Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:50

-

«Qafqaz Rusiya ekspansiyasının yolunda nəhəng səddir». Bu barədə «Stratfor» Araşdırmalar Mərkəzi təhlil dərc edib. Yazıda vurğulanır ki, Rusiya tranzit şəbəkələrini və təsir dairəsini cənuba doğru genişləndirmək istəyir, ancaq bu, asan olmayacaq:

«Son 2 ildə Rusiya cidd-cəhdlə magistral və dəmiryolu şəbəkələrini Şimali Qafqaz ərazisindən cənuba, Xəzər dənizinin hər iki tərəfindən İrana tərəf – aşağıya genişləndirməyə çalışır. Moskvanın cənuba genişlənməsinin tutarlı səbəbləri var: beynəlxalq sanksiyalar qaldırılınca, İran iqtisadiyyatı regionda təsiredici rola malik olacaq, Suriyadakı Rusiya əsgərlərinə təchizat çatdırılması üçün etibarlı quru xətti lazımdır və Kreml Türkiyə, Gürcüstan və Azərbaycanın artan iqtisadi və hərbi işbirliyinə qarşı dayanmalıdır».

«Ancaq bütün yollarla İran sərhədinə çatmağı dildə demək asandır. Regionun relyefi çətindir, digər tərəfdən, Rusiyanın Qafqazın tranzit ölkələri içində dostları azdır. Bu faktorlar Rusiyanın regionu tam əhatələyən tranzit sistemi qurmasını çətinləşdirəcək. Ancaq sonucda Moskva ilə Tehran böyük ehtimalla birlikdə işləyəcək ki, Qafqazın ciddi əngəllərinə sinə gəlsin və regionda digər böyük dövlətlərin iştirakını məhdudlaşdırsın».

«Avropa Birliyi Gürcüstanla tərəfdaşlığını uğurla möhkəmləndirib, bir sıra siyasi və iqtisadi sazişlər imzalayıb. Qərbin dəstəklədiyi Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu xətti 2015-ci ildə işə salınıb və daha çox Avropa istehlakçısına mal daşıyır. Bununla da Qərb-Şərq iqtisadi dəhlizi getdikcə reallığa yaxınlaşır və Rusiyanın regionda iqtisadi və siyasi təsiri zərbə altında qalır».

«Stratfor» yazır ki, İran da Rusiyanın marağını bölüşür, Qərbin Qafqaza girməsini əngəlləməyə çalışır. Tehran Şimal-Cənub Nəqliyyat Dəhlizinin tamamlanmasına çalışır. Gəmi, dəmiryolu və magistral xətlərdən ibarət bu şəbəkə Azərbaycandan keçərək Rusiyanın Qara dəniz limanlarına gedir. İran Qara dəniz sahillərinə Ermənistandan da dəmiryolu çəkməyi planlaşdırır.

Neft

Neft

UCUZ NEFTİN GEOSİYASƏTƏ TƏSİRİ

«The Guardian» qəzeti bu barədə baş məqalə dərc edib. Yazıda yada salınır ki, 1970-ci illərin neft sarsıntıları qlobal mənzərəni dəyişdi və Yaxın Şərqin çəkisini artırdı. 1980-ci illərin ortalarında qiymətlər düşdü, Sovet İttifaqının son çöküşünün bir səbəbi də ixrac gəlirlərinin iflasıyla bağlı idi. Saddam Hussein 1990-cı ildə Küveyti maliyyə sıxıntıları zamanı yeni torpaqlar ələ keçirmək niyyəti ilə işğal etdi. Neft gəlirlərindən asılı Əlcəzairdə isə neftin barrelinin 10 dollardan aşağı düşdüyü bir vaxtda hakimiyyətə islamçılar gəldi, sonra çevriliş, daha sonra vətəndaş müharibəsi başlandı.

«Bircə təhlükəsiz müşahidə odur ki, neftin qiymətlərində qlobal düşüş yeni yaranan ölkələrin artım və modernləşdirməni davam edəcəyinə ümidləri azaldıb. Həmin ölkələr eyni zamanda beynəlxalq sabitlik düzənində də iştirakçıya çevrilirdilər. Neftin qiymətinə çox bel bağladılar… Beynəlxalq Valyuta Fondunun rəhbəri Chirstine Lagarde də bu həftə bildirib ki, indi həmin ölkələr aşağı artım və qeyri-müəyyənlikdən əziyyət çəkəcəklər».

«Neftin qiymətlərinin geosiyasi fəsadlarını bircə Yaxın Şərqdə proqnozlaşdırmaq çətindir. Səudiyyə Ərəbistanı üçün qiymət düşüşünün idarə olunmasında məqsəd regional rəqibi İranı zəiflətməkdir. Ancaq aşağı qiymətlər Körfəz sülalələri üçün də təhlükə yaradır. Sonucda hərbi əməliyyatlar arzulanan olmasa da, qısa müddətdə diqqəti ölkədaxili gərginlikdən yayındırmaq üçün rejimlər, özlərinə təhlükə hiss edərlərsə, buna gedə bilərlər. Rusiya da buna əl ata bilər. Çinin reaksiyasını bilmək də asan deyil. Bütün bilinənlər və bilinməyənlərlə yanaşı, bircə o dəqiqdir ki, neft gəlirinin azalması da ziyanlıdır».

R.T.Erdoğan

R.T.Erdoğan

TÜRKİYƏ REGİONAL QASIRĞALAR BURULĞANINDA

«İstanbulda 10 nəfərin ölümüylə nəticələnmiş hücum Türkiyə hökumətinin üzləşdiyi saysız problemləri göstərir. Onların başında isə «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması ilə mübarizə dayanır». Bunu «Newsweek»də Fadi Hakura yazır.

Müəllifin fikrincə, Türkiyə İŞİD-ə aşkar təhlükə mənbəyi kimi baxsa da, təhlükə təkcə bu qruplaşmadan gəlmir. Türkiyədə 2.5 milyon suriyalı qaçqın və Suriya ilə 910 kilometrlik sərhədi var. Ölkə Yaxın Şərqdə, az qala, tamamilə təcrid olunmuş durumdadır və ordusu cənub-şərq hissədə PKK yaraqlıları ilə mübarizə aparır.

Türkiyənin Rusiya ilə münasibətləri pisləşib, İran və İraq hökuməti ilə dərin inamsızlığı var. ABŞ və avropalı tərəfdaşları ilə durumu da nəzərə alanda, bu ölkənin daha münaqişə tərəfləri arasında körpü, sülhyaradıcı rol daşımadığı üzə çıxar.

Təəccüblü deyil ki, ABŞ da Erdoğan-ın Suriya sərhədi boyunca təhlükəsizlik buferi yaradılması tələbini qəti rədd edib. PKK-nın Suriya qanadı olan YPG ilə əməkdaşlığın dayandırılmasını tələb edən çağırışlara da əhəmiyyət verməyib.

Müəllif yazır ki, Türkiyənin xarici siyasəti və ölkədaxili problemlər ölkənin Yaxın Şərqdə aparıcı rolunun qarşısını kəsib. Hökumət indiki trayektoriyanı dəyişməsə, bu rolu geri qaytarmaq çətin olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG