Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:53

-

Yanvarın 12-də media prezidentin Nazirlər Kabinetinin toplantısında söylədiklərini şərh edir.

İLHAM ƏLİYEV İSLAHATLARIN YENİ HƏDƏFLƏRİNİ MÜƏYYƏNLƏŞDİRDİ

«Azərbaycan» qəzetinə danışan deputat Aydın Mirzəzadənin fikrincə, İlham Əliyevin çıxışı bir daha göstərir ki, devalvasiyadan sonra yaranan problemlərlə Azərbaycan hökuməti, konkret olaraq, dövlət başçısı çox ciddi şəkildə məşğul olur. Onun sözlərinə görə, artıq devalvasiyanın yaratdığı müəyyən çətinlikləri aradan qaldırmaq üçün ciddi tədbirlər görülmək ərəfəsindədir.
O, dövlət başçısının tapşırıqlarını sadalayır və qənaətini bölüşür: «Hesab edirəm ki, bu kimi tədbirlər əhalinin aztəminatlı təbəqəsinin və pensiyaçıların bu iqtisadi çətinliklərə sinə gərməsi üçün çox mühüm dəstək olacaq».

Başqa bir deputat Musa Quliyev qəzetə bildirib ki, İlham Əliyevin iclasdakı çıxışı son günlər manatın devalvasiyası ilə bağlı yaranmaqda olan ajiotajın aradan qaldırılmasına, xalqın rahat həyat şəraitinin davam etdirilməsinə ciddi bir təkan olub: «Yəqin bu gərginliklər aradan qalxacaq və Azərbaycan uğurlu inkişafını yenə də davam etdirəcək».

PREZİDENTİN MESAJLARI, İCRA BAŞÇILARI ƏNDİŞƏDƏ

Mövzunu «Yeni Müsavat» davam etdirir. Qəzet yazır ki, prezident son aylarda ikinci dəfə yenə neftin qiyməti ilə bağlı məsələnin siyasi olduğunu dedi:

«Aydındır ki, bu mesaj təkcə yaranmış iqtisadi vəziyyətdən gərginləşən əsəbi təbəqəyə yönəlməyib, bu, həm də iqtidarın artan tənqidçilərinə,eləcə də bir-birinin ardınca «antikrizis proqramları» elan edənlərə bir cavabdır. Prezident yaranmış gərginliyin, devalvasiyaya və qiymət artımının səbəbi kimi xarici amilləri göstərir».

Qəzet güman edir ki, dövlət başçısı «Bunun səbəbi kənarda yaranıb» deməklə komandasını qeyri-obyektiv tənqidlərdən qorumağa çalışdı: «Prezident son müşavirədə komandanıtərifləmədi, amma xüsusi tənqid də etmədi ki, bu da son aylarda bir ilk idi... Bu da təhlilçilərə görə, yaranmış vəziyyətə adekvatdır. Cəmiyyət indi günahkar axtarışındadır və bu sıra təkcə maliyyə naziri və Mərkəzi Bank sədri ilə məhdudlaşmır».

Dollar

Dollar

Yazıda deyilir ki, toplantıda təfərrüatlarını açıqlamasa da, prezident müvafiq islahatlar proqramının artıq hazır olduğunu anons etdi.

DOLLAR DÖVRÜNÜN SONU ÇATIR

Azərbaycanda dollarla aparılan ticarətin birdəfəlik dayandırılması və kreditin yalnız manatla verilməsi təklif olunur. Bu nə dərəcədə mümkündür və belə vəziyyət dolların kursunun düşməsinə rəvac verə bilərmi?

mövqe.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov kreditin ancaq manatla verilməsi istiqamətində addımın atılmasını vacib sayır: «Kreditlərin hazırda ancaq manatla verilməsi məsələsi böyük ehtimalla hökumətin gündəmində deyil. Çünki Mərkəzi Bankın son dövrlər həyata keçirdiyi əsas siyasət ondan ibarətdir ki, bazarda manat kütləsini mümkün qədər azaltmaqla əlavə dollar vəsaiti toplasın. Məhz bu baxımdan günümüzdə manatla verilən kreditlərin qısa müddət sonra bazarda dollar tələbi formalaşdıracağı artıq aydındır və düşünürəm ki, Mərkəzi Bank bu istiqamətdə banklarla hansısa formada razılıq əsasında prosesi əngəlləyəcək».

Dollarla alqı-satqı məsələsinə gəldikdə, Azərbaycan qanunvericiliyinə görə, ölkədə alqı-satqı üzrə valyuta predmeti yalnız milli pul vahidi olan manatdır. «Azərbaycan manatından kənar alqı-satqı əməliyyatları təbii ki, qeyri-leqal yolla həyata keçirilən alqı-satqı əməliyyatıdır. Qeyri-leqal yolla həyata keçirilən bu əməliyyatların qarşısını nə dərəcədə almaq, onu nə dərəcədə leqallaşdırmağın mümkün olduğunu indilikdə demək isə çətindir», -iqtisadçı söyləyir.

Alça

Alça

BAKIDA ALÇANIN KİLOSU 500 MANATA STAILIR

baku.ws-in məlumatına görə, «Yaşıl bazar»da alçanın kiloqramı 500 manata, bir ədədi isə təxminən 8-9 manata satılır.

«Satıcılardan bunun səbəbini soruşduqda isə müxtəlif bəhanələrlə sualdan yayınmaq istədilər. Guya alça xaricdən gətirildiyi üçün belə bahadır. Lakin bu tutarlı səbəb deyil.

Tutaq ki, ölkəmizdə mövsüm olmadığı üçün alça xaricdən gətirilir. Elə həmin xaricdə alçanın bir kiloqramı 15-20 dollar arasında dəyişirsə, Azərbaycana gətiriləndə bu qiymət maksimum 50 manatadək arta bilər. Yol xərci və digər xərclər alçanın qiymətinə bu məbləğdən artıq təsir edə bilməz. Bəs yerdə qalan 450 manat? Bu məbləğ kimin cibinə gedir? Kim nə qədər istəyəcəksə qiyməti də o qədər artıracaq?».

İqtisadiyyat və Sənaye Nazirliyi sayta bildirib ki, alça gündəlik istehlak səbətinə daxil olmadığı üçün onlarda bu barədə hələlik məlumat yoxdur.

BÖHRAN «TOY BAZARI»NI DA VURDU

Virtualaz yazır: «Böhran «toy bazarı»nı da vurdu: gəlinlik satılan mağazalara gələn yoxdur».

Sayt əməkdaşı əksər mağazalarda eyni mənzərəni müşahidə etdiyini yazır: «Müştərisiz mağazalar və satıcıların həmişəki qiymətlərə təklif etdiyi cürbəcür gəlinlik donlar».

...Satıcılar deyirlər ki, işləri dayanmasın deyə, müştərinin imkanı daxilində gəlinlik paltarlarına endirim etməyə də çalışırlar: «Məsələn, 500 dollara aldığımız mala indi də 500 dollar verməliyik, amma manata çevirəndə əvvəlkindən fərqli olaraq 750 manat ödəyirik. Müştəri qıtlığı da imkan vermir ki, təklif etdiyimiz qiymətlərə dəyişiklik edək».

Yazının müəllifi bir müşahidəsini də bölüşür: «Amma maraqlıdır ki, satıcıların əksəriyyəti bir neçə aydan sonra dolların ucuzlaşacağına və hazırkı vəziyyətin düzələcəyinə inanırlar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG