Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:23

-

33 yaşlı fermer Aramayis Avakian-ın qohumları onun işgəncəyə məruz qaldığını iddia edirlər.

«Bəlkə də ərimi istintaq zamanı öldürüblər. Onlar gətirdiyim yemək və dərmanları götürmürlər», – AzadlıqRadiosunun özbək xidmətinə Avakian-ın həyat yoldaşı Shirin Tursunova belə deyib.

Cizak vilayətinin hüquq-mühafizə orqanlarında çalışan qaynaq AzadlıqRadiosuna Avakian-ın sağ olduğunu, ancaq stuldan yıxılaraq zədələndiyini bildirib. Eyni qaynaq onu da deyib ki, Aramayis Avakian-la dörd havadarı Özbəkistan Cinayət Məcəlləsinin «Konstitusiya quruluşuna qəsd» və «Dini ekstremist, separatist, fundamentalist və başqa yasaqlanmış təşkilatların yaradılması, onlara rəhbərlik edilməsi və onlarda iştirak» maddələri ilə ittiham olunurlar. Avakian-a qarşı «oğurluq» maddəsi üzrə də ittiham irəli sürülüb. İstintaqın dekabrın 7-də bitdiyi, saxlanan şəxslərin məhkəməni gözlədikləri bildirilir.

Qaynağın sözlərinə görə, saxlanmış şəxslərin, özəlliklə Aramayis Avakian-ın İŞİD-ə meylli olması onun mobil telefonundakı SMS -lərdən üzə çıxıb. Avakian-ın saqqal buraxaraq İŞİD-ə müsbət münasibət ifadə etməsi də deyilir.

XRİSTIAN, YOXSA MÜSƏLMAN?

Shirin Tursunova isə ərinin qurama ittihamlarla həbsdə saxlandığını söyləyir:

«Ərim xristian idi. O, heç «amin» sözünü də müsəlmansayağı deyə bilmirdi. İndi onu şərləyərək islamçı ekstremist kimi qələmə vermək istəyirlər. Saqqala gəlincə, ermənilərdə adət var: yaxın adamları öləndə onun qırxı çıxanadək saqqallarını qırxmırlar. Ərimin kiçik qardaşı və babası öləndə, o, üzünü qırxmırdı».

Ancaq müstəntiqə yaxın mənbənin sözlərinə görə, Shirin-in Aramayis-lə kəbinini kəsən imam (sünni təriqətində mollaya imam deyilir – red.) Avakian-a qarşı ifadə verərkən, erməninin evliliyə görə İslamı qəbul etdiyini deyib.

Shirin Tursunova isə həmin imamın iki il əvvəl öldüyünü, eyni sözlərin ittiham aktında yazıldığını, ancaq imamın adından deyil, onun adından təqdim edildiyini bildirib.

SMS

Avakian və digərlərinin günahına əsas sübut kimi onların guya cihada getməsi barədə SMS-lər göstərilir.

Hazırda Kanadada mühacirətdə olan, əvvəllər erməni fermerin işi barədə məqalələr yazmış özbək jurnalisti Ulugbek Khaidarov deyir ki, cihad barədə SMS-ləri Özbəkistanın Milli Təhlükəsizlik Xidməti (MTX) göndərib.

Onun sözlərinə görə, Avakian və dostları yoxa çıxandan bir neçə gün sonra oğlanlardan birinin telefonuna belə bir SMS gəlib: «Biz Qazaxıstandayıq. Buradan cihada gedəcəyik. Bizdən inciməyin». Amma ailələri bu mesaja inanmayıb, onları axtarmağa davam ediblər. Yalnız 40 gün axtarışın ardından - oktyabrın 14-də məlum olub ki, yoxa çıxanların hamısı MTX vilayət şöbəsinin istintaq təcridxanasında saxlanırlar.

Daha bir müddətdən sonra həmin şəxslərin qohumlarına müstəntiqdən bildiriş gəlib. Bildirişdə bu sözlər yazılıbmış: «Sizin uşağınız sentyabrın 4-də saxlanıb».

Ardındanməlum olub ki, cihad barədə SMS-lər sentyabrın 5-də göndərilib. Ulugbek Khaidarov əmindir ki, SMS-ləri onların telefonlarından MTX işçiləri göndərib:

«Axı milis niyə... 40 gün boyunca və onların ailələri ilə birgə itmiş oğlanları axtarıb? Necə olub ki, oğlanlar Cizakın istintaq təcridxanasında saxlana-saxlana, Qazaxıstan nömrəsindən cihada gedəcəkləri barədə SMS göndərə biliblər?».

MƏHKƏMƏSİZ

Həbs edilənlərin məhkəməsi başlamasa da, yaşadıqları məhəllədə onların yaxınları ictimai qınaqla üzləşiblər. Məhəllə sədri Aramayis Avakian-ı «İŞİD-çi və terrorçu» adlandırıb.

Yığıncağa qatılan Shirin Tursunova ərinə qarşı ittihamları rədd etmək istərkən, məhəllə ağsaqqalları ona imkan verməyiblər.

Jurnalist Ulugbek Khaidarov məhəllə toplantısında iştirak etmiş yerli sakinlərdən biriylə telefonla danışa bilib.

Aramayis Avakian-ın arvadı deyir ki, bir yaşındakı qızıyla hər gün Cizak vilayətinin MTX şöbəsinə getsə də, əməkdaşlar ona əriylə görüşməyə icazə vermirlər. Tursunova-nın sözlərinə görə, əriylə görüşə bilən vəkil ona həbsxanadan pis xəbərlər gətirib. Deyib ki, Avakian axsayır və bədəni qançırlar örtüb. «Əsas odur ki, o sağdır»,- deyə Tursunova sözünü tamamlayıb.

BALIQ TƏSƏRRÜFATI

Avakian-ın arvadının fikrincə, Paxtakor rayonundakı balıq təsərrüfatı ucbatından ərinin yerli hakimiyyət orqanları ilə münaqişəsi başlanıb.

Erməni fermerin yaxınları deyirlər ki, o bu təsərrüfatı yaradandan iki il sonra işləri çox yaxşı gedib və iki süni su hövzəsində 70-80 ton balıq yetişdirilib. Avakian bu balığı satmağa çalışanda, onun yerli icra hakimi ilə münaqişəsi törənib.

Ulugbek Khaidarov-un sözlərinə görə, Paxtakor rayonunun icra başçısı su hövzələrindən birini öz yaxınları üçün ələ keçirmək istəyirmiş: «İcra hakiminin Avakian-la söhbəti dava ilə bitib. Adamlar onun Avakian-a «Mən səni zindana atdıracağam!» deyə qışqırdığını eşidiblər...».

Günün bütün mövzuları

XS
SM
MD
LG