Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:25

2500 il bundan öncə Sokratın azad sevgi haqda baxışları


Yunan aktrisası Ino Menegaki Qədim yunan torpağında Olimpiya məşəlini alovlandırır, 2013
Yunan aktrisası Ino Menegaki Qədim yunan torpağında Olimpiya məşəlini alovlandırır, 2013

-

Ön söz əvəzi

Araz Gündüz
Araz Gündüz

Bəlli olduğu kimi, Sokrat öz fəlsəfi baxışlarını yazıya almamışdır. O, dialoqlarının birində bu haqda deyirdi:

“Yazıda canlı danışıqda olan dirilik yoxdur deyə, o, sizə hansısa şəklin verdiyindən artıq heç nə çatdıra bilmir, ondan nə soruşsanız da, sizə yalnız eyni bir sözlə cavab verə bilir”.

Fəlsəfi baxışlarının yazıya alınmaması sonralar Sokratın apardığı çoxsaylı dialoqların müxtəlif variantlarda üzə çıxmasına və yozulmasına gətirib çıxarıb.

Sokratın şagirdlərindən ikisi, Platonla Ksenofont onun bu dialoqlarını yazıya almışlar və ən qəribəsi, onların oxucularına tanıtmaq istədikləri Sokrat, elə bil, ayrı-ayrı adamlar kimi gözə dəyir.

Xenophon
Xenophon

Elmi çevrələrdə, çox uzaq keçmişlərdən başlayaraq, Ksenofontunmu, yoxsa Platonunmu tanıtdığı Sokratın gerçəkliyə daha çox uyğun olduğu ilə bağlı söz açılmış və bu yöndəki çəkişmələr bugünədək də davam eləməkdədir.

Mənə qalarsa, Ksenofontun tanıtdığı Sokrat gerçəkliyə daha yaxın olub, Platonun “yaratdığı” Sokrat isə onun ideallaşdırdığı bir şəxsiyyət kimi dəyərləndirilməlidir.

Başqa sözlə desək, Platon Sokratın öyrətdiyi yola düşərək getmiş və öz dühası ilə yaratdığı yeni ideyaları, minnətdarlıq duyğusu ilə, öz müəlliminin adına bağlamışdır.

Belə demək olarsa, Ksenofont üzdə olan, çağdaş Sokratı, Platon isə öz ideyalarının gələcəyində yaşayan Sokratı təsvir eləyib.

Baxışlarınıza çatdırılan bu yazı da məncə, bu baxımdan dəyərləndirilməlidir.

Araz Gündüz


Afinalı KSENOFONT

SOKRATIN FEODOTA İLƏ KİŞİ-QADIN DOSTLUĞU İLƏ BAĞLI DANIŞIQLARI

Ötən çağlarda Afinada, Feodota adında çox gözəl bir qadın yaşayardı, kişilərdən kim ona vurulduğunu dilə gətirsəydi, götür-qoy eləmədən onu öz yatağına buraxardı.

Bir gün dinləyicilərindən biri Sokratın yanında bu qadından söz açıb onun dillə deyiləsi olmayan sonsuz gözəlliyindən, çoxlu rəssamların gəlib onun özünün yolverilən ölçüdə göstərdiyi bədən gözəlliklərini çəkdiklərindən danışdı.

-Gərək biz də gedib ona baxaq, - Sokrat dilləndi,- belə bitkin bir gözəlliyi eşitməklə yox, görməklə duymaq yaxşıdır.

-Gəlin, elə indicə mən sizi onun yanına aparım, - danışan adam Sokrata üz tutdu.

Sokratgil Feodotanın evinə gəlib onun geyim-geçimli dayandığını, bir rəssamın isə ona baxıb şəkil çəkdiyini gördülər. Onlar da dayanıb, bu gözəl qadını vurğun baxışlarla, uzun-uzadı süzdülər.

Rəssam işini qurtarandan sonra Sokrat dilləndi:

Socrates
Socrates

-Arxadaşlarım! İndi görəsən, burada kim kimə sağ ol deməlidir, – öz gözəlliyini açıb göstərdiyinə görə, bizmi Feodotaya, yoxsa ona belə vurğunluqla baxdığımıza görə, omu bizə?

Onun gözəlliyini açıb göstərməkdən qazancı varsa,- o bizə sağol deməlidir, onun gözəlliyinə baxmaq bizim qazancımızdırsa,- biz ona, deyilmi?

Oradakılardan kimsə, Sokratın bu sözlərinin çox tutarlı olduğunu dedi.

-Bax belə, - Sokrat dilləndi, - Feodota elə indidən istədiyini alıb: biz bayaqdan vurğunluqla ona baxırıq, gözəlliyini öyürük, sonra biz gedib bunu başqalarına danışanda onun qazancı biraz da artacaq; bizi isə gördüyümüz bu gözəlliyə toxunmaq, onu oxşamaq istəyi çuğlayıb, görünür, hamımız buradan çılğınlaşıb gedəcək, sonradan bu gözəlliyin əlçatmazlığını anıb da qüssələnəcəyik. Bu isə o deməkdir, artıq biz onun vurğunlarına çevrilmişik, o da bizim vurğunluğumuzun qaynağı olmuş.

-And olsun Zevsə, - Feodota dilləndi, - dediyiniz düzdürsə, onda mənə vurğunluğunuza görə, sizə sağol demək mənim boynuma düşür.

Sokrat yan-yörəyə göz gəzdirib, Feodotanın yaraşıqlı, gözəl paltarlarla çox yaxşı geyinib gecindiyini də, başında çoxlu yaxşı geyinmiş gözəl qulluqçuların olduğunu da, evinin çox varlı gözə dəydiyini də ayırd eləyə bildi. Sonra Sokrat ona üz tutub soruşdu:

-Feodota, mənə de görüm, sənin çoxlu torpağınmı var?

-Bir azı da yoxumdur.

-Bu evin sənə qazanc gətirirmi?

-Yox, bundan qazancım yoxdur.

-Onda sözsüz, sənin nəsə bir emalatxanan var?

-Sözün düzü, yoxumdur.

-Onda sən necə dolanırsan?

-Mənimlə dostluq eləyən kişilər əl tuturlar, onunla dolanıram.

-And olsun Heraya, Feodota, - Sokrat dedi, - nə gözəl işin var sənin: dostlar sürüsü saxlamaq, qoyun-keçi sürüsü, inək naxırı saxlamaqdan çox qazanclı imiş! Yaxşı, onda de görək, sən oturub hansısa dostunun, çibin bala uçub qonan kimi, gəlməsini gözləyirsən, yoxsa onları bura dadandırmaq üçün bir yol da bilirsən?

-Yəni, dostlarını özünə bağlamaq üçün bir yolmu da olur?

-And olsun Zevsə, belə bir yol var, lap desən, hörümçəyin elədiyindən də yaxşısı, sən bilirsən də, onlar yaşamaq üçün öz ovlarını necə ələ keçirirlər? — çox incə bir tor toxuyub qururlar, tora düşənlər də onların yemi olur.

-Demək istəyirsən, mən də tor toxuyub, qurmalıyam?

-Yox, sən dost ələ keçirmək kimi uğurlu ovu belə qolay sanma. Sən bilmirsənmi, çox da elə dəyərli olmayan dovşanı ovlamaq üçün, adamlar neçə-neçə qurğular düşünürlər?

Dovşanlar yemlənmək üçün gecə gəzirlər, bunu bilən ovçular gecə ovuna çıxmağı bacaran itlər yetişdirirlər, onlarla da dovşanları yaxalayıb tuturlar.

Gündüzlər isə dovşanlar yuvalarına çəkilib gizlənirlər, onda ovçular başqa itləri, iyinə görə dovşanın izinə düşüb onu axtaran, gəlib onu yuvasında yaxalamağı bacaran itləri ova qoşurlar.

Dovşanın bərk qaçdığını, bir anda aradan çıxıb gözdən itdiyini bildiklərindən, bu ovçuların çox bərk qaçan itləri də olur, yeri gələndə onları qısqırdıb, dovşanı tuturlar.

Ancaq olur, dovşanlar bu itlərdən də qaçıb qurtula bilirlər, onda ovçular dovşanın yolunun üstündə tor qururlar, bərk qaçan dovşan tora ilişib qalır.

-Yaxşı, desənə bir, mən öz dostlarımı necə tutum?

-And olsun Zevsə, bax belə,- it yerinə sən elə bir adam tapırsan, o, gözəllik vurğunu olan varlı kişiləri axtarıb tapır, tapanda da elə bir qurğu qurur, onlar özləri gəlib sənin toruna düşürlər.

-Mənim torum nə gəzir, ay Sokrat!

Socrates
Socrates

-Bir torun var sənin, insana dolaşıb onu saran, bir yana çıxmağa qoymayan tor, sənin gözəl bədənin, onda yer alan gözəl könlün ola bilər:

o könül sənə, insanların ürəyinə od salmaq üçün onlara necə baxmağı, bununla da onlara çox dadlı duyğular yaşatmağı öyrədə bilər;

könlün, sənə ürəkdən vurğun olanları istiqanlıqla, sevgi ilə qarşılamağı, yalançı “vurğunlardan” uzaq gəzməyi anladacaq;

Öz könlündən yaxşı baş aça bilsən...

öz könlündən yaxşı baş aça bilsən, dostun xəstələnmişsə, onu yoluxub qayğısını çəkməyi də, onun işində böyük bir uğuru varsa, sevincinə ortaq olmağı da, sənə ürəkdən bağlanıb yanından əl çəkmirsə, ona ürəkdən bağlanmağı da, habelə, bunun kimi çoxlu incəlikləri də bacaracaqsan.

Qaldı yataqda oynaqlaşıb, dostlarını yetərincə əyləndirməyinə, sənin bu işdə incə olduğun kimi, öyrəncəli də olduğuna inanıram; elə bilirəm, dostlarının sənin üçün necə dəyərli olduğunu, təkcə sözdə yox, işdə də onlara göstərə bilirsən.

-Yox, and olsun Zevsə,- Feodota dedi,- mənim bu işdə azacıq da olsa öyrəncəm yoxdur.

-Ancaq ən yaxşısı, adamların qılığına girməyi bacarmaqdır: kimisə güclə tutub özünə dost eləmək olmaz; bu “yırtıcını” gərək elə oxşayasan, elə əyləndirəsən, o öz istəyiylə ilişsin, ələ öyrəşsin, sonra da qaçmaq istəməsin.

-Sən düz deyirsən, - Feodota Sokratla razılaşdığını bildirdi.

-Sən gərək öz işinə belə başlayasan, sənə yaxınlaşan kişilərdən elə qulluq göstərməyi umasan, bu onlara çox da başağrı verib bezdirməsin, sonra da özün onlara göstərdikləri qulluğun qarşılığını qaytarmalısan: belə qarşılıqlı anlaşma ilə adamlar dost ola bilirlər, biri-birini sevə, yaxşılıq eləyə bilirlər.

Onların ən çox bəyəndiyi isə, sözsüz, səndən yana-yana istədiklərini onlara verməyin olacaq: bilirsən, ən dadlı yeməyi belə, aclığın olmadan yeyəndə ağıza dadsız gəlir; adam tox olanda ən dadlı yeməkdən belə, iyrənə bilər; ancaq adam ac olanda, yemək dadlı olmasa belə, ona yapışır.

-Düzünə qalsa, mən bilmirəm, adamlarda necə özümə qarşı aclıq duyğusu yarada bilərəm?

-And olsun Zevsə, bax belə. Öncə, onlar tox olduqca, sən özündə olanları, yəni onların səndən almaq istədiklərini sezdirməyəcəksən, onların biraz da bərk acmağını, səndə olanlara qarşı istəklərinin coşmasını gözləyəcəksən; onlarda bu istək yarandımı, onda sən özündə olanları gözə soxmadan, ağıryanalıqla andıracaqsan, - yəni, sən özünü onlara sırımırsan, sənin üçün bu iş elə də önəmli deyil,- beləliklə də onların bu istəklərinin çılğınlaşmasını gözləyəcəksən:

bu anda sənin, onların çılğın istəklərinə görə verdiklərinin dəyəri, onların istəkləri yetərincə olmayanda verə biləcəyindən qat-qat artıq olacaq.

Bu yerdə Feodota dedi:

-Sokrat, gəlsənə bu dost ovunda mənim yardımçım olasan?

-Məni dilə tuta bilsən, bu da olan işdir.

-Səni yola gətirmək üçün mən nə etməliyəm?

Azərbaycan dilində "Sokrat" kitabının üz qabığı
Azərbaycan dilində "Sokrat" kitabının üz qabığı

-Bu işdə sənə yardımçı ola biləcəyimi düşünürsənsə, məni bu işə qoşmağın yolunu da özün tapmalısan.

-Onda sən bacardıqca, mənim yanıma tez-tez gəlsənə.

Burada Sokrat, günlərini boş-boşuna keçirən dövlət qulluqçularına sataşmaq üçün, sözü gülməyə salıb, sanasan, başının bərk qarışıq olduğundan söz saldı.

-Yox, Feodota, mənim boş vaxtım nə gəzir: öz işlərim, üstəlik dövlətin işləri, bütün günümü əlimdən alır. Bundan başqa da, mənim çoxlu dostlarım da var və onlar məni gecə-gündüz öz yanlarından qırağa buraxmırlar: onlar məndən ovsunlayıcı sevgi içkiləri düzəltməyi, istədiklərini ələ keçirmək üçün qapqanlar qurmağı öyrənirlər.

Sokratın zarafat elədiyini anlamayan Feodota soruşdu:

-Doğrudanmı, sən belə işlərdən baş açırsan, Sokrat?

-Sən nə bilmişdin, - Sokrat dedi,- nədən bu Apollodorla, Antisfen məndən uzaqlaşa bilmirlər? Nədən Kebetlə, Simmiy durub Fivadan mənim yanıma gəlirlər? Ovsunlayıcı içkilər, gizlin qurğular, bəxtaçan diyircəklər olmadan bunu necə eləmək olar?

-Nə olar, Sokrat, o bəxtaçan diyircəyinin birini də mənə versənə, mən onunla, birinci elə səni özümə bağlamaq istərdim!

-Yox, and olsun Zevsə, istəmirəm məni özünə sarı çəkəsən; sənin mənim yanıma gəlməyinə isə sözüm yoxdur.

-Yaxşı gələrəm, - Feodota dedi, - ancaq söz ver, məni evinə buraxacaqsan!

-Niyə də olmasın, ancaq burada bir iş də var, qabaqcadan deyim biləsən: sən bizə gələndə, mənim yanımda səndən də qat-qat sevimli olan bir qadın olmasa, onda səni evimə buraxaram!

Rus dilindən Araz Gündüz çevirib

XS
SM
MD
LG