Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:50

Banklarda bütün əmanətlərin sığortalanması təklif olunur


Azad Cavadov
Azad Cavadov

-

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov qanunvericiliyə hazırladığı dəyişiklik təklifləri ilə bağlı AzadlıqRadiosuna müsahibə verib:

– Biz təklif hazırlamışıq ki, qorunan əmanətlərdə faiz dərəcəsi ləğv edilsin, diferensial sistemə keçirilsin.

– Bunun hansı üstünlükləri olacaq?

– Mövcud faiz dərəcəsinə görə bəzi əmanətçilərin əmanəti sığortalanmır. Risklər əmanətçinin üzərində qalır. Biz də təklif edirik ki, diferensial sistemə keçilsin. Bu zaman banklar risklərə görə qiymətləndiriləcək və faiz dərəcəsinə görə məsuliyyəti banklar daşıyacaq.

– Bu, banklarda əmanət qoyuluşunu artıra bilərmi?

– Bu gün əlimizdə ötən ilin son 9 ayının nəticəsidir. Bu nəticəyə görə də banklarda 7.3 milyard manatlıq əmanət var. Onun 5 milyard manatlıq hissəsi qorunur. Təklifimiz qəbul olunsa, o zaman bütün əmanətlər sığortalanacaq. Bizim daha iki təklifimiz də var, krediti və zəmanəti olanlarla bağlı.

– Bu təklifdə nələr nəzər tutulub?

– Məsələn, bir əmanətçinin bankda 100 min manatlıq depoziti, 70 min manat krediti var. Depozitdəki vəsaitin 30 mini qorunan əmanət sayılır. Təklifimiz qəbul olarsa, o zaman əmanətçinin 100 mini sığortalanmış sayılacaq.

– Belə çıxır ki, siz həm də qorunan əmanətlərdə məbləğ limitinin ləğvini təklif edirsiniz? Hazırda 30 minə qədər məbləğ sığortalanmış sayılır.

– Bəli, qorunan əmanətlərin maksimal həddinin qaldırılması məsələsi də müzakirə olunur. Limit tam aradanmı qaldırılsın, yoxsa maksimal hədd daha da yüksəldilsin, bunu müzakirə edirik.

– Sığortaya cəlb olunan faiz dərəcəsinin aradan qaldırılması təklifində manatla dollar və ya avro arasında fərq qoyulacaqmı?

– Hazırda belə bir fərq yoxdur. Depozitdəki vəsaitin valyutasından asılı olmayaraq, 12 faizdir. Diferensial sistemə keçirilərsə, faiz dərəcələrinə görə sığortalanma aradan qalxacaq.

– Bu təklifləriniz banklara etibarlılığı möhkəmləndirəcəkmi? Çünki manatın devalvasiyasından sonra ekspertlər bankların etibarlılıq əmsalının aşağı düşdüyünü deyir.

– Bəli, maksimal məbləğlə bağlı dəyişiklik olarsa, bu, banklara etibarlılığı artıracaq. 100 minlik depoziti olan əmanətçi biləcək ki, əmanətinin hamısı sığortalanır. Sığortalanma üçün faiz dərəcəsinin də aradan qaldırılması bu etibarlılığa kömək edəcək. Elə əmanətçi var ki, ona 12 faiz sərf etmir, amma 14 faizlə əmanətini banka qoya bilər.

– Azad müəllim, əmanətlər artıb, azalıb?

– Bizdə hələ ki, ötən ilin son 9 ayı üzrə məlumatlardır. Son 3 ay gələndən sonra dəqiq bir söz deyə biləcəyik. Ancaq əmanətlərdə valyuta strukturu dəyişib - devalvasiyadan qabaq depozitlərin 62 faizi manat idisə, indi 72 faiz dollardır. Ola bilsin ki, son 3 ayda dollarla olan əmanətlərin həcmi artsın.

XS
SM
MD
LG