Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:41

-

Mərkəzi Bankın yeni Qaydasına görə, bir müştərinin 500 dollardan artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Əvvəllər müştəri 5000 dollardan artıq mübadilə əməliyyatı apardığı halda şəxsiyyəti təsdiq edən sənəd tələb olunurdu.

Xəbəri APA informasiya agentliyi yayıb. Yanvarın 7-dən qüvvəyə minən yeni Qaydaya əsasən, bu halda bank çıxarışında fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədinə dair məlumatlar əksini tapmalıdır.

Mübadilə şöbəsi əməliyyatları apararkən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş tələblərə də riayət edilməlidir.

Mərkəzi Bankın İdarə Heyəti mübadilə qaydaları barədə 2006-cı il qərarını ləğv edib, yeni qaydalar müəyyənləşdirib. MB bu addımını Azərbaycanda nağd xarici valyuta əməliyyatları üzrə nəzarət çərçivəsinin sərtləşdirilməsi və bununla da milli valyutaya spekulyativ təzyiqlərin azaldılmasını təmin etmək məqsədi ilə izah edir.

Yeni Qaydaya görə, mübadilə şöbəsi bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılmalıdır. O, Mərkəzi Bankın verdiyi icazə əsasında fəaliyyət göstərməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG