Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:14

-

"Bizə elə gəlirdi ki, Bəhruz qorxur. Onu inandırmağa çalışırdıq ki, qorxmasın, onsuz da Şahlar kişi bizi qovsa da çata bilməyəcək. Bəhruzsa heç nə deməz, yalnız xəfif təbəssümlə cavab verərdi."

Bayram Soylu

Əfəl dostum

Biz tərəflərdə bacarıqsız adama “əfəl” deyirlər. Məsələn, uşaqlıq dostum Bəhruz kimi. Qohum-əqraba, dost-tanış, iş yoldaşları, bir sözlə, onu tanıyanların hamısı Bəhruzu həmişə əfəl olmaqda günahlandırıblar.

Açığını deyim ki, mən də hər zaman uzaqgörən insanlarımızın bu müdrik rəyini razılıqla qarşılayanlardan biri olmuşam. Hətta dəfələrlə olub ki, Bəhruzu məzəmmət etmək üçün ürəyimdən süzülüb dilimə tökülən tənəli sözlərli xəsislik etmədən ona tuşlamış, lakin dost danlağını heç nə olmayıbmış kimi mənalı təbəssümlə qarşıladığından onun heç vaxt düzəlməyəcəyi qənaətinə gəlmişəm...

Bağ

Bağ

Bəhruzla uşaqlıqdan bir yerdə böyümüşük. Aramızda cəmi bir yaş fərq var – mən ondan bir bayram böyüyəm.

Bəhruz dərslərini yaxşı oxuyardı. Di gəl ki, əfəl idi. Məsələn, məhlədəki uşaqlar dəstə ilə tez-tez qocalığın yetkinlik dövrünü yaşayan qonşumuz Şahlar kişinin meyvə bağına “baş çəkər”, cürbəcür ləzzətli təamlardan dadardılar. Bəhruz isə “o meyvələrdən bizdə də var” deyib getməzdi.

Bizə elə gəlirdi ki, Bəhruz qorxur. Onu inandırmağa çalışırdıq ki, qorxmasın, onsuz da Şahlar kişi bizi qovsa da çata bilməyəcək. Bəhruzsa heç nə deməz, yalnız xəfif təbəssümlə cavab verərdi.

Bəhruz alverdə də yarıtmazdı. Belə ki, biz orta məktəbin yuxarı siniflərində oxuyanda bazar günləri alma satmağa gedərdik. Biz bazarda yerimizi tutub almaları düzər, sonra günəbaxan yağına batırdığımız parça ilə onları silərdik. Təkcə Bəhruz bunu etməzdi.

Bizim almalar par-par parıldadığından müştəriləri də daha yaxşı cəlb edər və qısa zamanda onları yaxşı qiymətə satardıq. Bəhruzun almaları bizimkindən geri qalmasa da aşağı qiymətə satılardı.

Alma

Alma

Elə də olurdu ki, Bəhruz apardığı almaların bir qismini geri qaytarırdı. Hər halda Bəhruz da “sehirli” günəbaxan yağından istifadə etsəydi, bu aqibəti yaşamaz, bazar qonşularımızın “nə fərsiz uşaqdır, belə də əfəllik olar, heç olmasa yanındakılara baxıb öyrənmir” tənələrini eşitməzdi...

İllər keçdi, biz orta məktəbi bitirdik. İkimiz də ali məktəbə sənəd verdik. Mən qəbul olundum. Doğrusu, bu uğuruma görə bəxtimə daha çox minnətdaram. Çünki Bəhruz sinifdə hamıdan yaxşı oxuyurdu, amma “konkurs”a düşdü, dörd ay sonra isə əsgərliyə getdi.

Qonşular deyirdilər ki, onsuz da Bəhruzdan ali məktəbə girən olmaz, buna təkcə savad yox, fərasət də lazımdı, o da Bəhruzda hardandı...

Bəhruz əsgərlikdən qayıtdı və heç kəsin gözləmədiyi halda universitetin hüquq fakultəsinə qəbul olundu. Buna baxmayaraq, tələbə illərində də Bəhruz camaatın gözündə əfəl obrazını itirmədi.

Xeyli imkanlı adam “gələcəyin prokuroru”na qız vermək istəsə də, Bəhruz yenə də əfəllik elədi, universiteti bitirən kimi Tarix Səmədin qızını aldı. Səməd məktəbimizin tarix müəllimi idi, ona görə belə çağırırdılar. Ümumiyyətlə, bizim kəndin adətidir – hərəyə bir ad verilir: Meşə Vəli, Kömür Həsən, Kimya Mənzər, İdman Talıb, Əfəl Bəhruz və b. Nə isə, mətləbdən uzaqlaşmayaq...

Bəhruz universiteti bitirən kimi təyinatla dövlət qurumlarından birinə göndərildi. Bir il staj keçdikdən sonra hüquqşünas kimi işə başladı. Di gəl ki, Bəhruzun əfəlliyi burda da üzə çıxdı.

Bəhruz müdirini heç cür qane eləmirdi. Nə olsun ki, savadı var, pul ki gətirə bilmir. Hansı müdir belə kadrla işləyər?!

Neçə dəfə Bəhruza iş prinsipini başa salmışdılar, adam düzəlmirdi ki, düzəlmirdi. Hamı məəttəl qalmışdı ki, bu adam beş ili necə oxuyub, bu qədər də kütlük olar?!

Nəhayət Bəhruzu başa salmaq üçün onu möhkəm sıxışdırmağa başladılar, o ümidlə ki, düzələr. Amma Bəhruz neylədi? Ərizə yazıb işdən çıxdı. Bir daha əmin olduq ki, Bəhruz barədə fikrimizdə yanılmamışıq...

Prokurorluğu tərk edən Bəhruz universitetdə müəllim işləməyə başladı. Cəmi bircə il! Nə var, nə var, ona bir neçə nəfərə yüksək qiymət yazmağı xahiş etmişdilər. Özü də xahiş fakultə dekanından gəlmişdi. Bəhruz dekana sayğısızlıq etdi, tapşırılanlar imtahandan kəsildilər. Bəhruz da “öz ərizəsi ilə” işdən azad edildi. Bəs necə olmalı idi ki?..

Bir neçə il firmalardan birində hüquqşünas işlədikdən sonra Bəhruz imtahan verib vəkillər kollegiyasına üzv oldu. Sən demə, bura Bəhruzun heç yeri deyilmiş - bu sistem əfəl adamları sevməz.

Allahınızı sevərsiniz, görün bu adam ona müraciət edənlərə nə deyir: “Mən işin nəticəsinə təminat verə bilmərəm. Sizə iki şey vəd edə bilərəm – işinizin perspektivi varsa, sizə vəkillik etməyi və işimə məsuliyyətlə yanaşmağı. Mən yalnız hüquqi yollardan istifadə edəcəyəm, işin həllinin başqa yolları mənlik deyil”.

Kim belə vəkilin xidmətindən istifadə edər? Vəkil gərək bütün vasitələrdən istifadə etməyi bacarsın. Bunun üçün də adamda gərəkdir ki, bir az fərasət olsun. O da Bəhruzda omadığından ərizə yazıb vəkillikdən çıxdı...

Vəkillikdən çıxdıqdan sonra Bəhruzu görməmişəm. Tanıyanlardan eşitdim ki, Avropaya getməyə hazırlşır. Əvvəlcə fikirləşdim ki, belə fərasətsizin Avropada nə işi, gedib neyləyəcək orda. Amma biraz dərindən fikirləşəndə gördüm ki, düz eləyir. Niyəsini deyim.

Avropa ölkələrində olmasam da, oralar barədə az-maz məlumatım var. Eşitdiyimə görə, Avropadıkalrın çoxu elə Bəhruz kimi əfəllərdir. Orada bizdəki kimi hasar-masar yoxdu, amma bildiyimdən, heç bir uşaq ürək edib qoca Şarl və ya Fridrix babanın alma bağına soxulmaz. Onlarda belə fərasət hanı?!

Ya da müəllim heç kimin tapşırığı ilə qiymət yazmaz, lap elə bizim Bəhruz kimi. Hələ mən onların əfəl nazirlərini, onların qohum-əqrabalarını demirəm.

Bəzən xəbərlərdən oxuyursan ki, filan Avropa ölkəsində filan nazir, ya da onun hansısa yaxın qohumu yol hərəkəti qaydalarını pozduğuna görə cərimələnib və s. Belə də nazir olar?! Ona əfəl deməyəsən, nə deyəsən?!

Lap elə götürək Avropa oyunlarını. Avropa Oyunları nədir ki, onu keçirə bilmirlər. Biz yarıavropalı ola-ola o cür şərəfli işin öhdəsindən gələ bilirik, amma Avropada bir dənə də olsun fərasətli ölkə tapılmır ki, bu işin qulpundan yapışmağa razı olsun...

Əlqərəz, qoy Bəhruz Avropaya getməyində olsun. Allah yolunu açıq eləsin. Bunlar öz yerində.

Mənə maraqlı gələn başqa şeydir. Nə gizlədim, bu maraq yuxularımı da ərşə çəkib. Elə hey fikirləşirəm: əcəba, necə olur ki, biz bu qədər bacarıqlı ola-ola əfəl avropalılar bizdən çox-çox qabadadırlar?

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG