Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:49

-

Prezidentin son illərdə verdiyi sərəncamlara əsasən, Astara rayonunun sosial-iqtisadi inkişafı və kənd yollarının təmirinə 7.3 milyon pul ayrılaraq xərclənib. Bəs görək, milyonlarla manatlar hara xərclənib?

Astara rayon İcra Hakimiyyətinin saytında göstərilir ki, Ərçivan-Şüvi-Qapçıməhəllə kəndləri arası 13.5 kilometr yol əsaslı təmir olunub. Bu yolun üstündə 1 körpü və 20 su ötürücüsü tikilib. Yol 24 min nəfər əhalisi olan 14 yaşayış məntəqəsini əhatə edir.

Prezidentin başqa bir sərəncamlarına əsasən də, Siyəkü-Rinə (14 kilometr), Kijabə-Qəcimardə, Kijabə-Ojəkəran (10 kilometr) yolları da əsaslı təmir olunub və asfalt döşənib.

Prezident 2013-cü il sentyabrın 21-də isə Astara rayonu ilə bağlı başqa bir sərəncam verib. Deqədi-Pəlikəş yolunun əsaslı təmiri üçün ilkin olaraq 2 milyon manat pul ayırıb. Bu yolun uzunluğu 21 kilometrdir və dağ ərazilərindən keçir. Astaranın tarixində ilk dəfə olaraq dağ yollarına asfalt döşənib. Dəniz səviyyəsindən 1500 kilometr hündürlükdə olan yolda 4 körpü inşa edilib. Ötən il aprelin 11-də yolun açılışı olub. Açılış lentini ölkə prezidenti kəsib.

YOLUN SEVİNCİ UZUN ÇƏKMƏYİB...

Əhali bu yolun sevincini çox da yaşamayıb. Ötən ilin oktyabr və noyabr aylarında yağan yağış yolu bir neçə istiqamətdə yuyub aparıb. Yollarda su ötürücü tikilmədiyi üçün yağış asfaltı yarıb. Yolda böyük çatlar əmələ gəlib. Əvvəllər bu yoldan istənilən markada olan minik maşınları rahat gedə bilirdilər. İndi maneələrdən ancaq iri yük maşınları keçə bilir.

«XƏSTƏLƏRİMİZİ MƏRKƏZƏ AT ÜSTÜNDƏ ÇATDIRARDIQ»

Yoldan keçən UAZ markalı maşının sürücüsü deyir ki, dağ yolları həmişə başıbəlalı olub:

«20 kəndi birləşdirən bu yolu həmişə biz tikmişik. Yola əsasən çınqıl döşəmişik. Yay aylarında bəzi yük maşınları, traktorla burda hərəkət edə bilib. Qışda isə atla hərəkət etmişik. Xəstələrimizi rayon mərkəzinə at üstündə çatdırardıq. Prezidentimiz bizə yazığı gəldi, yol tikdirdi. Onu da keyfiyyətsiz tikiblər. Prezident bunun üçün nə etsin?».

Kənd sakinləri deyir ki, asfalt yol təmir olunmasa tamamilə dağılar.

İCRA HAKİMİYYƏTİ NƏ DEYİR?

Astara rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, çətinliklər qismən aradan qaldırılıb. 4 yerdə yaranmış çatlar çınqılla örtülüb. Bu ilin mayında asfalt yol təmir olunacaq.

İndi də Siyəkü-Hamuşam yolunda iş gedir. Bu da ikinci dağ yoludur. Çınqıl döşənib, asfaltın isə may ayında çəkiləcəyini deyirlər. Həmin yol üçün də 3.3 milyon pul ayrılıb.

«KORRUPSİYA İMKAN VERMİR Kİ, TİKİNTİ KEYFİYYƏTLƏ APARILSIN»

İqtisadçı Vidadi Mirzəyev deyir ki, yol tikintisi sovet dövründə də rahat yeyinti sahəsi olub. İndi ən çox bu üsullardan bələdiyyələr istifadə edir:

«Bu məsləyə bir dəfə toxunmuşuq. Siz təsəvvür edin, milyonlarla pul xərclənib, yol salınıb. Birinci yağışda yol dağılır. Bu onu göstərir ki, yol tələb olunan qaydada inşa edilməyib. Korrupsiya imkan vermir ki, tikinti keyfiyyətlə aparılsın. Digər tərəfdən, yol tikintisini həyata keçirtmək üçün bizdə nə mütəxəssis, nə də ixtisaslaşmış sahələr var. Olanlar da formaldır. Bizdə asfalta yamaq vura bilirlər».

Şərhləri göstər

XS
SM
MD
LG