Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:20

-

Medianın başlıca mövzusu yenə devalvasiya və onun yaratdığı fəsadlardır.

«QAYÇILANMA» HARADA OLA BİLƏR?

«Azadlıq» cavab axtarır: «Devalvasiya ilə əlaqədar büdcədə hansı sahələr «qayçılanacaq?»

Qəzet yazır ki, ikinci devalvasiya büdcəyə yenidən baxılmasını zəruri edib: «Maraqlıdır, 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılsa, bu, hansı sahələri əhatə edəcək? «Qayçılanma» harada ola bilər? Bir-birini təkrarlayan strukturlar, komitələr, istintaq orqanları yenə də ixtisardan kənarda qalacaqmı?».

Qəzetin suallarını cavablandıran iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, büdcədəki bəzi maddələr müdafiə olunan maddələrdir və tamamilə sosial məsələlərlə əlaqədardır. Yəni, əməkhaqqı, pensiya, müavinətlər, pulsuz dərmanların alınıb paylanması, xarici borcun qaytarılması kimi maddələrə toxunulmayacaq. «Yəqin ki, investisiya sahəsinə yenidən baxılacaq. Bəzi layihələri növbəti illərə keçirmək mümkündür. Həmçinin idarəetmədə də hansısa ixtisarlar ola bilər. Nəqliyyat Nazirliyinin bütün səlahiyyətləri əlindən alınıb. Lazım gəlsə, həmin nazirliyi, bu kimi qurumların ləğvi ilə hansısa xərcləri azaltmaq olar», - Oqtay Haqverdiyev bildirib.

Nazirlər Kabinetinin iclası.

Nazirlər Kabinetinin iclası.

HÖKUMƏT ANTİBÖHRAN PROQRAMINA KEÇDİ

Mövzunu «Yeni Müsavat» davam etdirir: «Hökumət antiböhran proqramına keçdi - ixtisarlar başladı».

Qəzet yazır ki, prezident İlham Əliyevin tapşırığı əsasında hazırda hökumət büdcəyə yenidən baxır və bəzi sahələrdə xərclərin ixtisarını nəzərdə tutur:

«Məlumatlara görə, bu il hökumət qarşısında dayanan ən vacib məsələ neft bumundan sonrakı dövrə daha çevik və mobil idarəetmə strukturları formalaşdırmaqdır. Gözlənilir ki, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək».

Qəzet Gömrük Komitəsinin ləğv edilərək səlahiyyətlərinin bir qisminin «ASAN xidmət» və Vergilər Nazirliyinə veriləcəyini yazır:

«Ehtimal var ki, Kənd Təsərrüfatı Nazirliyi də ləğv edilsin, səlahiyyətləri İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülsün. Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi nəzərdən keçirilir.

Böyük ehtimalla Gənclər və İdman Nazirliyi də ləğv ediləcək və səlahiyyətləri bölüşdürüləcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin başqa qurumlara verilməsi nəzərdə tutulur.

Diasporla İş üzrə Dövlət Komitəsinin XİN-ə birləşdiriləcəyi gözlənilir. Xarici İşlər Nazirliyi xərclərə qənaət edilməsi üçün Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və ticarət ofislərinin bağlanması prosesinə start verib».

Hikmət Hacıyev

Hikmət Hacıyev

HEÇ BİR SƏFİRLİK BAĞLANMAYACAQ

«Azərbaycan» qəzeti isə XİN-lə bağlı məlumatın doğru olmadığını yazır: «Bəzi media orqanlarında guya bağlanacaq diplomatik nümayəndəliklərin təqdim olunan siyahısı obyektivlikdən kənardır və qeyri-ciddidir».

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, yoxlanılmamış xəbərlərin yayılması Azərbaycanın uzun müddət ərzində digər dövlətlərlə qurduğu diplomatik əlaqələrinə xələl gətirə bilər.

O bildirib ki, ilk növbədə bu məsələdə yekun qərar qəbul edilməyib: «Bu barədə qərarların qəbulu diplomatik münasibətlərdə qarşılıqlılıq və siyasi yanaşmalar da daxil olmaqla ciddi və dəqiq şəkildə nəzərdən keçirmə tələb edir. Hazırda hökumət tərəfindən bu məsələyə ciddi şəkildə baxılır. İkincisi, burada bilavasitə səfirliklərin bağlanması müzakirə mövzusu deyil. Xərclərə qənaət və işin rasionallaşdırılması məqsədilə diplomatik nümayəndəliklərin fəaliyyətinin mövcud reallığa uyğunlaşdırılması və ya ştat vahidlərinin azaldılması kimi məsələlər nəzərdən keçirilir. O ki qaldı fəxri konsulluqlara, bu, gülüncdür. Xarici siyasətdən və diplomatiyadan xəbəri olan hər kəs bilir ki, fəxri konsullar özləri öz xərclərini ödəyir və dövlət büdcəsindən onların saxlanması üçün heç bir vəsait ayrılmır».

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

XƏSTƏXANALARIN ÖZƏLLƏŞDİRİLMƏSİ NƏ VƏD EDİR?

«Düşünürəm ki, dövlət müəssisələrinin özəlləşdirilməsi vətəndaşlar üçün birmənalı olaraq faydalı olacaq».

Bu sözləri axar.az-a hüquqşünas Ələsgər Məmmədli deyib.

Onun fikrincə, bu qərar büdcənin üzərində olan izafi xərclərin azalmasına səbəb olacaq:

«Dövlət tibb müəssisələrinin əhəmiyyətli bir hissəsinin özəlləşdirilməsi büdcədə əlavə vergi yığımına səbəb olacaq. Bu təklifə əsasən, daha az xərclə, daha keyfiyyətli fəaliyyət göstərmək mümkündür. Düşünürəm ki, bu, şişirdilmiş xərclərin maksimum azalmasına səbəb olacaq».

Ekspert dövlət tibb müəssisələrinin özəlləşdirilməsinin mənfi tərəflərindən də danışıb: «Dövlət tibb müəssisələrinin özəlləşdirilməsi zamanı monopoliyanın yaranmasına diqqət etmək lazımdır. Əgər belə olarsa, bu, böyük fəsadlar yarada bilər. Bunun yaranmaması üçün özəl tibb müəssisələrinə vahid qiymət tərtib etmək lazımdır».

Baş nazirinin müavini Əli Əhmədov Trend-ə müsahibəsində ölkədə dövlət tibb müəssisələrinin əhəmiyyətli bir hissəsinin özəlləşdirilə biləcəyini deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG