Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:41

"Yağış yağdığını görmək üçün meteoroloq olmağa ehtiyac yoxdur"


Maksim Kantor

Maksim Kantor

-

Bu yazısında müəllif Moskvanın (həmçinin Bakının) hazırkı arxitekturasının Avropa şəhərlərinin arxitekturasından fərqli olaraq, cəmiyyətə qeyri-bərabərlik aşıladığını iddia edir.

Maksim Kantor

(çağdaş rus rəssam, yazıçı, publisist)

Qeyri-bərabərlik layihəsi

Başqa incəsənət sahələrindən fərqli olaraq, arxitekturada, diletantların rəyi peşəkarların rəyindən daha vacib hesab olunur. Ona görə ki, arxitekturanın yaratdığı aləmdə insanlar yaşayır, insanlarınsa yaşadıqları yer haqqında öz fikirlərinin, öz rəylərinin olmasına haqqı çatır. O məkanı tikənlərin deyil, o məkanda yaşayan adamların fikri qiymətlidir.

Adamlara demək olmaz ki: siz başa düşmürsüz, bu yer, bu bina, bu quruluş yaxşıdır. Demək olar, amma bu, siyasətçilərin vətəndaşlara əslində siz “daha yaxşı və xoşbəxt yaşayırsız” deməsinə bənzəyəcək. Belə sözlə həyat yaxşılaşan deyil ki.

Beləcə, Putinin hakimiyyəti altında yaşamağın yaxşı olub-olmadığını bilmək istəyirsizsə, nazirliklərin məmurlarından yox, komada yaşayan nənədən soruşun.

Moskva arxitekturasıyla maraqlanırsınızsa, Rem Koolhaas’dan (arxitektura nəzəriyyəçisi, tanınmış holland arxitektoru - tərc.) yox, moskvalılardan soruşun.

Şəkli bəyənməsən, üzünü əks tərəfə çevirərsən, kitabı istəməsən, açmazsan, musiqini byənməsən, qulaq asmazsan, – amma insanlar evdə yaşamaya bilməzlər, küçəylə getməyə və onun haqqında fikir yürütməyə bilməzlər axı.

İnsanlar arxitektura haqda danışmağa, fikir yürütməyə məhkumdurlar. Biz meteoroloq olmasaq da, hava haqqında danışırıq, yağış yağıb-yağmadığını başa düşürük. İqtisadçı olmasaq da, ərzağın bahalaşdığını başa düşürük. Onu da başa düşürük ki, şəhər eybəcərləşir, çoxumuz peşəkar arxitektor olmasaq da, bunu başa düşürük.

Bakıda bina

Bakıda bina

Arxitekturadan uzaq insanlar olan, amma şəhərdə yaşayan, onunla nəfəs alan anamın, arvadımın mülahizələri həmişə dəqiq olub.

Onların mülahizələrinə nə korporativ əxlaq, nə iş həmrəyliyi, nə də başqa bir şey təsir göstərir.

Mənim fikrimlə heç kəs qatıq ölçməsə də, icazə verin, deyim ki:

Beş nəsildir, moskvalıyam. Şəhərimi başdan-başa, gecə-gündüz bulvarlarını, damlarını, hələ açılmamış kilsələrinin çardaqlarını gəzmişəm; kommunal evlərdə də yaşamışam, mənzillərdə kirayə də qalmışam, beş mənzil dəyişmişəm, qohumlarım bütün şəhərə səpələnib... Eyvanları uçulmuş evlər də görmüşəm, çürümüş modern memarlıq dövrünü də görmüşəm, Brejnevin xruşovkalarının tikilməsini də, SK-nın kərpic baraklarının ortaya çıxmasına da şahid olmuşam. Şəhər mənimdir, bilirəm nədən danışıram.

Beləliklə, öz şəhərimi daha sevmirəm. Şəhər artıq nəinki gözəl deyil, hətta eybəcərdir.

Moskva bir vaxtlar gözəl və özəl şəhər idi, həm yaşamaq üçün, həm gəzib-dolaşmaq üçün rahat idi.

Moskvada veyillənmək adama xoş gəlirdi, gəncli, qocalı «иду-шагаю по Москве» deyirdik. Moskvada bu gün Parisdə, Berlində, Barselonada, Londonda olduğu kimi gəzirdilər.

Gəzmək xoş olurdu – futbol meydançaları, uşaq oyun meydançaları, kvartalların yaşlıları üçün vaxt keçirməyə “besedka”ları vardı.

Kropotkinskinin içəri həyətlərində alma bağları yadımdadı. Az gözəgəlimli Voykovski rayonunun həyətlərində domino vurardılar, oğlanlar çərpələng uçurardılar, mərkəz isə isti və canlı idi.

Moskva yaşamaq üçün dözülməz olub. Belə qısa müddətdə milyonlarla insanın yaşayış mühitini effektiv surətdə dağıtmağın mümkünlüyünə inanmaq çətindir.

25 ilə proqressiv insanlıq və arxitektorlar yığışıb, Moskvanı öldürdülər. Guya yaxşı eləmək istəyirdilər. Amma pis elədilər.

Maxim Kantorun rəsm əsəri

Maxim Kantorun rəsm əsəri

Moskvanı məqsədyönlü və sinik şəkildə öldürdülər. Şəhərdə daha sevilməli bir şey qalmayıb...

Bu dəqiqə Moskvadan aşağısəviyyəlilik fışqırır. Elə bil bordeldəsən, atelye direktorunun otağında qonaqsan. Vısotski yadınızdadır da nə deyirdi; «но это был директор ателье и не был засекреченный ракетчик».

Həmin “atelye direktoru” kollektiv sifarişçi qismində hər yanda qalib gəldi.

Bu kollektiv “atelye direktoru” və ya bank direktorlar şurasının məsləhətçisi – hakimiyyətin və çarın zövqündən də çox hakim oldu...

Hər kəsin ləyaqəti ilk növbədə qonşunu incitməməkdir. Avropa şəhərləri belə bərabərlik harmoniyası üzərində qurulub.

Axı biz kazarma, barak tikmirik, biz açıq cəmiyyət qururuq, biz Karl Popperin ardınca gedirik. İctimaiyyətin “gözəl” anlayışından imtina etməklə biz azadlıqsevər diskursa tüpürürük.

Niyə belə oldu?

Maksim Kantor və onun "Əjdaha" əsəri

Maksim Kantor və onun "Əjdaha" əsəri

Şəhər ilk növbədə bərabərlikdir. Bərabərlik şəhəri şəhər edir. Şəhərdə evlərin tikilməsi tərzi bərabərliyin təsdiqidir.

Divar-divara, kürək-kürəyə, qapı-qapıya – Amsterdam, Paris, London, Berlin, Barselonada, qabaqcıl şəhərlərdə evləri məhz belə tikirlər. Hər kəsin ləyaqəti ilk növbədə qonşunu incitməməkdir. Avropa şəhərləri bərabərlik harmoniyası üzərində qurulub.

Parisin şanlı damlarına, Londonun qırmızıkərpic evlərinə baxanda cəmiyyətin birliyi haqda təəssürat alırsan...

Bizdə isə qeyri-bərabərlik layihəsi və onun üzərində şəhər qurdular. Qeyri-bərabərliksə insanlara uzun müddət birlikdə yaşamağa imkan verməyəcək.

Davamı burada

Günün bütün mövzuları

XS
SM
MD
LG