Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:37

Juan Rulfo. Yazıçılıq - təxəyyül, sezgi və gözlə görülən həqiqətdən ibarətdir


Juan Rulfo

Juan Rulfo

-

Yazmaq sənəti


"Üzr istəyirəm, çox sadə şeylərdən danışıram."

"Etməkdə ən çox çətinlik çəkdiyim iş, yazarı, yəni özümü aradan götürmək olur."

"Ən əhəmiyyətlisi, idarəli olmaqdır; sözləri itirməmək, boşluğa yer verməmək. "

Xuan Rulfo

Yaradıcılıq səyi

(Meksika Dövlət Universitetində oxuduğu mühazirə)

Meksika yazıçısı Juan Rulfo'nun kitabı Azərbaycan dilində

Meksika yazıçısı Juan Rulfo'nun kitabı Azərbaycan dilində

Çox heyif ki, mənə heç vaxt hekayə danışan olmadı. Bizim yerlərdə insanlar qapalıdır, bəli, hər kəs yaddı bir-birinə.

Bizim insanlar hər axşam çamadanlarının üstündə oturub söhbət edir, bir-birinə hekayələr danışırlar. Amma elə ki, bir yad adam onlara yaxınlaşdı, ya susurlar, ya da söhbəti dəyişərək, havadan-sudan danışmağa başlayırlar: "Bu gün də çox buludlu hava…"

Beləcə, mən o möhtəşəm hekayələri eşitmək şansını əldə edə bilmədim. Buna görə də özümdən hekayələr uydurmaq gərək olduğuna inandım; düşünürəm ki, yazılı ədəbiyyatın əsaslarından biri uydurma, təxəyyüldür.

Biz yalançıyıq; hər bir yaradıcı yazar yalançıdır. Ədəbiyyat yalandır. Lakin gerçəyin yenidən yaradılması da yenə bu yalandan törəyir. Dolayısıyla, gerçəyi yenidən yaratmaq, yaradıcılığın əsas hissələrindən biridir.

Mən yaradıcılıqda üç təməl addım olduğunu düşünürəm: birincisi, şəxsi (xarakteri) yaratmaq, ikincisi, o şəxsin hərəkət edəcəyi mühiti yaratmaq, üçüncüsü də, o şəxsin danışacağı, özünü ifadə edəcəyi formanı yaratmaq.

Hekayə danışmaq üçün lazım olan hər şey, bu üç istinad nöqtəsindədir əslində.

Mən boş kağızdan, xüsusilə qələmdən qorxuram; yazılarımı əllə yazıram. İçindən keçdiyim prosesləri belə kütləvi yox, yalnız olduqca fərdi şəkildə açıqlaya bilərəm.

Yazmağa başladığım andan etibarən ilhama inanmamışam; əsla inanmamışam. Yazmaq çalışmaqdır; yazmağa başlamaq, yazarkən nə meydana çıxacağını görmək, səhifələri doldurmaq, sonrakı addımda nə olacağına dair ipucu verən sözün meydana çıxması...

Elə vaxtlar olur ki, beş, altı, bəzən on səhifə yazmağıma baxmayaraq, yaranmasını istədiyim xarakter hələ də yaranmır. Çünki həmin şəxs əslində yaşayır və gərək özbaşına hərəkət etsin. Birdən-birə meydana çıxır, inkişaf edir; sonra biri onu təqib edir, digəri ondan öndə gedir.

Xarakterin yarandığı ölçüdə, tanımadığınız, amma mövcudluğundan əmin olduğunuz yolları izləyərək, istəsəniz həqiqətə, istəsəniz də xəyala çatarsınız.

Həmçinin, danışıla bilən şeyləri yaratmaq mümkündür ki, bu da nəhayət, yaşanmış kimi görünən bir şey, yaşanmış ola biləcək bir şey, ya da yaşanmış ola biləcək, lakin heç vaxt yaşanmamış bir şey ola bilər.

Dolayısıyla, mənə görə, yaradıcılıq məsələsində əsas olan, insanın nə bildiyi, hansı yalanları söyləyəcəyidir; insan həqiqətin, bildiyi şeylərin həqiqətinin, gördüklərinin, eşitdiklərinin içinə girdikdə, etdiyi işin əslində keçmişi yazmaq, müsahibə olduğunu bilməlidir.

Çox vaxt yerlilərim gördüyüm işin hekayə yazmaq deyil, yalan danışmaq olduğuna, dediklərimin və yazdıqlarımın əslində qətiyyən yaşanmadığına görə məni tənqid edirlər. Bu, doğrudur. Təxəyyül mənim üçün hər şeydən əvvəl gəlir.

Bu təklik sizi bilmədiyiniz şeylərin kahini edir.

Bəhs etdiyim o üç addım arasında dolaşır təxəyyül.

Təxəyyül sonsuzdur, sərhədsizdir və sıxışdığı yerdə önünü açmaq lazımdır. Qapı var; keçib gedə biləcəyi qapı, şübhəsiz ki, var. Gərək sərbəst olsun, o qapıdan çıxıb gedə bilsin və həmin məqamda sezgi deyilən nəsnə ortaya çıxır; sezgi, insanı reallıqda yaşanmamış, amma mətndə yaşanmaqda olan şeylər düşünməyə sövq edir.

Xülasə, bu iş təxəyyül, sezgi və gözlə görülən həqiqətdən ibarətdir. Danışmaq istədiyiniz hekayə bunlarla ərəsəyə gəlir.

Bu iş təkbaşına görülür; ədəbiyyatda ortaqlıq işə yaramır. Bu təklik sizi bir növ, bilmədiyiniz şeylərin kahini edir, amma əslində insanı yaratmağa sövq edən şeyin, həmin şüursuz hal və sezgi olduğunu siz hələ bilmirsiniz.

Hesab edirəm ki, hər əhvalatın, danışılmaq istənən hər hekayənin mahiyyəti budur.

Bu nöqtədə əhəmiyyətli olan başqa bir xüsus da var: müəyyən mövzularda nəsə danışmaq istəmək. Çox yaxşı bilirik ki, bu üç mövzu xaricində başqa mövzu yoxdur: eşq, həyat və ölüm. Hə, başqa mövzu yoxdur.

Virgil'in "Aeneid" əsəri

Virgil'in "Aeneid" əsəri

Normal axın meydana gətirmək üçün də bu mövzuların necə ələ alınacağını, onlara necə forma veriləcəyini bilmək lazımdır.

Bu səbəbdən, Vergilidən bilmirəm kimə qədər, çinlilər, yaxud başqaları tərəfindən dəfələrlə işlənmiş mövzuları işlədiyimiz üçün, bu mövzulardan danışmağın başqa yollarını tapmaq lazımdır.

İstinad nöqtəsi axtarmaqdansa, mövzuya veriləcək formanın üstündə dayanmalı. Məncə, yazılı ədəbiyyat daxilində söz sahibi olan və əhvalatın diqqəti cəlb etməsini təmin edən şey - "yazı forması" da adlandırılan - formadır.

Hekayənin, yaxud kitabın çap edilməsi o deməkdir ki, o kitab öldü; yazar artıq onun haqqında düşünməyəcək. Bunun əksinə, kitab çap edilməzdən, tamamlanmazdan əvvəl həmin yazar, hekayəni ağılından bir an belə, çıxarmayacaq.

Təcrübə qazandıqca hekayəni tamamlamadığını, bəzi şeylərin əskik olduğunu dərk edəcək. Bax, elə o anda hekayəyə yenidən başlamaq lazımdır. Geri dönmək, səhvləri görmək, heç yerindən tərpənməmiş xarakterləri hiss etmək lazımdır.

Özümdən misal çəkəsi olsam, mən bu mərhələdə hekayədən özümü çıxarıram. Daxilində fərdi təcrübələrin olduğu, ya da avtobioqrafik xüsusiyyət daşıyan, eşitdiyim, ya da gördüyüm hekayələr danışmıram. Bir istinad nöqtəsi gərəkdirsə, onu daim arzulamalı və qurmalıyam. İşin sirri budur; ədəbi yaradıcılıq sirlidir.

Yazar, işə yaramayan bir xarakteri həyatda saxlamağa cəhd etdiyi an hər şey sona çatar.

Üzr istəyirəm, çox sadə şeylərdən danışıram. Çünki mənim təcrübəm bu istiqamətdə oldu. Olmayan nədənsə heç vaxt bəhs etməmişəm. Mənim əsas aldığım şeylər fəhmdən, sezgidən gəlir və sezginin içindən yazarın bilmədiyi şeylər çıxır.

Əvvəldə də dediyim kimi, məsələ mövzunu və şəxsi tapmaq, o adamın nə deyəcəyini və nə edəcəyini, necə meydana gələcəyini təyin etməkdir. Xarakter yazıçı tərəfindən məcbur edildiyi an dalana dirənir.

Etməkdə ən çox çətinlik çəkdiyim iş, yazarı, yəni özümü aradan götürmək olur. Mən həmin şəxslərə müdaxilə etmədən onların özbaşına hərəkət etmələrinə icazə verirəm. Çünki yalnız bu halda, işlədiyim mövzu və dərin düşüncələr içində sərbəstcə gəzişə bilirəm.

İnsan öz fikirlərini ortaya qoyacaq mərhələyə gəldiyi vaxt özünü filosof kimi hiss edir; əvvəl-axır başqasını öz inandığımıza inandırmaq, həyata, dünyaya, insanlığa dair düşüncəmizi başqasına mənimsətmək kimi bir məqsədimiz var. İnsan övladını hərəkətə gətirən şey budur, onsuz da.

Bax, bu mərhələyə çatdığı zaman, adam özünü təcrübəçi hesab edə bilir. Bir çox təcrübə-romanla tanışıq; yazılı əsərlər olan təcrübə-romanlar. Lakin, ümumiyyətlə, janrı təyin edən əslində əhvalatdır.

Doğrusu, mənə görə, əhvalat, romandan daha əhəmiyyətli bir janrdır, çünki əhvalatda az səhifədə çox şey danışmağa, xırdalamağa, özünə də istinad etməyə fikir cəmləşdirilir.

Əhvalatı hər şeydən üstün tuturam, romandan da, çünki roman sərbəstliyə açıqdır.

Bu məqamda hekayəçi bir az şairə bənzəyir; yaxşı şairə. Şair cilovları möhkəm tutmaq məcburiyyətindədir; işinə fikir verməyib yazmaq üçün yazmağa başlayarsa, sözlər elə ard-arda sıralanar və iş tamamilə uğursuzluğa düçar olar. Ən əhəmiyyətlisi, idarəli olmaqdır; sözləri itirməmək, boşluğa yer verməmək. Əhvalat belə bir incəliyə malikdir. Mən, əhvalatı hər şeydən üstün tuturam, romandan da, çünki roman sərbəstliyə açıqdır.

Romanın bütün növləri öz içində saxladığı deyilir; o, əhvalatı, teatrı yaxud dramı, fəlsəfi olub-olmamasından asılı olmayaraq, təcrübəni qanadları altına alır. Bunun əksinə, əhvalatda azaltma, naziltmə məqbuldur. Başqasının iki yüz səhifədə danışdığını bir neçə sözə sığdırmaq lazımdır.

İntellektual görəndə ona arxamı çevirirəm.

Mənim yaradıcılığa dair, yazılı ədəbiyyatın əsasına dair fikrim belədir.

Bu fikrin çox da parlaq olmadığını qəbul etmək lazımdır, lakin mən sizə bu an bu formadan ən sadə səviyyədə bəhs edirəm. Çünki mən intellektuallardan çəkinirəm və onlardan aralı dayanmağa çalışıram. İntellektual görəndə ona arxamı çevirirəm. Mənə görə, yazıçının içində ən az dərəcədə intellektual adam olmalıdır. Çünki yazıçının fikirləri başqa insanlara təsiri gərəkdirməməlidir, yazıçının düşüncələri başqa insanların etməsini istədiyi şeyləri etməsinə səbəb olmayacaq qədər fərdidir.

Bu nəticəyə varıldığında, bu nöqtəyə gəlindiyində - bunu "son" adlandıra bilərik - insan nəyisə bacardığını hiss edir.

Məlumdur ki, heç bir yazar hər düşündüyünü yazmır; düşüncəni yazıya köçürmək çox çətindir. Məncə, bunu heç kim etməyib, edə də bilməz; lakin bu da var ki, həyat inkişaf etdikcə yox olan çox şey vardır.

1980

Tərcümə edən: Malik Məmmədli

Günün bütün mövzuları

XS
SM
MD
LG