Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:27

Könül Həsənqulu. Su anbarının kənarında


Könül Həsənqulu
Könül Həsənqulu

-

Könül Həsənqulu

Yeni şeir

Su anbarının kənarında

bir qovaq dayanıb, qovağın budağında

yırtır gecənin zülmətini

üstü ləkəli

altmışlıq lampa.

Əllərimi qatıb saçlarıma

hörük hörürəm.

Hörük – saçın bələyidir, saçlarımı bələyirəm.

Mən

şəkillərin arasında

axtarıb tapdığım şeirləri

misra-misra

dərman həbləri kimi

gəmirirəm

su anbarının kənarında.

İndi burda

bu qovağın altında

təkbətək oturmuşam Allahla

və O, ilk dəfədir ki,

qovağın altından baxır səmaya

(necə ki

biz öz kitablarımızı görürük ummadığımız ünvanlarda).

Allahın pıçıltısını eşidirəm:

"Mən səni sevirəm, dünya,

sevirəm mən səni,

səni mən sevirəm!".

Eynən

Pyotr Veqin ulduzlara baxarkən

sevgisini dərk etdiyi kimi

və ya

onun şeirindəki –

uşaqlar karameli

dili ilə ağzında dəfələrlə çevirdiyi – kimi

Allah da

eləcə dəfələrlə etiraf etdi

dünyaya sevgisini

baxarkən

qovaq budaqlarının altından səmaya

su anbarının kənarında.

Mən göyərçin kimi

buraxdım zamanı ovuclarımdan azadlığa.

İndi

cəllad kölgəsində zərbə gözləyən

məhkumam mən –

zamanın qarşısında

boynumu aşağı əyirəm...

Dikib gözlərimi sən yarandığın torpağa

o şair kimi, bu Allah kimi,

və ya

dilini iflic vurmuşlar kimi

etiraf edirəm:

"Mən səni sevirəm,

sevirəm mən səni,

səni mən sevirəm..."

Orda –

bir qabırğalıq boşluqda

sızıltı hiss etdinmi?!

***

Boşalır saçlarımın bələyi,

təsir gücünü itirir bədənimdə şeir həbləri,

öləziyir ağacdan asılan lampa,

ağrılarım İblis balalayır bağrımda!!!

Yığıb əlinə gecənin ətəyini

yavaş-yavaş yuxarıya qalxır Allah da –

SÖKÜLÜR DAN YERİ...

Qəfildən tutub havada

uçuşan o üç müqəddəs kəlməmi

zəhər kimi

çeynəyib-uduram boğazım acıya-acıya

su anbarının kənarında.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG