Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:26

-

«Bir də görürsən tutuldu, iy basdı aləmi... Bir gün mənim ərim düşür lyuka, bir gün o birinin oğlu, təmizləyirlər. Xətlər köhnədir, çürük-çürükdür, nəcis aşır-daşır... Biz burda insan həyatı sürmürük».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Sumqayıt şəhəri, Sülh küçəsi 76-cı məhəllədə yerləşən yataqxananın sakini Qərənfil Hacıyeva deyir. O, 40 ildən çoxdur yaşadığı yataqxananın sonuncu dəfə təmirini belə xatırlayır:

«DİVARLARIMDA GÖBƏLƏK BİTİR»

«70-ci illərdə təmir olunub. Yadımdadır, təmirdən sonra komissiya gəldi, binaya baxış keçirdi, hətta bizim fikrimizi də öyrəndilər. Təsəvvür edin ki, hələ təmir işləri aparılanda mühəndisdən tutmuş rəngsaza qədər gəlib bizdən fikrimizi öyrənirdilər ki, mətbəxi necə görmək istəyirik, hamam-tualet necə olsun... Deyirdilər, «biz işimizi görüb gedəcəyik, burada siz yaşayacaqsınız, sizin üçün necə rahatdırsa, elə də edək». Deməyim odur ki, bizi adam yerinə qoyurdular. İndi qapılarına gedirsən ki, divarlarımda göbələk bitir, kanalizasiyam aşıb-daşır, deyirlər, «get təmizlə də»...».

Yataqxana sakini deyir, döymədikləri qapı qalmayıb. Bütün qapılardan da vəsait yoxluğunu səbəb gətirib onları geri qaytarıblar.

Bina sakini Məlahət Babayeva deyir, bina qəzalı vəziyyət kimi çoxdan siyahıya düşüb.

«Qəzalı kimi qeydiyyatdadır. Fövqəladə Hallar Nazirliyinin işçiləri də gəlib baxış keçiriblər. Özləri də etiraf ediblər ki, bu bina insan həyatı üçün təhlükəlidir. Evlərə baxsanız, divarlar yosun bağlayır, göbələk bitir. Hamımız sağlamlığımızı itirə-itirə gedirik. Gecə «Allaha pənah» deyib yatırıq. Ya durarıq, ya durmarıq...».

QIŞDA YEKƏ SİÇOVULLAR OYLAĞI

Binada vaxtında təmir işlərinin aparılmaması divarlarda dərin çatlar yaradıb. Pilləkənlər də ayaq altından qaçır. Zirzəmi qrunt suları ilə doludur. Sakinlər deyir, bina qışda yekə siçovulların, yayda milçəklərin, ağcaqanadların oylağına çevrilir. Mətbəx və otaqlarda tarakanlarla mübarizə isə faydasızdır.

Sumqayıt şəhər İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, qurumun müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçiriblər və qəzalı siyahısına salıblar. Binada təmir-bərpa işləri qaçılmazdır. Müvafiq təşkilatlara məktublar göndərilib. Nə vaxt vəsait ayrılsa, onda da təmir işlərinə başlanılacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG