Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:10

Ziyan yoxdur, bir dəfə də oğlan olar (Sovet Azərbaycanından bir hekayə)


Fazil Muradlı
Fazil Muradlı

-

"Cəfər yersiz söhbəti kəsmək üçün ikinci dolu stəkanı da başına çəkdi."

Fazil Muradlı

TƏSƏLLİ

Cəfər yenicə aldığı kresloda mürgüləyir, arabir otaqda ağır-ağır hərəkət edən arvadını gözaltı müşahidə edirdi. Gənc qadın hamilə idi. Bütün əlamətlərindən hiss olunurdu ki, lap yaxınlarda Cəfəri ata etməyə hazırlaşır.

Sifəti vüqarlı və ciddi görünürdü. «Qadına hamiləlik yaraşır» –görəsən, harada oxumuşam? - deyə Cəfər, Nazim Hikmətin şeir kitabını tapıb vərəqlədi və sərin-sərin oxudu:

…Arvadın qarnı burnunda.

Müqəddəs yükünü aparır nazlı-nazlı.

Yaxşı deyilib! Doğrudan da nazlı-nazlı… Ancaq məhəllədə gəzmək vaxtı deyəsən, keçib. Görəsən, oğlandır ya qız? Qız olsa nə böyük səadət olar! Hamıdan çox da anam sevinər. Axı onun qızı olmayıb. Beş oğul böyütmək yəqin ki, asan iş deyil. Bir qızı olsaydı, əlbəttə, belə tez qocalmazdı. Biz də bacısız olmuşuq. Çox təəssüf! Deyirlər, bacı canıyanan olur. Kaş qızımız ola!

Yaxşı, bəs adını nə qoyarıq? Qızın adı gərək gözəl olsun, ay…ay…mütləq ay sözü olmalıdır. Qoy qızımız ay kimi olsun – aydın, təmiz, mülayim… Aygün, Aytən, Aynur, Aybəniz, ..Aygün, ..Aygün, ay…ay…gün…

Cəfəri kresloda bərk yuxu tutmuşdu. Oyananda otaqda səs-küy eşitdi. Həyətdə təcili yardım karetası dayanmışdı, deməli, vaxt çatmışdı.

Hazırlıq çox çəkmədi. Ana gəlinin qolundan tutub maşına sarı apardı. Cəfər bir qədər çaşqınlaşmışdı. O, təşəkkür dolu gözlərilə anasına və tibb işçilərinə baxırdı.

Britaniya şahzadəsi Uilyamın yeni doğulmuş qızı. May, 2015
Britaniya şahzadəsi Uilyamın yeni doğulmuş qızı. May, 2015

Maşın həyətdən çıxan kimi Cəfəri həyəcan götürdü, narahat fikirlər onu üzməyə başladı. Yaxşı ki, gecə növbəsinə getmək lazım idi, heç olmasa başı işlə qarışardı.

Lakin Cəfər işləyə bilmədi, o, bütün gecəni telefon dəstəyindən yapışıb qaldı. Səhər evə qayıdanda Cəfər hamını sevinən gördü, bütün həyətdəkilərin üzündə xoş təbəssüm var idi:

- Cəfər, muştuluq mənimdir!

- Cəfər, qızın maral kimidir!

- Gözləri səninkidir!

- Gözün aydın, Cəfər, böyük qız olsun!

- Şükür,salamatlıqla qurtardı!

- Qızın adını mən qoyacağam!!!..

Cəfərin ürəyi fərəhlə dolmuşdu. O, sevincindən bilmirdi nə etsin. Adəti üzrə gecə növbəsindən qayıdanda Cəfər bir-iki saat yatıb dincəlirdi. Lakin indi o, sakit ola bilmədi, sevincini bölüşmək üçün tələsik yemək yeyib, küçəyə çıxdı.

Tindəki körpüyə çatanda Qızbəs xalaya rast gəldi. Qadın tövşüyə-tövşüyə iri yapalaq gözlərini Cəfərə zilləyib soruşdu:

- Deyirlər, qızın olub, eləmi?

- Bəli, – deyə Cəfər fərəhlə cavab verdi.

- Ziyan yoxdur, bir dəfə də oğlan olar.

- Qızbəs xala, biz elə özümüz qız istəyirdik!

- Bax elə bala, özünü sındırma, dost var, düşmən var, kim soruşsa elə de…

Cəfər daha qulaq asmayıb ötüb keçdi, Qızbəs xala onsuz da yerli-yersiz danışan, sözbaz qadın idi…

Çayxananın qabağında Cəfər Gülməmməd kişi ilə qarşılaşdı.

- Cəfər, deyirlər qızın olub?

- Bəli,–deyə Cəfər sakitcə cavab verdi.

- Burnunu niyə sallamısan? Qocalmamısan ki, hələ oğlun da, qızın da olacaq…

- Gülməmməd dayı, mən elə özüm qız arzulayırdım, burnumu sallamıram.

- Bir qız pis deyil, ikincisini arzulama.

Söhbətə Cəfərin tanımadığı bir nəfər də qarışdı:

- Vallah, indiki zamanda qız oğlandan yaxşıdır. Mənim bir oğlum var, boynu sınsın. Qızımı yüz oğlana da dəyişmərəm. Heç kefini pozma!

Cəfər birtəhər yaxasını qurtarıb şəhərin mərkəzinə getdi. Yeməkxananın qarşısında keçmiş iş yoldaşları Canəli və Baladadaşa rast gəldi. Onlar deyəsən, bir qədər içmişdilər. Cəfərin qolundan tutub yeməkxanaya sarı sürüdülər.

- Gedək qızımızın sağlığını bir qeyd edək, mütləq oturmalıyıq, sən öləsən, əl çəkən deyilik!

Cəfər nə qədər dartındısa olmadı.

- Cəfər, bunu içirik liçni sənin sağlığına, – Canəli qalın çay stəkanını ağzına qədər araqla doldurdu, – mənim qızım olanda ev başıma hərləndi. Sən öləsən, qız bir şey deyil, ancaq fikir eləmə, hamısı yenə övladdır, vecinə də alma…

Baladadaş öz növbəsində təsəlli verməyə başladı:

- Cəfər, mən də içirəm liçni sənin sağlığına, mənim də üç qızım var, atama lənət, üç oğula vermərəm, qız oğlandan da yaxşıdır. Birinci qızım olanda, Canəli bilir…pərt olmuşdum, sənin kimi. Ancaq o gün qızım Fəridə dərs danışıb, Canəli, o müəllimin adı nədir?l…

Cəfər yersiz söhbəti kəsmək üçün ikinci dolu stəkanı da başına çəkdi.

O, evə gəldiyini sonralar xatırlamırdı. Bircə onu hiss etdi ki, çəkmələrini kimsə çıxardır. Pencəyini anası soyunduranda «qoy rədd olsun» deyib, o biri üzünə çevrildi.

Başı bərk hərlənirdi. Ev sakinləri Cəfəri belə sərxoş görməmişdilər, ona görə arası kəsilmədən təsəli verirdilər. Lakin Cəfərin təsəliyə ehtiyacı yox idi. O, sevimli qızı ilə şirin-şirin söhbət edirdi. Cəfərin hələ bir ay əvvəl adığı əlvan lentlər qızcığazın saçlarını bahar çiçəkləri kimi bəzəmişdi. Cəfər qızının saçlarını oxşayırdı. O, yuxu görürdü…

XS
SM
MD
LG