Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:50

Üçüncü Naxçıvan bayrağı da tapıldı


Pərvin Gözəlov və Naxçıvan xanlığına məxsus bayraq
Pərvin Gözəlov və Naxçıvan xanlığına məxsus bayraq

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ezamiyyətdə olmuş Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Pərvin Gözəlov Naxçıvan xanlığına məxsus olmuş və indiyədək məlum olmayan daha bir bayraq aşkar edib.

Milli Tarix Muzeyinin yaydığı xəbərə görə, bayraq «Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyi»nin bayraq fondunda aparılmış araşdırma zamanı üzə çıxıb.

Xəbərdə deyilir ki, Şimali Azərbaycan xanlıqlarının ləğvindən sonra onların bayraqları qənimət kimi Rusiya imperiyasının qüdrətini ifadə edən tarixi abidəyə çevrilib. Xanlıqların işğalı zamanı Bakı xanlığının 9, Gəncə xanlığının 8 bayrağı və Cavad xanın ştandartı, Nuxa (Şəki) xanlığının 6, İrəvan xanlığının 4 bayrağı qənimət kimi götürülüb, Sarskoselskiy saray arsenalına təhvil verilib və 1906-cı ildə Tiflisdəki Şöhrət Muzeyinə göndərilib.

Hakimiyyətə yeni gələn xan əvvəlki dövlət bayrağını saxlasa da, öz bayrağını qəbul edirdi. Bu səbəbdən hər xanlığın bir neçə bayrağı olub.

P. Gözəlovun tapdığı üçüncü bayraq 1827-ci ildə xanlığın işğalı zamanı general İ. Paskeviç tərəfindən Sankt-Peterburqa göndərilmişdi. Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyinin fondunda bu bayraq «XVIII-XIX əsr müsəlman bayrağı» adı ilə saxlanılır.

Naxçıvan xanlığının aşkar olunmuş üçüncü bayrağı düzbucaq formadadır. Eni 92 sm, uzunluğu 192 sm olan bayraq bir-birinə üfüqi şəkildə tikilmiş yaşıl və qırmızı parçadan ibarətdir. Bayrağın yaşıl hissəsində qırmızı parçadan günəşin simvolik təsvirinə bənzər səkkizgüşəli ulduz tikilib. Bayrağın üzərindəki zədələnmiş hissələr muzeyin laboratoriyasında bərpa edilib, ulduzun bir hissəsi zədələndiyindən yeddi güşəsi görünür.

Ağac sapa taxılması üçün bayrağın sol tərəfindən torbacıq tikilib.

Şam ağacından hazırlanmış bayraq ağacının üzərinə dəmirdən nizəvari formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb.

Ötən il Pərvin Gözəlov Sankt-Peterburq muzeyindən 2 Naxçıvan bayrağı tapmışdı.

XS
SM
MD
LG