Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:15

Vergilər Nazirliyi müğənniləri 'ciddi' nəzarətə götürüb


►Müğənnilərin Yeni il şənlikləri və toylarda çıxışları qeydə alınır

41 müğənnidən 34-ü vergi borcunu ödəyib

Vergi borcu olan 41 şou-biznes nümayəndəsindən 34-ü borcunu ödəyib.

Vergilər Nazirliyindən AzadlıqRadiosuna verilən məlumatda belə deyilir.

Nadir Qafarzadə, Ayaz Qasımov, Samir Piriyev, Almaz Ələsgərli, Manaf Ağayev, Rüfət Axundov, Nazim Pişyari və başqalarının vergi borclarını ilin sonuna kimi tamamilə ödədikləri bildirilir.

“Son bir neçə ay ərzində aparılmış geniş maarifləndirmə işləri və görülmüş tədbirlər nəticəsində şou-biznes sahəsində fəaliyyət göstərən xeyli fiziki şəxs vergi uçotuna alınıb. Vergi borcları olan şou-biznes nümayəndələrinin borclarının çox hissəsi dövlət büdcəsinə ödənilib. Vergilər Nazirliyinin vergi borcu olan şou-biznes nümayəndələrinin bir hissəsinin adlarının ictimaiyyətə açıqlanması da prosesə müsbət təsirini göstərib”, - nazirlikdən deyilir.

Buna da bax: Nazirlikdən balıqçıların etirazına cavab: Bilet alın

MÜĞƏNNİLƏRİN TOY VƏ YENİ İL ŞƏNLİKLƏRİ QEYDƏ ALINIR

Amma bununla belə, bəzi şou-biznes nümayəndələri hələ də vergi borclarını ödəməyə tələsmirlər. Buna görə də Vergilər Nazirliyi onların fəaliyyətini “ciddi nəzarətə” götürdüyünü bildirir. Bundan sonra müğənnilər hər bir çıxışın hesabatını verməli olacaqlar:

“Onların yeni il şənliklərində və toylardakı çıxışları qeydə alınıb. Yanvar ayının axırlarında həmin şəxslərin təqdim etdikləri hər bir bəyannamə vergi orqanlarının əldə etdikləri məlumatlarla üzləşdiriləcək və nəticələrindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.

Nazirlik bu günə daha çox vergi borcu olan şou-biznes nümayəndələrinin adlarını da açıqlayıb: Şeron qrupu, Rəqsanə İsmayılova, Xəyyam Nisanov, Emil Bədəlov, Zamiq Hüseynov, Akif Süleymanov, Elton Hüseynəliyev.

Ötən ilin sonunda AzadlıqRadiosu onların borclarının miqdarını da təqdim etmişdi.

Buna da bax: Bakının balans siyasətinin çətin günləri

"BUNU YAXŞI QARŞILAMADIM"

Müğənni Elton Hüseynəliyev Vergilər Nazirliyinin borclu müğənnilərin siyahısında adının yer almasına etiraz edib.

O mətbuata etdiyi müraciətdə deyir ki, həmin müğənnilərdən fərqli olaraq borcunun bir qismini verib. Yəni 12000 manatlıq vergi borcunun 5000 manatını dekabrın 25-də ödəyib.

"Toylarım olmadığına görə yerdə qalan 7000 manatlıq borcu isə ilk işim olan kimi ödəyəcəyimi bildirmişəm. Dövlətin vergisindən yayınan və heç vaxt 1 manat vergi verməyənlər içində məni də ən axırıncı sıraya salmağınızı yaxşı qarşılamadım. Çünki ən azından mənə yazılan vergi borcunun 50%-nə yaxın məbləğdə pul ödəmişəm”, - deyir Elton Hüeynəliyev.

XS
SM
MD
LG