Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:24

Rasət Pirisoyu. İnboksu Qürbət Həmzəyevin başına oyun açırdı


Rasət Pirisoyu
Rasət Pirisoyu

-

"Partiyaya üzv olsam, bunlar da hakimiyyətə gəlsələr, məni də heç olmasa, harasa JEK müdirindən - zaddan qoyarlar…"

Rasət Pirisoyu

KEÇMİŞ NAQİF GƏNCƏLİ İNDİKİ SEYFİ SADIXLI

(absurd)

İnboksu yenə də Qürbət Həmzəyevin başına oyun açırdı... Artıq bir saata yaxındı, eyni xəbəri kimlərsə dalbadal Qürbət Həmzəyevin inboksuna göndərirdilər. Qürbət Həmzəyev də deyinə-deyinə inboksu xəbərlərdən təmizləyirdi, aradan üç-dörd dəqiqə keçməmiş inboksun qırmızı işığı yenidən yanırdı və Qürbət Həmzəyev inboksu açıb yenidən həmin xəbəri inboksunda görürüdü.

Qürbət Həmzəyev feysbukda özünə səhifə açanda çox sevinmişdi. Şəkillərinin içindən ən gözəlini seçib feysbukda yerləşdirmişdi.Ürəyində feysbuku icad eləyənin atasına xeyli rəhmət oxumuşdu. Fikirləşmişdi ki, nə yaxşı, feysbuk var, darıxanda adamın dadına çatır.

İllüstrasiya
İllüstrasiya

Amma sonra görmüşdü ki, feysbukun da öz xata-balası az deyil. Bir neçə dəfə feysbukda Qurbət Həmzəyevə möhkəm sataşmışdılar.

Qurbət Həmzəyev ona sataşanı nə qədər axtarsa da, tapa bilməmişdi. Eləcə qovrula-qovrula qalmışdı. «Meşə çaqqalsız olmaz!» deyib özünü birtəhər sakitləşdirmişdi.

Arada hətta özünə söz vermişdi ki, bir də feysbukdan istifadə etməyəcək. Söz vermişdi, amma sözünə əməl edə bilməmişdi.

Qürbət Həmzəyev hardan biləydi ki, feysbuk da siqaret kimi, narkotika kimi, lap elə ivanovka kimi bir şeydir, bir dəfə daddınmı, bir də dadmaq istəyəcəksən.

«Kimdi axı bunlar?» Qürbət Həmzəyev inboksunu xəbər atəşinə tutan xəbərçiləri tanımaq istəyirdi, amma ha fikirləşirdi, bir yana çıxara bilmirdi.

Özü də bu xəbərçilər nə yazsalar, yaxşıdır: «Təcili: Azərbaycan Istiqlal Partiyasının sədri Seyfi Sadıxlı polisə çağrılıb».

Əşşi, başa düşdük də!

Başa düşdük ki, Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı polisə çağrılıb.

Nə olsun?

Nə böyük iş olub?

Bəs siyasətçi nə üçündür? Özü də müxalif siyasətçi! Müxalif siyasətçini polisə çağırarlar da! Daha yeyib-içməyə çağırmazlar ki…

Deyəsən, bunların dünyadan xəbərləri yoxdu. Atam, qardaşım, günün günorta çağı çağırıb adamın başına tapança dayayıb, nəinki pul-parasını, var-dövlətini, hətta şalvarını da əlindən alırlar, heç cınqırını çıxara bilmir, bunlar da söz tapıb: «Təcili: Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı polisə çağrılıb».

Görünür, Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlının da cibində narkotika varmış da. Özü də təcili narkotika...

Deyəsən, vallah, bu istiqlalçıların heç Allahı yoxdu. Heç kimə yazıqları gəlmir; əşşi, bəlkə birinin ürəyi xəstədir.

Bəlkə kiməsə təcili xəbər çatdırmağın xatası var.

Doğrudur, bu və bu kimi xəbərlər Qürbət Həmzəyevin heç vecinə deyildi. Amma yenə də olsun. Mədəniyyət yaxşı şeydir.

Qürbət Həmzəyev onsuz da siyasətlə məşğul olmurdu. Siyasətlə məşğul olanlardan da zəhləsi gedirdi.

Qürbət Həmzəyev növbəti xəbərı silmək istəyəndə təzə olduğunu görüb əl saxladı. Xəbərdə deyilirdi: «Təcili: Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı pasport-stola çağrılıb»

Lap elə belə də yazmışdılar: «….Seyfi Sadıxlı pasport stola çağrılıb»

«Siz Allah, savadsızlığın dərəcəsinə baxın e…» Qürbət Həmzəyevin xəbərdəki «pasport- stol» sözündən az qala əti ürpəşdi: «Hələ bunlar özlərini müstəqil Azərbaycanın qurucuları hesab edirlər. Amma bilmirlər ki, «pasport-stol» sözü mənfur SSRİ-dən qalma sözdür. Bu sözdən imperiya sapoqlularının qoxusu gəlir. Nə «pasport» sözü Azərbaycan dilindədir, nə də «stol» sözü. Azərbaycanda pasportun gül kimi adı var: «şəxsiyyət vəsiqəsi». Qürbət Həmzəyevin bu sözdən çox xoşu gəlirdi.

Qürbət Həmzəyev pasportunu «şəxsiyyət vəsiqəsi»nə dəyişəndə əməlli - başlı qürur hissi keçirmişdi; fikirləşmişdi ki, deməli, o, artıq təkcə vətəndaş deyil, həm də şəxsiyyətdir, dövlət Qürbət Həmzəyevin şəxsiyyət olduğunu «şəxsiyyət vəsiqəsi» ilə təsdiq edir. Bundan gözəl nə ola bilərdi. Əsl müstəqillik elə bu deməkdir də!

Qürbət Həmzəyev indi qürur hissi ilə xatırlayır ki, onun mənsub olduğu nəsil «stola» hələ imperiya vaxtında qorxmadan, çəkinmədən, hətta bəzən biclik işlədərək, lap elə mənfur imperiyanın acığına «masa» deyirdi. Lazım gələndə, «stola» hətta «miz» deyən də tapılırdı.

Əslində müstəqilliyi Azərbaycana Qürbət Həmzəyevin mənsub olduğu nəsil gətirmişdi. Buna baxmayaraq, Qürbət Həmzəyev özünü istiqlalçı hesab eləmirdi. Özünə istiqlalçı deyənlərə də birtəhər baxırdı. «Adama deyərlər», - Qürbət Həmzəyev özünə haqq qazandırırdı - «əgər sən belə istiqlalçısansa, niyə səni istiqlalçı kimi adam yerinə qoyan yoxdur, hə?...»

Qürbət Həmzəyev xəbərlərin içində istiqlalçıların savadsızılığını sübutа yetirən daha bir dəlil tapdı. O, öz-özünə fikirləşdi, yaxşı, bir tərəfdən təcili xəbər göndərirsən, o biri tərəfdən də xəbər yaymağın prinsiplərini pozursan. «Bəs xəbər göndərəndə adam dəqiqlik prinsipinə əməl etməzmi?» -

Hardansa yaddaşında ilişib qalan bu «dəqiqlik prinsipi» ifadəsi Qürbət Həmzyevə ləzzət elədi. Hələ o, qərəzsizliyi və vicdanlılığı bir tərəfə qoyur. «Bax, elə tutaq ki, biri mən!... Mən bilmək istəyirəm, sizin Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlını hansı pasport-stola çağırıblar?» Xəbərdə bu barədə heç nə yazılmamışdı.

Xəbər sirr içindəydi.

Onsuz da son vaxtlar yayılan bütün xəbərlər axıra qədər deyilmir.

Xəbər sahibləri adamlardan mütləq nəyisə gizlədirlər.

Bəzən gülməli, bəzən qəribə, bəzən də qorxulu olan bu xəbərlər az qala hər gün adamların kələyini kəsir.

Şəxsən Qürbət Həmzəyevin başı bu xəbərlərdən şişib qazana dönmüşdü. Təzə xəbər eşitməmək üçün Qürbət Həmzəyev bəzən nəinki feysbukdan, hətta dost-tanışdan da qaçıb gizlənirdi, əl telefonunu söndürüb, kompüteri vayfaydan ayırırdı, arada iki-üç ivanolvka alıb, səhərdən axşama, axşamdan səhərə kimi bala-bala vururdu özü üçün.

Belə vaxtlarda televizora baxmaq da Qürbət Həmzəyevə ləzzət eləyirdi. O, bəzən fikirləşirdi ki, bu telekanalları bəlkə elə invanovka içənlər düzüb qoşur, elə ona baxanlar da ivanovka içənlərdir.

Qürbət Həmzəyevin belə düşünməyə tamamilə haqqı vardı. Çünki Qürbət Həmzəyev son vaxtlar qəti qərara gəlmişdi ki, ayıq başla televizora baxmaq, ən azı ağrımayan başına dəsmal bağlamağa bərabərdir. Doğrudur, bəzi şişkalar hərdən televizora baxmağı özlərinə rəva görmürlər. Amma Qürbət Həmzəyev özünu o şişkalardan hesab etmirdi.

Xeyr!

Amma Qürbət Həmzəyevin ayıq başla televizora baxmamasının bir səbəbi də vardı. Məsələ ondaydı ki, Qürbət Həmzəyev cavanlığında bir balaca baz olmuşdu. Çox-çox illər əvvəl Yasamal tərəflərdə evinə gedib gəldiyi bir arvad vardı. O arvad eynən indi televizorda tez-tez dava salan, şpaqat açan arvadlara oxşayırdı və ayıq başla televizora baxanda o arvad gəlib dururdu Qürbət Həmzəyevin gözlərinin qabağında. Qürbət Həmzəyev hərdən xəlvətə çəkilib o arvada zəng etmək istəyirdi.

Adamların ivanovkasız hamının gözü qarşısında televizorda çıxardıqları oyunları Qürbət Həmzəyev heç cürə ağlına sıxışdıra bilmirdi. Bu ivanovkada necə bir kəramət vardısa, təkcə Qürbət Həmzəyev yox, həm də dostları, bir-iki butulka boşaldandan sonra dönüb olurdu əsil istiqanlı, atılıb düşməyə hazır televiziya aparıcısı, yaxud «mən səni görmək istəsəm hara gəlim?» deyib ilan dili çıxaran müğənni, xülaseyi kəlam, jurnalist, alim, şair, yazıçı, yaxud siyasi icmalçı…

Qürbət Həmzəyev həm də fikirləşirdi ki, bu adamların ivanovka içməsi məsələsində bəlkə də bir az ifrata varır, nöşün ki, onların ivanovka içməsi bir az ağlabatan şey deyildi. Nə olar, olmasın ivanovka, olsun viski. Yoxsa hamının gözü qarşısında o söhbətləri ki, onlar eləyir, o hərəkətləri ki, onlar göstərirlər, o göz yaşlarını ki, onlar axıdırlar, onu ivanovkasız eləmək, vallah, qeyri-mümkündür.

Qürbət Həmzəyevin dostları arasında bir qarabağlı vardı. Əməlli-başlı ivanovkabazdı. O, ikicə stəkan kəmşirin ivanovka vurandan sonra «Qarabağ şikəstəsi»ni elə oxuyurdu, elə oxuyurdu, adamın başının tükləri biz-biz olurdu... Ermənini yadına salıb ürəyinin başı alışa-alışa erməni ölüsü kimi yan-yana düzülmüş boş butulkalara baxmaqdan özgə adamın əlindən heç nə gəlmirdi.

Yazıq qarabağlılar!

Qürbət Həmzəyevin inboksunda yenə də qırmızı işıqlar bir-birinin ardınca yanmağa başladı. İnboks Qürbət Həmzəyevi boğaza yığdı.

Qürbət Həmzəyev kompüteri söndürdü.

Başını əlləri arasına alıb saçlarımı ovuclarıyla bir-iki dəqiqə qarışdırdı, belə edəndə Qürbət Həmzəyevin canı həmişə azacıq dincəlirdi və bütün əzalarında həzin bir yorğunluq hiss edirdi.

Kompüteri söndürəndən sonra Qürbət Həmzəyev fikirləşdi ki, bəli, 2 manat 62 qəpiyin başına daş salmağın əsil vaxtıdır; aşağı düşüb bir ədəd ivanovka aldı.

* * *

Qürbət Həmzəyev yuxudan bir də gecə yarısı ayıldı. Canında zərrəcə sərxoşluq rahatlığı yoxdu. Qürbət Həmzəyev öz təcrübəsindən bilirdi ki, ivanovka ən azı bir gün adamı öz ilahi beşiyində yırğalayır, yatmaq istəyəndə yatırdır, yatmaq istəməyəndə adamı xəfif yelpiklə yelpikləyir.

Amma bu dəfəki ivanovka nədənsə daşa dönüb Qürbət Həmzəyevin mədəsində ilişib qalmışdı, gül kimi çaxır sehrini itirmiş sehrbaza oxşayırdı.

Bəlkə də buna görə Qürbət Həmzəyevin ürəyi bulanırdı. Elə bil başının içinə qurğuşun doldurmuşdular. Qürbət Həmzəyev başını birtəhər çarpayıdan qaldırıb otaqdakı qaranlığı bir xeyli süzdü.

Qaranlıq onu elə hey harasa, anlaşılmaz bir boşluğa çəkirdi. Və o boşluqda həm də isti qumu yada salan nəsə vardı. Bu nəsənin təsiri altında Qürbət Həmzəyevin ağlından keçdi ki, bir dənə də ivanovka olsaydı, pis olmazdı.

Amma ivanovka hardan olaydı?

Küçədən heç maşın səsi də gəlmirdi. Hamı şirin yuxudaydı. İndi bircə oyaq olan vardısa, o da vayfaydı.

Qürbət Həmzəyev uşaqları narahat etməmək üçün üsulluca yerindən qalxdı, barmaqlarının ucunda qonşu otağa keçdi və kompüteri işə saldı.

Pah!

İnboksu aşıb daşırdı.

Qürbət Həmzəyev əməlli-başlı əsəbləşdi.

Öz özünə «əşşi» dedi, - «bu zalım uşağı bu xəbərləri niyə mənim inboksuma göndərir, niyə feysbukun gül kimi səhifəsinə yerləşdirmirlər”.

Qürbət Həmzəyev birdən özündən şübhələndi: “Ə, bunlar bəlkə məni özlərinki bilirlər. Yox, əşşi, mən hardan onlarınkı oldum. Hamı bilir ki, mən nə balığam, nə də ət!”

Qürbət Həmzəyev gözünü inboksa dikib bir xeyli bu sualı ürəyində götür-qoy etdi, ağlına min cür fikir gəldi, sonra elə bil içindəki düyün açıldı, yadına düşdü ki, bu günlərdə axı feysbuk nazirini işdən çıxarıblar. Arada feysbuk üç gün, üç gecə işləmədi.

Və o, inboksunu açdı.

İnboks yenə də «Təcili: Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı pasport stola çağrılıb» xəbəriylə doluydu… Qürbət Həmzəyev səbrlə bu xəbərləri inboksundan təmizləməyə başladı, ən nəhayət, gəlib növbəti xəbərə yetişdi.

Xəbərdə deyilirdi: «Təcili: Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı pasport-stolda kobudluqla üzləşib. taqda olan üç nəfərdən biri Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlıdan pasportunu tələb edib, Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı tələbin məzmununu başa düşməyib, pasportunun ondan niyə tələb oluduğunu bilmək istəyib, bunun izah olunmasını xahiş edib.

Elə bu zaman otaqdakı başqa bir nəfər Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlının sözünü kəsib və onu polisə müqavimət göstərməkdə günahlandırıb. Bu ittihamın müqabilində Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı gülümsəyib və soruşub.

- Siz deyə bilərsinizmi, mən polisə hansı hərəkətimlə müqavimət göstəmişəm?

Polis Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlıya növbəti kobudluq edib:

- Sən (sən-?!) sual verməklə polisə müqavimət göstərmisən! – deyib və sonra əlavə edib. - Sual verməyin özü də polisə müqavimət göstərmək deməkdir.

Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı ona kobudluq göstərən şəxsdən özünü təqdim etməsini xahiş edib, həmin şəxs özünü Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlıya təqdim etməyib»

Artıq neçə illərdi ki, Qürbət Həmzəyev polislə müxalifətçilər arasında müxtəlif münaqişələrin şahidi olurdu. O, bu münaqişələrin heç birinə qoşulmamışdı. Hər dəfə də bu dedi-qodudan yaxasını kənara çəkmişdi.

Bu dəfə də inboksundakı bütün xəbərləri “dilit” düyməsi ilə silib atdı. Özünə söz verdi ki, bir daha inboksuna gələn xəbərlərin heç birini oxumaycaq. Bundan sonra öz feysbuk səhifəsini açıb digər xəbərləri oxumağa başladı.

Xəbərlərin birində deyilirdi ki, hansisa keçmiş nazirin evində axtarış aparılıb, evdən xeyli miqdarda dollar, daş-qaş və digər qiymətli əşyalar tapılıb.

Qürbət Həmzəyev ürəyində «ay lotular!» deyib gülümsündü və xəbəri klavinin «aşağıya» düyməsi ilə yuxarı itələdi.

Növbəti xəbərdə Azərbaycanın xalq artistlərindən biri televizyaya buraxılmadığından şikayətlənirdi, ölkədən çıxıb gedəcəyi ilə kimisə hədələyirdi.

«Buna da bir quş!»

Növbəti xəbər Qürbət Həmzəyevi sözün həqiqi mənasında şoka saldı. Xəbərdən belə məlum olurdu ki, hansısa küçə iti, bəlkə də yeməyə nəsə tapmaq ümidi ilə hansısa zibil yeşiyini eşləyərəkən zibilin içindən yenicə doğulmuş körpə uşaq tapıb (bunu uşağın üst-başındakı zibil qırıntılarından görmək olurdu), amma ac olmasına baxmayaraq, it körpəni yeməyib, zir - zibili uşağın üstündən bacardığı qədər təmizləyib, üsulluca uşağı dişlərinə alıb və yaxınlıqdakı dayanacaqda avtobus gözləyən adamları sarı aparıb.

İtin ağzında uşaq görən dayanacaq əhli o dəqiqə əllərinə keçən daşla - dəmirlə yaraqlanıb, itin üstünə hücuma keçiblər.

Kimsə 102-yə, polisə zəng edib.

Qürbət Həmzəyevin inboksununun qırmızısı yenə də yandı.

«Yanır yansın, cəhənnəmə ki…»

Xəbərdə yazılırdı ki, dayanacaqdakı adamlar iti daşa basıblar. Yazıq it yambızına dəyən daşın ağrısından adamların onu öldürəcəyini başa düşüb, uşağı üsulluca yerə qoyub və qaçıb canını adamlardan qurtarıb, atılan daşların çata bilməyəcəyi bir məsafədə dayanıb, uzaqdan adamların uşaqla neyləyəcəyinə göz qoymağa başlayıb.

Adamlar əvvəl qarğa-quzğun kimi uşağın üstünə tökülüşüblər.

Kimi cavanların tamamilə pozulduğunu, kimi insanlığın fəlakət içində olduğunu, kimi dünyanın axırının çatdığını, kimi tezliklə imam Mehdi əz-zamanın zühur edəcəyini, … deyib, amma heç kəs uşağa kömək etməyib, adamların bəziləri isə hətta burnunu barmağıyla tutub kənara çəkilib.

Uşaq yerdə eləcə zarıya-zarıya qalıb. Bunu uzaqdan görən it dayandığı yerdən uca səslə hürməyə başlayıb.

Dayanacağa yenicə gəlmiş on beş-on altı yaşlı bir qız tez əynindəki jaketi soyunub uşağı altına sərib, amma nə qədər uşağı əlinə götürməyə çalışsa da, bunu necə edəcəyini bilməyib.

İt baş verənlərə dözə bilməyib, həyəcanla hürə-hürə adamları üstünə gəlməyə başlayıb. Bunu görən adamlar uşağı ortada qoyub, hərəsi bir tərəfə qaçıb.

Bircə o qızdan başqa.

Cavan qız itin niyə həyəcanlandığını o dəqiqə başa düşüb, nəinki uşağın yanından uzaqlaşmayıb, hətta itin başını da sığallayıb, it cavan qıza qətiyyən müqavimət göstərməyib, sonra cavan qız «Təcili yardım»a zəng edib. «Təcili yardım» gəlib çıxandan, qız körpəni maşına yerləşdirəndən sonra it dayanacağı tərk edib.

Səhifəyə hələ göbəyi üstündə olan uşağı ağzına alıb narahat-narahat adamlara baxan itin şəkli də qoyulmuşdu.

İtin gözlərində izaha gəlməyən dəhşətli bir ifadə vardı.

Doğrusu, bu xəbər Qürbət Həmzəyevi əməlli-başlı kövrəltdi. Hətta kövrəkliyi o yerə çatdı ki, inboksuna gələn xəbərlərə də ürəyində mərhəmət hissi baş qaldırdı.

Qürbət Həmzəyev inboksu açdı.

«Təcili: Pasport-stolda Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlının pasportu əlindən alınıb. Ona yeni pasport təqdim olunub.

Təqdim olunan yeni pasportda Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlının şəkli olsa da, adı yerində: «Naqif» , soyadı yerində: «Gəncəli», atasının adı yerində isə: «Əhmədağa» yazılıb.

Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı ona təqdim olunan pasportu nifrətlə qarışlaylb, pasportunun qaytarılmasını tələb edib, israrları müqabilində qarşı tərəf pasportu qaytarmaq əvəzinə, Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlıya məhkəməyə müracət etməyi məsləhət görüb, sonra Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlını itələyə-itələyə otaqdan bayıra çıxarıblar»

Qürbət Həmzəyev gözlərinə inanmadı.

Hətta əsil bakılı ləhcəsi ilə: «Bu nədi, alə?» - deyib donquldandı. «Olmaya bütün Bakı əhli bu gün özünü ivanovkaya tutub!»

Qürbət Həmzəyev Naqif Gəncəlini şəxsən tanımasa da o, feysbukda Qürbət Həmzəyevin dostu idi. Naqif Gəncəli pis oğlana oxşamırdı. Feysbukda yayılan xəbələrdən belə məlum olurdu ki, guya o, Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlınin müavini olub, sonra nə səbəbəsə, onu Azərbaycan İstiqlal Partiyasından qovublar.

Gözünə döndüyüm, Naqif Gəncəli də eləməyib tənbəllik, təzə bir partiya yaradıb, adını qoyub Azərbaycan İstiqlal Partiyası. Özü də olub həmin partiyanın sədri.

Bu əhvalat Qürbət Həmzəyevi xeyli güldürmüşdü. O, hətta yeni Azərbaycan İstiqlal Partiyasının yeni sədri Naqif Gəncəliyə təbrik də göndərmişdi. Ürəyində fikirləşmişdi ki, onsuz da bizim məmləkətdə həmişə bir qızın ya aşikar, ya da qeyri-aşikar iki adaxlısı olub. Amma bir partiyanın, bir adın və soyadın iki «adaxlısı» olması məmləkətdə nə isə təzə bir şeydi.

Zarafat, zarafat, daha bu boyda zarafat yox da… Qürbət Həmzəyev arada fikirləşdi ki, bəlkə sərxoşdur, bəlkə ivanokanın təsiri indi-indi başlayır.

Durub qapını açdı, eyvana çıxdı, eyvanın pəncərələrini araladı, şəhərə divan tutan Bakı küləyi iliyinə işlədi, dişləri bir-birinə dəydi, cəld özünü otağa saldı.

Qürbət Həmzəyev sərxoş - zad deyildi.

«Onda bunlar kimdirsə, deməli məni dolayırlar» düşündü. «Kimdi bu bic-vələdüznalar?»

İnboksuna xəbər göndərən adamların adlarına baxdı. Bu dəfə xəbər göndərənləri tanıdı. Yox, xəbəri göndərən adamlar kifayət qədər ciddi adamlardı. Doğrudur, Qürbət Həmzəyevin bu adamların heç biri ilə şəxsi tanışılığı yoxdu, onları hamısı onun feysbuk dostlarıydı, onların ciddi adam olması yazdıqlarından görünürdü.

O, bu adamların onu doladıqlarına heç cürə inanmaq istəmədi.

Sonra yenə də elə bil hər şey birdən-birə, özü özünə aydınlaşdı, Qürbət Həmzəyev bir neçə saniyənin içində qərara gəldi ki, bu, hansısa virusun işidir. Bu qəribə xəbərləri yəqin ki, hansısa virus yayır. Bu bic-vələdüzna viruslardan nə desən, çıxar.

Aslan İsmayılov
Aslan İsmayılov

O gün görkəmli Azərbaycan hüquqşünası Aslan İsmayılov özü feysbuk dostlarından üzrxalıq edirdi ki, mənim səhifəmdən virus yayılır, təcili virusları təmizləyirəm, xahiş edirəm məni bağışlayasınız.

Bir vuris ki, Aslan İsmayılovdan qorxmaya, o, yəqin ki, Qürbət Həmzəyevi heç yerili-dibli vecinə almaz.

Qürbət Həmzəyev inboksuna göndərilən xəbərlərin hardan gəldiyıni özünə aydınlaşdırandan sonra xeyli rahatlandı, hətta ivanovkanın ağrı-acısı da başımdan çəkilib getdi.

Amma yenə də bir ivanovka olsaydı, pis olmazdı.

Amma bu dünyada nə baş vermir ki?

Qürbət Həmzəyevin bütün bu şübhələrinə feysbukda yayılan bir xəbər son qoydu. Xəbərdə deyilirdi ki, Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı son vaxtlar İstiqlal Partiyası ətrafında baş verən hadisələrə aydınlaq gətirmək üçün 2 noyabr, 2015-ci il tarixində, saat 10.00 -da Mətbuat Mərkəzində mətbuat konfrası keçirəcək.

Giriş sərbəstdir.

İstənilən adam mətbuat konfransında iştirak edə bilər.

Qürbət Həmzəyev mətbuat konfransında iştirak etmək qərarına gəldi.

***

Mətbut Mərkəzində əsl qələbəlik idi. Necə deyərlər, iynə atsaydın, yerə düşməzdi. Mətbuat Mərkəzi ağzına qədər jurnalistlə doluydu. Qürbət Həmzəyev Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlıya ürəyində «afərin» dedi. O ki, bu qədər jurnalisti bir günün içində bir yerə yığa bilib, deməli, zor adamdır. Hətta ürəyində fikiləşdi, nə qədər ki imkan var, Azərbaycan İstiqlal Partiyasına üzv yazılması pis olmazdı.

Sonra elə bil şeytan Qürbət Həmzəyevi qıdıqladı, özü ürəyindən keçənlərə güldü: «Mən?... partiya üzvü!!!… öz ivanokamla bir yerdə!!!… hə, elə Azərbaycan İstiqlal Partiyasında bircə mən çatmıram»

Sonra bir az da fikirləşdi, öz özünə ürək-dirək verməyə başladı. «Əşşi, hamının görə bildiyi işi sən niyə görə bilməyəsən. Niyə öz-özünü hürküdürsən? Burda pis nə var? Bu vaxta qədər siyasətlə məşğul olmamısan, nə olsun, bundan sonra məşğul olarsan»

Bu fikrə gəlib çıxmağı elə bil Qürbət Həmzəyevə qol-qanad verdi.

İllüstrasiya. "Pasport-stol" idarəsi qarşısına toplaşmış insanlar
İllüstrasiya. "Pasport-stol" idarəsi qarşısına toplaşmış insanlar

«Əgər Azərbaycan İstiqlal Partiyası bu qədər adamı bir yerə yığa bilibsə, deməli, hardasa hakimiyyət məsələsi də həll olunub. Olmasın prezident, lap elə olsun Baş nazir! Partiyaya üzv olsam, bunlar da hakimiyyətə gəlsələr, məni də heç olmasa harasa JEK müdirindən - zaddan qoyarlar…»

- Nə JEK müdiri, a bəy. Ən azı bələdiyyə sədri olacaqsan, bələdiyyə sədri! Biz hakimiyyətə gələn kimi bələdiyyələrin statusunu genişləndirəcəyik…

«Bu nə danışır, ə?» Qürbət Həmzəyevi hövl götürdü, «böyrümdə əyləşib irişə-irişə üzümə gülümsəyən bu cüvəllağı olmaya, mənim fikirlərimi oxuyur?»

Hər etimala qarşı, Qürbət Həmzəyev özünü mədəni aparmaq qərarına gəldi:

- Siz nə deyirsiniz, bəy?

Cüvallağı gəncin ağzı qulaqlarının dibinə getdi:

- Elə indicə özünüz dediniz ki, Azərbaycan İstiqlal Partiyası hakimiyyətə gəlsə, bəlkə məni harasa JEK müdirindən-zaddan qoydular. JEK müdiri nədi, biz hakimiyyətə gəlsək, (mütləq gələcəyik!) srazu Sizi parlamentə üzv qəbul edəcəyik.

Cüvallağı gənc belə deyəndən sonra hər şey Qürbət Həmzəyevə aydın oldu. Lənətə gəlsin bu ivanovkanı, axır vaxtlar ivanovkadan vuran kimi öz-özünə danışır. Bunu evdə arvad da bir neçə dəfə onun üzünə vurmuşdu.

Bu cüvallağı Qürbət Həmzəyevi yaman yerdə yaxalamışdı. Ona görə Qürbət Həmzəyevin ağzını ayırıb, cüvallağı gəncin üzünə gülümsəməkdən başqa çarəsi qalmadı.

- Sizin adınız, familyanız necə oldu?

Qürbət Həmzəyev başa düşdü ki, ilişib.

- Nə?

- Sizin haqqınızda partiyamızın sədri ilə şəxsən mən özüm danışacağam.

Qürbət Həmzəyev birtəhər yaxasını cüvallağıdan qurtarmaq qərarına gəldi.

- Bilirsiniz, bəy, mənə indi götür-qoy mərhələsindəyəm. Hələ qəti qərara gəlməmişəm.

- Nə götür-qoy mərhələsi, a bəy - cüvallağı gənc Qürbət Həmzəyevdən əl çəkmək istəmirdi - Sən artıq «la İlahə İl Allalh» demisən, «artıq, necə deyərlər, istinnıy müsəlmansan, biz səni, bəy, mütləq sünnət eləməliyik. Sənə bir sünnət toyu düzəldim ki…

Cüvəllağı gənc bütün bunları birnəfəsə Qürbət Həmzəyevin üzünə dedi və özü də öz hazırcavablığına ürəkdən güldü.

Qürbət Həmzəyev pərt halda:

- Mən artıq sünnət olunmuşam- dedi

Cüvəllağı gənc, gülə-gülə:

- Narahat olmayın, bəy, mən partiya sünnətindən danışıram… - dedi

Birdən zalda əməlli-başlı canlanma yarandı. Adamlar ora-bura qaçışıb, həyəcanlandılar, vurnuxdular və komanda verilmiş kimi birdən-birə dayandılar. Hamı üzünü qapıya tərəf çevirib, farağat komandasında dayandı.

Cüvəllağı gənc əyilib Qürbət Həmzəyevin qulağına pıçıldadı:

- Bəy gəlir!… - və görünməmiş bir ilhamla ayağa qalxdı və Qürbət Həmzəyevin oturduğunu, ayağa qalxmaq fikirində olmadığını görüb ərklə yaxasından yapışdı və Qürbət Həmzəyevi ayağa qaldırdı.

Bütün kameralar Bəyin gəldiyi qapıya tuşlanmışdı. Bir-birinə qarışan işıqlardan qapının ağzında əlvan, xəfifcə sayırışan, əsrarəngiz bir halə yaranmışdı. Birdən Qürbət Həmzəyevə elə gəldi ki, içəri girən Çingiz xandır, həmən qıyıq gözlər, əzəmətlə irəli çıxmış çənə, möhtəşəm boy-buxun…

Qürbət Həmzəyev təbii ki, yenə də qeyri-iradi olaraq, ürəyində ivanovkanı lənətlədi: «Lənətə gələsən, ivanovka!»

Cüvəllağı gənc:

- Biz bütün İvanovların planlarını alt-üst edəcəyik! - dedi və əl çalmağa başladı.

Qürbət Həmzəyev gözlərinə inanmadı; qapıdakı «Çingiz xan» Seyfi Sadıxlı deyildi, Naqif Gəncəliydi. Ola bilməzdi. Axı Qürbət Həmzəyevin oxuduğu elanda açıq-aydın yazılımışdı:

«… son vaxtlar Azərbaycan İstiqlal Partiyası ətrafında baş verən hadisələrə aydınlaq gətirmək üçün 2 noyabr, 2015-ci il tarixində, saat 10.00 -da Mətbuat Mərkəzində Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı mətbuat konfransı keçirəcək»

Naqif Gəncəli idmançı cəldliyiylə, yanında da bir nəfər, tələsik yuxarı qalxdı və yəqin ki, məxsusi onun üçün nəzərdə tutulmuş uzun, əzəmətli stolun arxasına keçdi və başı ilə onu alqışlayanları salamladı.

Qürbət Həmzəyev yanındakı cüvəllağıdan soruşdu:

- Naqif Gəncəlinin yanındakı kimdir?

- Bizim mətbuat katibimizdir. Bir də Naqif Gəncəli dünəndən Naqif Gəncəli deyil, Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlıdir.

- Nə?- Qürbət Həmzəyev inboksuna göndərilən həyəcanlı xəbərlərin virus olmadığını anlayıb, ağır-ağır altındakı oturacağa çökdü.

Mətbuat konfransı başlandı. Keçmiş Naqif Gəncəlinin indiki Seyfi Sadıxlının mətbuat katibi ayağa qalxıb, zalı bir neçə saniyə zəhmli baxışlarla süzdü, deyəsən, bu ani göz kəşfiyyatı ona hər şeyin yerində olduğunu xəbər verdi, mətbuat katibinin üzündə xəfif təbəssüm dolaşdı, sonra birdən-birə ciddiləşdi və ən nəhayət, mətbuat konfransını açıq elan etdi.

- Cənab jurnalistlər, son vaxtlar dünyada və ölkəmizdə bir-birindən maraqlı və gərgin hadisələr baş verir. Bu hadisələr haqqında dolğun və dəqiq informasiya almaq hər bir vətəndaşımızın hüququ və arzusudur.

Bunu nəzərə alaraq, bizə ünvanlanan çoxsaylı müraciətləri əsas götürürək, vətəndaşlarımızın baş verən hadisələrə marağını lazım bilərək, xəbərlər haqqında dolğun və dəqiq informasiyanın vacibliyini mümkün sayaraq, bu gün Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı Sizin qarşınıza çıxmağı lazım bilib.

Sinəsindəki nişanda hansısa ölkənin bayrağı əks olunmuş bir alabəzək xanım jurnalist ayağa qalxıb Azərbaycan İstiqlal Partiyasının mətbut katibinin sözünü ağzında qoydu, icazə - zad almadan, birbaşa həm zala, həm də keçmiş Naqif Gəncəliyə, indiki Seyfi Sadıxlıya sual ünvanladı:

- Skajite pojaluysta, on Naqif Gəncəli ili Seyfi Sadıxlı?

Mətbuat katibi özünü itirdi. Nə cavab verəcəyini bilmədi, sual dolu baxışlarını keçmiş Naqif Gəncəliyə, indiki Seyfi Sadıxlıya zillədi.

Qürbət Həmzəyev qulaqlarını şəkləyib, gözlərini dörd açıb keçmiş Naqif Gəncəlinin indiki Seyfi Sadıxlının suala nə cavab verəcəyini huş-guşla gözləməyə başladı.

Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı sual verən alabəzək xanım jurnalisti heç vecinə almadan sualı cavablandırmağı lazım bildi.

- Mən Azərbaycan İstiqlal Pariyasının sədri Seyfi Sadıxlıyam. Xahiş edirəm, bundan sonra hamı mənə bu adla müraciət etsin. Doğrudur, kimin məni necə adlandırmağının mənim üçün heç bir əhəmiyyəti yoxdur. Amma yenə də olsun, mən Azərbaycan İstiqlal Pariyasının sədri Seyfi Sadıxlıyam.

Azərbaycan İstiqlal Partiyasının mətbut katibi zalda kiməsə, nəsə işarə elədi və sonra zala üz tutdu:

- Cənab jurnalistlər, bir neçə dəqiqəlik diqqətəinizi xahiş edirəm. Zəhmət olmasa monitora baxın.

Elə bu vaxt zalın yuxarı başındakı nəhəng monitor işıqlandı, monitorda dalğalanan Azərbaycan bayrağı göründü, sonra o bayrağı Azərbaycan İstiqlal Partiyasının rəmzi əvəzlədi və rəmzin içindən yanar odların fonunda keçmiş Naqif Gəncəlinin indiki Seyfi Sadıxlının şəkli olan şəxsiyyət vəsiqəsi qanadlanırmış kimi monitorda göründü; şəxsiyyət vəsiqəsində Naqif Gəncəlinin əzəmətli çöhrəsi ilıq bir təbəssümlə işıqlanmışdı, şəxsiyyət vəsiqəsində adının yerində: «Seyfi», atasının adı yerində: «Əhmədağa», soyadının yerində: «Sadıxlı» yazılımışdı.

Qürbət Həmzəyev zala baxıdı.

Zalın bir hissəsi gülümsəyirdi, bir hissəsi açıq-aşikar əsəblik keçirirdi, bir hissəsi də donub yerində qalmışdı. Qürbət Həmzəyev altdan-altdan keçmiş Naqif Gəncəliyə, indiki Seyfi Sadıxlıya göz qoyurudu, keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı xeyli rahat idi, elə bil baş verənlərin ona heç bir dəxli yoxdu.

Qürbət Həmzəyev ürəyində fikirləşdi, bax əsil siyasətçi belə olar. Elə bu vaxt böyründəki gənc cüvallağı ayağa qalxdı, özünü ng_istiqlal.net saytının əməkdaşı kimi təqdim edib keçmiş Naqif Gəncəliyə indiki Seyfi Sadıxlıya belə bir sual ünvanladı.

- Cənab Seyfi Sadıxlı, bildiyimiz kimi, Azərbaycan müxalifətinin siyasi həyatında böhran hökm sürür. Müxalifətdə olan bütün siyasi partiyalar faktiki öz aktiv fəaliyyətlərini dayandırıblar. Ancaq boş-boş bəyanatlar verməklə məşğuldurlar. Belə bir şəraitdə Siz görünməmiş cəsarət nümayiş etdirib, müxalifəti, xüsusən də iflas həddində olan İstiqlal Partiyasını yenidən bərpa emək fikrinə düşdünüz. Bunu böyük uğurla həyata keçirdiniz. İndi bizdə belə bir məlumat var ki, Sizin İstiqlal Partiyasını Azərbaycan xalqına yeni formatda və yeni məzmunda təqdim etmək planınız var.

Bu format və məzmun özünü nədə ifadə edir?

Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı əzəmətlə ayağa qalxdı, ya Qürbət Həmzəyevə belə gəldi, ya bəlkə bu, keçən axşamdan mədəsində ilişib qalan ivanovkanın hikmətiydi, demək çətindir.

- Rəhbərlik etdiyim Azərbaycan İstiqlal Partiyası kim tərəfindən tanınacaq, ya tanınmayacaq, bu, bizi qətiyyən narahat etmir. Əsas məsələ tamamilə iflasa uğramış bir partiyanı həyata qaytarmaq, ona yeni nəfəs vermək idi. Biz bu tarixi vəzifənin öhdəsindən ləyaqətlə gəldik. İstiqlalçılarımız da partiyanın bərpa olunmasında görünüməmiş cəsarət nümayiş etdirdilər. Mən buna görə hər bir istiqlalçıya partiya adından, şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm. Biz belə hesab edirik ki, partiyanı o, bu yox, xalq tanımalıdır. Biz artıq buna da nail olmuşuq.

Yerdən hansı jurnalistsə keçmiş Naqif Gəncəlidən indiki Seyfi Sadıxlıdan nəsə soruşmuq istədi.

- Naqif bəy, Naqif bəy …

Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı əsəbi halda çıxışını dayandırdı və qəzəblə jurnalistə baxdı.

Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlınin mətbuat katibi əlüstü ayağa qalxdı, monitoru jurnalistə göstərdi:

- A bəy, a bəy, axı Sizə dedilər, Seyfi bəy!

- Yaxşı, olsun Seyfi bəy!

Mətbuat katibi sözünə davam etdi:

- İndidən liderinizi tanımığa çalışın, cənablar. Bu, bir. İkincisi, cənab Sadıxlı çıxışını qurtarandan sonra mən Sizin hər birinizə sual üçün ayrı-ayrılıqda söz verəcəyəm. Heç kəs diqqətdən kənarda qalmayacaq. Bir az mədəni olsaq, xancalımızın qaşımı düşər? Cənab Sadıxlı, çıxışınızı davam etdirməyi xahiş edirəm.

Birdən-birə keçmiş Naqif Gəncəlinin, indiki Seyfi Sadıxlının gözləri əməlli-başlı doldu, nitqini kəsib, mövzunu dəyişdi.

- Biz bilirik, ağır yol seçmişik. Bizə çox adam daş atacaq. Amma bizə daş atanlar hansı günahın sahibi olduqlarını biləcəklərmi? Çətin! Amma biz o daşları bir yerə yığıb Azərbaycan xalqı üçün möhtəşəm bir saray ucaldacayıq. Mən öz xalqımı sevirəm. Mən xalqımın yolunda hər şeyə getməyə hazıram. Mən bu addımı niyə atmışam? Bircə şeyə görə… Mən müstəqillik tariximizdə xüsusui yeri olan Azərbaycan İstiqlal Partiyasını düşdüyü bataqlıqdan çəkib çıxarmalıydım. Azərbaycan İstiqlal Partiyasında son vaxtlar avtoritarizm hökm sürürdü. Mən isə xalqımızın xilasını demokratiyada görürəm. İstiqlalçıların da böyük əksəriyyəti bunu arzulayırdı. Ən nəhayət, biz bir yerə yığışıb İstiqlal Partiyamızı bərpa etdik. İndi biz beynəlxalq skandala yol vermədən partiyamızın dövlət qeydiyyatına alınmasına çalışmalıyıq. Bunun üçün biz mümkün sivil addımların hamısından istifadə etməliyik. Hər şey ölkəmizin qanunları çərçivəsində baş verməlidir. Ölkəmizin qanunları isə hər bir vətəndaşa öz adını, soyadını, hətta atasının adını dəyişmək hüququ verir.

Birdən keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı bayaq onun sözunü kəsən jurnalistə üzünü tutdu:

- Hörmətli cənab jurnalist, deyin görüm qanunlarımız hər bir vətəndaşa belə bir hüquq verir, ya vermir?!

Keçmiş Naqif Gəncəlinin indiki Seyfi Sadıxlının qəfil hücumundan jurnalist özünü itirdi, ayağa qalxıb bir müddət böyümüş gözlərini keçmiş Naqif Gəncəlinin indiki Seyfi Sadıxlının üzünə dikdi, ən nəhayət, boğazını arıtladı, sonra fit səsinə bənzər bir səslə:

- Verir, Naqif müəllim, verir - dedi.

- Yenə dedi Naqif müəllim, yenə dedi Naqif müəllim. A qardaş, a yoldaş, a vətəndaş, Naqif müəllim yox e, cənab Sadıxlı… Yenə dedi Naqif müəllim… Yenə dedi Naqif müəllim…

Mətbuat katibi vurnuxa-vurnuxa, deyinə-deyinə, donquldana-donquldana tikan üstündə otururmuş kimi ehmallıca stuluna əyləşdi.

Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı mətbuat katibinin donqultusunu vecinə almadı, xüsusi bir şövqlə şəhadət barmağını yuxarı qaldırdı :

- Ay sağ ol! - dedi. - Elə bu qanuna görə də mən öz adımı və soyadımı dəyişmək qərarına gəldim. Mən bu hüququmdan istifadə etdim. İndi deyin görək burda qeyri-qanuni nəsə varmı. Hay?

Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı bir daha kövrəldi:

- Bunun mənim tərəfimdən böyük fədakarılıq olduğunu gələcək nəsillər mütləq başa düşəcək.

Hansısa jurnalist yerdən söz atdı:

- Seyfi Sadıxlıya da Naqif Gəncəli pasportu veriblər axı.

Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı özündən çıxdı:

- Axı, ay qardaş, bunun mənə nə dəxli var? Bu, mənim problemim deyil axı. Bu kimin problemidirsə, qoy o, problemin həll ilə məşğul olsun!

Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı bayaqdan əlində tutduğu əl dəsmalı ilə geniş alnının tərini sildi.

Sual verən jurnalist keçmiş Naqif Gəncəlidən indiki Seyfi Sadıxlıdan əl çəkmək istəmirdi.

- Necə həll etsin?

Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı əllərini yana açıb bir xeyli «mən nə bilim» pozasında dayandı, səsi qəribə şəkildə dəyişdi, bilmək olmadı keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı ağlamsınır, yoxsa gülümsəyir:

- Məhkəmyə müracət etsin?

Keçmiş Naqif Gəncəlinin indiki Seyfi Sadıxlının cavabı yerinə düşdüyündən, ya nədənsə, zalda kimsə əl çalmaqla bu cavabı alqışladı. Bütün zal bu alıqışa qoşuldu. Zalı sürəkli və gurultulu alqışlar bürüdü. Bu sürəkli və gurultulu alqış səsləri keçmiş Naqif Gəncəlini indiki Seyfi Sadıxlıni növbəti dəfə kövrəltdi.

Keçmiş Naqif Gəncəlinin indiki Seyfi Sadıxlının bu kövrəkliyi zala da öz təsirini göstərdi. Bir neçə qadın jürnalist əl dəsmalı tapmaq üçün dizlərinin üstündəki çantalarını eşələməyə başladılar.

Zalı qəribə bir hənirti bürüdü.

Qürbət Həmzəyev bir-birinin ardınca aldığı emosional təəssüratın təsiri altında, nə qədər qəribə olsa da, keflənməyə başlamışdı. Elə bil axşamkı ivanovaka indi gəlib onu tapmışdı. Özü də bu keflənmə bir-iki şüşənin işi deyildi. Elə bil Qürbət Həmzəyev bir neçə invanovkanı birnəfəsə başına çəkmişdi.

Qürbət Həmzəyev bilirldi ki, bu keflənmənin axırı yaxışı qurtarmayacaq, ona görə də ehmallıca böyründəki cüvəllağı gəncə tərəf əyildi:

- Qardaşım, deyəsən, mənim vəziyyətim yaxışı deyil. Mən bayıra çıxmaq istəyirəm.

Cüvəllağı gənc qəzəbli və sınayıcı nəzərlərlə Qürbət Həmzəyevə baxdı

- Necə yəni bayıra çıxmaq istəyirəm. Bura mətbuat zalıdı e, tualet deyil.

Qürbət Həmzəyev nə qədər kefli olsa da, gənc cüvəllağının nə dediyini göydə tutdu.

- Mən o mənada demirəm… mən demək istəyirəm ki, … mən təmiz havaya çıxmaq istəyirəm… - Qürbət Həmzəyev sakitcə gənc cüvəllağının qulağına pıçıladı - …deyəsən, mən həm də mahnı oxumaq istəyirəm…

- Hə… həə… - cüvəllağı gənc gülümsündü və bir allah bilir nə səbəbəsə kefi açıldı: - Ay xatakar, bura vurub gəlmisən. Səndən elə əvvəldən ivanovka iyi gəlirdi. Yaxşı, bu dəqiqə…

İvanovkanın adını eşidən kimi elə bil bütün dünyaını Qürbət Həmzəyevə bağışladılar, deyəsən, bu cüvəllağı da ivanovkanın dadını yaxışı bilirdi. Cüvəllağı bir anın içində Qürbət Həmzəyev üçün dünyanın ən əziz adama döndü:

- Can, ay jurnalist!

Qürbət Həmzəyev cüvəllağı gənci qucaqlayıb bağrına basmaq istədi. Amma cüvəllağı gənc buna imkan vermədi, Qürbət Həmzəyevi qamaralayıb qoltuğuna aldı.

- Cənablar, yol verin, burda bir soydaşımız özünü yaxışı hiss etmir. Sonra Qürbət Həmzəyevə tərəf əyildi - Özünü saxla, qaytarıb eləmə!

Adamlar üsulluca cüvəllaığı gənclə Qürbət Həmzəyevə yol verdilər.

Aranı pıçıltılar bürüdü:

- Deyəsən, bu keflidir.

- Deyəsən, nədir, ə, görmürsən keflidir?!

Kimsə Qürbət Həmzəyevi danışdırmaq fikirinə düşdü:

- Alə, sübhün gözü açılmayıb, bu nə vaxtın vurmağıdı belə?

Qürbət Həmzəyev hiss etdi ki, hardansa, canına şıdırığı nağara ritmi dolur. Amma hardan? Qürbət Həmzəyev dəqiqləşdirə bilmədi. Qollarını qaldırdı.

- Can, ay jurnalist!

Sonra bu ritm öz yerini hansısa melodiyaya verdi. Amma bu melodiyanın da hansı melodiya olduğunu Qürbət Həmzəyev heç cürə yadına sala bilmədi.

Adamlar kənara çəkilib cüvəllağı gənclə Qürbət Həmzəyevə yol verməkdə davam edirdilər. Hamı da gülümsəyirdi.

Çıxış qapısına bir on beş addım qalmış melodiya Qürbət Həmzəyevin yadına düşdü. Melodiyanın Qürbət Həmzəyevin yadına düşüməsi ilə içərisində oxumaq, zəngulə vurmaq, haray çəkmək istəyi aşıb daşdı.

Bu hissin buyruğunu yerinə yetirmək üçün Qürbət Həmzəyev qarşısındakı jurnalistin boynuna sarılmaqdan özünü saxlaya bilmədi:

- Can, ay jurnalist!

Jurnalist onu ikrahla özündən uzaqlaşdırdı.

Qürbət Həmzəyev açıldı, nə açıldı:

-Gedirdim günbatana,

Rast gəldim meymun satana,

Dedim, meymun neçəyə,

Dedi, qalsın gecəyə,

Dedi, qalsın gecəyə,

Dedim, meymun neçəyə…

Qürbət Həmzəyev birdən-birə həm də hiss etdi ki, zaldan çıxmaq istəmir, zalda qalıb mahnını axıra qədər oxumaq istəyir. Bunu hiss edən kimi başa düşdü ki, arzusunu yerinə yetirmək üçün ilk növbədə özünü cüvəllağı gəncin əlindən qurtarmalıdır.

- Əl çək məndən, ə, cüvəllağı!

Amma cüvəllağı gənc Qürbət Həmzəyevin bu arzusunu gözündə qoydu. Bir neçə gənc jurnalist də cüvəllağının köməyinə gəldi, biri çiyinlərindən, o biri isə ayaqlarından tutub Qürbət Həmzəyevi Mətbuat Mərkəzinin zalından bayıra çıxartdılar. Qapını örtüb geri qayıtdılar.

Qürbət Həmzəyev jurnalistlərin bu hərəkətini özünə qarşı haqsızlıq kimi başa düşdü, etiraz etmək məqsədi ilə zalın qapısını açıb yenidən içəri qayıtdı və elə qapının ağzındaca:

- Siz məni təhqir etmisiniz! Siz məni təhqir etmisiniz! - deyib bağırmağa başladı:

- Mən bu işi belə qoymayacağam. Mənim keçmiş Naqif Gəncəliyə indiki Seyfi Sadıxlıya sualım var.

Hələ oturmağa macal tapmamış cüvəllağı yendən geri dönməli oldu.

- Alə,… - o, dodağının altında nəsə deyə-deyə Qürbət Həmzəyevə doğru yeriməyə başladı, deyəsən, cüvəllağının dediyi o sözü Qürbət Həmzəyevdən başqa zalda hamı eşidirdi və gülürdü:

- Biz səni təhqir etmişik, ə, … , yeri get məhkəməyə müracət elə!

Qürbət Həmzəyev elə bil birdən-birə ayıldı:

- Hara?

- Məhkəməyə…

Deyəsən, yenə kimsə zalda baş verənləri alqışlamaq fikrinə düşdü, əlini əlinə çırpdı, adamlar əlüstü bu alqışa qoşuldular və bir anın içində Mətbuat Mərkəzinin geniş və işıqlı zalını sürəkli və gurultulu alqış səsləri bürüdü.

dekabr 2015

XS
SM
MD
LG