Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:36

Türkiyədən şairin oğlu: "Haqsızlığa dözümü olmayan xarakteri vardı"


Filinta Önal öz əsəri ilə
Filinta Önal öz əsəri ilə

-

"Lev Tolstoyun böyük qardaşı Sergey Tolstoyun dördüncü nəsildən nəvəsidir həyat yoldaşım. Yasnaya Polyananı həyat yoldaşım birmənalı şəkildə, vətəni kimi görür. O, Rusiya və Türkiyəni özünə iki vətən sayır, hər ikisinin onun üçün vazkeçilməz olduğunu deyir."

Ahmed Arif
Ahmed Arif

Türkiyəli şair Ahmed Arifi (1927-1991) Azərbaycanda Cem Karacanın və Ahmet Kayanın ifa etdiyi şeirlərindən tanıyırlar. Onun yeganə şeir külliyyatı Türkiyədə ən çox nəşr edilən şeir kitablarındandır.

Şairin oğlu hekyəltaraş Fillinta Önal ilə Leyla Nənə söhbətləşib.

- Atam çox şəfqətli və anlayışlı insandı. Dost kimi idi. Mən hələ uşaqkən jurnalistikanı tərk etdiyi üçün ölənə qədər birlikdə daha çox vaxtımız olub.

Çox dürüst, haqsızlığa dözümü olmayan xarakterə sahib idi. Məzlum və əzilənin tərəfində olardı. “Dostuna dost, düşməninə düşmən” dedikləri kimi lap. Prinsipli adam idi. Həm həyatında, həm də şeirində prinsipial idi. Bu prinsipiallığı ömür boyu davam etdi.

- Əhməd Arifin adı sizi izləyir? “Ə. Arifin oğlu” tərifinin sizin adınızın qarşısına keçdiyini düşünürsüz?

- Əlbəttə, izləyir. Gizlənməyim də mümkün deyil soyadıma görə. Ayrı sənətdə olduğum üçün heç kimə baş əyməli olmadan bu yolda irəliləyirəm. Gəldiyim və gələcəyim yerlərə baxsaq, atamın adı önümə keçə bilməz, kifayət qədər güclü və dominant biriyəm. Atamın adının mənim üçün avantajı olmadı, dezavantajları çox oldu, deyəsən, olmağa da davam edəcək.

Ancaq hər nə olursa olsun, atamın oğlu olmaq mənim üçün qürurdur. Xüsusilə, rəsmi layihələrə başlamaq istəyəndə həmkarlarımdan daha yaxşı olmağa ikiqat çalışırdım ki, layihələrimi rədd etməsinlər. Ancaq ən yaxşı layihəni də hazırlasam, qurşaqdan aşağı vurmaq istəyənlər istədiklərini onsuz da edirlər.

“Vurun ulan, vurun

Ben kolay ölmem

Ocakta küllenmiş közü

Karnımda sözüm

Haldan bilene”

- Bəs atanızı şair kimi necə, bəyənirsiz?

- Əlbəttə. O, duyğuya sahib nadir şairlərdən biridir.

- “Leylim Leylim” kitabı yayımlananda kitabla bağlı fərqli fikirlər deyildi. Bəziləri kitabın ədəbiyyat tarixi üçün vacib olduğunu, digərləri isə məktubların yayımlanmasının etik olmadığını deyirdi. Bu barədə sizin fikirləriniz indi necədir, əvvəl necə idi?

- Təbii ki, ədəbiyyat tarixi üçün vacibdir, elə buna görə də yayımlanmasına etiraz etmədim. Etik olub-olmadığı isə mən qala-qala başqasını maraqlandırmamalıdır.

Həm də oxuyanda görünür ki, olduqca zərif, platonik, təssüf ki, ümidsiz sevgi hekayəsidir. Etik olmaması üçün hansısa səbəb yoxdur. Həmçinin bu kimi kitablar tanınmış adamların bütləşdirilməsinin qarşısını alır.

- “Leylim Leylim” yayımlandıqdan sonra Əhməd Arifin Leyla Ərbilə olan hisslərinin sevgidən daha çox obsessiya olduğuna dair fikirlər çıxdı ortaya. Məktubların yayımlanmasına icazə verəndə Əhməd Arifin imicinə zərər gələ biləcəyinə dair narahatlığınız var idi? Yayımlandıqdan sonra tənqidləri görüb peşman oldunuz?

- Bu cür şeyləri kim deyibsə, boş yerə deyib. Oxuduğunu anlamayıb, demək. Yaşanan dövrü və şərtlərini bilmədən danışmaqdır bu. Dəfələrlə açıqlamışam, yenə də açıqlayım. Bu münasibət atamın universitetdə fəlsəfə fakultəsində tələbəykən, saxlanılıb işgəncələrə məruz qaldığı illərdə başlayır.

İsmet İnönü, Türkiyənin keçmiş prezidenti
İsmet İnönü, Türkiyənin keçmiş prezidenti

Məşhur 1951 hadisələri, “solçu ovu” kimi tanınan dövrdə günahkar olub-olmadığına baxılmadan insanları əziblər. Atam da işgəncə görənlərdən biri olub, bir neçə dəfə ölüm həddinə çatıb, yenidən dirildərək işgəncəyə davam ediblər.

Həbslə nəticələnən məhkəmə dövründə də haqsızlıqlara, şərləmələrə məruz qalıb. İki dəfə həbsə girib çıxıb. Axırıncısı bir neçə il davam edib və həbsdən sonra sürgünə göndərilməyi gözlədiyi günlərdə Ankarada sevgiləri başlayır. Amma bu münasibət daha çox davam edə bilmir, çünki atam əvvəl Yozqat, sonra da Diyarbəkirə sürgünə göndərilir.

İnsanların obsessiya zənn etdiyi vəziyyət, yarımçıq və qarşılıqsız qalan bir eşqin əslində atamı həyata bağlamasıdır. Əslində özünə yazıb o məktubları, içindəki sevgidən tutub.

Təsəvvür edin, iyimi yaşlarında bir tələbəni şeir yazdığı üçün haqsız yerə işgəncələrə, ölümlərə, həbslərə, sürgünlərə məruz qoyursunuz, sonra da aclığa, işsizliyə məhkum edirsiz.

Reabilitə olmadan sürgündə işsizliyə, pərişanlığa məhkum edilmiş gənc bir qızı qarşılıqsız olsa da sevir və yaxşılaşmaq üçün sevgiyə tutunur. Sonra da insanlar buna bu cür mənfi reaksiyalar, adlar yaraşdıracaq. Danışanlar biraz diqqətli olmalıdırlar.

Bu tip adamlar hamıya oxşamaz. Hər ikisi köhnə insanlardır, bir səviyyənin, zərifliyin simvollarıdır. Bu cür adamların imicini heç kim zədələyə bilməz. Onlar yaşayarkən klassikaya çevrilmiş sənətçilərdir. Bu, hamıya qismət olmur. Sözləri və davranışları ilə varlıqlarını və cəmiyyətin qəlbindəki yerini özləri inşa etdikləri üçün heç kim zərər verə bilməz.

Həm də ki, onlar da uşaq idi, gənc idi, sevdi, sevildi. Onların içindəki uşağı görməyə çalışmalıdırlar. Qalanından kimə nə...

- Bəs “Leylim Leylim” kitabı ananızı narahat etdimi?

- Etmədi. Niyə narahat etməlidir ki? Biz bu kimi məsələlərdən narahat olan adamlar deyilik. Özü də bu, atam anamla evlənməzdən əvvəl, hətta tanış olmazdan 15-16 il əvvəl, Leyla Ərbilin (türk yazıçı) də, atamın da 20 yaşlarında baş verən hekayədir. Gizli bir şey deyil ki. Bütün ailəmiz bilirdi...

- Sizcə, Əhməd Arif yaşasaydı, şəxsi məktublarının yayınlanmasına icazə verərdi? Məktubların yayımlanmasına razı olanda bu cür dilemma yaşadınız?

- Hər zaman ağıl və məntiqlə qərar verməyə çalışıram. İyirmi yaşlarında gənc iki universitet tələbəsinin sevgisi necə alicənab, zərif olub. Bu, gənclərə də örnək ola bilər deyə düşünürdüm. Günümüzdəki qəribə münasibətlər sevgi, eşq kimi dəyərləndirilir. Bu baxımdan da vacib idi.

Leyla Erbil
Leyla Erbil

Rəhmətlik Leyla xalanın redaktoru Ruken xanım kitab nəşr edilməzdən bir neçə il əvvəl mənə zəng edib Leyla xalanın “Qalan” adlı kitabının imza gecəsinə dəvət etdi. Məmnuniyyətlə və həyəcanla getdim. Leyla xanım xəstə idi, qucaqlaşdıq, gecə boyu əlimdən tutmuşdu.

Gecənin sonunda yemək yeyəndə redaktorun Leyla xanıma məktubların nəşr edilməsi üçün təzyiq etdiyini öyrəndim. Leyla xala da mənə, “Oğlum, mən bunların nəşr edilməsinə razı deyiləm” dedi. Mən isə redaktor Ruken xanımın səmimiyyətinə və işindəki professionallığına güvəndiyim üçün “narazılığınız yoxdursa, məktublar nəşr edilsin” dedim.

Leyla xanım da “Anandan da soruş lütfən” dedi, “keçmiş də olsa, uşaqlıqda da olsa ananın incinməsini istəmərəm”. Anamla danışdım, anam böyük qəlbi olan, güclü xarakterli qadındır. Atamın siyasi səbəblərdən dolayı işsiz olduğunu, haqsızlıqlara uğradığını bilərək onunla evlənib və ömrü boyu ailəmizi bir yerdə saxlayıblar.

Anam bu məsuliyyəti mənə verdi. Mən də razılaşdım. O vaxt Leyla xala, “Oğlum, yenə də indi yayınlanmasın, mən öləndən sonra istədiyinizi edərsiniz” demişdi. Təssüf ki, bir neçə il sonra öldü. Qızından və məndən icazə alaraq nəşr etdilər. Leyla Ərbil son anlarında, bu dünyadan köçərkən sevgili dostuna salam göndərdi və getdi.

- Siz Lev Tolstoyun nəticəsilə evlisiniz. Bu fakt Türkiyədə çox diqqət çəkib. Bəs Rusiyadan sizin ailəylə bu fakta görə xüsusi maraqlandıqları oldumu? Heç Tolstoyun malikanəsi Yasnaya Polyanaya getmisinizmi, həyat yoldaşınız o malikanəni özünə vətən sayırmı?

Lev Tolstoyun nəticələri: Vladimir, Sergey və İlya Tolstoylar, "Ukrayna" otelinin qarşısı, may 1965
Lev Tolstoyun nəticələri: Vladimir, Sergey və İlya Tolstoylar, "Ukrayna" otelinin qarşısı, may 1965

- Lev Tolstoyun böyük qardaşı Sergey Tolstoyun dördüncü nəsildən nəvəsidir həyat yoldaşım.

S.Tolstoy inqilabdan əvvəl xəstəlikdən ölüb. Uşaqları Stalin dövründə Sibirə sürgün edilib. İkinci Dünya Müharibəsindən sonra sağ qalanlar isə Qafqaza köçüb. Buna görə də Yasnaya Polyana ilə yaxın əlaqəmiz olmayıb.

Yasnaya Polyana, Tula yaxınlığında Tolstoyların malikanəsi
Yasnaya Polyana, Tula yaxınlığında Tolstoyların malikanəsi

Rusiya Mədəniyyət Nazirliyi tərəfindən qorunan bu məkan ilə Lev Tolstoyun nəticələri məşğul olur. Bizim ziyarət etmək şansımız hələ olmayıb, ancaq yaxın vaxtlarda getməyi düşünürük.

Yasnaya Polyananı həyat yoldaşım birmənalı şəkildə, vətəni kimi görür. O, Rusiya və Türkiyə olmaqla iki vətəni olduğunu, hər ikisinin onun üçün vazkeçilməz olduğunu deyir.

- Siz heykəltaraşsınız. Siyasi liderlərin heykəllərinin xalq tərəfindən dağıdılması bir heykəltaraş üçün nə deməkdir?

Bakı, Dağüstü Parkda Sergey Kirovun heykəli
Bakı, Dağüstü Parkda Sergey Kirovun heykəli

- Bunlar müəyyən bir dövrə şahidlik etmiş heykəllərdir. O dövrdə baş verən hər şey pis deyildi. Bunu xatırlamaq lazımdır. Nənənizi, babanızı yox edə bilərsiz?

Bu da onun kimi, əgər etirazlar varsa, heykəli ordan götürüb başqa bir yerdə, səbəbi də izah edilərək sərgiləmək olar. Yoxsa ki, yox etmək, dağıtmaq, qırmaq başdan ayağa ibtidai davranışdır.

XS
SM
MD
LG