Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:10

Tənqid olunan "pis" çinli tərcüməçi hind şairi Taqora məktub yazdı


Rabindranath Tagore

Rabindranath Tagore

-

Xəbər verdiyimiz kimi, çinli tərcüməçi Feng Tang hind şairi Rabindranath Tagore'un şeirlərini Çin dilinə tərcümə edəndən sonra Hindistanda narazılıqlar olmuş, Çin naşiri bu tərcümə kitabını satışdan yığışdırmışdı.

Bu günsə həmin tərcüməçi Rabindranath Tagore'a məktub yazıb.

Əziz Cənab Tagore,

Sizi səmimi qəlbdən salamlayıram, hərçənd ki, əvvəllər görüşməmişik.

Onillər əvvəl, mən məktəbdə oxuyanda siz Çində elə məşhur idiniz ki; şeirləriniz dərsliklərimizdə və imtahan vərəqlərimizdə olurdu, Çinin savadlı adamları həmişə sizi yüksək qiymətləndirir, dilimizə tərcümə edirdilər.

İllər keçdikcə kitablarınızı oxuyanların sayı azaldı, yaradıcı insanlara hörmətsizlik artdı. Şair olmaq imtiyazdan çox məzə, zarafat hesab olundu, nəticədə sizin populyarlığınız aşağı düşdü.

Amma 2015-ci ilin dekabrında, bayramqabağı sizin adınız yenidən gündəmə gəldi, İnternet fenomeni oldu, bu, mən sizin “Sərsəri quşlar” kitabınızı öz versiyamda tərcümə edəndən altı ay sonra baş verdi.

Mənim tərcüməmdə istifadə etdiyim Çin dilini sərt tənqid etdilər. Onlar tərcüməçinin niyə belə etdiyini bilmədən tənqid edəndə mən sadəcə gülümsəyirdim.

Üç gündən sonra bir nəfər mənə məktub yazadı, məktubunda məni, sizi vulqarlığı ilə tanınan və buna görə çox satılan çinli şair Jingming Guo-ya çevirməkdə ittiham etdi.

Albert Einstein və Rabindranath Tagore

Albert Einstein və Rabindranath Tagore

Bu ittihamı ciddi qəbul etmədim. Jingming, mən və siz çox fərqlisiniz; bunu yazan adam bəlkə də heç birimizi yaxşı oxumayıb.

Daha bir neçə gün keçəndən sonra narazılıqlar çoxaldı: “Feng Tang möhtəşəm “Sərsəri quşlar” tərcüməsinə görə ən yaxşı tərcümə mükafatına namizəddir” deyənlər də oldu, “Feng Tang-ın tərcüməsini R.Tagore görsə ağlayar” deyənlər də.

Bəzi məqalələr inanılmaz nifrətlə dolu idi: “Hindistan Feng Tang-ı asmaq istəyir” yazırdılar. Hindistan mediası elçi göndərərək məni kofeyə dəvət etdi.

Nəhayət, sizə yazmaq qərarına gəldim.

2014-cü ilin iyulundan əvvəl bir tibbi klinikada işləyirdim. Orada mənim oxuya biləcəyimdən qat-qat çox kitab vardı, odur ki, tələsməliydim; klinikada o qədər işim, o qədər görüşməli olduğum adamlar olurdu ki, kitab oxumağı çatdırmırdım.

İşdən çıxdım, iyul ayında Kaliforniyaya uçdum: öz hücrəmə çəkilməyə, sakitləşməyə ehtiyacım vardı, tərcüməylə rahatlıq tapacağımı düşünürdüm.

“Sərsəri quşlar” kitabınızı tərcümə etmək səbəbim sadə idi: birincisi, ona görə ki, uşaqlıqdan sizin kitablarınızı sevirəm, sonra da ki, “Sərsəri quşlar” nazik, amma dərin mənalı kitabdır və siz ədəbiyyat üzrə Nobel alan ilk asiyalısınız.

“Sərsəri quşlar”ın tərcüməsinə sərf etdiyim üç ay həyatımın ən gözəl dövrü idi. Napa Vadisi yaxınlığında bir ev kirayələmişdim; balaca komaydı, amma böyük həyəti vardı.

Meyvələri dadlı, gülləri rayehəli, küləklər əsdikcə çalan zəngləri vardı. Orada 100 şüşə şərab içdim və 326 şeirinizi təxminən 8000 Çin heroqlifiylə tərcümə etdim.

Dilə ehtiyatla yanaşdığımdan elə günlər olurdu ki, yalnız bir neçə söz tərcümə edirdim. “Rahib Ayın altında qapını itələdi” və ya “Ayın altında qapını rahib itələdi” Hansı yaxşıdır? Götür-qoy edəndən sonra içirdim, transa düşürdüm, şərabımın badəsində şəfəqi öləziyən gün işığına baxırdım. Qəlbim şeiriyyətlə dolurdu.

“Sərsəri quşlar”ı çevirdikdən sonra sizin haqqınızda fikrim dəyişdi. Siz əvvəlki tərcümələrdən göründüyü qədər quru adam deyilmişsiniz.

Sizin qəlbinizdə dərin Şərq müdrikliyi var:

Hindistandan mənzərə

Hindistandan mənzərə

“Sənə minnətdaram ki, o güclü təkərlərdən biri deyiləm, minnətdaram ki, o təkərlərin əzdiyi canlı varlıqlardan biriyəm.”

50 yaşlarınızda yazmağa başladığınız bu kitab uşaq kitabı deyil; uşaqlar bu şeirlərdəki ağrını heç cür anlaya bilməzlər.

Mən bütün həyat təcrübəmlə belə, bu cür misraları anlamaqda çətinlik çəkirəm: “Ağacı doğrayan balta ağaca öz dəstəyi üçün yalvardı. Ağac onu verdi.”

Siz mənim düşündüyümdən də çox qadının ürəyinizi fəth etmisiniz. “Bu qəlbin sükut içində əriyib getdiyini deyə bilmərəm. Bəlkə də heç vaxt ağız açmadığı, bilmədiyi, xatırlamadığı kiçik ehtiyaclar üçün.”

Siz dünyadakı hər bir şeydə möcüzə görə bilirsiniz: “Sənin səsin, dostum, qəlbimi gəzib dolanır, dəniz səsi bu şam ağacları arasında gəzdiyi kimi.”

Tərcüməmi tənqid edənlər məni üç şeydə ittiham edirlər.

Birinci təqsirim: Məni sizin orijinal mənanızı saxtalaşdırmışam.

Sizin orijinal mənanızı gözəl interpretasiya etmək kimin, hansı canlı varlığın həddinə?! Məqsədim yalnız sizin şəirlərinizi öz üsulumla interpretasiya etmək idi.

“Sərsəri quşlar”ın benqal versiyası ingilis versiyasından fərqlənir, onu ki siz özünüz tərcümə etmisiniz: görəsən, hansı sizin orijinal mənaya uyğundur?

İkinci təqsirim: Mən sizin saflıq və məsumluğunuza xələl gətirmişəm.

Onlar sizin tərcümə etdiyim 326 şeirinizdən üçündəki üç ifadəni (beş Çin heroqlifi edir) misal çəkirlər. O üç ifadənin mənim tərcüməmdə koloritli olub-olmadığı haqda mübahisə etmək istəmirəm. Mən yalnız öz azadlığımı saxlamaq və hətta öz Çin dili sistemimi yaratmaq istəyirəm.

Mənim etdiyim hər yazıçının etməyə çalışdığıdır: öz lüğət sistemimdən istifadə etmişəm.

Üçüncü təqsir: Guya sizdən özümü şöhrətə mindirmək üçün istifadə etmişəm.

Mən konspirasiya nəzəriyyələrinə və insanlar haqda pis düşünməyə nifrət edirəm. Axı başqaları haqqında yaxşı, ya pis düşünməyindən asılı olmayaraq, həyat qısadır.

Yenə də həyatımı əvvəlki kimi, xoşbəxt yaşamaq istəyirəm.

Mən indi uzaq cənnətdə olan sizin haqqınızda düşünəndə “siz gülümsədiniz və mənə heç nə danışmadınız.”

Səmimiyyətlə,

Feng Tang

"The Guardian"a istinadla OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG