Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:01

Qorxubilməz Navalny korrupsiya ilə daha amansız döyüşə başlayır


Alexei Navalny

Alexei Navalny

-

Gözləyə bilərdiniz ki, iki dəfə mühakimə edilib məhkum olunan, qardaşı qondarma ittihamlarla həbsə atılan, araşdırmaçı jurnalistlərin və siyasi fəalların cəzasızlıq şəraitində qətlə yetirildiyi bir ölkədə yaşayan biri çox da gözə görünmək istəməzdi.

Aleksei Navalny-dan başqa birini nəzərdə tutsaydınız, bəlkə də haqlı ola bilərdiniz.

«FIRILDAQÇILAR VƏ OĞRULAR PARTİYASI»

39 yaşlı hüquqşünas, bloqqer və keçmiş biznesmen çoxdan bəri Rusiya cəmiyyətini titrədir. O, Kreml partiyası olan Vahid Rusiyanı «fırıldaqçılar və oğrular partiyası» adlandırıb və 2011-12-ci illərdə misilsiz antihökumət küçə yürüşlərinin təşkilinə yardımçı olub.

Ancaq bir özəlliyi də istər ölkə içində, istərsə xaricdə ona diqqət çəkir: Antikorrupsiya Fondunun Vladimir Putin Rusiyasının yuxarı eşelonlarındakı korrupsiyaya dair təhqiqatları.

Navalny və komandası təkcə 2015-ci ildə bu təhqiqatların nəticələrini dərc edib:

Dövlətin inhisarında olan «Rusiya Dəmiryolları»na on il rəhbərlik dən və Putin-in müttəfiqi olan Vladimir Yakunin-in Moskva regionundakı malikanəsi. Yakunin sonradan vəzifəsini tərk edib;

Putin-in mətbuat katibi Dmitry Peskov-un biləyindəki 600 min dollarlıq lüks saat, eləcə də onun evliliksonrası bal ayını həftəsi 350 min avroya başa gələn nəhəng «Maltese Falcon» yaxtasında keçirməsi;

Müdafiə naziri Sergei Shoigu-nun Moskva civarlarında Paqoda üslubunda tikilmiş malikanəsi (sanskritdən tərcümədə «xəzinələr qülləsi», buddaya sitayiş edənlərdə «tapınaq yeri» mənasına gəlir – red.). Navalny və komandasının hesablamasına görə, malikanənin dəyəri 18 milyon dollardır. Bu malikanənin qeydiyyat məlumatları göstərib ki, Shoigu-nun qızı həmin mülkə 18 yaşında sahiblənib.

Yury Chaika

Yury Chaika

BAŞ PROKUROR HAQDA FİLMƏ MİLYONLAR BAXIB

Navalny-nın ən sonuncu «blokbaster təhqiqatı» Rusiya hakimiyyət nərdivanında yüksək pillə tutan şəxsi – baş prokuror Yury Chaika-nı hədəf götürüb.

Navalny-nın təhqiqatlarından birinə görə, Chaika-nın oğlu Rusiyada qanunsuz özəlləşdirilən müəssisə satışından əldə olunan vəsaiti Yunanıstanda lüks mehmanxana və İsveçrədə villa tikintisinə yatırıb. Təhqiqatın iddialarına görə, Chaika-nın başqa bir oğlu qanunsuz şəkildə tikinti və yenidənqurma tenderlərinin qalibi elan edilib.

43 dəqiqəlik film dekabrın 1-də YouTube saytına qoyulandan bəri ona 3.5 milyon baxış olub.

Chaika bu iddiaları başqalarının pulu hesabına özünə qarşı hücum adlandırıb və bu işdə amerikalı biznesmen William Browder-i ittiham edib. O, Browder-i korrupsiyanı faş edən hüquqşünasın ölümündə əli olan rusiyalılara Qərb hökumətlərini sanksiyalara qızışdırmaqda suçlayıb. Browder bu ittihamları rədd edib.

Navalny ilə əlaqə saxlamaq mümkün olmasa da, onun əsas təhqiqatçılarından Georgy Alburov deyib ki, qrup öz fəaliyyətini dayandırmaq niyyətində deyil:

«Gec, ya tez, biz yenə nələrisə qazıb çıxaracağıq. Bu gün Rusiyada o qədər korrupsiya var ki, heç kürəklə qazmağa da ehtiyac qalmır… Önünə dərhal Chaika kimi birisi çıxır». Alburov obzor.press internet saytına dekabrın 8-də verdiyi müsahibədə belə söyləyib.

Putin 2000-ci ildə hakimiyyətə gələndən bəri Rusiyada cinayətlərin, korrupsiya və başqa halların təhqiqatını aparan müstəqil qeyri-hökumət qurumlarının sayı kəskin azalıb. «Novaya Gazeta» korrupsiyanı araşdıran azsaylı medialardan biridir.

Boris Yeltsin və Vladimir Putin

Boris Yeltsin və Vladimir Putin

«KEÇMİŞ «KQB» ZABİTİNƏ BU MİQYASDA MEYDAN OXUNMAMIŞDI…»

Navalny öz fəaliyyətinə içəridən fəaliyyət göstərən gizli «tikan» kimi başlasa da, sonradan şübhəli bank köçürmələrini, mülkiyyət alqı-satqılarını və Rusiyanın bir sıra ifrat zəngin biznesmen və yüksəkvəzifəli rəsmilərinin qatıldığı şirkətlər vasitəsilə çirkli pulların yuyulması hallarını araşdırıb. Onun təhqiqat subyektləri arasında baş nazirin müavini Igor Shuvalov, milyarder maqnat Viktor Vekselberg və Rusiyanın ən yüksək cinayət axtarışı xəfiyyəsi – İstintaq Komitəsinin sədri Aleksandr Bastrykin də var.

Navalny siyasi səhnəyə 2011-ci ilin parlament seçkilərində iddia olunan saxtakarlıqlara və 2012-ci ildə Putin-in yenidən hakimiyyətə qayıtmasına qarşı on minlərlə insanın qatıldığı küçə etirazlarının təşkilinə kömək etməklə qədəm qoyub. O vaxtadək keçmiş DTK zabitinə bu miqyasda meydan oxunmamışdı. O, 2013-cü ildə Moskva meriyasının rəhbəri vəzifəsinə seçkidə Kremlin namizədinə qarşı yarışıb və 27 faiz səslə ikinci olub.

Navalny bir neçə dəfə həbs edilib, iki dəfə məhkum olunub və qardaşı Oleg hələ də həbsxanadadır. Navalny-nın tərəfdarları deyirlər ki, qardaşını onu buxovlamaq üçün həbsxanada «girov» saxlayırlar.

Bir çox Rusiya müşahidəçisi deyir ki, liberal siyasətçi Boris Nemtsov-un qətlindən sonra da Navalny-nın öz təhqiqatlarını davam etdirməsi özlüyündə heyrətamiz faktdır. Nemtsov-un ötən fevralda Kreml divarlarının iki yüz metrliyində qətlə yetirilməsi bütün ölkəni titrətmişdi.

«NEMTSOV-UN QƏTLİ BU İNAMA SON QOYDU»

«Nemtsov-un qətlindən əvvəl belə bir fikir geniş yayılmışdı ki, müəyyən səviyyədə toxunulmaz insanlar mövcuddur. Nemtsov və Navalny-nın da belə olduqları düşünülürdü. Lakin Nemtsov-un qətli bu inama son qoydu» -Ohayodakı Mayami Universitetinin professoru və «Putin-in kleptokratiyası: Rusiya kimindir?» kitabının müəllifi Karen Dawisha belə yazır və fikrini belə davam etdirir: «Elə sual verməkdən utanıram: Axı o, nədən hələ də sağdır? Bu, məni ilahi bir qüvvəyə inanmağa vadar edir».

Ancaq Karen Dawisha AzadlıqRadiosuna bunu da deyib ki, Navalny kimi fiqurlarla Kremlin münasibətlərinin dinamikası kənardan anlaşılmayacaq dərəcədə mürəkkəb ola bilər:

«Rejim, heç şübhəsiz, bilir ki, müəyyən əhəmiyyətli fiqurların itirilməsi, onun Qərbdəki statusunu pisləşdirə bilər».

Alexei Navalny-nın məhkəməsi

Alexei Navalny-nın məhkəməsi

Vaxtının çıx hissəsini Londonda keçirən sabiq sığorta rəsmisi və Navalny layihələrinin uzunmüddətli donoru Roman Borisovich deyir ki, Navalny-nın məşhurluğu onu Nemtsov kimi öldürülməkdən bir qədər qoruyur:

««Rejim dəyişikliyi» çox təhlükəli söz birləşməsidir, amma Navalny heç vaxt zorakı nümayiş və ya etirazlara çağırmayıb. İnqilab və silahlı üsyan kimi şeylər onun düşüncəsində yoxdur». O bu sözləri AzadlıqRadiosuna müsahibəsində dilə gətirib.

«Chaika» filminin yaratdığı fırtına hələ də səngiməyib. Guya filmə biganə qaldığını göstərən Kreml onun əhəmiyyətini azaltmağa çalışıb. Bu sənədli filmi heç bir Rusiya telekanalı göstərməyib. Ötən həftə həmin filmi internet mükafatı uğrunda müsabiqəyə salmış festival Mədəniyyət Nazirliyindən prokat qanununun pozulduğu barədə xəbərdarlıq alıb.

Mədəniyyət naziri Vladimir Medinsky bu filmin ilk kadrlarında görünür və Navalny onun Chaika-nın oğulları ilə əlaqələri barədə iddialar səsləndirir.

«RUSİYA YAVAŞ-YAVAŞ DƏYİŞİR…»

Borisovich-in AzadlıqRadiosuna dediklərindən: «Siz rejimin opponenti ola və rejimin korrupsiyasını müxtəlif yollarla faş edə bilərsiniz. Ancaq o, - bunu sadəlövhlük də saymaq olar, - hələ də hakimiyyətin dinc yolla dəyişdirilməsinə inanır və ümid edir ki, Rusiyada əhalinin yoxsullaşması ilə, rusiyalıların gözlərini açmaqla və cəmiyyətin xərçənginə çevrilmiş korrupsiyanı ifşa etməklə rejim dəyişikliyinə nail olmaq mümkündür».

Antikorrupsiya təşəbbüs qrupu «Transparency International» təşkilatının Rusiya nümayəndəsi Yelena Panfilova deyir ki, Navalny artıq çox şeylərə nail olub və Rusiya yavaş-yavaş dəyişir. O, AzadlıqRadiosunun rus xidmətinə müsahibəsində belə söyləyir:

«Burada söhbət korrupsiya ilə yalnız mübarizə xatirinə mübarizə aparmaqdan getmir. Bu, ölkənin xilas yoludur, çünki hər şey indiki kimi qalarsa, olub-bitənlər, geci-tezi, qansoranların özlərini də düşmək istəmədikləri dibsiz uçuruma yuvarlada bilər».

Şərhləri göstər

XS
SM
MD
LG