Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:51

J.Cortazar: "Əziyyət görmüş yazıçı kimi, ölkəmdəki vəziyyət məni narahat edir"


Julio Cortazar
Julio Cortazar

-

20-ci əsrin klassikası hesab olunan argentinalı yazıçı Julio Cortazar'ın (1914-84) ABŞ-ın "The Paris Review" dərgisinə müsahibəsindən bir parça

"Siyasətlə ədəbiyyat arasında balans çətin, amma vacibdir"

J. Cortazar:

- 30 il bundan əvvəl yalnız ürəyim istəyən, ağlıma gələn şeyləri yazırdım, yazılarımı yalnız estetik meyarla qiymətləndirirdim. İndi isə, yenə də estetik meyarla qiymətləndirməyə davam etsəm də, hər şeydən əvvəl, yazıçı olduğuma görə, amma əzab-əziyyət görmüş bir yazıçı kimi, Latın Amerikasındakı vəziyyət məni narahat edir və məşğul edir, bu da vaxtaşırı yazlarıma süzülür, şüurlu, ya qeyri-şüuri şəkildə.

Amma hekayələrimdəki ideoloji və siyasi məsələlərə baxmayaraq, hekayələrim mahiyyətcə dəyişməyib. Yenə də fantastik hekayələr yazıram.

Vətəndaşlıq dərdlərilə məşğul olan bir yazıçı üçün problem yazıçı kimi də davam edə bilməkdədir. Əgər onun yazdıqları sırf siyasi məzmunlu ədəbiyyata çevrilsə, o, ortabab bir yazıçıya çevrilir.

Bir çox yazıçıların başına gəlib bu. Məsələ tarazlıqdadır. Mənim üçün xalis ədəbiyyatın ən yüksək səviyyəsində yazmaq, eyni zamanda onu müasir reallıqla paralel aparmaq mühüm məsələdir. Bu, çox çətin bir balansdır.

PR:

- Adi oxucularla siyasətçi oxuculardan aldığınız reaksiya arasında fərq çoxdurmu?

Cortazar:

Argentina. Julio Cortazar heykəli
Argentina. Julio Cortazar heykəli

- Latın Amerikasının siyasətə biganə olan burjua oxucuları və ya özlərini sağ qanada özgə tutan kəsləri məni maraqlandıran istismar, təzyiq kimi problemlərlə maraqlanmırlar. Onlar mənim hekayələrimin bəzən siyasi dönüş almasını bəyənmirlər.

Başqa qisim oxucularsa, əsasən cavanlar, mənim sentimental mübarizəmi bölüşürlər, ümumiyyətlə isə, ədəbiyyatı həqiqətən sevənlər bu hekayələri də sevirlər...

PR:

- Sizi siyasətə qoşulmağa nə vadar edir axı?

Cortazar:

- Latın Amerikasının hərbçiləri. Onlar məni daha çox yazmağa ilhamlandırırlarlar. Onlar aradan qaldırılsa, bu ölkələrdə dəyişiklik olsa, bir az istirahət edərdim, eksklüziv ədəbiyyat olan poema və hekayələrimi işləyərdim. Amma indi mən onları görəndə yazmağa vadar oluram.

PR:

- Bir neçə dəfə ədəbiyyatın sizin üçün oyun olduğunu demisiniz. Nə mənadadır bu söz?

Cortazar:

- Mənim üçün ədəbiyyat bir oyun formasıdır. İki cür oyun var: biri, məsələn, futbol, sadəcə oyun, bir də var, daha dərin və ciddi oyunlar.

Uşaqlar oyun oynayanda özlərini əyləndirirlər, bunu çox ciddiyə alırlar. Bu, onlar üçün çox vacibdir. Necə ki, on ildən sonra sevgi onlar üçün vacib olacaq, indi də oyun elə vacibdir. Yadımdadır, mən balaca olanda valideynlərim deyərdi:

“Yaxşı, kifayət qədər oynadın, indi isə çimmək vaxtıdır.” Mən onların bu sözlərini axmaq sözlər hesab eləyirdim, çünki mənə görə, hamam mənasız şey idi. Çimməyin heç bir əhəmimyyəti yox idi, uşaqlarla birlikdə oynamaq isə mənim üçün "oyun" yox, çox ciddi məsələ idi.

Ədəbiyyat da belədir – bu, oyundur, həyatını qoya biləcəyin dərəcədə ciddi oyun...

Sinif yoldaşlarımda fantastika duyğusu yox idi. Onlar şeyləri olduğu kimi qəbul edirdilər: bu, təyyarədir, bu, kreslodur. Mənim üçünsə şeylər belə sadə təyin oluna bilməzdi.

Edgar Allan Poe. J.Cortazar onun əsərlərini ispandillilər üçün tərcümə edib
Edgar Allan Poe. J.Cortazar onun əsərlərini ispandillilər üçün tərcümə edib

Mənim anam çox təxəyyüllü qadındır. Uşaqlıqda o, məni həvəsləndirirdi. O, heç vaxt demirdi ki, yox, sən ciddi olmalısan. Əksinə, mən fantaziya quranda o, sevinirdi.

Fantaziya aləminə bağlananda o, mənə kitablar verdi. Doqquz yaşım olanda Edgar Allan Poe-nun kitabını oxudum. Əvvəl anam bu kitaba hələ hazır olmadığımı, başqa kitablar götürə biləcəyimi deyərək o kitabı məndən gizlətmək istədi, mənsə kitabı oğurladım.

O kitab məni elə qorxutdu ki, üç ay xəstə yatdım. Çünki kitabda yazılanlara inandım. Onları gerçək sandım. Mənim üçün fantastik şeylər çox təbii şeylər idi. O cür kitabları dostlarıma verəndə onlar deyirdilər: “Kovboy hekayələri yoxdu səndə? Varsa, gətir də.” O vaxt kovboy kitabları çox populyar idi. Mənisə fövqəlreal, fövqəltəbii aləm cəlb edirdi.

PR:

- Yazı necə başlanır? Sizi xarakterlərmi yazmağa təhrik edir?

Cortazar:

- Yox, qətiyyən. Adətən hekayənin ideyası ağlıma gəlir, hələ xarakterlər yoxdur. Qəribə bir ideya olur: filan ölkədə filan evdə filan şey baş verir... Yazarkən çox vizual oluram, yazacaqlarımı əvvəlcə görürəm, aydın görürəm.

Deməli, əvvəlcə filan ölkədəki filan evin içini görürəm, sonra qəflətən xarakterlərə gəlib çıxıram. O xarakterlərdən biri tanıdığım adam ola bilər. Amma olmaya da bilər. "Klass-klass" ("Hopscotch") hekayəmdəki Olivierada mənə bir çox avtobioqrafik istinadlar var, amma o, mən deyiləm, hərçənd, Olivierada mənim Parisdəki keçmiş bohem günlərimdən gələn çox şey var. Amma mən Parisdə onun kimi deyil, başqa cür yaşamışam.

PR:

- Avtobioqrafik yazmaq istəmədiyiniz üçünmü?

Cortazar:

- Avtobioqrafiyanı heç sevmirəm. Heç vaxt xatirələrimi yazmaram. Başqa insanların bioqrafiyaları maraqlandırır məni, əlbəttə ki, özümkülər yox.

Özünü yazan tarixçiilik, bu, məni darıxdırar. Çünki mən ixtira etməyi, təxəyyülü sevirəm.

Öz bioqrafiyamı yazası olsam, gərək səmimi olum, olanı, həqiqəti bədii şəkildə yazım. Bioqrafiyamı olduğu kimi yazmaq isə tarixçilikdir, özünü yazan tarixçiilik, bu, məni darıxdırar. Çünki mən ixtira etməyi, təxəyyülü sevirəm.

Əlbəttə, roman və ya hekayə ideyam olanda tez-tez olur ki, öz həyatımın situasiya və xatirələrini kontekstə oturduram.

“Deshoras” hekayəmdə dostunun böyük bacısını sevən oğlan mənim avtobioqrafiyamdan gələn vəziyyətdir. Amma onun kiçik hissəsi mənəm, orada fantaziya, təxəyyül üstündür yenə də.

XS
SM
MD
LG