Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:17

200 gündür ki, heç nə almıram. Sən də dözə bilərsən?


Alman rəssam Mark von Himmelstjerna konsumerizmlə savaşmaq üçün zibildən ev qurub

Alman rəssam Mark von Himmelstjerna konsumerizmlə savaşmaq üçün zibildən ev qurub

-

"Satın aldığın şeylərin çoxu, sadəcə “olması yaxşı olardı” qəbilindən şeylərdir. Onlar sənin həyatına xoşbəxtlik qığılcımları saçır. Amma qığılcımlar tez sönür və əgər daimi, möhkəm emosional zənginlik fondun yoxdursa, sən hər dəfə çox və daha çox şey satın almaqla bu qığılcımları parıldatmalı olursan."

Konsumerizmdən necə qurtulmalı?

Assya Barrette

Bir neçə ay əvvəl atam öldü.

Kimyaterapiya müddətində o, öz evində yox, mənim evimdə qalırdı. Dərisinə yayılmaqda olan melanoma ilə mübarizə aparırdı zavallı. Çətin günlər idi. O günləri xatırlayan kimi məni kədər bürüyür, gözlərimə ağırlıq çökür.

Heç vaxt sevdiyim adamın ölümünü yaşamamışdım. Bu, adamın özünün bir parçasını itirmək demək imiş.

Atamın vəfatından sonra kağız-kuğuz işləri görüldü, mərasim keçirildi, nəhayət, onun evinə getdim. Bu evi boşaltmalı, təhvil verməli idik.

Moskvada rubl qiymətdən düşən kimi insanlar mebel mağazasından özlərinə gərək olmayan əşyaları da alıb boşaldıblar

Moskvada rubl qiymətdən düşən kimi insanlar mebel mağazasından özlərinə gərək olmayan əşyaları da alıb boşaldıblar

Onun evini boşaltmağın aylarla vaxt aparacağı heç birimizin ağlına gəlməzdi. Evdə o qədər əşya vardı ki!

Kisə-kisə paltarlar, təsadüfi şeylər, mətbəx əşyaları, qalaq-qalaq kitablar, mebel… Bu əşyaları bu evə yığmağa bir ömür sərf olunmuşdu.

Yaranmış vəziyyətin amansız kinayəsi vardı. Atam saysız saatlarını, çoxlu pulunu və enerjisini xərcləmişdi ki, bu şeyləri mağazalardan alsın, gətirsin, yerbəyer etsin, - indi isə, onun ölümündən sonra, biz şeyləri başımızdan etmək üçün çarpışırdıq.

Köç günü yaxınlaşdıqca biz panikaya düşdük. Bu qədər şeyi evdən necə çıxaracağıq, hara aparacağıq, bunun bir yolunu tapacağıqmı?!

Axır ki, həll elədik. Atamın satın almasıyla fəxr etdiyi əşyaları satdıq getdi, ona-buna bağışladıq, xeyriyyə təşkilatlarına verdik, təkrar-emal müəssisələrinə təhvil verdik, nə qədərini də zibilxanaya tulladıq. Cəmi bir neçə faydalı şey saxladıq (axırda onlar da əriyib getdi).

Bu şeylərə o qədər insan enerjisi və ətraf mühit enerjisi sərf olunmuşdu. Nədən ötrü? Axırda sadəcə atılmaqdan ötrü.

Düşünəndə ki, bütün dünyada insanlar eyni şeyi yaşayırlar, məni ildırım vurur.

Mən də belə istehlakçı tərbiyə ilə böyümüşəm, bu tərbiyə dar və ziyanlı idi. Bu, insanın qısamüddətli ehtiyaclarından başqa heç nəyi tanımayan bir sistemdir. Bunun daha geniş bir konteksti yoxdur. Yalnız sən varsan, aldığın şeylər var və yenə də almaq arzun.

Ətraf mühit ziyan çəkir. Pulqabın ziyan çəkir. Axırda sən öləndə hamı ziyan çəkir, bu qədər şey tullanmalıdır, o şeylərin axırı ya şəhər kənarındakı zibilliklərdir, ya da okeanlar.

Xoşbəxt olmaq üçün heç də nə isə bir şey almalı olmadığını anlayacaqsan.

Bu cür yaşamalı olmağımız ədalətli deyil, atam öləndən sonra mən başqa cür yaşamaq qərarına gəldim.

Evimdə artıq o qədər şey vardı ki, yeni bir şey almadan uzun müddət keçinə biləcəyimi düşündüm. Ən azı 200 gün. Yaxşı, yuvarlaq bir ədəd götürdüm.

Şey-şüy çox idi. Elə payladığımız şeylərlə kiminsə bütün evini və qarderobunu başdan ayağa dayayıb-döşəmək olardı.

Qarşıma məqsəd qoydum ki, lap nəsə almalı olsam da, ikinci əl dükanlardan alım, dostlarımın alıb peşman olduğu şeylərlə dəyiş-düyüş edim...

200 günlük sınağım

200 gün yeməkdən, zəruri tualet əşyalarından və dərmandan başqa, heç bir şey almadım.

Mağaza

Mağaza

Artıq evimdə olan şeylərin yenilərini almamağa şüurlu şəkildə çalışırdım. Zibili “yeni əşya” adıyla leqallaşdırmağı və özümdən sonra arxamda zibil buraxmağı minimuma endirməyi qarşıma məqsəd qoymuşdum.

***

Mənə yük olan çoxlu əlavə pal-paltardan, mətbəx əşyalarından və sairdən canım qurtardı. Gəlinlik paltarımı ehtiyacı olana bağışladım, - onsuz da toyumun hər anını videoya çəkmişdim, dostlarımla, ailəmlə paylaşa bilərdim.

Beləcə, az şeylə yaşamağı öyrəndim.

Doğrudur, bu müddətdə ürəyindən keçən hər şey evində olmaya bilər. Yeni şeylər almağa ehtiyac hiss edə bilərsən. Razıyam.

Mən almağı həddən artıq çox istədiyim yeni üz kremini almadan yaşamağı öyrəndim. Şampunu az-az işlətməkdə bir problem görmədim.

Ehtiyacın olduğunu düşündüyün bir şeydən vaz keçməkdə problem yoxdur. Axı bilmirsən, əslində o şeyə ehtiyacın yoxdur.

Satın aldığın maddiyyatın çoxu sadəcə “olması yaxşı olardı” qəbilindən şeylərdir. Onlar sənin həyatına xoşbəxtlik qığılcımları saçır. Amma qığılcımlar tez sönür və əgər daimi, möhkəm emosional zənginlik fondun yoxdursa, sən hər dəfə çox və daha çox şey satın almaqla bu qığılcımları parıldatmalı olursan.

Sən də 200 günü sına

Bəlkə düz 200 gün olmaz. Bəlkə vur-tut 30 gün olar. Yaxud bir həftə. Vaxtın uzunluğunun əhəmiyyəti yoxdur, əminəm ki, bu yolla daha sabit yaşamağı öyrənəcəksən, çoxlu pula qənaət edəcək, dolub-daşan evini səliqəyə sala biləcəksən.

Üstəlik, xoşbəxt olmaq üçün heç də nə isə bir şey almalı olmadığını anlayacaqsan.

Bəlkə sənə çoxları belə deyir, amma sən özün bunu həyatına tətbiq etməyənə qədər bizim nəyi nəzərdə tutduğumuzu başa düşməyəcəksən.

Ətrafıma baxanda, adamlarla söhbət edəndə eyni şey müşahidə edirəm: çatışmır. Daha çox şeyə ehtiyacları var. Daha çox təhsil, daha çox pul, daha çox geyim, daha çox ləvazimata. Çox, çox, çox.

Bütün o şeylərin istehsalına sərf olunan enerji planetin imkanlarını daraldır. Gələcək resurslarını daraltdığım dünyada mən hansı ehtiyacbazlıqdan, hansı "lazımdır"dan danışıram?! Çox istədikcə yoxdur sonu.

Daha çox şey satın almaqdan saxla özünü. Gör ki, evində kifayət qədər var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG