Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:18

Gömrük generalından sahibkarlara çağırış – işbazlardan uzaq durun


Vüsal Novruzov

Vüsal Novruzov

-

Bakı Gömrük Komitəsi sahibkarlara rüsumu birbaşa, ikinci, üçüncü şəxslərin iştirakı olmadan ödəməyi məsləhət görüb.

Bakı Baş gömrük idarəsinin rəisi Vüsal Novruzov ANS-ə deyib: «İşbazlar brokerlər adı altında iş adamları ilə sövdələşməyə getdiyi üçün sonda işadamına böyük ziyan dəyir. Onun idxal etdiyi malın maya dəyərinə təsir göstərir. Biz müraciət edirik işbazlarla qurtarın. Bir müddət öncə sahibkarların iştirakı ilə tədbir keçirildi. Orda mən çıxış etdim və sahibkarlara tövsiyə etdim ki, özləri öz mallarını bəyan etsinlər və etdilər nəticəsini də gördülər».

«ÇİRKLİ SUYA QƏRQ EDİLƏN 3.6 MİLYARD…»

«Bizim Yol»un araşdırması belə adlanır.

Qəzet yazır ki, «Azərsu» ASC-yə ayrılan vəsaitin yalnız yarım milyard manata yaxını Satınalmalar üzrə Dövlət Agentliyinin müsabiqələr reyestrində əksini tapıb. Halbuki, təkcə Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişinə elə Dövlət Neft Fondundan 779.6 mln. manat vəsait ayrılıb:

«2010-cu ildə «Azərsu» ASC üzrə 19 milyon 996 min 292 manat dəyərində cəmi iki tenderə dair məlumat var… Lakin şirkətin özünün veb-saytında həmin ilin hesabatına görə, «Azərsu» ASC üzrə su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına 280 milyon manat investisiya qoyulub ki, onun da 74.4 milyon manatı büdcə vəsaiti, 195 milyon manatı Dövlət Neft Fondunun pulu, 7.8 milyon manatı kredit, 2.8 milyon manatı isə daxili imkanlar hesabına həyata keçirilib. Cəmiyyət o vaxt mənfəətlə işləyib. Bu məlumatların Agentliyin saytında əksini tapmaması ona görə müəmmalıdır ki, iri məbləğlər satınalma prosedurları olmadan xərclənə bilməzdi».

Araşdırmada deyilir ki, ASC tək bir ildə xidməti avtomobillərin alınmasına 6 milyon 630 min 618 manat xərcləyib.

Bakıda bazar

Bakıda bazar

«Bizim Yol» «Azərsu»nun zərər-ziyanından yazarkən qeyd edir: «Hər şey başabaşdır – 3.1 milyard investisiya, 3.5 milyard zərər».

BAYRAMDAN ÖNCƏ QALXAN QİYMƏTLƏR ENMƏYİB

«Yeni Müsavat» yazır ki, bazarda bayramqabağı bahalanan alma, armud, mandarin bir az ucuzlaşsa da, badımcan və xiyarın qiyməti yenə bahadır: «Bayram ərəfəsində 3 manat 50 qəpiyə satılan badımcan indi 4-5 manat arasında, 3 manat 50 qəpiyə satılan yerli xiyarlar isə indi 4 manata satılır… Soğan 70 qəpik 1 manat arasında satılır. Qırmızı soğanın qiyməti isə 1 manat 30 qəpikdir. İran, Rusiya kartofları 1 manata, Gədəbəy kartofu isə 1 manat 50 qəpiyə təklif edilir».

Qəzet marketlərin daha bahacıl olduğunu qeyd edir: «Baş çəkdiyimiz «Makro market»də demək olar ki, bütün ərzaq məhsullarının qiymətində 2-3 manat artım var. Eyni zamanda şampunların, yuyucu tozlarının, diş pastalarının qiyməti də 50 qəpik 2 manat arasında bahalanıb. Marketdə armud 4 manata, alma 3 manata, pomidor 4-6 manat arasında satılır».

NARDARAN ABAD VƏ SABİT QƏSƏBƏYƏ ÇEVRİLİR

«Azərbaycan» yenə Nardaran qəsəbəsinə diqqət yönəldib, burdakı həbslərdən, yeni açılan polis idarəsindən yazır.

Məqalədə yanvarın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi Nardaran qəsəbə sakini Natiq Kərimova da toxunulub.

Natiq Kərimov

Natiq Kərimov

«Sən demə, xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət onların verdiyi tapşırıqları yerinə yetirən şəxs elə «Ağsaqqallar Şurası»nın rəhbəri imiş. Belə çıxır ki, bu qurumun hətta rəhbəri qəsəbədə olayları yatırtmaq, bunu törədənləri düz yola qaytarmaq əvəzinə onları daha da qızışdırır, dövlətə, dövlətçiliyə meydan oxumağa çağırırmış. Ancaq qanlı hadisə baş verəndən sonra Natiq Kərimov özünü günahsız və hüquq-mühafizə orqanlarına yardım göstərən şəxs kimi qələmə verirdi», - deyilir məqalədə.

Məqalə müəllifi hökumətin qəsəbədə apardığı işlərdən yazarkən bir məqama xüsusi diqqət çəkir:

«Nardaran qəsəbəsində heç vaxt polis bölməsi mövcud olmayıb. Nardarana ən yaxın polis bölməsi Maştağa qəsəbəsindəki Sabunçu Rayonu Polis İdarəsinin 14-cü Polis Bölməsi idi. Dekabrın 28-də Nardaran qəsəbəsinin mərkəzi meydanında polis bölməsi üçün inşa edilən inzibati bina istifadəyə verilib. Sabunçu rayon İcra Hakimiyyəti rəhbərliyinin və digər rəsmi şəxslərin iştirakı ilə 42-ci Polis Bölməsinin açılışı olub. Bu da onu göstərir ki, artıq qəsəbədə insanlar sakit, rahat yaşayır və ictimai asayiş tam bərqərar olub».

Günün bütün mövzuları

XS
SM
MD
LG