Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:58

-

Sovet vaxtı Azərbayan ədəbi mətbuatında çıxmış, aktual qalan yazılar

Fazil Muradlı

Havanın alınması

Havalanıb”, “havasını aldılar”, “havası yatdı” nə deməkdir? Bu sözlər dilimizə haradan düşüb, necə düşüb? Maraqlıdırmı? Maraqlıdır!

Bəzi dilçilər düşünə bilərlər ki, havalanıb - quş kimi havaya qalxıb, qanadlanıb deməkdir. Fərəhindən, məhəbbətindən, sevincindən. İnciməsinlər bizdən, düzgün deyil.

Deyə bilərlər ki, havalanıb, yəni kurorta gedib, hava qəbul edib havalanıb. Yenə də düzgün deyil. Havalanma özünü havaya verməkdirsə, bəs onda havasını aldılar nədir? Bəs onda havası yatdı nədir?

Əvvəlcə “havalandı” sözündən başlayaq. Təsəvvür edin ki, adi bir adamı müxtəlif səbəblərdən mağaza müdiri təyin etdilər. Mağaza kiçik olduğundan o həm də satıcıdır. Təzə bir kostyum alsanız, belə satıcı nə deməlidir? Deməlidir ki, sağlıqnan. Belə də deyir, üstəlik xırdanızı qaytarır. Üzündə təbəssüm, dodaqlarında “buyurun izdaçınızı” sözü olur.

Bir neçə ay belə keçir, müəyyən vaxt tamam olanda, belə satıcı daha xırdanı qaytarmır, import malı elə anbardan alverçilərə adladır, onun-bunun üzünə bozarır. Artıq rayon camaatı görür ki, yoldaş ticarətçi havalanmağa başlayır, havalanmaq istəyir, o saat onu toy məclisinə tamada seçir.

İllüstrasiya

İllüstrasiya

Həmin ticarətçi tamada rolunda elə çıxış edir ki, elə bil xüsusi tamadalıq məktəbi bitirib.

Əvvəlcə bəyin, sonra valideynin, sonra ağsaqqalın sağlığına tost deyir, oynadır, çaldırır, oxudur. Özü də yüz, iki yüz araq ya konyak tullayandan sonra deyir:

- Müəllim olmasa mühəndis olarmı, həkim olarmı? Lap akademikin də müəllimi var. Hər kəs öz işinin müəllimidir. Ticarətçi də müəllimdir. İçək bizə A-ynan B-ni öyrədən müəllimlərin sağlığına!

Hamı içir, tuş çalınır, bozartma yeyilir

Tamada yenə qeyd edir:

- Sağlıq sağlıqdan şirin gəlir. Bir qiymətli sağlıq da deyim. Biz burada kef edirik, şərab içirik. Canımız ağrıyanda kimin yanına gedirik? Həkimlərin! İçək bunu da sağlığımızın gecə-gündüz keşiyində duran həkimlərimizin sağlığına.

Hamı içir, tuş çalınır, bozartma yeyilir.

Məclis dağılmaq üzrə olanda tamadanın havası çalınır, o musiqiçilər qarşısında nəfəsi çatana qədər atılıb düşür. Bu mənzərə toydan-toya təkrar olunur. Bax bu zaman rəsmən hamıya məlum olur ki, yoldaş havalanıb.

Növbəti tamadalıq zamanı, məclisin şirin yerində cavan bir müstəntiq sağlıq demək istəyir. Elə həmin vaxt havalanmış tamada Nizamidən və ya Füzulidən qiymətli kəlam söyləmək niyyətində olur ki, yoldaş müstəntiqə:

- Tamada qırx sağlıq deməmiş heç kəsə söz verməyəcək - deyir və Nizamidən, Füzulidən belə kəlam danışır:

- Çarın vaxtında bir qadının ərini, oğlunu, qardaşını edam edirlrmiş. Çar görür ki, cəza ağırdır. Qadına yazığı gəlir. deyir ki, üç kişidən birini seçib götürsün. Qadın deyir: ər eldəndir, oğul beldəndir, verin mənim qardaşımı. İçək qardaşın sağlığına! Bütün qardaşların sağlığına.

Toyun axırında tamada öz havasını çaldırıb oynayır. Havalanmış tamada axırda musiqiçilərə öyüd-nəsihət verir, oxumaq, çalmaq öyrədir.

Ertəsi günü tamadadan böyük bir akt yazılır. Məlum olur ki, yoldaş tamada doqquz manatlıq köynəyi on üç manata satırmış. Havalanmış ticarətçi bir ay istintaq orqanlarına ayaq döyür.

Nəhayət, onu buraxırlar, o səbəbdən ki, faktura qarışıq düşübmüş. Bu gündən sonra onu tamada seçmirlər. Hamıya aydın olur ki, filan ticarətçinin havası alınıb.

Futbolda da belədir. Boşalmış topu meydandan çıxarırlar, havalı topla əvəz edirlər. Havası alınmış tamada indi təsadüfən toya gec gələndə daha onun havasını çalmırlar. Mağazada iş başında yenidən alıcılara “sağlıqla”, “izdaçınızı buyurun” deyir, nəzakət, mədəniyyət göstərir.

Bundan sonra bir il, iki il keçir. Yoldaş yenidən havalanır, yenidən tamada seçilir, yenidən havası çalınır. Sağlıq deyilir, tuş çalınır, bozartma yeyilir...

Növbəti toyların birində təkrar havalanmış tamada yüz, iki yüz, üç yüz araq ya konyak tullayandan sonra deyir:

- Bəzi oxumuş yoldaş, daha doğrusu ziyalı yoldaş elə başa düşür ki, ticarət asan işdir. Belələri anlamırlar ki, maya qoymasan mal almaq olmaz. Sonra da deyirlər ki, ticarətçilər niyə artıq alır? Alar da! Almazmı? Əlbəttə, alar! Mən içirəm yaxşı mərifətli ticarətçilərin sağlığına!

Ertəsi gün hamı eşidir ki, böyük bir akt yazılıb. Havalanmış ticarətçi 100 manatlıq kostyumu 150 manata satırmış. Bu dəfə onu bir neçə ilə salırlar dəmir barmaqlığın arxasına. Hamı bir ağızdan deyir: "Filankəsin havası yatdı." Beləliklə də, rəsmi olaraq onun havası yatır. “Havası yatdı” sözü də belə meydana gəlir.

Budur biz “havalandı”, “havası alındı” və” havası yatdı” sözlərinin mənasını elmi surətdə əsaslandırdıq. Lakin ehtimal edirik ki, havalanmağın digər variantları da mövcud ola bilər, obyektivliyi unutmuruq.

Vəzifədən havalanmaq olar, vəzifə bir yana, adi pendir anbarından da havalanan olur. Biz bu istiqamətdə tədqiqatlarımızı davam etdirmək fikrindəyik. Hörmətli dilçilərimizdən xeyir-dua gözləyirik.

Günün bütün mövzuları

XS
SM
MD
LG