Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:04

-

Qırğızıstanda qanunla ailə qurmağa icazə verilməyən cütlüklərin mollaların kəbinlə evləndirilməsinin qarşısını almaq üçün qanun hazırlanır.
Parlamentin iki üzvü bu cür mollaların məsuliyyətə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi ilə çıxış ediblər.

Qanunvericilikdə qızların ərə getməsi üçün minimum yaş həddi müəyyənləşdirilsə də, erkən yaşda evlilik Orta Asiyada problem olaraq qalır.

Qırğızıstan Partiyasından Elmira Zhumalieva ilə Ata Məkan Partiyasından Aida Salyanovanın müəllifi olduqları yeni qanun layihəsinə görə, kəbin üçün mollaya müraciət edən hər bir cütlüyün dövlət nikahı olmalıdır. “15-16 yaşlı qız uşağı kəbinlə evləndirilir. Onlar bu yaşda hələ evlilik üçün yetkin deyillər. Bəzən onlar valideynlərinin iradəsinə qarşı gedə bilmədiklərinə görə intihar edirlər”, -- deyir Zhumalieva. Bunun qarşısını almaq üçün qanun layihəsi rəsmi nikahı olmayan cütlüyə kəbin kəsən mollalara 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Ölkənin cənubundakı Nookat rayonundan olan Adalat adlı qadın deyir ki, 3 dəfə ailə qurub. Amma heç birində rəsmi nikahı olmayıb:

“İlk dəfə 14 yaşında ailəmin qərarı ilə evlənmişəm. Ərim məndən xeyli böyük idi. İstəmədim, amma atam etirazlarımı nəzərə almadı. İki ildən sonra boşandıq. Atam öləndən sonra öz istəyimlə yenidən ailə qurdum. Bu dəfə 3 uşaqlı bir kişi ilə. Qızım olandan sonra o, məni qoyub əvvəlki arvadının yanına getdi. Üçüncü evlilikdən 2 uşağım oldu. Ancaq bu uşaqları və təqaüdçü anamın təkbaşına saxlaya bilməyəcəyimə görə məni yalnız qoymamağı nə qədər xahiş etsəm də, o da məni tərk etdi”.

Adalatın bu 3 evlilikdən heç biri rəsmi qeydiyyata alınmayıb. Ona görə indi keçmiş ərlərinin heç birindən aliment tələb edə bilmir.

Qırğızıstanın Dini İdarəsinin nümayəndəsi Bakhtiyar Toktagaziev parlamentə təqdim olunmuş qanun layihəsinin təkmilləşdirilməyə ehtiyacı olduğunu söyləyir. Onun fikrincə, mollanı bu cür məsuliyyətə cəlb etmək üçün gərək onun statusunu dövlət rəsmisi statusuna qaldırasan.

Müsəlman qadın təşkilatı olamn “Mutakallim”in rəhbəri Jamal Frontbekkyzy yeni qanun layihəsini dəstəkləyir. Ancaq qanunun müəlliflərinin problemin kökündə dayanan məsələlərdən tam agah olduqlarına şübhə edir. Onun fikrincə, yalnız mollanı məsuliyyətə cəlb etmək kifayət deyil. Çünki istənilən şəxs Qurandan lazımi surəni oxumaqla kəbin kəsə bilir.

Kəbin Qırğızıstanda getdikcə daha populyar olur. Bunun da səbəbləri var.Birincisi odur ki, gənc qırğızlar getdikcə daha çox dinə meyl edirlər və dini mərasimlə ailə qurmaq istəyirlər. İkincisi, şəhərdən kənarda yaşayanlar üçün sənəd yığmaq və nikahın qeydə alındığı dövlət orqanlarının yerləşdiyi şəhər mərkəzlərinə gedib-gəlmək heç də asan olmur. Ona görə də çoxları elə öz yaşadıqları kənddə molla kəbini ilə kifayətlənməyi üstün tuturlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG