Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:17

Səudiyyə-İran gərginliyi: neft bahalanır


Neft buruqları.
Neft buruqları.

-

Əsas neft istehsalçılarından olan Səudiyyə Ərəbistanı ilə İranın münasibətləri pisləşdikcə, neftin qiyməti qalxır. Səudiyyə Tehrandakı səfirliyinin yandırılmasına cavab olaraq bazar günü İranla diplomatik münasibətləri kəsib. Gərginlik isə Ər-Riyadda tanınmış şiə ruhanisinin edamından başlayıb.

«Reuters» agentliyi xəbər verir ki, bazar ertəsi «Brent» markalı neft 1 dollardan çox bahalanıb, barreli 38.50 dollara bərabərləşib. Qərbi Texas nefti isə (WTI) 77 sent, yaxud 2.08 faiz bahalanıb və barreli 37.81 dollar olub.

Neft treyderləri məhz Səudiyyə ilə İran arasındakı böhranın qiymətlərin qalxmasına səbəb olduğunu bildirir. Bu arada İran sanksiyalar qalxandan sonra neft ixracını da artıracağına ümid edir.

Ancaq «Reuters» xatırladır ki, bazar ertəsi artıma baxmayaraq, qiymətlər ötən ilin ortasından bəri 40 faizdən çox düşüb. OPEC, eləcə də Rusiya və Birləşmiş Ştatlar bazara gündəlik tələbdən 0.5-2 milyon barrel artıq neft vururlar.

«Alliance Bernstein» şirkəti bildirir ki, 2016-cı ildə bazarın yenidən balanslaşdırılacağını gözləyirlər, ancaq bu, yalnız ilin ikinci yarısında baş verə bilər. Şirkət «Brent» neftinin orta qiymətinin ötən ilki 53 dollardan bu il 50 dollara düşəcəyini, 2017-ci ildə 70, 2018-ci ildə 80 dollara qalxacağını gözləyir.

Hal-hazırda isə bazar aşırı təkliflə yüklənib. İran sanksiyalardan sonra gündəlik istehsalı 0.5-1 milyon barrel artırmağı planlaşdırır.

Tehranda Səudiyyə Ərəbistanının səfirliyi yandırıldı.
Tehranda Səudiyyə Ərəbistanının səfirliyi yandırıldı.

«TƏRƏFLƏR ESKALASİYAYA GEDİR»

«OPEC-in iki istehsalçısı arasında gərginliyin yüksəlməsi investorları narahat edir, çünki Səudiyyənin neft istehsalının əsas hissəsi Şərq vilayətindən gəlir ki, burada şiələr üstünlük təşkil edir». Bunu isə CNBC-ə «Bernstein» şirkətinin neft və qaz təhlilçisi Neil Beveridge deyib.

«Hazırda Səudiyyə günə 10 milyon barrel neft istehsal edir, İranın istehsalı isə günə 3 milyon barrelə yaxındır. Ona görə də təklifdə və ya daşınmada hər hansı potensial kəsilmə bazara ciddi təsir göstərəcək», - N.Beveridge sözlərinə əlavə edir.

IG şirkətinin bazar strateqi Evans Lucas isə xəbərdarlıq edir ki, Səudiyyə Ərəbistanı durumu daha da qəlizləşdirə, İranla münaqişənin nəticəsini önləmək üçün istehsalı artıra bilər. Neftin barrelinin 20 dollara düşməsi də «real variant»dır.

«Demokratikləşmə erasında siyasi İslam» kitabının müəllifi Kamran Bokhari-nin fikrincə, Yaxın Şərqin iki qoçunun mübahisəsi hələ çox qaynayacaq.

«Tərəflər eskalasiyaya gedir; gələcəkdə daha çox gərginləşmə görəcəyik», - Bokhari CNBC-ə söyləyir. Onun dediyinə görə, münaqişə Livana, Yəmənə, İraqa yayıla, nəticədə «İslam Dövləti» silahlı qruplaşması da Yaxın Şərqdə məzhəblərarası gərginliyi daha da qızışdıra bilər.

Səudiyyədə neft yatağı.
Səudiyyədə neft yatağı.

«Qərb indi hansı tərəfi dəstəkləmək kimi nəhəng dilemma qarşısındadır. Bu irimiqyaslı paradoksun hökumətlərə etik və iqtisadi təsiri olacaq», - Evans belə düşünür.

PHOTOSHOP, YA ƏSL GƏRGİNLİK?

quartz.com saytı da yazır ki, Səudiyyənin Şərq vilayətində zorakılıq başlasa, neftin qiymətinə birbaşa təsir göstərən amil olacaq. Bu ərazidə ən zəngin neft yataqları yerləşir, ölkənin şiə azlığı da əsasən burada yaşayır:

«Hələlik Şərq vilayətində narahatlıq barədə ciddi məlumat yoxdur. Bəzi yerli mənbələr yanvarın 2-də Qətif şəhərində küçə etirazları olduğunu, şəhərə xeyli sayda hökumət qüvvələri yerləşdirildiyini bildirir. Ancaq problem odur ki, bu məlumatlarda günorta vaxtı etirazlardan danışılır, fotolarda isə gecə görüntüləridir. Yəni «Photoshop» ehtimalı yaranır».

«Səudiyyə hər hansı etirazı sürətlə yatırdacaq. Ancaq sual odur ki, etirazları tamamilə nəzarətdə saxlaya biləcəklərmi?».

ABŞ-IN QAZANCI

«Qısa müddətdə gərginliyin artması neftin qiyməti üçün yaxşıdır, ancaq davamlı və uzunmüddətli reaksiya üçün bazarda təkliflə tələb arasında yenidən real balanslaşdırmaya ehtiyac var», - bunu «Nomura» şirkətinin neft və qaz tədqiqatları üzrə regional direktoru Gordon Kwan «The Wall Street Journal»a deyib.

«OPEC-in iki güclü üzvünün kəllə-kəlləyə gəlməsi o deməkdir ki, istehsalı tənzimləmək də çətin olacaq», - Fars Körfəzindəki ərəb ölkələrindən birinin rəsmisi söyləyib. «İndi nə plan təklif olunsa - əgər təklif olunsa - İran buna qarşı çıxacaq. Onlar üçün bu, artıq siyasi məsələdir».

«Münaqişə qalarsa və neftin qiyməti davamlı artarsa, Birləşmiş Ştatlar və Rusiya kimi bahalı istehsalçılar da istehsalı artırmağa həvəslənərlər. Üstəlik, alıcılar da nefti daha sabit yerdən almağa çalışarlar. Bu da ötən il xam neft ixracına 40 illik qadağanı götürmüş ABŞ üçün fayda deməkdir», - cənab Kwan belə düşünür.

XS
SM
MD
LG