Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:48

-

Gürcüstan paytaxtının yaxınlığında yerləşən, azərbaycanlıların kompakt yaşadıqları Soğanlıq kəndində qətl hadisəsi baş verib. Soğanlıq (Poniçala) kənd sakini, 1992-ci il təvəllüdlü Fikrət Əhmədov bıçaqlanaraq öldürülüb.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin müftisi Ayvaz Mərdanovun APA-ya verdiyi məlumata görə, hadisəyə səbəb öldürülən gəncin Gürcüstan televiziyasına müsahibə verməsi olub.

Onun sözlərinə görə, Fikrət Əhmədov «İmedi» kanalına müsahibəsində son bir neçə ildə kənddə vəhhabilərin çoxaldığını bildirib: «Bundan xəbər tutan həmin kəndin sakini Ramin İsayev Fikrətlə görüşmək istədiyini bildirib. Onlar kənd orta məktəbinin yanında görüşüblər və aralarında mübahisə baş verib. Nəticədə Ramin İsayev Fikrət Əhmədovu bıçaqlayıb. Onlar yaxın dost olublar. Ramin əvvəllər şiə məzhəbinə qulluq edib, sonra vəhhabi radikal qrupuna qoşulub və onları təbliğ edib».

Ramin İsayev hadisəni törədəndən sonra qaçıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ayvaz Mərdanov deyir ki, Soğanlıq kəndinin sakinləri vəhhabiliyin kənddə təbliğinə qarşı dəfələrlə etiraz aksiyaları keçiriblər: «Vəhhabilər kənddə məscid tikməyə çalışıblar və kənd sakinləri buna etiraz olaraq məhkəməyə müraciət ediblər. Nəticədə məhkəmənin qərarı ilə tikinti dayandırılıb və vəhhabilər yarımçıq qalan tikilinin zirzəmisində fəaliyyətlərini davam etdiriblər».

Günün bütün mövzuları

XS
SM
MD
LG