Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:13

Alman yazıçı: "Müasir alman o zamankı almandan daha ağıllıdır"


Ursula Knol

Ursula Knol

-

Bir neçə ay bundan əvvəl xəbər verdiyimiz kimi, Hitlerin "Mənim mübarizəm" kitabı 70 illik müəllif hüququ limiti bitdikdən sonra Almaniyada yeni redaktə və əlavələrlə təkrar nəşr edilib.

Yeni nəşr haqqında alman yazıçı, dramaturq Ursula Knol ilə OxuZalında söhbət etdik.

Ursula Knol əvvəl Avstriyada alman dilində, sonra bir beynəlxalq təhsil layihəsi çərçivəsində Qırğızıstanda rus dilində Almanşünaslıq üzrə təhsil alıb. 2012-ci ildən Praqada Charles Universitetində Alman bilikləri şöbəsində mühazirəçi işləyib. 2009-2011-ci illərdə "Postkoloniya və Gender nəzəriyyəsi: Alman Ədəbi tənqidi üçün perspektivlər" mövzusunda Vyana Universitetində təhsil alıb. 2007-2012-ci illərdə Nyu Yorkda və Vyanada özəl teatr kollektivi üçün pyeslər işləyib. Vaşinqtonda Holokost Memorial Muzeyində doktorluq müdafiə edib. 2009-cu ildə Pyes yaradıcılığı üzrə Thomas-Bernhard təqaüdünə layiq görülüb.

- Yeni nəşri adi oxucular necə qarşılayıblar? Çox satıldığı deyilir.

Ursula Knol

Ursula Knol

- Bilirsinizmi, çox satılması haqqında xəbərlər bir qədər təhrif edilib və ya biri deyilib, biri deyilməyib. Çox satılmasının səbəbi insanların yenidən Hitler əhval-ruhiyyəsinə qayıdışı deyil, öz tarixlərinin mühüm və qara səhifəsi olmuş bir kitabın yeni nəşrinin onlar üçün sadəcə maraqlı olmasıdır.

Onlara maraqlıdır, görəsən, yeni nəşrə necə bir ön söz yazılıb? O ön söz bu mətni necə zərərsizləşdirir? Əlavələr nələrdir, redaktələr nələrdir? Bunları bilmək istəyirlər. Axı söhbət 780 səhifəlik kitabın yeni əlavələrdən sonra 2000 səhifəlik kitaba çevrilməsindən gedir. Dəbdə olan hadisədən xəbərdar olmaq istəyirlər.

- Bu kitabın yeni nasist dalğaya ilham verə biləcəyini deyənlərlə razısınız?

Ursula Knol

Ursula Knol

- Düşünürəm ki, bu kitabın yeni nəşri ətrafında dünyada ucuz sensasiya başlanıb.

Axı indiyə qədər almanca birinci nəşrinin minlərlə nüsxəsi Münxendə köhnə bukinistlərlə qalırdı. Üstəlik, indiyə qədər bu kitabın ingiliscə nəşri internetdə sərbəst endirilə bilən və əlçatan idi. Yeni nəşr olmadan da alman gəncliyi o kitabı bukinistlərdən taparaq və ya ingilis dilində rahat oxuya bilərdi.

Yeni nəşr kifayət qədər ağıllı tərtib olunub. Təhlükəli hissələr kiçik şriftlə və tez-tez kəsilərək, arasına iri şriftlə izahlar salınaraq təqdim olunur. İzahlar isə Hitlerin niyə belə yazmasını əsaslı şəkildə aydınlaşdırır.

Həm müasir alman o zamankı almandan daha ağıllı olduğuna görə, həm də kitab yaxşı tərtib olunduğuna görə, Hitlerə yox, izahlara fikir verirlər.

- Bəs əlavələr edilməsəydi, bu mətn ilk dəfə olduğu kimi, ön sözsüz nəşr edilsəydi, hansı effekti olacaqdı?

- Əminəm ki, onda da təhlükəli effekti olmayacaqdı. Dövr, şərait başqadır. İndi yeni dövrdür, başqa zamandır.

Hitler o zaman demokratik seçkilərlə qalib gəlmişdi. İnsanlar yalnız bu kitabı oxumaqla gedib ona səs verməmişdilər.

Ortada bir çox amillər vardı.

Bu gün o amillərin heç biri yoxdur. Təhlükəli millətçilik ideyaları alman mediası və məktəblərinin gördüyü iş sayəsində zərərsizləşib və ya ən azı kütləvi istifadədən çıxıb.

Onu da deyim ki, yeni nəşr bahalıdır, hər bomj (almanca: sich herumtreibende person) onu satın ala bilməz, heç buna dəyməz də. Köhnə nəşrləri bukinistdə 1 avroya satılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG