Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:15

Hüseyn Cavid. Naxçıvanda nə gördüm?


Hüseyn Cavid
Hüseyn Cavid

-

"Zira, təməlsiz divar iki gün yaşar, üçüncü gün uçar, yıxılar, sahibini sevindirəcək yerdə büsbütün məhcub edər, kədərləndirər; son ah-vah isə heyhat... fayda verməz."

Hüseyn Cavid

Naxçıvanda nə gördüm


Rəvayət olunduğuna görə, Naxçıvan əski yarımtanrılardan məşhur “Daqyanos”un mərkəzi-səltənəti imiş. Demə ki, çox da kiçik yer sayıla bilməz. Tarix səhifələrində bir para qəribə şeylərə təsadüf olunur ki, əsrlər keçsə də öz əhəmiyyətini qeyb etməz, necə ki, Zərdüşti məzhəbində olan bir çox işlər hətta indi də təbdili-məzhəb etmiş bəzi müsəlmanlar arasında hökmfərmadır.

Yuxarıdakı rəvayət doğru olmasa belə, Naxçıvanın indiki əhvali-ruhiyyəsi bunu gözəlcə isbat etməkdədir.

Şəhər əksəriyyətlə ikiyə bölünür: bir qismi qul təbiətində yaşar, miskinliyi sevər. Bir payı da təkəbbür və xudkamlıqdan xoşlanır, daima öz nüfuzunu işlətmək istər.

Orta yerdə hürriyyət, vicdan, rəy bəyan etmək haqqı kimsəyə verilməmişdir. Müstəsna olaraq bir neçə zat var isə də, təəssüf ki, sayları üç cüt bir təki aşmaz, hər nə qədər çığırıb-bağırsalar da, səsləri-ünləri bir yerə yetişməz.

Naxçıvan on beş il əvvəl cəhalət uyqusundan diksinmək ehtiyacını duydu, maarif dairəsinə girmək istədi. Milli məktəb təsis etdi, mərhum Sidqi sayəsində çalışıb-çabalamağa həvəsləndi, gündən-günə arş irəli!.. Hərəkət etməyə başladı.

Sidqi vətənpərvər idi, qeyrətli idi, məslək sahibi idi, millətini sevərdi...

Öyrənmək, bilmək, div addımları ilə irəliləmək, milləti aydınlatmaq ən birinci məqsəd sayılırdı.

Məhəmməd Tağı Sidqi
Məhəmməd Tağı Sidqi

Bu hal beş-altı il qədər davam etdi. Sonra zavallı Sidqi getdi, məktəbin məktəbliyi də onunla bərabər bitdi.

İndi beş-üç gözüaçıq cavan bulunsa, şübhəsiz ki, həmin beş-altı ilin məhsuludur.

Sonra nə oldu... Məktəb qapandımı? Xeyr, qapanmadı... Lakin nə zərər verdi, nə xeyir gətirdi. Zira, qapansa idi, gözəl bir təəssürat, həzin bir arzu ruhu oxşar idi, insanı məşğul edərdi.

Məktəbin uyğunsuz halda yaşaması hər kəsi iyrəndirdi. Xalqa böyük bir dərd oldu.

Məktəbdə əvvəldən hökumət barmağı var idi. Fəqət Sidqi dövründə əsla əl vurulmadı. O zavallı sönər-sönməz istibdadın qara buludları hər tərəfdən məktəbin üzərinə çökməyə başladı. İş büsbütün dəyişdi.

...Nəhayət işin sonu bir heçdən ibarət qaldı. İki-üç ay sonra qiraətxana da fərağətxanaya döndü, onunla bərabər bütün həvəslər də bitdi getdi.

Elə də olmalı idi, çünki o tərəqqi ciddiyyət və mühakimə deyil, özünü göstərmək, nümayiş etdirmək kimi bir vəziyyət idi. Nümayiş üçün qabaran hissiyyat dəniz köpüyündən çox da fərqli olmaz. Qabarması ilə sönüb getməsi bir olar. Hər işdə səbat və istiqamət ən birinci şərt sayılır.

Mətin və paydar bir iş üçün kəskin bir düşüncə, dərin bir mühakimə lazımdır. Yoxsa halva-halva deməklə ağız şirin olmaz.

Bu son zamanda bir neçə şəxs də meydana çıxmışdır, digər bir-iki məktəb daha təsis etmişlər. Doğrusu, fəna bir təşəbbüs deyil. Lakin bu da əsassızdır. Kökü çürükdür. Çünki əvvələn hücrələrdə “Üsuli-cədid” məktəbi ayaq tutmaz, tutsa da yürüməz, ikincisi də ki, əvvəlki məktəbi o hala qoyan hökümət barmağı oldu.
İndi də bu yeni məktəb və müavinət olsun deyə, yenə bir çar adamı müəllim ilişdirildi.

Bir də məktəb açan zat ən əvvəlcə hər məsrəfi nəzəri-diqqətə almalı, sonra işin kökünə əl vurmalıdır. Zira, təməlsiz divar iki gün yaşar, üçüncü gün uçar, yıxılar, sahibini sevindirəcək yerdə büsbütün məhcub edər, kədərləndirər; son ah-vah isə heyhat... fayda verməz.

Qız məktəbinə gəlincə, azacıq ehtiyatlı davranmaq icab edər.

İndilik qabiliyyətli bir türk xanımı ana dilini tədris etməkdədir. Onun fayda verəcəyi mühəqqəqdir, həm də günəş qədər parlaqdır... Başqa millətdən müəllimələrinsə verdiyi təlim-tərbiyəyə diqqət etmək, sonra fərman vermək lazım.

Məktəb binası olduqca xoş, gözəl və həvadar bir yerdədir, hər xüsusda bu məktəb digərlərindən şərəflidir və onlara tərcih olunmalıdır.

Oğlan-qız bütün vətən yavrularının ibtidai tərbiyəsi ancaq onları şəfqətlə ağuşa alanda nəticəli ola bilər.

“Həqiqət” qəzeti, № 3, 4 yanvar 1910-cü il

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG