Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:56

-

Bir Britaniya QHT-sinin dərc etdiyi hesabatda iddia edilir ki, 2014-cü il iyulun 17-də Malayziya Hava yollarının, içində 298 nəfər olan sərnişin təyyarəsini Şərqi Ukrayna səmasında rus "Buk" yer-hava raket sistemi vurub.

Bir qrup vətəndaş-jurnalistə aid olan bu iddianı holland prokurorları araşdırır. İddiada deyilir ki, təyyarənin vurulmasında azı 20 əsgər ya iştirak edib, ya da hadisədən xəbərdardır.

Britaniyadan olan "Bellingcat" grupu bildirib ki, o, hadisə barədə məlumatı ola biləcək 100 nəfərə qədər rus əsgərini aşkar edib.

Qrupun tapıntılarına əsgərlərin sosial mediadakı hesabları, İnternetdə yerləşdirilmiş fotolar və şəxsi heyətin hərəkəti barədə İnternetdə olan məlumat daxildir.

Qrupun rəhbəri Eliot Higgins deyib ki, onlarda həmin "Buk"u müşayiət edən əsgərlərin, onların "komandirlərinin, komandirlərin komandirlərinin və s." adları və fotoşəkilləri var.

O əlavə edib ki, qrupun 123 səhifəlik hesabatı tezliklə işıq üzü görəcək.

"Bellingcat" qrupu sosial media və başqa onlayn mənbələrdə axtarışla məlumat tapmaq üzrə ixtisaslaşıb. Qrup qəza baş verən andan onun araşdırılması ilə məşğuldur.

Hələ 2014-cü ildə qrup iyulun 17-də rusiyameylli separatçıların nəzarətində olan ərazilərdə bir "Buk" raket sisteminin aşkar edildiyi barədə məlumat yaymışdı. Məlumatda deyilirdi ki, raket sistemi Kursk yaınlığında yerləşən 53-cü Antihava Briqadasından olan hərbi konvoya aiddir.

Rəsmi təhqiqatla məşğul olan holland prokurorlar yanvarın 4-də deyiblər ki, onlar qrupun araşdırmasını ciddi şəkildə öyrənəcəklər.

Niderland prokurorluğunun apardığı istintaqın nəticələrinin bu il ərzində elan ediləcəyi gözlənilir.

Niderlandın Təhlükəsizlik Şurasının apardığı təhqiqatın oktyabrda açıqlanmış nəticələrində Boeing 777-nin separatçıların nəzarətində olan ərazilərdə və məhz "Buk" raketi ilə vurulduğu qeyd olunmuşdu.

Rusiya 2014-cü ildə müharibənin başlanmasından bəri Şərqi Ukraynaya hər hansı qoşun, yaxud silah göndərdiyini təkzib edir və sözügedən təyyarənin vurulmasına görə Kiyevi günahlandırır.

Separatçı "Donetsk Xalq Respublikası" da heç vaxt "Buk" raketlərinə malik olmadığını iddia edir və təyyarənin vurulduğu zaman ərazidə "Buk" sisteminin işlədiyini sübut edən dəlilləri rədd edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG