Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Bəzən yüksək məclislərdən təmiz olur adi mətbəxlər


Nigar Rəfibəyli

Nigar Rəfibəyli

-

Nigar Rəfibəyli

Mətbəx şeirləri

Nigar Rəfibəyli (1913-1981)

Nigar Rəfibəyli (1913-1981)

Qadın olmasaydım əgər,

Qazanların, qabların,

Nimçələrin, çömçələrin

aləmindən qaçardım,

Səhəri dəniz qırağında
qayaların üstündə açardım…

Ciyərlərim dolusu
nəfəs alardım dəniz havasıyla,

Baş-başa qalardım
Sahillərinin gözə görünməyən
səfasıyla.

Sinəmi açardım
səhər rüzgarına…

Həzin-həzin,
gilə-gilə
nəğmələr qoşardım
Abşeron dağlarına…

Ürəyim bu mətbəx aləmində
yaman darıxır,
Mən
Bir azca da şairəm axı.

***

Şeri gözələ yazarlar,
Baharda yaz çiçəklərinə,
Payızda xəzələ yazarlar…
Hicran ağrısına,
Şirin vüsala yazarlar,
hüsn ­camala yazarlar…
Qazandan qalxan buxar,
Dızıldayan samovar,
Nədən şeir olmasın?!
Nədən şeir olmasın
Tərtəmiz su altında
Yuyulub
Ağapaq olan qablar?!
Biri şit sevir,
biri şor sevir,
Biri bişmiş,
biri çiy pomidor sevir…
Birinin yeməyi yağsız gərək,
Birinin xörəyi soğansız,
sarımsaqsız gərək…
Bütün günü yu, sil,
bişir, düşür,
Birinı qismətinə
yüksək masa arxasında oturmaq,
Birinin qismətinə
qab-qacaq yumaq düşür…
Nə zərər,
Bəzən yüksək məclislərdən
daha parlaq,
daha təmiz olur
Adi mətbəxlər…
Ocaqda soğan qovrulanda
göz qoymasam,
yanıb kül olar…
Xörəklərin də işi müşkül olar…
Ocaq qabağında
yanıb, yanıb
kül olan,
Könül aləmində
İşləri müşkül olan
aşpaza göz qoyan hanı?
Göz qoyun, göz qoyun –
Yanmasın
xörəklərə ləzzət verən soğanı…

***

Güllü bir bağça da şeir ola bilər,
Adi bir mətbəx də…
Bir çiçək,
bir ocaq,
bir hisli qazan,
qalxıb çıxa bilər
Sənətin oturduğu taxta…
Şeirin mövzuları
gəlməz saya –
Yalnız şair gözlərilə
Baxılarsa bu dünyaya…

***

Bir kiçik mətbəx pəncərəsindən
İlin dörd fəslini görürəm…
Yayın, qışın
yazın, payızın əslini görürəm.
Baharda
Pəncərəm önündəki boylu-buxunlu
Qovaq ağacı
yavaş-yavaş puçurlayır,
yarpaqlayır,
yaşıl don geyinir.
Meh əsir, budaqlar
yavaşdan-yavaşdan deyinir…
Yay olanda yırğalanır
bütün cah-cəlalıyla,
Payız küləkləri girənda qoynuna
Saralır dərin gəmi, məlalıyla.
Sonra qış gəlir,
Ağac soyunur tamam…
Elə bil çılpaq qalır
Bərli-bəzəkli bir ilham…
Ağac, bu çılpaq halıyla,
Qəmi, məlalıyla
Sinə gərir ayazlara,
şaxtalara,
Sağ-salamat çıxmaq üçün
Əzablarla qözlədiyi
bir bahara…
Ürək geniş olarsa,
xəyal dərin olarsa,
Nə arzular ölər,
nə fikir sönər…
Könüldə bir işıq,
bir atəş varsa,
Balaca bir mətbəxdən də
böyük bir dünya
görünər…

***

Deyirlər ki, qısqanırsan,

anasan, əlbət

Oğlun bu gün toy eyləyib

səndən ayrılır.

Tapıntıya heyran olmamaq olmur.

Qoy cəbhələr ayırmasın

bizi övladdan

Qoy aparsın oğulları

gözəl gəlinlər.

***

Dolma büksəm yaxşıdır,

Çay töksəm yaxşıdır,

Şeir yazsam yaxşıdır

Bozbaş assam yaxşıdır?

Çayı Təranə tökər,

Dolmanı Fidan bükər,

Şeiri Rəsul yazar -

Nigara qalır bazar.

Günün bütün mövzuları

XS
SM
MD
LG