Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:20

-

Dekabrın 29-da Bakıdakı valyutadəyişmə məntəqələrinin çoxu işləmir. Günorta saatları olsa da, bir çox məntəqələr bağlıdır.

İşləyən məntəqələrdə isə ABŞ dolları Mərkəzi Bankın məzənnəsindən fərqli qiymətlə göstərilir.

Mərkəzi Bankın dekabrın 29-a olan rəsmi məzənnəsinə görə, 1 ABŞ dolları 1.5578 manatdır. Dekabrın 28-də isə 1 dollar 1.5561 manat idi.

Valyuta mübadilə məntəqələrində isə dolların alışı 1.585-1.595 manat arasındadır. Satış yoxdur.

YUXARIDAN GÖSTƏRİŞ GÖZLƏYİRLƏR, QARA BAZAR GİZLİ İŞLƏYİR

Satış etməyən məntəqə sahiblərindən bəziləri bu cür işləməyin sərf etmədiyini, bəziləri isə «yuxarı»dan göstəriş gözlədiklərini bildiriblər.

28 May küçəsində «qara bazar»ın alverçiləri isə gizli alış-veriş edir. Alıcı çox olmasa da, onlar 1 ABŞ dollarını 1.8-2 manata təklif edirlər.

Dekabrın 28-də polis «qara bazar» alverçilərindən üçünü saxlayıb. Buna görə də onlar ehtiyatlı şəkildə «işləyirlər».

Bakının mərkəzində valyutadəyişmə məntəqələri - 29 dekabr 2015

Bakının mərkəzində valyutadəyişmə məntəqələri - 29 dekabr 2015

Şəhərdə dollar ajiotajı dekabrın 26-27-də güclənib. Dekabrın 28-də məntəqələrdə alış-satış olsa da, 29-da satış dayanıb.

BƏS, QEYRİ-İŞ GÜNÜ GÜNLƏRİNDƏ NECƏ OLACAQ?

İqtisadçı Samir Əliyev bildirir ki, qarşıdakı bayramla bağlı 5-günlük qeyri-iş günü onu narahat edir:

«Həmin dövrdə də Mərkəzi Bank cəmiyyətdəki reaksiyalara həssaslıq yaratmasa, bayramdan qabaq bankları dollarla təmin etməsə, valyuta bazarında gərginlik olacaq. Bu nüansları nəzərə almaq lazımdır. Nəzərə alaq ki, söhbət 5 günlük qeyri-iş rejimindən gedir».

İqtisadçı bildirir ki, Mərkəzi Bank hərracda bankların tələbatını ödəmir, lazımi həddə dollar satışı həyata keçirmir ki, bu da sonradan dollar qıtlığını qabarıq göstərir: «Cəmiyyətdə ciddi ajiotajın olduğu zamanda Mərkəzi Bank müəyyən əliaçıqlıq etməlidir».

Mərkəzi Bank dekabrın 28-də yaydığı sonuncu bəyanatında növbəti devalvasiya barədə deyilənlərin şayiə olduğunu bildirib.

Valyutadəyişmə məntəqəsi - 29 dekabr 2015

Valyutadəyişmə məntəqəsi - 29 dekabr 2015

AXCP SƏDRİ: KAPİTAL AXINI NİYƏ BELƏ SÜRƏTLƏNİB?

AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazır ki, manatın sürətlə ucuzlaşması həm də ölkədən irimiqyaslı kapital axını ilə bağlıdır: «Ölkədən kapital axını hər zaman olub. Bəs son zamanlar kapital axını niyə belə sürətlənib? Aydındır ki, ölkədə böyük pullar bu rejim mənsublarının özündədir. Pulu da ölkədən onlar çıxarır. Pulu ona görə belə sürətlə çıxarırlar ki, xüsusən sanksiya söhbətindən sonra hökumətin nazirləri də (onlar həm də nəhəng oliqarxlardır) bu hakimiyyətin siyasi perspektivinin olmadığını anlayıblar. Hər halda, həyatda gözübağlı yaşamırlar və başa düşürlər ki, ABŞ-la «sanksiya müharibəsi»ndə bu çürük rejimin qalib gəlmək şansı yoxdur».

Azərbaycan manatı bu il fevralın 21-də devalvasiya olunaraq 35 faiz ucuzlaşmışdı. Dekabrın 21-də isə Mərkəzi Bank manatın üzən məzənnəyə keçdiyini (dollara nisbətdə mənfi 47.7%, avroya nisbətdə 48%) elan edib.

Bundan sonra bütün ərzaq mallarının qiyməti 35-50 faiz, elektron məhsullar 50, dərmanlar 30-35 faiz bahalaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG