Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:02

Yavaş, sürətlə, sonra daha artıq sürətlə...


Ziya F.M.
Ziya F.M.

-


"İndi isə qəsdən hamıya böyüməyə imkan veriblər ki, Nəhənglər – alaq otu kimi artan-çoxalanların əhatəsində gözə dəyməsin."

"Arxadan badalaq vuracaqlar. Çünki sənin sürətin onları bacardıqlarından, istədiklərindən daha tez getməyə məcbur edəcək."

Ziya F.M.

VAXT

Əgər Vaxtı bir məfhum kimi xarakterizə etsək, məlum olacaq ki, o, artıq olmayan keçmişdən və hələ olmamış gələcəkdən ibarətdir. Belə çıxır ki, o, mövcud olmayan iki məfhumdan ibarətdir. Əgər hissələr yoxdursa onda tam da mövcud deyil. (bir elmi məqalədən)

Çingiz Sultansoyun “Payız melodiyası” essesi və Lük Bessonun “Lüsi” filminin təsiri ilə.

Lük Bessonun sonuncu – “Lüsi” filmində mənə bir epizod çox maraqlı gəldi; Lüsi beyninin inkişafının müəyyən mərhələsinə çatandan sonra gəldiyi qənaəti, – Vaxtın, Zamanın yeganə ölçü vahidi olması fikrini izah etməyə başlayır. Yeni qazandığı qabiliyyətinin və ağlının gücü ilə birbaşa divarda yaratdığı ekranda ortasından yol keçən bir məkan göstərir.

Luc Besson, "Lucy"
Luc Besson, "Lucy"

Bu yoldan avtomobil keçir; əvvəl çox yavaş, sonra adi sürətlə, daha sonra isə getdikcə daha çox artan sürətlə.

Hər sürət artımı avtomobilin görünüşünü daha yayğın, daha qeyri-parlaq edir, o vaxta qədər ki, dəyişməyən məkanın fonunda sürəti hədsiz artan maşın tamamilə görünməz olur. Əlbəttə ki, bu kinodur. İllüziyadır.

Amma... Həm də pritçadır. Bizim haqqımızda, həyatımız haqqında, insan haqqında. Mən isə bunu, bu pritçanı yaradıcı adamlara tətbiq etməyə çalışdım.

Müəyyən vaxt kəsiyində yaşayıb-yaratmağa məcbur olan yaradıcı adamlara.

Məkan (cəmiyyət) dəyişmir. Maşının sürəti dəyişsə də, o, dəyişməz qalır. Avtomobil də dəyişmir. O da olduğu kimi qalır. Sadəcə onun artan sürətindən bizim onu qavramağımız dəyişir.

Əgər maşını nə isə yaradan (yazan, çəkən, yapan ) bir insanın, məkanı cəmiyyətin, yolu isə yaradıcılığın rəmzi kimi qəbul etsək, tarixi dövrü və bu dövrdə, məhz həmin vaxt kəsiyində yaşayıb, məhz bu vaxt və məkan çərçivəsində öz əsərlərini yaratmağa məhkum, məcbur olan insanı təsəvvürümüzə gətirsək, düşüncə, dünyagörüşü və bilik səviyyəsinin məhdudiyyətlərindən doğan çətinlikləri də əlavə etsək, çox maraqlı bir mənzərə yaranır.

Yol dəyişməzdir. Haqqa, həqiqətə, təkmilləşməyə, inkişafa, ideala aparan yol. Son bilinmir, məchuldur. Əgər elə olmasaydı, hara getdiyimizi və nəyə gedib çatacağımızı bəri başdan bilərdik.

Məqsəd aydın olanda, zirvə görünəndə getməyə nə var ki?! Amma yolumuz nə qədər əyri-üyrü, çətin və məşəqqətli olsa da, son bilinməsə də biz onu axıra kimi getməliyik. Biz olmasaq da, gələcək nəsillər bunu edəcək. Bəlkə də qabaqda bir işıq olacaq, bizə yol göstərəcək, bəlkə heç vaxt, heç bir işıq olmayacaq.

Dənizçi üçün sahilə çatmaq, alpinist üçün zirvəyə qalxmaq, hətta ən adi reys avtobusu sürücüsünün son dayanacağa gedib çatmaq istəyi təbiidir.

Biz “Yaradıcı insan üçün vacib olan nədir?” sualına cavab axtarmağa çalışaq.

Zirvə, Sahil, Son dayanacaq? Yoxsa, hər halda yenə də Yolun özü? Axı Zirvəyə çatan mütləq enməyə məcbur olacaq, yeni bir Zirvə axtarmalı olacaq ki, yenidən qalxsın.

Salvador Dalinin əsəri
Salvador Dalinin əsəri

Bu yüksəliş onun şəxsi Qələbəsimi olacaq? Ancaq öz Sahili və ya Zirvəsimi olacaq?

Yoxsa, onun yetdiyi Sahilin, fəth etdiyi Zirvənin hər hansı ictimai əhəmiyyəti olacaq? Digərləri də bunu qiymətləndirib onun Yolunu təkrar eləmək istəyəcəklərmi?

Bəlkə O, başqalarının, ondan qabaqkıların Yolunu təkrar eləməli olacaq, bəlkə artıq bu Yolla Kimsə artıq yuxarı qalxıb? Bəs onda neyləmək lazımdır? Həmin Zirvəyə bir də qalxmalı, həmin Sahilə bir də yan almaq lazımdırmı?

Amerika bir daha kəşf edilib, Everest bir dəfə də Fəth edilməlidirmi? Hətta bu Sahil ən uzaq, bu Zirvə yer üzündə ən uca, bu Dağ alpinistlər üçün ən böyük qürur mənbəyi olsa belə.

Bəs hara getmək, hara yan almaq, hara qalxmaq məlum deyilsə, onda necə? Əgər qaranlıqdasansa, Zirvəyə aparan cığır yoxdursa, Dənizin üzünü bürümüş buludların arasından özünə yol tapa bilməyən işıqlar görünmürsə? Yaşadığın Mühit, Ətraf, Cəmiyyət necə, bəs onlarla nə etmək lazımdır, onalrı da nəzərə almaq lazımdırmı?

Hər şey dayanıbsa, hər yan durğunluğa qərq olubsa, sənin hərəkət sürətinin az və ya çox olması heç nəyi tərpətməyəcəksə, tərpətsə də xoşagələn istiqamətə olmayacaqsa, nə etmək lazımdır?

Güc böyümək, inkişaf əvəzinə Nəhəng Alaq Otu ilə mübarizəyə gedirsə...

Sənin yanından, içindən ötüb keçdiyin Yol kəsiyi, onun ətrafındakı Məkan öz təbii gözəlliyini, ibtidai əzəmətini itirirsə, çoxillik, əzəmətli, qamətli ağaclar artıq kəsilibsə, onları Tufanlar yıxıb, qurdlar içindən gəmirib, mifik ictimai səmərə üçün onlar doğranılblarsa, onları zəhərli sarmaşıqlar sarıb artmağa, böyüməyə, inkişaf etməyə qoymura, bütün həyat enerjilərini sorubsa, böyüməyə lazım olan güc Dağıdıcılarla, Gəmiricilərlə mübarizəyə, qarşıdurmaya sərf olunursa, yaratmağa, qurmağa sərf olunacaq Güc, Qüvvə böyümək, inkişaf əvəzinə Nəhəng Alaq Otu ilə mübarizəyə gedirsə... ­­

Cəngəllik olsa nə vardı ki?! Orada hamıya həm günəş şüası, həm yağış damlası çatır, hər şey vəhşicəsinə boy atmaqla məşğuldur, hərə öz işindədir. Bu artıq sənin öz qərarın, öz haqqındır; artmaq, böyümək, ya yox. Olum, ya Ölüm? Qalım, ya Gedim? Yaradım, ya Sönüm?

Burada da alaq otları, sarmaşıqlar var. Amma hamının imkanı var, hamıya imkan var. Hamı böyüyə bilər. Əsas məsələ eşidilməkdə, görülməkdə, nəzərə çarpmaqdadır. Əvvəl qoymazdılar, kəsərdilər, kökündən qoparardılar.

İndi isə qəsdən hamıya böyüməyə imkan veriblər ki, Nəhənglər – alaq otu kimi artan-çoxalanların əhatəsində gözə dəyməsinlər.

Bizdə isə... Bizdə isə hər şey tərsinədir.

Sən həmişə tənhasan. Ucasan, ucaboylusan, yerə yatmış alçaq kolların arasından seçilirsən. Onlar torpağa yatıblar, palçıqda eşələnirlər, var gücləri ilə ondan, ətrafdakı hər şeydən yapışıb bütün məkanı doldurublar, torpağın bütün şirəsini sorur, heç nədən çəkinmir, əllərinə-gözlərinə görünəni həzmi-rabedən keçirir, dayanmadan doğub-törəyirlər.

Onlar heç kimə lazım deyillər, heç nəyə yaramırlar, onlara əlini vurmaq istəyən də yoxdur, çünki iyrənc və yapışqandırlar, iy vurub iylənirlər, hələ bir tikanları da var.

Onlardan ev tikmək mümkün deyil, tonqalda yanmayıb ancaq göz yaşardırlar, hətta yaranın üstünə qoymağa da, arxanı silməyə də yaramırlar, çünki daha çox yara tökərsən acılıqlarından, zəhərlərindən.

Onlara sən lazımsan. Hündürboy, qamətli, yaraşıqlı. Sən seçilirsən. Bu, sənin üçün o qədər də yaxşı deyil. Çünki gözə dəyirsən. Səni görürlər. Sən nəzərə çarpırsan. Sənin haqqında düşünürlər.

Düşünürlər ki, neyləyək, səndən necə və nəyə istifadə etmək olar. Alınmasa məhv eləmək, yox etmək lazımdır ki, digərlərinin bu qədər kiçik, bu cür xırda, belə balaca görünməyinə səbəb olmayasan.

Və bu ərazidən (cəmiyyətdən) ötüb-keçmək üçün götürülən sürət də maraqlıdır...

Sakit. Rahat. Yavaş. Hətta digərlərindən də asta, ehtiyatla. Dayanaraq, əyləcə basaraq. Keçmişlə yaşayaraq. Nostalji hisslərlə. Yenini qəbul etməyərək.

Bu da bir Yoldur. Çoxluğun yoludur. Hansısa bir müddət keçəndən sonra yerli-dibli dayanmaq. Qabağa getməyə nə hacət? Əgər qabaqda başqalarının gedib-gəlib söylədiklərini görəcəklərsə, eyni nəticəni alacaqlarsa bundan ötrü əziyyət çəkməyə dəyərmi?

Axı hər şey puç və mənasızdır! Hamısı boşluqdandır! Onsuz da dəyişən zahirdir, batində hər şey olduğu kimi qalır! Bütün dövrlərdə olan yaşamaq uğrunda olan mübarizənin, ilıq gün şüaları atında və ya sərin kölgədə özünə yer qazanmaq uğrunda vurnuxmaqdır.

Elə hamısından yaxşısı hamı ilə bir yerdə çürüməkdir. Onsuz da əvvəl-axır bu, baş verəcəksə səs-küy salmağın yeri deyil.

Sakitcə, rahatca, səssiz-səmirsiz daha yaxşıdır. Hətta yerimizdən tərpənməsək belə, gedib axırına çıxacağıq. Aparacaqlar, sürüyəcəklər. Gur sel gələndə bizi kötük kimi qabağına salıb üzüaşağı, dəniz yatağına aparacaq. Bütün çirkab ora axırsa, biz də gedib çatacağıq. Ya da səmaya uçacağıq. Küləklər, əsən yellər aparacaq! Ya cənnətə, ya da cəhənnəmə!

Ya mələklər, ya cin-şeytanlar bizim əvəzimizə əziyyət çəkəcəklər. Allah da bizi bağışlayacaq. Bəni- adəmlərsə ədəb-ərkanla dəfn edəcəklər. Yoxluğa gedəcəyik.

Nə fərqi var, ölüyük, ya diriyik? Nə qalacaq bizdən? Qayıtmayacağıq! Görməyəcəyik! Eşitməyəcəyik! Bilməyəcəyik! Öləcəyiksə, yaşamağın, çabalamağın nə mənası var? Hara və niyə, nəyin dalınca getməliyik? Niyə , və kimin üçün və nə yaratmalıyıq?

Və ya hamının getdiyi sürətlə.

Əlin çörəyə çatırsa gözünü ulduza dikməyin nə mənası? Adi, sadə, orta sürət. Hamı tərpənir, sən də tərpənirsən, hamı dayandı, sən də dirəndin.

Üzə çıxmamaq. Gözə görünməmək. Hamı kimi olmaq. Hamı nə eləyir, ondan eləmək. Vaxtında yuxudan ayılıb, vaxtında yatmaq. Hakimi-mütləqə ləbbeyk demək. Deməsələr, əmr etməsələr səsini çıxarmamaq.

Aza qane olmaq. Etiraz etməmək. Olanına şükür etmək. Tıxmağa, taxmağa, toxmağa nəsə var, bəsdir, əlin çörəyə çatırsa gözünü ulduza dikməyin nə mənası? Adi, sadə, orta sürət. Hamı tərpənir, sən də tərpənirsən, hamı dayandı, sən də dirəndin.

Hamı çığırdı: - Urrrraaaa ! – sən də çığırdın. Kütlədə görünmürsən, eşidilmirsən. Kütlə bağıranda bağırsan da, bağırmasan da səsin eşidilmir. Sən elə kütlənin özüsən, tək olsan da.

Sən – kütlənin üzüsən. Kütlənin bir sifəti var – sənin sifətin. Sən eybəcərsən, bədheybətsən, sənə baxmaq olmur, o qədər iyrəncsən.

Sən - ən əksik bir məxluqsan! Sən – heç nəsən! Sən – eyni zamanda hər şeysən, hər kəssən! Sən – hamıya dayaqsan, hamı – sənə dayaqdır! Sən üzsüz və çoxüzlüsən!

Sən özünün məntiqi sonluğuna – məhvinə, yavaş-yavaş, amma dayanmadan üzüaşağı yuvarlanan xəstə cəmiyyətin dayağısan. Öz ölümünə tələsən cəmiyyətin. Mənasız, xeyirsiz cəmiyyətin mənasız , xeyirsiz sonluğuna.

Sən bu “Yolu” keçib , bu kəsiyi keçib kadrın sonunda yox olacaqsan, bizim arvadların uşaqlarına hətta “məhv ol” da deyil , “yox ol” deyib, izinin-sorağının, ölümündən sonra çəkiləcək əziyyətin də səninlə bir yerdə yoxa çıxmasını istədikləri kimi.

Səni heç kim yadda saxlamayacaq. Amma surətin qalacaq yaddaşlarda. Çünki səndən dərhal sonra, sənə oxşamış digər birisi də eyni sürətlə bu yolu keçəcək. Səni isə səndən qabaq, səninlə və səndən sonra keçənlər xatırladacaq.

Sən onillərlə, yüzillərlə, minillərlə dəyişməyən məkanın bir hissəsisən. Sən detalsan, çarxın bir dişi, otluğun bir otu, dənizin bir damlasısan.

Sən nə Dağın döşü, nə ətəyisən, nə əlçatmaz Zirvə, və nə də gözyetməz Sahilsən. Sən – həm ətəkdə, həm döşdə, həm sıldırım qayada, həm qaranlıq mağarada olan, həm düzdə, həm dərədə rast gəlinən, hər yerdə digər yerlərdəkilərə oxşayan adı bir kəsəksən, bir zərrəciksən.

Vətən, mənzərə, ərazi kəsəyi, zərrəciyi. Sonra da toza dönüb yox olacaqsan. Yox olacaqsan!

Sürəti bir az artıraq... o birilərindən biraz daha sürətli edək. Qısa, ancaq parlaq bir ömür. Əyilməz, barışmaz bir həyat. Məntiqə, adət-ənənəyə, “kövnü məkana”, “dəhrü zəmanə” sığmayan həyat. Hər tərəfə əsən, “dünyanı dolaşan”, “nalqıran dağları atlayıb aşan” küləklərə qoşulan həyat.

Qabaqda, öndə olan, adi yerişlə yox, var-gücü ilə irəli atılan, susmayan, bir nərəyə ciyərini boşaldan, dilənçi payı almaqdan, vicdanının əleyhinə getməkdən imtina edən həyat.

İrəli, ancaq irəli! Keçmişin daşını atan. Qalanlarını tutub-saxlayan, geri, bataqlığa dartan mental bağlardan qurtulan. Bütün Qordi düyünlərini bir qılıncla doğrayan. Dəryalara, ümmanlara baş vuran.

Bilə-bilə ki, Sahilə çatmaya da, Dəryada bata da, Zirvəyə qalxmaya da bilərsən. Amma ən yüksək Zirvəyə can atırsan, ən uzaq Sahilə çatmaq istəyirsən.

Bilə-bilə ki, hər an əlin qayadan qopa bilər, uçuruma yuvarlana bilərsən. Amma qalxmağa, dırmanmağa davam edən. Qorxmayan. Yenə cəhd edən. Oturuşmuş qaydaların, axının əksinə üzməyə davam edən.Kol-kosdan bir boy, beş boy yuxarı qalxan.

Bütün küləklərə, tufanlara sinə gərən, başqalarını arxasınca aparan, inandıran, sübut eləyən, öz nümunəsində nə etməyi, necə etməyi və bunun necə mümkün olduğunu göstərə bilən.

İnanan ki, ruhdan düşmək lazım deyil, qabaqda ən cəsur, ən inadlı, ən dəliqanlı və qorxmazları gözləyən, hələ ayaq basılmamış Sahil, fəth olunmamış Zirvə var. Bilən ki, qorxmaq lazım deyil. Birinci olmaqdan, ilk addımı atmaqdan, birinci olmaqdan.

Asta gedənlər bəlkə heç sənə fikir verməyəcəklər. Bəlkə də görüb mane olmaq istəyəcəklər. Dəqiq, elə bu cür də edəcəklər. Arxadan badalaq vuracaqlar. Çünki sənin sürətin onları bacardıqlarından, istədiklərindən daha tez getməyə məcbur edəcək.

Sən onları tanış, qumlu, isti, sakit körfəzlərinin yaxınlığındakı asta üzən, dalğalarda yarıyuxulu yırğalanan qayıqlarında uyumağa, yatmağa qoymayacaqsan.

İllüstrasiya
İllüstrasiya

Onlar tufan istəmirlər, onlara qasırğa lazım deyil. Onların dayaz sulu, yastı sahilli, sakit körfəzləri eninə-uzununa öyrənilib, onlar bu körfəzdə sahilə necə yan almağı çoxdan öyrəniblər, tufan olanda harada gizlənməyi, burunlarını bayıra çıxarmamağı yaxşı bacarırlar.

Bəs meteor sürətilə keçmək? Özün yana-yana, ətrafını işıqlandıraraq, lap qısa müddətə olsa da. Bir anlığa da olsa ətrafı nura qərq etmək. Hətta çoxları bunu adi gözlə görə bilməsələr də, anlaya, dərk edə bilməsələr də.

Bu sürətə baxmaq üçün ekrandakı hissə kifayət etməyəcək. Maşının sənin gözlərin qarşısından ötəcək dəli, vəhşi sürəti sadəcə hiss yarada biləcək ki, sən hansısa nəhəng, sonsuz bir ənginlikdə baş verən hadisənin şahidisən. Bu, o qədər nəhəng bir hadisədir ki, sən onun haqqında ancaq fərziyyələr söyləyə bilərsən.

Onu dərk etmək üçün isə sən kənara çəkilməli, yuxarı qalxmalı, çox uzağa çəkilməlisən ki, kainat ölçüsündəki bu hadisəni dərk edə biləsən. Ancaq bu zaman indiyədək görmədiyin, ağlına belə gəlməyəcək bir sürətlə hərəkət edən, hətta bu həddi də keçən hərəkətin ölçüsünü, miqyasını təsəvvür edə bilərsən, anlaya bilərsən.

Ancaq Vaxt və Zaman keçəndən sonra, əsrlərin dərinliyindən keçib onun çatdığı yerə sən də çatandan sonra anlaya bilərsən ki, nə baş verirdi, o sürət haraya aparıb çıxarmışdı.

Onda başa düşəcəksən ki, Zamanın yeganə ölçü vahidi olması fikri ancaq dahi adamlar, nəhəng şəxsiyyətlər, yazıçılar, şairlər, filosoflar, alimlər, rəssamlar, bəstəkarlar, düşüncə sahiblərinə tətbiq edəndə anlaşılır, o şəxslərə ki, qulaqlarımızdan tutub bizi Zaman bataqlığından çıxarmağa çalışırdılar və çalışırlar.

Həmin o Bataqlıqdan ki, içində biz yaşayırdıq və yaşayırıq. O Bataqlıqdan ki, onun vücudumuza, ruhumuza, qəlbimizə, düşüncəmizə sarılan palçığında birtəhər, zorla hərəkət edirik. Onlar isə ağlagəlməz sürətlə üstümüzdən ötüb keçirlər. İşıq sürətilə.

“Əsrlərin qaranlığı”, “qara camaat” ifadələri boş yerdən yaranmayıb. Maarıfləndirmə əsri də, hansısa dövrə işıq salmaq, nəyisə aydınlatmaq, aydınlıq gətirmək sözləri, ifadələri də onu kimi.

Mağaranın tavanında, keçidin sonunda görünən işıq da nəyəsə işarə edir. Əgər nə vaxtsa biz Oralara, O Dünyaya çatsaq, anlayacağıq ki, bütün dahi saydıqlarımızın hamısı artıq ruhən Orada olublar, bizimlə cismən bir yerdə ola-ola.

Orada, O Dünyada, İşıqlı Dünyada.

İşığa çatmaq üçün isə Vaxt lazımdır. İşıqlı insanların Vaxtı gəlməlidir.

Doğma dilmizdə ağıllı, savadlı, dahi, yaradıcı adamları bəlkə elə buna görə ziyalı (işıqlı) adlandırırlar.

Maraqlıdır, Vaxt, Zaman keçəndən sonra bizim yaşadığımız dövrə nə ad qoyacaqlar?

27.10.2014

XS
SM
MD
LG