Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:47

-

Yanvarın 13-də ölkə mediasının əsas mövzusu manatın ötən ilki devalvasiyasından sonra başlayan iqtisadi tənəzzül dalğasının gətirdiyi problemlərdir.

«Yeni Müsavat» qəzeti iqtisadçı Qubad İbadoğlunun Facebook səhifəsində Mərkəzi Bankın maliyyə sektoruna təsiri ilə bağlı yazdığı fikirləri oxucularına çatdırır.

Qubad İbadoğlu yazır ki, Mərkəzi Bank hər gün təsir imkanlarını, manat da dəyərini itirir:

«Artıq 1 həftədir ki, ötən ilin dekabrın 21-dən elan etdiyi üzən məzənnə siyasətinə keçiddən imtina edən Mərkəzi Bank valyuta bazarında formalaşdırdığı hazırkı situasiya ilə özünü daha pis vəziyyətə salıb».

Q.İbadoğlu daha sonra qeyd edir ki, Mərkəzi Bank apardığı yanlış məzənnə siyasətini davam etdirərsə, tezliklə valyuta bazarına da nəzarəti itirə bilər: «Əvvəlcə mübadilə məzənnəsini formalaşdırmaq üçün banklara sərbəstlik verən Mərkəzi Bank, sonradan mübadilə məzənnəsinin dəyişməsini 4 faizlik marja ilə limitləşdirməklə geriyə addım ataraq bəyan etdiyi prinsiplərə də zidd getdi. Bu da onun valyuta bazarında gedən proseslərə təsir imkanlarını zəiflədərək, 20 ildən sonra yenidən «qara valyuta bazarı»nın yaranmasını şərtləndirdi. Hazırda Azərbaycan manatının ABŞ dollarına və Avroya qarşı məzənnəsində müşahidə olunan «qara bazar» məzənnəsi rəsmi məzənnədən 50 faizədək yuxarıdır. Bu isə dekabrın 1-ə olan məlumata görə, valyuta ilə depozitlərin cəmi əmanətlərdə 76 faizə çatması ilə pul kütləsinin tənzimlənməsinə təsirini getdikcə itirən Mərkəzi Bankın əlavə olaraq valyuta bazarında da imkanları məhdudlaşır və manat üçün daha pis perspektiv vəd edir. Odur ki, Mərkəzi Bank bazarda real olaraq formalaşan məzənnəni etiraf etməli və mübadilə məzənnəsini formalaşdırmaq üçün banklara sərbəstlik verməlidir».

Qusarda otel.

Qusarda otel.

OTELLƏR QONAQSIZ QALIB

«Azərbaycan onsuz da bahalı otellərinə və xidmət haqlarının yüksək olmasına görə xarici turistlər arasında o qədər də populyar deyildi. İndi isə manatın ucuzlaşması, əhalinin gəlirlərinin dollar ekvivalentində kəskin azalması, xarici amillər bu sektorda vəziyyəti bir qədər də çətinləşdirib», - yazan virtualaz.org saytı Azərbaycandakı otellərin müştəri sarıdan vəziyyətini araşdırıb: «318 otağı olan «Fairmont Baku» otelinin əməkdaşı deyir ki, oteldə yerlərin 40%-i doludur ki, bu da təxminən 127 otaq deməkdir. Yəni hazırda otelin yarıdan çoxu boşdur.

«Four seasons» otelinin əməkdaşları otaqlardan dəqiq neçəsində qonaq olduğunu deməkdən imtina etsələr də, bildirdilər ki, kifayət qədər boş yer var. Oxşar cavabı «Qafqaz Baku City Hotel&Residence» otelinin əməkdaşları da verdi. Məlum oldu ki, 4-ulduzlu və cəmi 103 otağı olan oteldə yerlərin əksəriyyət boşdur».

Sayt yazır ki, rayonlarda fəaliyyət göstərən otellərdə də vəziyyət fərqli deyil. Qəbələdə yerləşən «Qafqaz Riverside Hotel»in əməkdaşı deyir ki, hər qiymətə otaq var, amma qonaqların sayı azdır: «İkinəfərlik standart otağın bir gecəlik qiyməti 80 manatdır, xidmətə səhər yeməyi və internet daxildir. «Suite» otaq 100 manat, «kral» otağı isə 1000 manatdır. Ümumilikdə isə boş otaq çoxdur, çünki qonaq azdır».

«Sheki Palace Hotel»də isə özümüzü müştəri kimi təqdim edib boş otaqların sayı ilə maraqlananda öyrəndik ki, minimum qiyməti 90 manatdan başlayan otel otaqlarının əksəriyyəti boşdur. Otelin əməkdaşı deyir ki, qonaq olan və hazırda təmirdə olan otaqları çıxmaqla oteldə cəmi 45 boş otaq var. «Sheki Palace Hotel»in rəsmi saytında isə qonaqlama üçün iş adamları və turistlərə 46 otağın təqdim olunduğu yazılıb. Bu isə o deməkdir ki, oteldə cəmi 1 otaq doludur».

Manat

Manat

DEVALVASİYANIN YÜKÜNÜ KİM ÇƏKMƏLİDİR: BANKLAR, YOXSA ƏHALİ?

«Bizim Yol» qəzeti yazır ki, bir il ərzində manatın digər valyutalar qarşısında iki dəfə ucuzlaşması dollarla kredit götürən vətəndaşların vəziyyətini çətinləşdirib. Kreditlərin ödənilməsindən kütləvi şəkildə imtinalar bankları çıxılmaz duruma salıb.

Vəziyyətdən çıxış yolu üçün «Ekonomiks» Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov təkliflər paketi hazırlayıb. İqtisadçı alim təklif edib ki, ilk növbədə ölkənin pul-kredit sistemini dollar xərçəngindən xilas etmək lazımdır.

İqtisadi təşkilat tədbirlər planı olaraq xarici valyutada olan əmanətlərə illik 0.1 faizdən artıq divident (faiz) ödənilməməsini tövsiyə edir: «Paralel olaraq manatla olan əmanətlərə illik 15 faizdən az olmayan divident ödənilməlidir və bu əmanətlər inflyasiya səviyyəsindən asılı olaraq sığortalanmalıdır. Bu məqsədlə də xüsusi qaydalar işlənib hazırlanmalıdır. Görüləcək tədbirlər nəticəsində manatın ətrafında yaranmış ajiotaj aradan qaldırıldıqca, əmanətçilər məmnuniyyətlə dollarla olan əmanətlərini manatla əmanətə çevirməyə üz tutacaqlar».

İlham Əliyev Tovuzda süd emalı zavodunun açılışında.

İlham Əliyev Tovuzda süd emalı zavodunun açılışında.

20 MİLYARD DOLLAR QOYULUB

«Qlobal iqtisadi böhranın ağır fəsadlarından Azərbaycan sığortalanır». Bunu «Azərbaycan» qəzeti yazır. Müəllif qeyd edir ki, qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, 2015-ci ildə ölkə iqtisadiyyatının artımı, büdcə - fiskal dayanıqlılığı təmin edilib: «Ümumi daxili məhsulun 1.1 faiz artım səviyyəsi əvvəlki illərdəki artımla müqayisədə az olsa da, mürəkkəb xarici iqtisadi mühit, ölkəmizin makroiqtisadi sabitliyinə artan təzyiqlər və olduqca əhəmiyyətli dərəcədə azalan xarici valyuta gəlirləri şəraitində əldə edilib. Buna görə qənaətbəxş hesab edilə bilər».

Məqalədə vurğulanır ki, qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaldıb: «Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 40-cı yerə layiq görüb. Aparıcı reytinq agentlikləri 2015-ci ildə müsbət reytinqlərimizi təsdiq ediblər. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2.4 faiz, qeyri-neft sənayesi isə 8.4 faiz artıb. Son illər ərzində qeyri-neft sektorunun inkişafı aparılan uğurlu islahatların nəticəsidir. Ötən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Bunun da yarısı xarici sərmayədir. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG