Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:33

İŞİD Türkiyəni zəif yerindən vurur


İstanbulda turustlər terror baş verdiyi ərazidən uzaqlaşırlar - 12 yanvar 2016

İstanbulda turustlər terror baş verdiyi ərazidən uzaqlaşırlar - 12 yanvar 2016

-

«Foreign Policy»də Piotr Zalewski «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının Türkiyədə döyüş zonasını iqtisadiyyata keçirməsindən yazır. Yanvarın 12-də 10 alman turistin ölümüylə nəticələnmiş hücum İŞİD-in Türkiyə və digər yerlərdə strategiyasının dəyişdiyini göstərir.

«Ölkənin turizm sənayesini hədəfləyən bu hücum Türkiyədə yeni cəbhənin açıldığını göstərir. İndoneziya paytaxtı Cakartada iki gün sonrakı hücumlar isə cihadçıların xaricdə terror əməliyyatlarını gücləndirməsinin əlaməti sayıla bilər»,- müəllif yazır.

«İstanbul və Cakarta hücumlarının üst-üstə düşdüyünü demək spekulyativ səslənə bilər», - İstanbulun Bahçeşehir Universitetindən Gülnur Aybet deyir. «Ancaq İD-nin fəallığı artırması terrorçuluğun daha artıq ixracına hazır olduğunu göstərir. Onları İraq və Suriyada sıxışdırdıqca, regionda və qlobal miqyasda daha da aqressivləşirlər».

İŞİD Türkiyədə əvvəlki hücumlarda kürdlərə rəğbət bəsləyənləri hədəfə almaqla ölkədə PKK ilə münaqişəni dərinləşdirib. Buhəftəki hücumda isə dinc sakinlər deyil, ölkə iqtisadiyyatı zərbə altında qalıb. Bununla qruplaşma Türkiyənin ildə 30 milyard dollar qazandığı turizm sənayesinə böyük ziyan vurmuş olub.

«Ölkənin cənub-şərqində toqquşmalardan, ötən ilki terror hücumlarından, Rusiya ilə münasibətlərin gərginləşməsindən onsuz da əziyyət çəkən bu sektorda daha da geriləmə gözlənilir. Türkiyəyə ötən il 4 milyon alman gəlib. İkinci yeri rusiyalılar tuturdular. Bu il bu rəqəmlərin düşəcəyi proqnozlaşdırılır. Almaniya xarici işlər nazirinin vətəndaşlarına tövsiyəsinə baxmayaraq, bəzi turistlər artıq planlarını dəyişiblər. İki aparıcı alman turizm şirkəti müştərilərinə biletlərin pulsuz ləğvini təklif edib»,- müəllif qeyd edir.

V.Putin və R.T.Erdoğan

V.Putin və R.T.Erdoğan

PUTIN TÜRKİYƏDƏ REJİM DƏYİŞİKLİYİ İSTƏYİR

«Çoxları Rusiya prezidenti Vladimir Putin-in xarici siyasətdə növbəti addımlarını proqnozlaşdırmağa çalışır. Ancaq bir şeyi rahatlıqla demək olar ki, o, ABŞ-ın tənqid etdiyi siyasətini təkrarlayacaq. Ona görə də Türkiyə Rusiyanın rejim dəyişikliyi ilə bağlı nə dediyinə diqqət etməlidir». Bunu bloombergview.com-da Ivan Krastev yazır:

«Bu «pislə, sonra da təkrarla» siyasəti bir müddətdir davam edir. 2007-ci ildə Rusiya Amerikanın gücdən istifadəsini pislədi, ancaq bir il sonra Rusiya «soyuq müharibə» dövründən bəri ilk dəfə olaraq sərhədləri xaricində gücə əl atdı, Gürcüstanı işğal etdi».

Müəllif ABŞ-ın Kosovonun müstəqilliyini tanımasından sonra Rusiyanın da eyni addımı Cənubi Osetiya və Abxaziya ilə bağlı atdığını və digər misalları yada salır.

Rusiya ilə Türkiyənin münasibətləri pisləşib. Türkiyə Rusiya təyyarəsini hava məkanını pozduğuna görə vurub. Putin türkiyəli həmkarı Recep Tayyip Erdoğan-ın dostu və strateji tərəfdarı olub. Ancaq indi Ankara ilə münasibətləri normallaşdırmaqdan imtina edir və «Erdoğan hakimiyyətdə qalınca…» mesajını vermiş olur. Üstəlik, Türkiyədə HDP kimi tanınan Kürd Xalq Demokratik Partiyasının lideri Selahattin Demirtaş-ı Moskvaya dəvət edir.

«Ötən ay Erdoğan Demirtaş-ı vətənə xəyanətdə ittiham edib. Görünür, Putin açıq şəkildə Türkiyədə vətəndaş müharibəsində tərəf tutmağa başlayıb. Vaxtilə o, Qərbin Çeçenistan müharibəsində bu cür davrandığını düşünür. Bu, nümayişkaranə intiqam formasıdır. Putin ölkəsinə göstərmək istəyir ki, Türkiyə rusiyalı pilotu öldürməsinin bədəlini ödəyir. Həm də Qərbin qəbul etdiyi islamçılığın bir formasını təbliğ edən ambisiyalı və nüfuzlu Türkiyə Moskvanın Yaxın Şərqdəki niyyətlərinə böyük maneədir…».

«ABŞ-ın Rusiya sanksiyalarında olduğu kimi, Putin də Erdoğan-ı tezliklə hakimiyyətdən uzaqlaşdırmağı qarşısına məqsəd qoymayıb. Yaxın gələcəkdə Erdoğan da Putin kimi rahatca vəzifəsində qalacaq. Ancaq ABŞ kimi, Putin də Türkiyənin iqtisadiyyatını çökdürmək, Erdoğan-a siyasi zərbə vurmaq kimi uzunmüddətli siyasət yürüdür. Bir şey aydın deyil – məqsəd ABŞ və müttəfiqlərinə dərs verməkdir ki, özlərini yaxşı aparsınlar, yoxsa onları bir məsələdə parçalamaqdır? Yəni NATO müttəfiqi olan Türkiyəni dəstəkləsinlər, yoxsa Rusiyaya qoşulub getdikcə avtoritarlaşan islamçı hökumətdən uzaqlaşsınlar?».

Rus qırıcısı Suriya səmasında

Rus qırıcısı Suriya səmasında

RUSİYA DİNC ƏHALİNİ VURUR

«Putin Suriyada dinc sakinləri hədəfə alır».

Bunu «Newsweek»də Natasha Hall yazır. Müəllif ötən ilin sentyabrında Rusiya Suriyaya hava zərbələri endirməyə başlayandan 250 mindən çox suriyalının qaçqın düşdüyünü iddia edir.

Kafr Nabuda şəhəri 3 ay öncə nisbətən sakit idi. Ancaq birdən Rusiya bombardmançıları zərbələrə başladılar. «Sanki rusiyalılar Suriya rejiminin 2011-ci ildə başlatdığı işi tamamlayırlar», - vaxtilə bu şəhərdə yaşamış Abu Qusai deyir.

Cebel Harem Suriyanın Türkiyə ilə sərhədində yerləşən qaçqın düşərgəsidir. Hər çadırda 2-3 ailə qalır, yetərli sayda tualet, su, çörək də yoxdur. Çadırlar palçıqlı zeytunluqdadır.

Müəllif yazır ki, Kafr Nabuda üsyançıların əlindədir, burada sakinlər hələ də şüşə pəncərələri tamamilə plastiklə örtməyib, yaxud hava zərbələrindən qorunmaq üçün səngərlər qazmayıb. Ona görə də Rusiya zərbələrə başlayanda, sakinlər tam hazırlıqsız idilər.

Rusiyanın iddialarının əksinə, «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının Kafr Nabudada izi-tozu yoxdur. Rusiya isə ekstremist qruplaşmanı bombaladığını bildirir:

«Kafr Nabudaya hücumlar Rusiya zərbələrinin motivini göstərir. Ruslar İŞİD-i ilk, hətta ikinci dərəcəli hədəf kimi də vurmurlar. Onlar diqqəti İŞİD-in nəzarətində olmayan ərazilərə, Latakiyaya, Hələb və Deraaya yönəldib. Rusiya zərbələri Azad Suriya Ordusu (ASO) qüvvələrini zəiflədir. Bu ordu isə vətəndaşları İŞİD-dən qoruyur».

Günün bütün mövzuları

XS
SM
MD
LG