xəstəyə tutdu. – Xəstəliyiniz ciddir. Təcili müalicə almasanız öləcəksiniz.

- Onda elə indi başlayın, həkim – xəstənin gözləri yalvarırdı.

- Xəstəxanın pulu ödənməsə sizi müalicə edə bilmərəm. Siz pul tapın.

Xəstəxana
Xəstəxana

Həkim sözünü deyib otaqdan çıxanda uşağın gözlərindən süzülən bir cüt yaş yanağına axdı. Sonra qaçıb getdi.

Hara gedəcəyini özü də bilmirdi. Bildiyi tək şey anasının əməliyyatına lazım olan pulu tapıb onu xilas etmək idi. Həkimin səsi qulaqlarında cingildəyirdi. Gecədən xeyli keçməsinə baxmayaraq, hələ də bir ümidlə açıq dükan axtarırdı. İstəyirdi əlindəki sınıq-salxaq oyuncağı satıb pulunu həkimə versin.

Yolunun üstündə açıq bir dükan gördü. İçəri atıldı.

- Ay uşaq, nə istəyirsən? - qaraqabaq satıcı soruşdu.

- Əmi, oyuncağımı satıram, istəyirsiniz?

Satıcı nimdaş geyimli uşağı başdan-ayağa süzdü və qovdu.

Kişinin səsindən qorxan uşaq kor-peşman oranı tərk etdi. Amma fikrindən dönmədi. Gecədən xeyli keçməsinə baxmayaraq, hələ də oyuncağına alıcı axtarırdı. Gəlib bir çörək sexinin qarşısında dayandı. Pəncərədən baxıb içəridə işləyən adamları gördü. Şüşəni balaca barmaqları ilə bir neçə dəfə taqqıldatdı.

Pəncərədən başını çıxardan qadın təəccüblə ona baxırdı.

- Oyuncağımı satıram. Alarsınız?

Qadın gülərək:

- Ay uşaq, get işinlə məşğul ol! – deyib, pəncərəni örtdü.

Üzünə çırpılan pəncərənin önündə bir qədər səssiz dayandı, qoluyla gözlərinin yaşını silib getdi.

Aptekin yanan yaşıl işığını görəndə ümid elədi ki, oyuncağı burda sata biləcək. Arxaya baxmadan yaşıl işığa tərəf qaçdı. Aptekin qarşısında həyəcandan ayaqları titrəməyə başladı. Bu yaşıl işıq son ümid yeri idi. Fikrində tutmuşdu ki, bunlar da oyuncağı almasa, onu dərmanla dəyişsin. Bu arzuyla aptekin qapısından içəri girib növbətçi əzcaçıya dedi:

- Xahiş edirəm, bu oyuncağı məndən alın. Nə qədər pul versəniz, razıyam. Təki alın. Anam xəstəxanadadı. Pul verməsəm həkim onu müalicə etməyəcək.

- Bura oyuncaq dükanı deyil, aptekdir, - əczaçı əsnəyə-əsnəyə dedi.

- Heç olmasa, dərmanla dəyişək.

- Ay uşaq, get burdan. Onsuz da yorulmuşam. Bu da dilənməyin təzə yoludu? Çıx, çölə.

Uşaq ağlaya-ağlaya qayıdırdı. Yol boyu anasının vəziyyətini düşünür, bir oyuncağı satıb anasını ölümün əlində ala bilmədiyi üçün özünü qınayır, həkimi söyürdü. Kəsə yolla xəstəxanaya çatmaq, anasını görmək istəyirdi. Fikirləşmişdi ki, oyuncağı pul əvəzinə həkimə verər.

Çayın üstündəki taxta körpüdən keçəndə ayağı ilişib yıxıldı və oyuncaq çaya düşdü. İti axan çay oyuncağı bir anda uddu və özüylə apardı. Uşaq qalxdı.

Körpünün məhəccərindən tutaraq, üzüb gedən oyuncağına qəmgin-qəmgin baxıb:

- Anam öldü! – dedi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG