Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:37

►İlqar Yusifov: «Prezidentdən, Mədət Quliyevdən xahiş edirəm, yalvarıram, mənə kömək eləyin. Uşaqlarım üçün çox darıxıram, hər gün onların oyuncaqlarını qucaqlayıb yatıram.

Vaxtında dövlət orqanlarında məni eşitməyən, övladlarımın ölkədən çıxarılıb Suriyaya aparılmasına göz yuman adamlar isə öz uşaqlarını qucaqlayırlar. Hər şeyə razıyam, təki bircə dəfə də olsa, uşaqlarımı görüm...»

11 və 5 yaşlarında iki qızı ondan xəbərsiz ölkədən çıxarılan İlqar Yusifov fəryad edir.

Bugünlərdə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Gülnarə Tağızadənin sədrliyilə bu uşaqlar barədə qərar çıxarılıb. Qərara əsasən, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ləğv edilib, uşaqlar İlqar Yusifovun himayəsinə verilib. Amma ata hazırda Suriyada olduqlarını güman etdiyi övladlarına necə qovuşacağını bilmir.

Buna da bax: Siyəzəndə kütləvi həbslər- [Video]

“ATA, BURANI NECƏ BOMBALADILARSA...”

"İslam dövləti" yaraqlılarının nəzarətində olan Raqqa şəhəri daim bombalanır.

"İslam dövləti" yaraqlılarının nəzarətində olan Raqqa şəhəri daim bombalanır.

İlqar Yusifov deyir ki, uşaqları onunla sonuncu dəfə "Whatsapp" vasitəsilə əlaqə saxlayıblar:

"Axırıncı dəfə avqustun 19-da yazmışdılar, ondan sonra xəbərim yox idi, çox nigaran idim. Dekabrın 29-da axşam 17.52-də qəfildən mesaj gəldi, böyük qızım Həzrin yazırdı: "Ata, salam, necəsən? Vəziyyətin necədi? Burada bütün internetləri bağlayıblar, indi hələ biri açıqdı. Sənin üçün çox darıxmışam. Ata buranı bir dəfə necə bombaladılarsa, şüşələrimiz qırıldı. Bizə görə narahat olma, biz yaxşıyıq". Ondan sonra yenə də uşaqlarımdan xəbərim yoxdu. Heç uşaqlar özləri də dəqiq bilmirlər ki, haradadılar. Bir dəfə yazır ki, Rakka şəhərindəyik, bir dəfə yazır ki, Mosuldayıq..."

İlqar Yusifovun sözlərinə görə, ötən ilin mayında uşaqlar Azərbaycandan çıxarılandan bəri onunla müxtəlif ölkələrin telefon nömrələrindən yazdıqları mesajlar vasitəsilə əlaqə saxlayırlar. Amma həmin nömrələr tez-tez dəyişilir: "Xəbər almaq üçün sonradan həmin nömrələrə mesaj yazanda məni bloklayırlar".

Buna da bax: Etirazçı rayonlar interaktiv xəritədə (İnfoqrafika)

DÖVLƏT ORQANLARINI QINAYIR

İlqar Yusifov

İlqar Yusifov

İlqar Yusifov övladlarının əlindən alınmasına, hər an ölüm təhlükəsi altında olmasına görə, dövlət orqanlarını qınayır. Deyir ki, hələ ailəsi ölkədən çıxarılmamışdan əvvəl həyat yoldaşının qanunsuz dini cərəyanlara qoşulması, İŞİD-in ideyalarına meyllənməsi, "Whatsapp"da profilə onun bayrağının şəklini yerləşdirməsi barədə müxtəlif dövlət orqanlarına xəbər verib:

"2014-ü ilin mayından 2015-ci ilin mayına qədər MTN-dən tutmuş, Allahşükür Paşazadəyə qədər hər yerə xəbər verdim. MTN-də əməkdaşlarına əlimdə olan faktların hamısını çatdırdım, onları xəbərdar elədim ki, “uşaqlarımı Suriyaya aparacaqlar”. Bir var, bunu hiss eləyəsən, bir də var ki, konkret faktlarla xəbərdar edirdim. Dedilər ki, "narahat olma, ailən bizim nəzarətimizdədir, onlar ölkədən çıxa bilməz". Bəs nə oldu? Uşaqların bütün sənədləri məndə ola-ola, mənim razılıq məktubum olmadan onlar necə çıxarılıblar? Mən əvvəlcədən təhlükə barədə dövlət orqanlarına nəinki müraciət etdim, hətta onların qarşısında diz çöküb yalvardım, amma işimə biganə yanaşdılar. Biganə yanaşmasaydılar, indi uşaqlarım güllə yağışının, bombanın altında yox, yanımda olardı..." (Ardı aşağıda)

Buna da bax: İntihara cəhd edən: “Uşaq 10 qəpiklik “suxarik” istədi, ala bilmədim"

“NƏ EVİMƏ BAXIŞ KEÇİRİLDİ, NƏ...”

İlqar Yusifovun sözlərinə görə, həyat yoldaşının boşanma iddiası əsasında 2014-cü ildə keçirilən məhkəmədə də uşaqlarının təhlükə altında olması məsələsini qaldırıb. Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə hakim İlham Kərimlinin diqqətinə çatdırıb ki, uşaqların anası qanunsuz dini cərəyanların təsiri altına düşüb:

"Məhkəmədə yoldaşım dedi ki, “İlqardan, onun ailəyə münasibətindən narazılığım yoxdur, sadəcə, birgə yaşamaq istəmirəm”. Məsələ qaldırdım ki, uşaqlar mənim himayəmə verilsin. Hakim İlham Kərimlini narahatlığımın əsassız olmadığına inandırandan sonra o, Abşeron Rayon İcra Hakimiyyəti yanında Övladlıq-Qəyyumluq Komissiyasına sorğu göndərdi. O dövrdə mən yoldaşımın geri qayıtması üçün kreditə girib bütün məişət əşyalarını dəyişmişdim, evim çox yaxşı vəziyyətdə idi. Amma yoldaşımın kirayə qaldığı, Binəqədi ərazisində yerləşən evdə heç normal hamam, ayaqyolu yox idi. Təəssüf ki, nə evimə baxış keçirildi, nə ananın maliyyə durumu araşdırıldı, nə də uşaqların saxlanıldığı yerə baxıldı. Axırda da qərar verildi ki, uşaqlar anasında qalsın. Şikayətimə Sumqayıt Apellyasiya Məhkəməsində baxılanda qəyyumluq komissiyasının Elşad adlı əməkdaşı hakimin sualını cavablandırarkən dedi ki, "səhv eləmişik, amma bizim də əlimizdə bu işin MTN-in nəzarətində olması barədə məktub daxil olub”. Sumqayıt Apellyasiya Məhkəməsi Dövlət Sərhəd Xidmətinə sorğu göndərmişdi. Cavab gəldi ki, qanuni şəkildə sərhədi keçənlər arasında ailə üzvlərimin adları yoxdur. Elə hakim də dedi ki, məhkəməyə təqdim olunan videolar, şəkillər isə onların ölkədə olmadığını sübut edir".

“GƏL, BİZƏ QOŞUL”

İlqar Yusifov deyir ki, həyat yoldaşı ondan ayrılandan sonra bir müddət Yevlaxda valideynlərinin yanında yaşayıb, sonra Bakıya qayıdıb:

"Bakıda olduğum müddətdə ona məxsus telefon nömrəsindən zəng eləyib deyirdilər ki, "gəl bizə qoşul, ailənlə birlikdə olacaqsan". Çox savadlı danışırdı, özünü Quranı on ildən artıq müddətdə müxtəlif dillərdə oxumuş adam kimi təqdim edirdi".

Dövlət orqanlarının, xüsusən keçmiş MTN əməkdaşlarının bu işlə bağlı səhlənkarlığı barədə müxtəlif qurumlara şikayət etdiyinə görə hədələndiyini deyən İlqar Yusifov Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev və ya müavinlərindən biri ilə görüşmək istəyir:

"Amma buna imkan vermirlər".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG