Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:58

-

“Babanın kitablarına əl vurma, rəhmətlikdən yadigardır. Cırıb-eləyərsən birdən, baba qəbirdə pis olar.”

"Bax, ay xala, mən gəlini xüsusi metodla müalicə edəcəm və sizin yaxşı insanlar olduğunuzu nəzərə alıb, müalicəni birdəfəyə bitirəcəm."

"O, bilərəkdən mollalara məxsus tipik fars dili ləhcəsilə danışırdı ki, danışdıqları küt insanlar üçün cəlbedici səslənsin."

Orxan Adıgözəl

Fırıldaqçı seyidin aqibəti

(hekayə)

Mirağa müxtəlif üsullarla pul qazanırdı. Rəsmi adı Ağalar olan bu sarışın, ortaboy, dolu gənc Aranın şoranlıq ərazilərində böyümüşdü. Hərbi xidmətdən dönəndən sonra dayısı uşaqları ilə Saatlının bəzi kəndlərində nar satdığı vaxtlarda adına görə müştərilərin bir çoxunun onu “seyid” zənn edib hörmət etdiyini görəndən sonra insanların avamlığından və xurafata meylindən istifadə etməyə qərar vermişdi.

Məhz bundan sonra adının əvvəlinə dinlə, müsəlmançılıqla əlaqəsi olmayan və bir çoxunun mənasını bilmədiyi əsl yəhudi mənşəli “mir” sözünü əlavə etmişdi.

“Mir” Ağalar üçün bir çox qapılara açar olmuş və bir növ onun vizit kartına çevirilmişdi. Hər dəfə “mir” başlığı ilə cürbəcür yalançı adlardan istifadə edən gənc oğlan getdiyi bölgənin camaatına aid çoxlu bilgiyə yiyələnirdi ki, fırıldaqlarını asan həyata keçirə bilsin.

"Molla Nəsrəddin" jurnalının üzü

"Molla Nəsrəddin" jurnalının üzü

O, ilk dəfə adi şüşə qabda suyun içinə tibbdə sırf yüksək ürək döyüntüsününü azaltmaq üçün istifadə olunan “Korvalol” dərmanını tökərək, alver üçün getdiyi kənddə alıcılara bunun bir çox xəstəliklərə “şəfaverici məhlul” olduğunu deyib, satmışdı.

Şəfaverici məhlulun reseptinin yalandan cəddinə and içdiyi rəhmətlik babasına məxsus olduğunu və belə məhsulların onlara, yəni “peyğəmbər nəslinə” ənənəvi olaraq nəsildən-nəsilə ötürüldüyünü uydurmuş Mirağa həyatının növbəti günlərini fırıldaq üzərində qurmuşdu.

Mirağa satdığı məhsulu elə tərifləyirdi ki, az qalırdı öz yalanına özü inansın. Daim mütaliə etməsi onu natiqə çevirmişdi. Oxuduğu kitabların çoxu onu dürüstlüyə və vicdana səsləsə də, o, həmin səslənişləri duymurdu.

Kitablara marağı uşaqlıqda babasına məxsus kitabxananı gördüyü gündən başlamışdı. Dar düşüncəli valideynləri və onlarla birgə yaşayan deyingən bibisi rəhmətlik babaya məxsus kitablara toxunmağı ona “onlara əl vurma, rəhmətlikdən yadigardır. Cırıb-eləyərsən birdən, baba qəbirdə pis olar” arqumenti ilə qadağan etsələr də, Mirağada bütün uşaqlara məxsus, elə böyüklərin də “zəif yeri” sayılan qadağan edilmiş şeylərə meyl yaranmışdı.

Oxuma-yazmağı bacardıqdan sonra hər dəfə qadağan olunmuş məkandan kitab çırpışdıran, acgözlüklə kitabdakıları mənimsədikdən sonra, onları səliqəli şəkildə, heç kimin ruhu incimədən yerinə qoyan Mirağa yetkin yaşa çatanda evdəkilərin ona necə absurd qadağa qoyduğunu düşünəndə, avamlıqlarına görə onlara nifrət etmişdi.

Bu duyğu doğmalarından normal sevgi görməyən və yaşadığı cəmiyyətin eqoistcə istismarçı olduğunu başa düşəndən sonra Mirağa üçün bütün avamlardan acıq çıxmaq və onlardan amansız şəkildə istifadə etməyə rəvac vermişdi.

Beləliklə, babası onun fırıldaqları və imici üçün müqəddəs obraz olmaqdan əlavə, dünyagörüşünün və nitqinin inkişaf qaynağının kökü hesab olunurdu.

Tez-tez ucqar kəndlərə gedib heyvan-qara oğurlayan qəhrəmanımız Lənkəranda polis tərəfindən ifşa olunduqdan sonra bu cür oğurluğa son qoymuşdu. Həm də polis onu ifşa etsə də yaxalaya bilməmişdi. Mirağa Lənkəranın Şirinsu kəndindən 12 baş qoyun, 6 baş inək oğurlayıb, onları digər kəndlərdə satmışdı.

Şirinsu kəndində canavar çox olduğundan özünü ağır seyid kimi təqdim edən Mirağa and-aman eləmişdi ki, heyvanları meşədə canavarlar yeyərkən özü görüb. Kənddə mal-qara sahiblərindən əlavə pul almışdı ki, dua yazıb, canavarların “ağzını bağlayacam”. Lakin işə polis qarışandan sonra 4500 manat xalis gəlirlə Şəmkirə qaçmışdı.

O, Azərbaycanın Gəncə-Qazax bölgəsində cürbəcür avanturist əməllər törətmiş, amma Şəmkirdə dəfələrlə qalsa da heç bir “əməliyyat”a imza atmamışdı.

Şəmkirdə, rayonun mərkəzində üç-dörd gün dincələndən sonra, növbəti plan və xoş əhval-ruhiyyə ilə rəsmi 800 nəfərə yaxın əhalisi olan Şəmkirin Qaranüy kəndinə yollanır. (Kənd əhalisinin sayının az olmasına səbəb kişilərin bir çoxunun çörəkpulu üçün Rusiyaya səpələnməsi idi.)

Fevral ayının ortaları idi və hava adamı buz kimi kəsirdi, amma qar yağmırdı. İki həftə olardı ki, Mirağanın günü 10 manata kirayələdiyi səliqəli ikiotaqlı həyət evinin mavi rəngli dəmir qapısı döyüldü.

Gələn iki nəfərin ağzından şaxtalı havada buğ çıxırdı. Orta yaşlı bir qadın və cavan qız icazə istəyib, həyətə keçdilər. Ensiz həyətdə bir dənə kol-kosa, ağaca rast gəlmək olmurdu. Hər tərəf quru toz-torpaq, daşlarla örtülü idi. Köhnə sakinsiz hinin qapısının üstündə qıfıl gözə çarpırdı. Hinin qapısına üstünü toz basmış un kisələri ilə dolu əl arabası dirənmişdi. Burada tək canlı yaradılış nümunəsi - Mirağanı saymaq olardı.

Gələnlərdən birinin 55 yaşı olardı, Mirağa başını qara yun şal ilə bağlayan kül rəngdə yubkası və ağ-qara zolaqlı qalın jaket geyinmiş, ön dişləri dodaqları arasından qabağa çıxan bu qadını üzdən dovşana bənzətdi. Onun üzündə bəzi çapıqlar vardı və dərisi adama ağac kötüyünü xatırladırdı. Seyid tez-tez belə simada adamla rastlaşmırdı və birdən içində nədənsə qadına ikrah yarandı.

Qəhvəyi gödəkcə və qara uzun yubka geyinmiş, dodağına tünd qırmızı dodaq boyası çəkmiş gənc qıza isə üzdən 25-27 yaş vermək olardı, amma o qədər zövqsüz geyinmişdi ki, yaşından böyük görünürdü. Özünə əl gəzdirsəydi, qəşəng görünəcəyinə şübhə yox idi.

Qonaqlara laqeyd səs tonu ilə divanda oturmağı təklif edən seyid özü divanla üzbəüz kresloya əyləşdi. Onların oturduğu qonaq otağından qəhvə və bəzi dəmlənmiş otların nəfis qoxusu gəlirdi.

Mirağa tez-tez çeşidli bitki çayları və qəhvələr içirdi. Ümumiyyətlə, o adi qara çaydan çox az istifadə edir, əvəzində ona sağlamlığı üçün faydalı olan bitki çayları və enerjidən başqa ona xoş ağız dadı verən qəhvəyə üstünlük verirdi.

Əlləri ilə saçını hamarlayan, qırmızı dodaq boyası ilə seçilən qız diqqətlə otağı nəzərdən keçirirdi. Oturduqları divan deyəsən, otaqda yeganə əşya idi ki, köhnəliyi az bilinirdi. İki vanil rəngə boyanmış stulun və üstündə boş güldan və ağzı bağlı qənddandan başqa heç nə olmayan solmuş üzlüklü stolun kənarında ağzı açıq pələngin şəkli ilə diqqəti çəkən cındır bir şkaf vardı.

Ayaqları altındakı palaz daş döşəmənin soyuğundan onları qoruyurdu. O biri otağın qapısına yaxın yerdə oyulmuş divarın içində yerləşən iki otağı qızdırmaq üçün düşünülmüş “ceyran” sobası vardı.

Müşahidəsinə son verib, Mirağaya baxan cavan qız içəridə xoş istinin təsirini canında hiss etməyə başladı. Bura məhz günü 10 manata olduğu üçün də “səliqəli ev” statusu qazanmışdı. Həmin pula bu cür ev tapdığına görə Mirağa müştəriləri kələkləmək üçün yalandan and içdiyi Allaha şükür etməli idi.

Dovşana oxşayan qadın hal-əhval tutduqdan sonra bura nə üçün gəldiyindən danışmağa başladı:

-Ağam, biz eşitmişik ki, sən xəstələrə şəfa verə bilirsən. Ona görə bura gəlmişik.

-Düz eşitmisiniz! Dərdiniz nədir? - Mirağa xüsusi əda ilə soruşub, oturduğu kresloda özünü rahatladı.

-Bu gördüyün bizim gəlindir - qadın yanında gələni göstərdi. - İki ildir oğlumla evlidir, amma uşaqları olmur.

Mirağa üzünə ciddi ifadə verərək, "Həkimə müraciət etmisiniz bəs?"-soruşdu.

-Beş-altı ay qabaq rayonda xəstəxanaya aparmışdım, həkim iynə-dərman yazdı. Heç bir xeyiri-zadı olmadı - qadın cavab verdi və əlavə etdi: -İndi sizi deyib, gəlmişik ağam. Bizim gəlinə bir çarə qıl, qadan alım.

-Əri hardadır bəs? - Mirağa maraqlandı.

-Oğlum indi Moskvadadır. Orda işləyir. Yanvarda burda idi. Martın ortası bayramqabağı yenə gələcək.

Mirağaya hər şey məlum idi. Qadının kobud simasına antipatiyadan əlavə, onun avamlığı seyidin içində lap böyük nifrət oyatmışdı. Həmişə bu hiss baş qaldıranda ağlına unikal ideyalar gələn Mirağa ürəyində dedi: “Gör bunlar nə qədər axmaqdırlar, heç düşünmürlər ki, problem gəlinin ərində ola bilər”.

Bayaqdan iki nəfərin danışığını maraqla və sakitcə seyr edən gəlin özünə qarşı Mirağada xüsusi maraq oyatdı. Onun iri dodaqları, geniş anlı və mənalı gözləri zövqsüz geyiminə və saç düzümünə çox da xələl gətirmirdi.

Mirağa təsəvvüründə artıq gəlini soyundurmuşdu da. Amma gəlin ona sanki hardansa tanış gəlirdi. Bəlkə də onu elə kəndə gəldiyi ilk günlər hardasa görmüşdü. Qohumluq əlaqəsindəndir, ya nədəndir, bu kənddə qız-gəlinlər bir-birinə çox oxşayırlar. Yəqin bu bənzətmə də ondan irəli gəlir - barmaqları ilə çənəsini ovuşduran Mirağa düşündü.

Seyid qaşlarını çataraq, "Mən kömək edəcəm inşəallah" - söylədi.

O, bilərəkdən mollalara məxsus tipik fars dili ləhcəsilə danışırdı ki, danışdıqları küt insanlar üçün cəlbedici səslənsin: - Amma gərək gəlinlə bizi tək başına buraxasan.

-Nətər olur o iş? - qadın çaşqın halda soruşdu.

-Bax, ay xala, mən gəlini xüsusi metodla müalicə edəcəm və sizin yaxşı insanlar olduğunuzu nəzərə alıb, müalicəni birdəfəyə bitirəcəm. İnanın, buna bənzər o biri qadınları 3-4 seansa sağaldıram. Amma siz ağıllı davranıb, yanıma tez gəlmisiniz. Ona görə onu birdəfəyə sağaldacam. Qüvvətimə şübhəniz yoxdur yəqin?! - Mirağa qulağa xoş gələn yalan uydurdu. Onun səsində elə bir ahəng vardı ki, qadın etiraz edə bilmədi:

-Allah sənə kömək olsun ağam. Nə yaxşı, səni tapdıq. Sən bu işi düzəlt, nə qədər pul lazımdır, verəcəm - qadın yaltaqlandı - Elə bu gün başlayın da müalicəyə.

-Hə, əgər gəlin aybaşı deyilsə, olar. Bu, müalicədə müəyyən önəm daşıyır. Həm də yarım saata yanıma böyrəyində daş olan bir nəfəri gətirəcəklər, bu gün olmasa da olar - Mirağa söylədi.

Barmaqları ilə oturduğu qırmızı divanın sallaq hörükləri ilə oynayan gəlin utancaq halda, qayınanasının qulağına nəsə pıçıldadı..

Qayınana üzü bozarmış halda "Gəlin aybaşıdır. İndi biz nağayraq?" - soruşdu.

-Eybi yox, onda iki gün sonra sizi burda gözləyəcəm. Çox güman, o günə kimi aybaşı bitər - Mirağa dilləndi.

Bu planı sırf əylənmək xətrinə qurmuş Mirağa gəlinlə sadəcə sevişmək istəyirdi. O, bir güllə ilə iki quş vurub həm cinsi tələbatını ödəyəcək, həm də pul əldə edəcəkdi.

Bu planı həmişə uğurlu olan seyid Qazaxın, Gədəbəyin və Tovuzun bəzi kəndlərində hamilə qala bilməyən gəlinlərlə xeyli kef çəkmişdi.

O, məskunlaşdığı kəndlərdə əvvəldən özünün təbliği üçün yaxşı yalan danışmağı bacaran birini tapıb, həmin şəxsin cibinə biraz pul basıb, onun vasitəsilə kənd camaatının sıx olduğu yerlərdə “Şəfaverici Seyid Mirağa” əfsanələrini dövriyyəyə buraxırdı. Uydurulmuş əhvalatlardan vəcdə gələn savadsız kütlə maqnit kimi Mirağanın “ocağına” dartınırdı.

Qabları dəyişdirilmiş, maye halında olan sakitləşdirici dərmanlar, cürbəcür otlar, yazılmış dualarla xeyli pul əldə edən Mirağa fürsət düşdükcə qadınlarla əylənməyindən də geri qalmırdı.

Molla Nəsrəddin. Karikatura

Molla Nəsrəddin. Karikatura

Həmişə işini ehtiyyatla və xüsusi peşəkarlıqla yerinə yetirən Mirağa axrıncı dəfə Qazaxın Cəfərli kəndində hansısa gəlini yatağına salandan iki gün sonra bundan xəbərdar olan kənd camaatı onun evinə hücum çəkmişdi.

Həmişə ayıq-sayıq olan Mirağa gözləmədiyi anda pis duruma düşmüş və camaat əsas qapıdan həyətə keçərkən o, cəld evin arxasındakı pəncərədən sivişib, həyəcan və qorxu ilə canını qurtara bilmişdi.

15 manat qarşılığında mədə ağrısı üçün dua və bitki qarışıq bağlamanı əldə edən 57 yaşlı Qələndər kişi Mirağanın həyət qapısından çıxanda iki gün öncə bu evdə olan qadın və gənc qızla rastlaşdı. “Görəsən bunlar kimlərdi?!” dodağının altında pıçıldayan çul saqqallı kişi başını bulaya-bulaya böyüyüb boya-başa çatdığı kənddə ilk dəfə rastlaşdığı bu insanlar haqqında düşündü. Yəqin kənar kəndlərdən də seyidə baş çəkməyə gəlirlər- fikirləşən Qələndər kişi cavan qızı 10 ildir Moskvada yaşayan oğlu Firuzun arvadına bənzətdi. Boğazı qurudu. Darıxdı. O saat nəvəsi Rəsul yadına düşdü.

Yeddi aydan çox idi oğlunu və onun ailəsini görmürdü. Son dəfə Firuz evləri ilə zəngləşəndə onu yanına Moskvaya gətirəcəyini demişdi. Əslində, oğlu bunu ona hər dəfə desə də, Qələndər kişi hər dəfə vaz keçir, ora getmək istəmirdi. Ona elə gəlirdi ki, doğma yurdundan ayrı yaşasa, ürəyi partlayar.

Amma bu dəfə dünyalar qədər sevdiyi nəvəsi Rəsul da onun gəlişini səbirsizliklə gözlədiyini deyəndən sonra kişinin ürəyi yumşalmışdı. O, artıq özünü Moskvada nəvəsinin yanında təsəvvür edirdi.

Dovşana bənzəyən qadın və gəlin Mirağanın qapısını döyəndə saat 16.57-ni göstərirdi. Qapını açan seyidin gözlərində məkr və şəhvət var idi və o, təyin olunan vaxtda gələn qonaqları, əsas da bu gün daha gözəl görünən qara saçlarını açıb kürəyinə tökmüş gəlini görməyə sevindi.

10-a yaxın müştəri qəbul edən şəfaverici üçün bu gün çox gərgin olmuşdu və səhərdən ağlında seks barədə fikirlər dolaşırdı.

O, heç də yorğun deyildi və bundan sonra bəlkə də 30 müştəri də qəbul etməyə enerjisi çatardı.

Mirağa, ümumiyyətlə, məşğul olduğu işdən zövq alırdı. İnsanlara kələk gəlmək onun əyləncəsinə çevrilmişdi.

Bir çox hallarda olduğu rayon mərkəzlərində pul qarşılığında fahişələrlə etdiyi yaxınlıq ona şəfa adı ilə aldatdığı və “dişinə çəkdiyi” gəlinlərlə olan əyləncəsinin yerini vermirdi.

Mirağa, ümumiyyətlə, məşğul olduğu işdən zövq alırdı. İnsanlara kələk gəlmək onun əyləncəsinə çevrilmişdi və çox vaxt yerləşdiyi məkanlardan uzaqlaşacağı zamanlarda işini intim yaxınlıqla tamamlayırdı.

İçəriyə keçən müştərilər bir müddət heç nə dinib-danışmadılar.

-Hə, hər şey qaydasındadır inşəllah?! - sükutu pozan Mirağa zəhmlə soruşdu.

-Sayəndə lap yaxşı olacağam! - qadın əzilib-büzüldü. - Gəlin hazırdır, müalicəyə başlaya bilərsiniz.

-Ümid edirəm pulu da gətirmisiniz, - seyid xatırlatdı - keçən dəfə razılaşdığımız kimi pulun yarısını əvvəldən alıram.

-Hə, qadan alım, hə, - gəlinin çantasından 40 manat götürüb, stolun üstünə qoyan qadın söylədi - təki sən şəfanı əksik etmə. Gəlin yaxşı olsun, gör onda sənə necə hörmət edəcəyik.

Pulu görən Mirağanın sevinci lap artdı. Amma o, çox soyuqqanlı halda üzündə heç bir ifadə yaratmadan pulu götürüb, boz rəngli jiletinin cibinə basdı və:

-O zaman vaxt itirmədən müalicəyə başlayaq.

-Cəddinə qurban olum, başla - qadın dil tökdü.

-Hə, amma sən gərək çöldə gözləyəsən, ay xala - içində qadına qarşı nifrət bəsləyən, amma bunu büruzə verməmək üçün özünü güclə saxlayan seyid dedi. - Müalicə 2 saat çəkəcək. Yaxınlıqda qohumun-əqraban varsa, get onlarda gözlə, sonra gələrsən.

-Biz kəndin başından gəlmişik. Burda qohum-əqrəbamız yoxdur, amma keçmiş qonşumuz o vaxt bura, yaxın yerə gəlin köçmüşdü. Gedim onda onlara - qadın söylədi və ayağa qalxdı.

-2 saat sonra gəl! Heç nədən də narahat olma - Mirağa qadının gözlərinə dik baxaraq söylədi. Bu baxışlarda əzazillik və özündənrazılıq vardı.

-Qadan alaram. Güman yerimiz təkcə sənsən - qadın girəcəkdə əyilib, ayaqqabısını geyinə-geyinə xırıldadı.

Qadın asta addımlarla həyətdəki balaca darvazadan çıxıb, gözdən itənə qədər seyid tünd çəhrayi rəngli pərdəni aralı tutub, pəncərədən onun arxasınca baxdı.

Uzaqdan günəşin qırmızıya çalan şüaları onun batmağından xəbər verirdi və səmada naməlum quşun havanı yararaq sürətlə uçması Mirağaya öz kəndlərini xatırlatdı. Nostalji hisslər bəxş edən mənzərəni ağlından qovaraq, çevirilib şəfa gözləyən Gülnarı özündənrazı nəzərlə süzdü.

Təkbaşına olduğu üçün sevincdən dodaqlarında gülümsəmə yaranan Mirağa barmaqları ilə saçlarını daradı və ona maraqla baxan gəlinə yaxınlaşdı.

“Qəribədir. Nəsə bu gün yaman baxır mənə. Heç o biriləri kimi baxışlarını aşağı dikmir. Yəqin ki, məndən xoşu gəlir” - Mirağa ürəyində fikirləşdi.

-Gəl keçək o biri otağa - seyid həlim səslə dedi və əli ilə otağın yönünü göstərdi.

Deyiləni o dəqiqə icra edən Gülnar cəld yerişlə seyidin arxası ilə otağa keçdi. İşığı yandıran Mirağa birdən asqırdı.

-Sağlam ol! - Gülnarın şən səsi gəldi.

-Sağ ol, əzizim! Mən elə bilirdim sənin dilini pişik yeyib - Mirağa gəlinin gözlənilməz sözünə çaşmış halda zarafatla cavab verdi.

Otaq işıqlanandan sonra Gülnar otağı müşahidə eləməyə başladı. Divarlar ot rənginə boyanmışdı. Döşəməyə qonaq otağında yerləşən xalçanın balaca ölçülü oxşarından sərilmişdi. Divarın bir küncündə rəngi qaçmış xalça asılmışdı. Ortada üstü mavi üzlüklü adyalla örtülmüş ikinəfərlik yataq vardı. Yatağın yanında köhnə paltar şkafı, üstündə qırmızı şamlar, içki şüşəsi, qədəhlər və iki kitab olan stol vardı. İçəridən yorğan-döşək qoxusu və şirin ətir iyi duyulurdu.

Bu otaq da qonaq otağı kimi buranı eyni anda qızdıran ceyran sobasının hesabına isti idi. Bura tikiləndə divarı deşib, sobanı ora yerləşdirmişdilər ki, hər iki otağı istiliklə təmin etsin. Tavan və çilçıraq köhnə idi.

-Keç yataqda otur. Başlayırıq - Mirağa soyuq şəkildə dedi və kibritlə stolun üzərindəki şamları yandırdı. Sonra şkafdan uzun çubuq götürüb onun ucunu yandırdı və otaqda gəzişməyə başladı. Yanan şamlardan gələn xoş ətir və çubuğun ucundan yayılan tüstünün nanə və qarışıq naməlum otların ətrini verən tüstüsü otaqda bərq vururdu. Kefi yüksəldən və insana enerji verən gücə malik çubuqları Mirağa hər dəfə Çindən gələn tanışından alırdı. Çubuqdan yayılan ətir qadınlarda cinsi həvəs oyadırdı.

Seyid badəyə tünd qırmızı içkidən süzüb, Gülnara uzatdı - İç bunu!-amiranə səslə dedi.

-Bu nədir belə? - gəlin titrək səslə soruşdu.

-Sənə şəfa və güc verəcək içkidir. İç! - seyid yalan danışdı. Şərab, otağa harmonik gözəllik verən xoş ətirli qırmızı şamlar və əhvalı yüksəldən Çin çubuqları - onun klassik metodu idi və heç vaxt onu yarıyolda qoymamışdı.

Özü də badəyə o içkidən biraz süzdü, gəlib Gülnarın yanında oturdu və stəkanı dodaqlarına apararaq gəlini diqqətlə süzməyə başladı. Badəni ovucları arasında kip sıxaraq, nəzərlərini ovucunda birləşdirən gəlin hərəkətsiz halda oturmuşdu. İçkidən bir qurtum da aldıqdan sonra Mirağa mehribancasına dedi:

-İç də, əzizim. Sağalmaq istəmirsən?

Gülnar gözlərini qapayıb, bir nəfəsə şərabı başına çəkdi. Gözlərini bir neçə saniyə o bağlı saxladı və ağzını açıb dərindən nəfəs almağa başladı.

Gülnarın gözlənilmədən şərabı birnəfəsə içməsi Mirağanı heyrətə gətirdi və o, çaşqın halda bərkdən gülməyə başladı və əlini onun əlinə apardı. Gülnar etiraz etmədi. İşlərin belə uğurla və asan başa gələcəyini gözləməyən Mirağa bu durumu fürsət bilərək, bir anda ondan yararlandı, digər əlini gəlinin çiyininə apardı. Onu özünə tərəf çəkib yenə qəhqəhə çəkdi və dedi:

-Maşallah, çox ağıllı, həm də gözəl qadınsan. Sənin kimi hamı sözə baxsa, nə yaxşı olardı.

Saxta komplimentlər, giley-güzarlar seyidin ağzından Çin çubuğundan yayılan tüstü kimi otağı bürümüşdü. Saxtakarlığın içində dodaqlar arasından çıxan səmimi arzu. Bəli, o, istəyirdi qurbanlarının hamısı ona bu cür yanaşsınlar. Az “əməklə” böyük nəticə əldə etmək istəyirdi..

Mirağa qəribə və iblisanə görünürdü. Çirmələnmiş əli-qolu gəlinin kürəyində-çiynində gəzərkən qadının özünəməxsus ətri, çubuğun tüstüsü və şərabın verdiyi yüngül sərxoşluq seyidi lap vəcdə gətirmişdi və ona heç etiraz etməyən Gülnarın yanağından öpdü. Gülnar gülümsədi.

“Yanaqdan öpüşə də heç bir etiraz etmirsə, deməli, o, “hazırdır”. Hərəkətə keçməyin vaxtıdır” - Mirağa fikirləşdi və Gülnarın dodağından öpdü. Gəlin sanki bu anı gözləyirmiş kimi Mirağanın boynuna sarıldı.

Onun əlləri yumşaq və sərin idi. Mirağa gəlini öpərkən ağzında karamel konfetin dadını hiss edirdi və Gülnarın ağzından duyduğu bu şirin dad və onun gözlənilməz temparementi seyidi daha da qızışdırdı və əlini qadının jiletinin altına salıb, onu çıxartmağa cəhd göstərdi. Ehtirasla ona baxan gəlin özü əynindəki paltarı cəld çıxardı və yenə Mirağanın boynuna sarılıb onu dəli kimi öpdü.

Arxası üstə yatağa uzanan seyid heç vaxt belə “müştəri” ilə rastlaşmamışdı. Cinsi yaxınlıq elədiyi bütün gəlinlərin hər biri etiraz edir və asan tabe olmurdular. Ovsunlanmış halda olanlar isə rezin kuklalar kimi hərəkətsiz vəziyyətdə öz tabeçiliklərini göstərirdilər. İndi ilk dəfə ona belə hərarətli nəzərlərlə baxırdılar və bu onun bədənini lərzəyə gətirirdi.

Ehtiraslanmış Mirağa əynindəki qara jaketi çıxarıb kənara atdı. Əyləncənin bu qədər zövqverici olacağını ağlına gəlməzdi. Gülnar dodaqlardan ayrılıb asta-asta Mirağanın boynundan öpməyə başladı. Mirağa əynindəki ağ maykanı da çıxardı...

Lakin birdən Gülnar onun əllərini tutdu və yavaşca kənara çəkərək:

-Dayan ağam, sənə surprizim var.

-Aha. Nə surprizidir o? Göstər! - Mirağa hiyləgərcəsinə gülümsəyirdi..

"Molla Nəsrəddin" jurnalının üzü

"Molla Nəsrəddin" jurnalının üzü

Gülnar atəş saçan gözləri ilə Mirağaya baxa-baxa onun şalvarının kəmərinə əl atdı və onu asta-asta açdı. Mirağanın ürəyi elə tez-tez döyünürdü, az qalırdı sinəsindən qopsun. Qarşısındakı şümal ağ dərili gənc qadının onun şalvarını açmasını izləməkdən zövq alırdı.

-Gözlərini yum! Sənə surprizi göstərəcəyəm indi - Gülnar ehtiraslı səslə dedi.

Mirağa ehtirasdan öz alt dodağını dişlədi və heç nə demədən, gülərək gözlərini yumub başını arxaya dirədi. Sadəlövhlük. Qadın onnun ağlını başından almışdı. O, surprizin icra olunmasını gözləyirdi. Amma bərk yanıldığını gec başa düşdü.

Gülnar öz şalvarının sağ balağını cəld şəkildə yuxarı qaldırdı və oradakı nazik dəri üzlü boz kəmərin içindən uzun ağ naxışlı xəncərə bənzəyən bıçaq çıxardı.

Bıçağın itiliyi yanan şamın şüasında dərhal gözə çarpdı və işıldadı. O, dərhal gözəgəlimli bıcağı fırıldaq seyidin cinsiyyət orqanının aşağısına dirədi, cəld həmləylə onu dibindən kəsib, yerindən qopartdı. Qan fışqırıb Gülnarın üzünə, çılpaq bədəninə və yatağa töküldü. Elə bil toyuğun kəsilmiş boynundan qan axırdı.

Mirağa gözlənilməz və dözülməz ağrıdan gözlərini açıb, bağırmağa başladı. O, donuz kimi bağırırdı.

Gülnar ovcundakı cinsiyyət orqanını yatağın üstünə atdı, ayağa duraraq kənara çəkildi. Yatağın üstündəki qan gölünə, kənara atılan kəsilmiş orqanına baxan seyidin gözləri az qalırdı hədəqəsindən çıxıb, yerə düşsün.

Qan fontan vururdu. Yatağın üstünə atılmış, qan içində olan bərkiyib uzanmış orqan büzüşüb, qalxmamışdan əvvəlki formasını aldı. Elə bil tısbağa büzüşüb, qınına çəkildi. Qan yatağın göy örtüyünə hopub, onun rəngini qaraltdı.

-Q.hbə, sən neynədin?! - Mirağa bağıraraq zarıyırdı.

Qıyılmış gözlərində nifrət və qüruru birləşdirən Gülnar acı gülüşlə:

- Q.hbə sənsən! İki il qabaq Kosalar (Qazax) kəndində 3 ilin gəlinini aldadıb yatağına saldığını xatırlayırsan?

Sifətində qorxu, təəccüb ifadəsi yaranmış Mirağa gəlini tanıdı. Əvvəl yaddaşının dumanlanmış fonunda, sonra dumandan təmizlənib aydınlanmış formada indi ona nifrətlə baxan qadının bir vaxt ağlayaraq və yalvararaq istəmədən ona təslim olmasını xatırladı.

“Hə, əvvəl o ətli-qanlı idi. Saçları da çox uzun və sarı rəngdəydi”-Mirağa düşündü. Amma gəlinin adını xatırlaya bilmədi.

O, işini bitirəndən sonra bütün qurbanlarını hədələyib qorxudurdu ki, bu haqda yaxınlarına heç nə bildirməsinlər. Bir çoxları bunu gizlədə bilmirdi. İndi özünü Gülnar kimi təqdim edən, əsl adı İlahə olan gəlin də həmin qurbanlardan biri idi.

O hadisədən sonra əri və valideynləri doğma qızlarından imtina etmişdilər. Çox çətin vəziyyətdə olan İlahəyə onun yanında seyidin evinə gələn və özünü gəlinin qayınanası kimi təqdim edən doğma xalası Gövhər sahib çıxmışdı.

Yas məclisindən qayıdarkən təsadüfən Mirağanı Şəmkirin mərkəzi avtobusunda görən İlahə onu o dəqiqə tanımış və xalası ilə birlikdə taksi tutaraq, gizlincə onu kəndə qədər təqib etmişdi.

İki ildir nifrət və əsəb içində yaşayan ailəsi dağılmış gəlin fırıldaq seyiddən intiqam almağa qərar vermişdi. İlahə bu amalı müqəddəsləşdirmişdi. O, bunu təkcə şəxsi intiqam arzusu kimi səciyyələndirməmişdi. Həmişə göz önünə seyidin keçmiş və gələcək qurbanları gəlirdi. Bir əclafı yer üzündən silmək çox şeyi dəyişməyəcəkdi, amma gələcəkdə baş verəcək təhlükələrin qarşısını az da olsa, alacaqdı.

İlahə Mirağanın başqalarının da həyatını özü kimi qaraltdığını düşündükcə onun nifrət, qəzəb və intiqam hissi daha da böyümüşdü.

İlahənin xalası Gövhər onu bu məsələdə axıracan dəstəkləyən yeganə insan idi. O, and içmişdi ki, seyidi harada görsə onu təqib edəcək və öldürəcəkdi.

Onlar Mirağanın yerini tam müəyyən edəndən sonra kənddə pulla ev tutur və orada seyidin axırına çıxmaq üçün təcili plan hazırlayırlar. İlahənin xalası polisə müraciət etməyi tövsiyyə etsə də, gəlin polisə güvənmədiyini və bu işi özü həll etmək istədiyini deyir.

İlk dəfə seyidin evində olanda “aybaşı” yalanını ona görə uydurmuşdular ki, Mirağa onlardan sonra evə kiminsə gələcəyini demişdi.

Bədəni qana bulaşmış seyid ayağa durmağa cəhd etdi ki, gəlinə müqavimət göstərsin. Amma qorxudan və hadisənin şokundan qolları əsdi və kəsilmiş ağac kimi yatağın qabağına aşdı. Gözlərinin önündə tünd zolaqlar əmələ gəlmişdi. Gicgahındakı qanın döyüntüsünü hiss edirdi və yaxşı başa düşürdü ki, bu gün onun ölümü kimi tarixə düşəcək.

Tarix onun kimi fırıldaqçıların amansız və idbar sonluqlarına çox şahidlik etmişdi. Bu gün isə onun qətl fərmanına imza atacaq olan şəxs kimi seçilmiş İlahə üçün fırıldaqçıların qurbanı olmuş məsum insanların ruhları öz ruh dünyalarında şövqlə dualar edirdilər.

Qarşısında aciz şəkildə yıxılıb əyilmiş seyidi bütə səcdə edən riyakar abidə bənzədən İlahə əlverişli məqamdan istifadə edərək, xəncəri iki ovucunda sıxıb, başı üzərindən yuxarı qaldırdı və onu iti surətlə seyidin çılpaq belinə tərəf apararaq qışqırdı. İlahə var gücü ilə xəncəri Mirağanın belinə soxdu və əllərini xəncərdən ayırmadan özü də seyidin üstünə yıxıldı.

Mirağa bir-iki xırıltılı səs çıxararaq titrədi və əbədi susdu. Bu, onun həyat musiqisinin son akkordları idi.

Xəncər onun onurğa sütununu qırıb, bədəninə daxil olmuşdu. Qan sanki vulkanın krateri kimi qaynayıb, xəncərin ətrafından kənara axırdı. Gözləri qan rəngdə olan İlahə heç təsəvvürünə gətirməzdi ki, nə vaxtsa kiminsə həyatına bu cür qıya bilər.

Aqressiya insana normadan çox güc verir. İnsan onurğasını kiçik xəncərlə qırmaq elə də asan iş deyil. İlahə buna intiqam ehtirasının sayəsində nail olmuşdu. Otaqda tam səssizlik yaranmışdı. Ancaq yanan sobanın xışıltısı indi tam aydın duyulurdu.

İlahə üzündə key bir ifadə ilə ayağa durdu, qonaq otağına keçib işığı üç-dörd dəfə yandırıb-söndürdü. Bu, işarə idi. İşini tamamlayandan sonra xalasına missiyanın uğurla yerinə yetirildiyini və ya onu içəri çağırmaq üçün əvvəldən razılaşdıqları siqnal idi.

İlahə səndələyə-səndələyə ağzı aralı şəkildı qətl törətdiyi otağa keçdi. Otaqdan hələ də yanan çubuğun qoxusu gəlirdi. Bu qoxuya qan qoxusu da qarışmışdı. Meyidin dövrəsi kiçik qan gölünə dönmüşdü.

Mirağa yerdə ana bətnindəki körpə kimi qalmışdı. Ölüm nişanəsi məchul nöqtəyə zillənmiş gözündə aydın bilinirdi. Üzünün bir hissəsini qan tutmuşdu. İlahə meyidi görüb, daha böyük şok yaşadı. Qürur və nifrət ifadəsi üzündən silindi, onu qorxu və təşviş əvəzlədi.

Gərginlikdən ağarmış üzü elə bil donmuşdu. Mədəsindən bərk sancı keçdi. Ayaqları az qaldı yerdən üzülsün. Qeyri-ixtiyari qapının çərçivəsindən yapışdı ki, yıxılmasın. Sonra çənəsi əsə-əsə dizlərini yumşaq hərəkətlə yerə qoyub, hönkürtü ilə ağlamağa başladı. Həyata, yaşamağına nifrət edirdi. Qorxu zəhərli sarmaşıq kimi bütün bədəninə sarılmışdı.

O, indi hər şeyi dərk edirdi. Bayaq elə bil trans vəziyyətində idi və amansız qətli sanki özü törətməmişdi. Hər şey ona qorxulu röya kimi görünürdü. Elə bil hansısa dəhşət filminə baxırmış və qətli özü yox, bir başqası törətməmişdi.

Bir kişinin cinsi orqanı vasitəsilə alacağı 10-15 dəqiqəlik həzz onun həyatını heç eləmişdi. Arzuları vardı. Uşaqlarının olmasını istəyirdi..

Həyət qapısının zəif səsi eşidildi. Bir neçə saniyə sonra artıq kimsə ev qapısının dəstəyini çevirirdi. Qapı açılmayınca onu döyməyə başladılar. Qapını həvəslə döyənin xalası olduğuna əmin idi. İlahə onunla yaşayandan xalasını özünəməxsus qapı döyməsini yaxşı tanıyırdı.

Dərindən nəfəs alıb ayağa durdu və halsız halda qapıya yaxınlaşdı.

-Xala? - İlahə qapının üzərindəki açarı buraraq çağırdı.

-Hə, aç mənəm! - qadın mızıldandı.

İllüstrasiya

İllüstrasiya

Qapı açılandan sonra bacısı qızını qarşısında vücudu qana bulaşmış halda görən qadın diksindi. Hadisənin şokundan özündə olmayan İlahə üst geyimsiz olduğunu unutmuşdu.

Göz yaşları gözündəki sürməyə qarışıb onu əcaib hala salmışdı.

Nə oldu, öldü? - qadın soyuqdan buz kimi olmuş əllərini bacısı qızının çılpaq çiyinlərindən tutub, silkələyərək soruşdu. İlahə çiyinlərində soyuğu və ondan da əlavə, xalasının əllərinin qabarını hiss edəndən sonra üstdən ancaq alt paltarında olduğunu dərk etdi.

-Hə, onu öldürdüm.. –Mən...-boğazı qəhərlənən İlahə sözünün dalını gətirə bilmədən xalasını qucaqlayaraq, ağladı.

Gövhər yataq otağına keçəndə yerdə uzanan belinə xəncər saplanmış meyidi görüb, əyri ağzını biraz da büzdü. Qan içindəki döşəməylə otaq qəssabxananı xatırladırdı.

-Qızım sən neyləmisən..? - qabar və qarayanız əllərini ağzına tutan qadın sakit səslə dedi.

Qadın bərəlmiş və alışıb-yanan gözləri ilə Mirağanın meyidinə baxarkən İlahə olan-bitəni danışdı.

-Bundan sonra nağayracıq? - İlahə zarıyırdı.

-Bəsdir! - qadın çımxırdı. Onun qışqıran səsi maşın altında qalmış can verən itin çıxardığı səsə bənzəyirdi. - Bu donuz oğluna dərs verməyi özün istəmişdin? And-amanın qulağımı qabar etmişdi.. İndi nə zarıyırsan?

-Mən belə olmasını...

İlahə bərk qorxuya düşmüşdü. Olanları dərk edə bilmirdi. İntiqam eşqi və and-amanını xatırladıqca indi içində özünü lənətləyirdi. Bu, qətiyyətsizlik əlaməti idi.

-Sus! Bilirsən nə var, əccəb eləmisən. - qadının gözləri parıldadı. - Belə binamusu cəhənnəmə vasil elədiyinə görə neçə-neçə insanı gələcəkdə qurban olmaqdan qurtarmısan.

-Axı məni tutacaqlar..-Gözünün önündə qara kölgələr əmələ gələn İlahə bu sözü deyəndən sonra özündə güc tapa bilmədiyi üçün heç qapıdan da tuta bilmədən huşunu itirib, yerə sərildi.

10-15 dəqiqədən sonra yuxudan oyanan İlahə özünü qonaq otağında gördü. Xalası kresloda məzlum görünüşdə oturub, ona baxırdı.

Ağzında acı dad hiss etdi. Bir anlıq elə bildi ki, Qazaxda xalasının evindədir. Mirağanı isə yuxuda öldürüb. Sonra yerində dikilərək, gözlərini ovuşdurdu. Yavaş-yavaş reallığa qayıdırdı.

Xeyr, o yuxu görməmişdi. İlahə həqiqətən seyidin cinsi orqanını kəsib, onu öldürmüşdü. Bunun yuxu olmadığını dərk edəndən sonra “kaş indi heç ümumiyyətlə yuxudan oyanmazdım” fikirinə daldı.

İlahə bayılandan sonra xalası onu divana gətirib, uzatmışdı. Dərin düşüncələr girdabından ayılan xala sərt səslə dedi:

-Nə zarı, nə də bayıl! Tez bir şey fikirləşib, donuzun meyidini harasa gizlətməliyik ki, heç kimin bu işdən xəbəri olmasın.

İlahənin dumanlanmış beyni sanki həmin sözlərin ağır zərbəsi ilə təmizləndi.

-Gəl, cəsədi aparıb, kəndin kimsəsiz yerində basdıraq-öz dediyi cümlələrdən bədəninə gizilti gələn İlahə sual dolu baxışla xalasına baxdı.

-Sən axmaqsan? - Gövhər bacısı qızını acıladı. - Bu haqda sən divanda xoruldayanda düşündüm. Əgər biz hətta cəsədi əl arabasına yerləşdirib, onu harasa aparsaq, yolda kiminləsə qarşılaşa bilərik.

-Yaxşı. Bəs nə edə bilərik? - səsində hiylə və qəzəb olan İlahə üzünü yataq otağına çevirdi.

-Ən yaxşısı, cəsədlə birgə evi yandırmaq! - xala qətiyyətlə cavab verdi.

Onlar elə belə de etdilər. Gecə yarısına qədər gözlədilər. Ceyran sobasını söndürüb, sonra yenidən qazı axıracan açanda gecə saat 02.35 idi. Kiçik kənddə bu vaxt çox az adam oyaq olardı. Öncədən kiçik xəncəri seyidin göyərmiş və qan içində olan belindən çıxarıb, kəsilmiş cinsiyyət orqanını torbaya qoyub özləri ilə götürdülər ki, şübhəli izi qoymasınlar. Şölə saçan şamı sobaya yaxın yerə qoyub, evdən çıxdılar.

Hava daha da soyumuşdu. İki qadın silueti qaranlıq çöldə Ayın işığı altında ötüb keçdikləri evlərin daş və darvazalarında oynaşırdı. Küləyin uğultusu, ağacların lüt budaqlarının bir-birinə toxunmasından yaranan səslər qulaqlarından içəri daxil olsa da, onlar bu səsləri hiss etmirdilər. Hər ikisinin qulağına seyidin səsi gəlirdi. Bu səs ən çox İlahəni səksəkəyə salmışdı. Xalasının qolundan bərk-bərk tutmuşdu ki, yıxılmasın.

Onlar az məsafə qət etmişdilər ki, qazın, şamın və işığın birləşməsi seyidin evinin möhkəm partlayışına səbəb oldu. Gur səs İlahə və xalasını diksindirdi.

Yan-yörədəki qonşuların evlərindən səsdən oyanmış insanların danışıqları duyulmağa başladı. Kəndin bütün itləri ağız-ağıza verib hürür, ulaşırdılar.

Yatanların yuxu nizamını pozmuş iki nəfər soyuqdan ağızlarından buğ çıxa-çıxa bir-birinin qoluna girib surətlə kəndin qaranlıq və kimsəsiz yollarında gedirdilər.

Qələndər kişi 1 il olardı ki, Moskvada oğlunun evindəydi. Onlar Puşkin küçəsindəki sıra ilə düzülmüş 12 mərtəbəli çəhrayı binalardan birində 10-cu mərtəbədə olurdular.

O, ilk 4-5 ay ərzində tez-tez Şəmkirə geri dönməyi istəsə də, oğlu uzun çabalardan sonra uşaq xasiyyətli atasını yolundan geri çevirə bilmişdi. Bunun reallaşmasına da 13 yaşındakı nəvəsi Rəsul müvəffəq olmuşdu. Necə deyərlər, nəvə baladan şirindir.

Qələndər kişi getdikcə yeni həyatına öyrəşirdi. Başqa çıxış yolu da yox idi zatən. Həm də bura onun yalandan dediyi kimi, “bezdirici və cansıxıcı” deyildi.

Hər gün səhər tezdən eynən doğma kəndindəki kimi quşların səsinə oyanmaq gözəl idi amma o gözəlliyə avtomobillərin və qaynar şəhərin ümumi səs-küyü əlavə olunmasaydı yaxşı olardı. Bəzən özünü bura gəldiyinə görə söysə də, qeydinə qalan diqqətli və mehriban gəlini, şən və yaraşıqlı nəvəsi, eləcə də qayğıkeş oğlunun sevgisi onu yaşamağa ruhlandırırdı.

10-cu mərtəbə, pəncərə önündə dayanıb, küçəni seyr edən saçı-bığı ağarmış kişinin hüznlü baxışları. Elə də asan həyat sürməmişdi. Pəncərədən aşağı baxdıqca orada gördüklərini deyil, keçmişini və bu gününə qədər gəlib, çıxdığı həyatını göz önünə gətirirdi. Boz, tutqun təsəvvürlərin arasından Şəmkirdə səhər tezdən gördüyü aydın səma ona baxırdı. Buludlar, çaylar, çiçəkli, yaşıl həyət, acılı-şirin həyat və bu gün...

Budur, axşam yenə çox vaxt olduğu kimi şam yeməyindən sonra qonaq otağında əyləşib, peyk vasitəsilə ulaşdıqları bizim yerli telekanallara baxırlar.

Bazar günü olduğu üçün Qələndər kişinin həmişə qəribə həvəslədə izlədiyi telekanallardan birindəki kriminal verilişin növbəti buraxılışına başladı.

-Yenə çay gətirim, papa? - gəlin mehriban səslə soruşdu.

-Hə, gətir qızım - Qələndər kişi başını buladı.

“İndi göstərəcəyimiz kadrlara azyaşlıların və ürəyi zəif olanların baxması düzgün deyil” aparıcı izləyicini həvəsləndirən təşvişli səsi ilə bildirirdi.

Kresloya yayxanmış Qələndər kişi az-maz dikəlib, otağı müşahidəçi kimi gözdən keçirdi. O, nəvəsini axtarırdı. İstəmirdi ki, televizordakı şiddət dolu səhnələri azyaşlı nəvəsi görsün.

Geniş sarı və qırmızı divar boyası ilə örtülmüş qonaq otağında böyük krem rəngli xalça, ona uyğun pərdələr, polad ağacından hazırlanmış stol və stullar, dekorativ çeşidli suvenirlər vardı.

Nəvəsinin səsi o biri otaqdan eşidildi. Anasından nəsə soruşan oğlanın cır səsi Qələndər kişinin içini rahatlatdı. Oğlu isə stola dirsəklənib, işləri ilə bağlı qarşısındakı sənədləri gözdən keçirirdi.

“Qazax rayon polis idarəsinin və şəhər prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırma nəticəsində Qazax rayonu, Kosalar kənd sakinləri 1984 təvəllüdlü İlahə Həsənova Rasim qızı və 1957-ci il təvəllüdlü Qarayeva Gövhər Elməddin qızı 1 il əvvəl Şəmkir rayonu Qaranüy kəndində törətdikləri cinayətə görə saxlanıblar. Onlar İmişli kənd sakini Zöhrabov Ağalar Yusifəli oğlunun ölümündə təqsirləndirilirlər...”

Qələndər kişi ayağa durdu. Əlləri həmişəkindən çox əsməyə başlamışdı. “Şəmkirin Qaranüy kəndi” ifadəsini eşitmək onu həyəcanlandırmışdı.

Ekranda başlarını aşağı əymiş 2 qadına diqqətlə baxdı və xatırladı. Onlarla üzləşdiyi gün yadına düşdü. Birdən ürəyi sıxılmağa başladı. Ürək çırpıntılarının yaratdığı təşviş və çaşqınlıq bütün bədənini sarmışdı. Çətinliklə udqunub sıxıntıdan qurumuş boğazını yaşladı. Ağzı aralı və gözləri bərəlmiş şəkildə televizora baxırdı.

-Bu ki, bizim kənddir - oğlu Şahin çaşqın halda birinci atasına, sonra televizora baxdı...

Rəngi ağarmış Qələndər kişi dodaqları titrəyə-titrəyə:

-Hə, bizim kənd... Deməli, seyidi bu qadınlar öldürüblərmiş...

Günün bütün mövzuları

XS
SM
MD
LG