Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:44

Osip Mandelshtamın həyatını alt-üst edən məşhur şeir


Osip Mandelshtam
Osip Mandelshtam

-

Osip Mandelshtamın ad günü qeyd olunur

Osip Mandelshtam (1891-1938) öz həyatını yaşayan bir gənc şair idi. 1933-cü ilin noyabrında bu gənc şair belə bir kiçik şeir yazır:

"Dəmirçi necə nal düzəldirsə,
bu da eləcə fərmanları düzür ard-arda,
Zərbələri birinin qasığına, o birinin alnına,
digərinin qaşqasına, ta o birinin isə gözünə tuş gəlir.
Onun kəsdiyi başa sorğu-sual yoxdur.
Odur ki, geniş sinəsini qabardıb gəzir bu osetin."

Iosif Stalin
Iosif Stalin

Dostlarına, həmçinin Boris Pasternaka oxuyur. Dostu Osipin taleyi üçün narahat olan Pasternak deyir:

"Elə hesab edək ki, nə siz mənə bu şeiri oxudunuz, nə də ki, mən dinlədim. Xahiş edirəm, bu şeiri daha heç kimə oxumayasız".

Amma Mandelştamın susmaq fikri yox idi. O, öz həqiqətini xilas etmək istəyirdi. Bu həqiqət ona baha başa gəlir.

Bu şeirdən sonra Stalin onun başına müsibətlər gətirir. Müsibətlər Permə sürgünlə başlanır.

Əgər onun şeirləri dövrümüzə gəlib çıxıbsa, bu da ona görə olub ki, arvadı Nadejda onun şeirlərini əzbər yadında saxlayıb, təhlükəli illər sovuşandan sonra o şeirləri kağıza köçürüb.

Nadejda. Osip Mandelshtam'ın arvadı, 1923
Nadejda. Osip Mandelshtam'ın arvadı, 1923

Yuxarıdakı şeir haqqında Nadejdaya sual veriblər:

- Osip bu şeiri yazanda, sizcə, anlayırdımı, bu, ona həyatı bahasına başa gələcək?

- Əlbəttə! O hətta elə bilirdi ki, onu dərhal güllələyəcəklər.

Müsibətlər Permdən Voronejə sürgünlə davam edir. Aclıq, səfalət Osipi qara çörəyə möhtac edir. Üstəlik, heç kəs onunla danışmır, bu "xalq düşməni"ylə üz-üzə gəlməkdən belə, qaçırlar.

Yalnız poeziya yeganə çıxış yolu idi. O, şeir yazır, amma heç kəsə oxuya bilmirdi. Şeirləri kimə oxuyasan?! Jurnal redaktorları şeirlərini çap etməkdən imtina etmişdilər.

Bir dəfə Mandelştama müstəntiqdən zəng gəlir. O, dəstəyi götürüb müstəntiqə deyir: "Yox, xahiş edirəm, siz mənə qulaq asmalısınız! Axı mənim şeir oxumağa heç kimim yoxdur!"

Anna Axmatova onun haqqında yazırdı: "Bəlalar bizi qarabaqara izləyir. Mandelştamlar ailəsinin vəziyyəti çox ağırdır. Osip xəstədir, mən onu sonuncu dəfə görəndə çətinliklə nəfəs alırdı."

1938-ci ilin mayında Osip yenidən həbs edilir. Onu 5 illik katorqaya, Qərbi Sibirə göndərirlər. Artıq Mandelştam geri qayıtmayacaqdı. O, elə həmin ilin dekabrında vəfat edir.

Onun şeirlərini dilimizə bir neçə Azərbaycan şairi tərcümə edib.

Dünyada Osip Mandelshtamın ad günü qeyd olunan bugünlərdə onun bir şeirini də oxuyaq:

Mətbəxdə oturaq gözlərdən uzaq,
Neft ətri qoxuyan gecəyə baxaq.
Masanın üstündə bıçaq və çörək...
İstəsən ocağı yandır, isinək.
Ya da kəndir gətir, səbət toxuyaq,
Sübhədək gizlicə nəğmə oxuyaq.

Minək bir qatara, itirək izi,
Heç zaman heç kimsə tapmasın bizi...
(Bu şeiri Afaq Şıxlı tərcümə edib)
XS
SM
MD
LG