Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:15

Gənc Tamaşaçılar Teatrı bacara bilmədi, yaxud cəhd etmədi


"Yalqız Qərb" tamaşasından görüntü
"Yalqız Qərb" tamaşasından görüntü

-

"Ola da bilər ki, teatr narahat idi bundan. Tamaşaçı itirməkdən qorxurdu. Məhz buna görə banal dilə üstünlük vermişdi. Amma teatrımızın bugünündə nədənsə çəkinmək gülünc olardı. Onsuz da statik, durğun prosesi yavaşıtmaq da mümkün deyil."

Emin Əliyev

Yalqız Qərb

Emin Əliyev
Emin Əliyev

Yanvarın 9-u Gənc Tamaşaçılar Teatrında irland dramaturq Martin McDonagh'ın "Yalqız Qərb" əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya baxmağa getmişdim.

Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Jan William van den Bosch, rejissoru Gülnar Hacıyeva olan əsər dekorasiyası ilə məni cəlb etdi.

Bu trilogiyanın birinci hissəsi olan "Lineyn kraliçası" tamaşası ilə çox yaxın səhnə quruluşuna malik idi. Otaqların qapısı, əsas qapı, pəncərə və s.

Martin McDonagh'ın "Lineyn gözəllik kraliçası" tamaşası Gənc Tamaşaçılar Teatrında, 2015
Martin McDonagh'ın "Lineyn gözəllik kraliçası" tamaşası Gənc Tamaşaçılar Teatrında, 2015

Pyes haqqında uzun-uzadı yazmağa lüzum yoxdur. Çünki əsər Sam Shephard'ın "Əsl Qərb" əsərinə ironiya kimi yazılıb və çox təəssüf ki, nə o, nə də "Yalqız Qərb" əsəri Azərbaycan dilinə kütləvi tərcümə olunmayıb.

Elə bu səbəbdən tamaşa barəsində də ətraflı, xırdalığına kimi yaza bilməyəcəyəm. Yalnız onu demək olar ki, pyes ən yaxşı oyun nominasiyası üzrə məşhur "Toni" mükafatına layiq görülüb, bu tamaşa isə Rusiyadakı "McDonagh" festivalından nailiyyətlə dönüb. Qalan ümumi məlumatları və fikirləri isə aşağıda yazmağa çalışacağam.

Tamaşa zövqümcə oldu və araşdırmağa başladım.

McDonagh özü kimdir?

Martin McDonagh
Martin McDonagh

Yazıçı və rejissor olan Martin McDonagh nüfuzlu "Oscar", "Toni", "Drama desk" və bir neçə irili-xırdalı mükafatın sahibidir.

Əslən irlandiyalı olan Martin 1970-ci ildə Londonda doğulub. Burada yaşadığı müddətdə teatrla maraqlanmış, ailəsi isə bu zaman Irlandiyanın qərbindəki Galway liman şəhərinə köçüb. Qardaşı ilə Londonda qalıb yaşamağa başlayan Martin 16 yaşından işsizliyə görə ödənilən məvaciblə birtəhər özünü dolandırmağa çalışır.

Arada valideynlərinin yanına qısamüddətli səfər edən yazıçı qərbi irland ləhcəsinə də yiyələnməyə başlayır və bu ləhcəni öz əsərlərində davamlı istifadə edir.

Onun əsərlərinin əsas xüsusiyyətlərindən biri də qatı kənd ləhcəsindən və qara yumordan istifadə etməsidir.

Yazıları arasında məşhur iki trilogiya - "Galway trilogiyası" və "Aran Adaları trilogiyası" və qara fantaziya olan "Yastıq Adam" pyesləri var.

Yeri gəlmişkən, "Yalqız Qərb" əsəri də "Galway trilogiyası"nın sonuncu hissəsidir.

Martin hələ 27 yaşında olarkən İngiltərənin Brodveyi sayılan West End'də eyni anda 4 oyunu oynanılmışdır. Bu rekord isə o vaxta kimi təkcə Şekspirə məxsus idi.

Film sektorunda isə ilk addımı 2005-ci ildə "Altıatılan" (Six Shooter) adlı qısa filmi ilə olub və bu film elə həmin il ən yaxşı qısa film nominasiyası üzrə "Oscar" mükafatına layiq görülmüşdür.

Onun 2003-cü ildə çəkdiyi, baş rollarında Colin Farrell, Sam Rockwell, Woody Harrelson və Christopher Walkenin oynadığı “7 Psixopat” filmi 23 milyon dollara yaxın gəlir gətirib, ən yaxşı Britaniya filmi üzrə məşhur BAFTA və bir sıra başqa mükafatlara layiq görülüb.

Martin McDonagh öz yazı tərzi, dialoqlarının dili, mövzu seçimi kimi meyarlarla “In-Yer-Face” teatr cərəyanının bir üzvünə çevrilir.

İndi isə keçək mətləbə: McDonagh'ın əsəri və onun sümüyü. Yəni, poetikası.

Martinin yazılarının əsas xüsusiyyətlərindən bəzilərini qeyd etdim: qara yumor və kənd şivəsi. Digərləri haqqında isə başqa bir mövzuda yazmaq istəyirəm.

A.Sierz, "In-Yer-Face teatr" kitabının üz qabığı
A.Sierz, "In-Yer-Face teatr" kitabının üz qabığı

O mövzu ki, 20-ci əsrin 90-cı illərində Avropa teatr və ədəbiyyatında bir axın kimi formalaşmağa başladı və özünə yaranmış boşluqda yer tapdı. Buna ingiltərəli teatr tənqidçisi Aleks Sierz yazılarının birində "In-Yer-Face" adını vermişdi. Bu termin onun yazıları və “In-Yer-Face Theatre: British Drama Today” kitabı ilə daha da məşhurlaşır. Mənası "üz-üzə", “üzünüzə” kimi tərcümə olunan cərəyanın nümayəndələrinə Antonin Arton'un XXI əsrdəki xələfləri də demək olar.

Çünki bu cərəyanın əsas məqsədi tamaşada şiddət, sadizm, söyüş, erotika, yeraltı həyatı göstərmək və tamaşaçıya müasir dünyanı, ətraf mühiti olduğundan daha sərt çatdırmaqdır. Məsələn, bir ingilis tənqidçisi yazır ki, "Böcək" adlı oyunda Peter öz üzərindən böcəkləri dağıdıb-atmaq istəyir.

Aktyorun oyunundan bəzi tamaşaçılar dözə bilməyərək səhnəni tərk edirdi.

Aleks Sierz yazır ki, çox güclü hissi üslub izləyicini yerində rahat oturmağa imkan vermir. Bu səbəbdən tamaşaçı ya durub zalı tərk edir, ya da səhnəyə bağlanıb oyunu izləyir.

Axında teatr özünün inikas rolunu daha şiddətli oynayır. Bu üslubun nümayəndələrindən Sarah Kane, Martin Krimp, Filipp Ridliy, Martin McDonagh və başqa adlar məşhurdur.

Amma

Azərbaycanda göstərilən tamaşaya geri dönək və mən orada nə şiddət, nə söyüş, nə də tamaşaçının nəyəsə təəccüblənməsini gördüm. Hərçənd Martinin pyesləri daha az şiddət sərgiləməkdədir. Martin McDonagh daha çox psixoloji dialoqlar, mübahisələrin gərginliyi, qarışıq diskursların vasitəsilə tamaşaçıya təsir göstərməyi üstün tutur. Buna baxmayaraq, burada rejissorun fantaziyasına daha çox yük düşür, nəinki dramaturqun.

Məzmunu

Əsər iki gəncin atalarını güllələdikdən sonrakı həyatları barədə danışır. Koulmen (Vüsal Mehrəliyev) və Valin (Rasim Cəfərov) bir-biri ilə düşmən münasibətdə olan qardaşlardır.

Onlar tamaşa boyu konfliktdədir, dostları keşişin onları barışdırmaq cəhdi daim hədər gedir. Lakin keşiş günlərin bir günü özünə qəsd edir. Bu isə əsərin kuliminasiya nöqtəsi olur. O, ölümündən qabaq yazdığı məktubunda ruhunun şad olması üçün iki qardaşa barışmalarını diləyir. Qardaşlar bu hadisədən sonra barışmağa cəhd edirlər. Dəyərini anlamağa başlayan iki dost bir-birini etiraflarda tapmağa başlayırlar. Lakin bunun da sonu yenidən mübahisələrə gətirib çıxarır.

"Etiraf edirəm ki"

Gənc Tamaşaçılar Teatrı
Gənc Tamaşaçılar Teatrı

Tamaşanın dilinə diqqət yetirəndə görürsən ki, əsərin əsl dilindən çox uzaqdadır.

Axı bu tamaşada olması məcbur məsələlər var:

Ağrı, acı, etik sərhədlərin qırılması, cinsi dialoqlar və gündəlik həyatımızı görməyə məcburuq. "Üz-üzə" qalmağa məcburuq. Biz o tamaşada bəsit, etik televiziya dublyajı söyüşlərini yox, açıq bazar söyüşlərini eşitməliyik, buna məcburuq.

Ola da bilər ki, teatr narahat idi bundan. Tamaşaçı itirməkdən qorxurdu. Məhz buna görə banal dilə üstünlük vermişdi. Amma teatrımızın bugünündə nədənsə çəkinmək gülünc olardı. Onsuz da statik, durğun prosesi yavaşlatmaq da mümkün deyil.

Əgər Mehriban Ələkbərzadə akademizm sərhədləri çərçivəsində "Qatil"ini ayaq üstdə qoruyub saxlaya bildisə, nəyə görə Gənc Tamaşaçılar Teatrı bunu bacara bilmədi və yaxud cəhd etmədi.

Tamaşaya iyrənc mühitdən daha çox susqun, səssiz absurd mühit xas idi. Orada hətta Arthur Miller'in məişət faciələrinə də rast gəlmək olardı, təkcə "In-Yer-Face"dən başqa.

Rejissorun döyüş səhnələrində qurduğu "yavaşladıcı kadr" (slowcamera effekti) oyunları, dramaturqun yazılarındakı sehri qoruyub saxlaması cəhdləri qəbulolunan idi. Lakin aktyorlar girdikləri "asta oyun" sehrindən çıxa bilmirdilər. Bir-birilərinin sehrini pozur, ya da uyğunlaşmağı bacarmırdılar.

Hər dəfə tamaşalarımızda belə qeyri-peşəkar plastika, dəqiqliyə, xırdalığa uyğunlaşmamaqlarını görəndə elə sanıram ki, bu tələbə tamaşasıdır.

Aktyorlar plastik məqamlarda, kütləvi səhnələrdə xüsusilə diqqətli olmalıdırlar. Təbii ki, əgər bu B.Brecht'in teatrı deyilsə.

***

Rasim Cəfərov (Valin) və Vüsal Mehrəliyevin (Koulmen) oyununa baxdıqda isə tamaşa unudulur, pyesi hiss etməyə başlayırdın. Çünki tamaşaçıya Bakı yox, irland kəndlərindən birində olduğunu xatırladan yeganə meyar onlar idi.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG