Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:31

Avropa ədəbiyyatında ilk dəfə qadın evi necə tərk edib


Henrik Ibsen
Henrik Ibsen

-

Səhnə yolka ilə açılır

Onlar yeni ildən hər şeyin necə yaxşı olacağı haqda danışırlar...


Henrik Ibsen'in "Bir kuklanın evi" (A Doll's House) üçpərdəli pyesi dünyanın ən çox səhnəyə qoyulmuş tamaşalarından biridir. İlk dəfə Kopenhagendə, Danimarka Krallıq Teatrında 1879-cu ilin dekabr ayında nümayiş etdirilib. Elə həmin ay da ilk dəfə nəşr edilib.

Bu pyes 19-cu əsr cəmiyyətinin evlilik normalarını bədii yolla tənqid etdiyinə görə zamanında çox böyük qalmaqal yaradıb, tənqid edilib.

İlk dəfə idi ki, bədii əsərdə bir qadın (Nora) "özünü daha yaxşı tanımaq üçün" ərini və uşaqlarını tərk edirdi.

"Bir kuklanın evi" tamaşası Moskvada, 2009
"Bir kuklanın evi" tamaşası Moskvada, 2009

Ibsen'in fikrincə "müasir cəmiyyətdə qadın özü ola bilməz, çünki bu, kişi cəmiyyətidir, qanunlarını kişilər qoyub, qadın davranışını maskulin nəzər nöqtəsindən qiymətləndirən prokurorları və hakimləri var."

Lakin bu pyesin daha geniş mənası olduğuna dair yozumlar da var. O yozumlara görə, pyesin mövzusu qadın haqları deyil, "hər kəsin özünün əslində necə olduğunu kəşf etmək və o adam olmağa can atmaq ehtiyacıdır".

Pyesin qısa məzmunu:

Səhnə yolka ilə açılır. Nora Helmer köməkçisilə birlikdə otağa yolka və bir neçə bağlama gətirir. Noranın əri Torvald bu zaman öz masası arxasında yazıb-oxumaqdadır. Əri Noranı Yeni il hədiyyələrinə bu qədər çox pul xərclədiyinə görə xəfifcə məzəmmət edir, onu öz "kiçik dələ"si adlandırır.

Kişi hədiyyələr və bəzək-düzək almağa həftələr sərf etdiyinə görə Noranı danladıqca qadın qıcıqlanır. Amma bu il onun əri Torvald işlədiyi bankda yüksək vəzifəyə keçəcəyi üçün Nora hesab edir ki, onlar özlərinə belə xərclər üçün icazə verə bilərlər.

Onlar yeni ildən hər şeyin necə yaxşı olacağı haqda danışırlar.

Bu vaxt qulluqçu iki qonaq gəldiyini elan edir: Xanım Kristin Linde, Noranın köhnə rəfiqəsidir, Doktor Rank da ailənin yaxın dostudur.

Kristin son aylarını ağır keçirib, əri ölüb, ona nə pul qalıb, nə də uşaq. Nora öz həyatının da son vaxtlar asan keçmədiyini deyir: əri Torvald xəstələnib, buna görə də onlar müalicə üçün İtaliyaya getməli olublar.

Kristin deyir ki, onun anası xəstə olanda qardaşlarının qayğısına özü qalıb, amma indi onlar böyüdüyü üçün həyatını boş hiss edir. Nora söz verir ki, əri Torvald ilə danışacaq, Kristinə iş tapmaqda kömək etməsini istəyəcək.

Sonra Nora, Kristinə ərinin müalicəsi üçün İtaliyaya getməkdən ötrü pulu "bir nəfərdən" borc aldığını açıb deyir. Nora deyir ki, Torvalda pulu atasından aldığını deyib, əslində isə pulu ondan xəbərsiz bankdan qeyri-qanuni borc götürüb. İllərlə işləyib, pul yığıb və borcu qaytarıb.

Bu vaxt Krogstad, Torvaldın bankında işləyən kiçik məmur gəlir və kabinetə daxil olur. Nora onu görəndə özünü narahat hiss edir. Doktor Rank kabinetdən çıxır, Krogstad içəri girir.

Onlar otaqdan çıxanda Nora ərindən soruşur ki, bəlkə bankda Kristin üçün bir iş olar. Torvald cavab verir: elə indi xoşbəxtlikdən bir yer boşaldı.

Torvald, Kristin və Doktor Rank evdən çıxırlar, Nora tək qalır.

Dayə uşaqları gətirir. Nora onlarla oynayır. Bu vaxt Krogstad sivişərək otağa girir, Nora çaş-baş qalır. Krogstad Noraya deyir ki, Torvald onu bankdakı işindən çıxarmaq istəyir, Noradan xahiş edir ki, işdə qalması üçün ərini dilə tutsun. Nora imtina edir və Krogstad onu İtaliyaya getməkdən ötrü bankdan qeyri-qanuni, saxta sənədlə aldığı borcu üzə çıxaracağı ilə hədələyir. O bilir ki, Nora bankdan pulu atasının imzasını verərək alıb.

Krogstad gedir və Torvald qayıdanda Nora çalışır ki, ərini Krogstadı işə bərpa etməkdən ötrü dilə tutsun. Torvald imtina edir, cavabı bu olur: Krogstad yalançıdır və dəhşətli cinayət edib: kiminsə adını saxtalaşdırıb.

İkinci səhnədə Kristin ilə Nora əyləşib paltar yamadıqları vaxt Torvald bankdan qayıdır. Nora ona yalvarmağa başlayır ki, Krogstadl işə bərpa etsin, "çünki o, Torvald haqda böhtançı məqalələr yaza və onun karyerasını dağıda bilər".

Torvald onun qorxularına əhəmiyyət vermir.

Ailə dostu Doktor Rank səhnəyə gəlir. Noraya deyir ki, vərəm xəstəliyinin ciddi mərhələsinə keçib, indi ona bir sirr açmaq istəyir, sirr isə budur: Noraya həmişə gizli məhəbbəti olub. Nora onun hər iki bəyanatından narahat olur. Onu əminliklə və nəzakətlə rədd edir.

O biri tərəfdən, Krogstad bankda işdən çıxarılan kimi onlara gəlir. Nora Doktor Rankdan xahiş edir ki, ərinin iş otağına gedərək onu məşğul etsin ki, Krogstad ərilə danışa bilməsin.

Krogstad isə Noraya belə cavab verir: Narahat olma, qalan borcuna görə daha narahat deyiləm, amma əvəzində Torvaldın karyerasını dağıdacağam.

Nora ərini dilə tutmaq üçün əlindən gələni etdiyini ona desə də, Krogstad fikrini dəyişmir.

Krogstad Noraya onun cinayətini detallarına qədər göstərən yazı yazdığını və Torvaldın poçt qutusuna atdığını deyir. Poçt qutusu isə kilidlidir.

Nora düşdüyü bu çətin vəziyyət haqda Kristinə danışır, Kristin deyir ki, evlilikdən əvvəl Krogstad ilə görüşüb və onlar hələ də bir-birlərini sevirlər, onu dilə tutar.

Torvald gəlib poçt qutusunu açmaq istəyəndə Nora onun diqqətini müxtəlif bəhanələrlə dağıtmağa nail olur. Nora əri poçt qutusunu açmasın deyə, onu israrla rəqs gecəsinə aparır.

Üçüncü pərdədə Kristin işdən çıxarılmış Krogstada mehribanlıq göstərir, deyir ki, xəstə anasına və kiçik qardaşlarına baxmaq imkanı olmadığından ərə gedib, indi isə əri ölüb, yenidən Krogstadın sevgisini qaytarmaq istəyir.

Krogstadı dilə tutur ki, Torvalda məktubunu geri götürsün. Amma bir qədər sonra Kristinin özü Torvaldın Noranın evliliyində həqiqət naminə bu məktubu oxumalı olduğunu deyir.

Rəqsdən qayıdanda Torvald poçtunu yoxlamağa gedir, amma onları izləmiş Doktor Rank onu saxlayır. Onlar bir qədər söhbət edirlər. Nəhayət, Trovald poçt qutusunu açaraq, məktubu oxuyur.

Noranı qeyri-səmimi, mənəviyyatsız qadın adlandırır, uşaqların tərbiyəsini belə bir qadına etibar etməməli olduğunu deyir.

Amma bu vaxt daha bir məktub gəlir. Krogstad Noranın borcu haqda bütün dəlilləri zərfə qoyub. Torvald onu alan kimi sevinir, dəlilləri dərhal yandırır, arvadına deyir ki, sözlərini geri götürüb və onu bağışlayır.

Bu zaman bayaqdan yalvarışlar edən Nora qəflətən ərini tərk etdiyini deyir. Niyə? "Çünki sadəcə bezmişəm". "Əvvəl atamın, sonra sənin kuklan olmuşam". "İndi əsl özümü tanımaq istəyirəm."

Torvald nə qədər yalvarsa da, Noranın fikrini dəyişdirə bilmir.

Nora açarı və üzüyü verir, Torvaldın halı xarablaşır, Nora qapını çırparaq evdən çıxır.

Tamaşanın birinci hissəsi:

XS
SM
MD
LG