Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:40

-

Çərşənbə axşamı xam neftin qiyməti aşağı həddə qalıb. «Reuters» agentliyi bunu tələbin azalması və qlobal istehsal səviyyəsinin rekord həddə yaxınlığı ilə izah edir. Ötən ilin ortalarından neftin qiyməti 30 faiz azalıb.

GMT vaxtilə 4 radələrində Qərbi Texas (WTI) neftinin barreli 36 dollar 83 sentə satılıb ki, bu da 3 faizlik düşüş deməkdir. «Brent» neftinin barreli isə 36 dollar 67 sentə satılıb.

«JBC Energy»nin neft təhlilçiləri bildirir ki, Avropada neftə tələbat son 10 ayda ilk dəfə olaraq oktyabrda azalıb. Bu, günə 170 min barrel itki deməkdir. Çində dizel və benzinə tələb də düşməkdədir.

«Tələbin durumu daha yüksək qiymət mühitinə qayıtmağa əl yeri qoymur», - «CME Group» bildirir. «Çində tələb düşür. Yeni yaranan bazarlarda artım azalır. Avropada real ÜDM şərtlərində 1-2 faizlik artım gözlənir. ABŞ nisbətən yaxşı, Yaponiya nisbətən pis durumdadır. Burada da tələbdə ciddi artım gözlənilmir».

ABŞ-da şist nefti istehsalı 2010-cu ildən artsa da, istehsalçıların çoxunun xeyli borcu yığılıb və biznesdə qalmaq uğrunda çarpışırlar.

«İndiki aşağı qiymətlər 2016-cı ilin ABŞ istehsalçıları üçün çətin keçəcəyini göstərir», -bunu isə «ClipperData» neft təhlili şirkəti bildirir. Şirkət gələn il ABŞ istehsalında günə 500 min barrel azalma proqnozlaşdırır.

«Reuters» yazır ki, buna baxmayaraq, təhlilçilər qlobal istehsalın tələbi üstələyəcəyini proqnozlaşdırır və ABŞ-da bu ixtisar belə bazarları balanslaşdırmağa yetərli olmayacaq.

OPEC

OPEC

AŞIRI TƏCHİZAT QALACAQ

«Fox Business» isə yazır ki, noyabrda Yaponiyada neft məhsulları satışı son 46 ildə ən aşağı həddə düşüb.

Neft İxrac edən Ölkələr Təşkilatı – OPEC-in məlumatına görə, hazırda gündəlik istehsal 2 milyon barrel artıqdır ki, bu da qlobal tələbatın 2 faizindən çoxdur. Aşırı təklifin gələn ilin əvvəlində də qalacağı gözlənilir.

«Qlobal təklif və tələb cədvəlləri 2016-cı ilin birinci yarısı üçün də ağır mənzərəni göz önünə gətirir», - «Petromatrix»in neft təhlilçisi Olivier Jakob deyir.

Ötən ilin iyununda Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC istehsalın azaldılması siyasətindən əl çəkib. Uzun illər bu siyasət bazardakı payın qorunması üçün qiymətlərin dəstəklənməsi məqsədilə aparılırdı. O vaxtdan OPEC məqsədinə qismən nail oldu, rəqib təklif mənbələrini önləyə bildi. Ancaq eyni zamanda istehsalçı ölkələr maliyyə problemləri ilə üzləşdi. Hətta nisbətən varlı Körfəz ölkələri belə.

Treyderlər

Treyderlər

TREYDERLƏR NARAHATDIR

«The Wall Street Journal»da Timothy Puko yazır ki, neft treyderləri son həftələr, özəlliklə də Federal Rezerv Sistemi (FED) uçot dərəcəsini qaldırandan sonra Çin bazarını diqqətlə izləyib. Dollar qazanıb, yeni yaranan bazarların valyutaları kəskin düşüb. Elə bu yay Çin yuanı qəfil devalvasiyaya uğradanda neft böyük itkilər yaşamışdı.

«Çin iqtisadiyyatı sağlam deyilsə, neft istehlakı da yetərli həcmdə arta bilməz və dünyada neft artığı da azalmaz», - müəllif yazır.

OPEC üzvləri gələn il də istehsalı artıracağını bildirib. Üstəlik, İran neft ixracını gələn ilin prioriteti elan edib.

Ancaq təhlilçilər xəbərdarlıq edirlər ki, bazar ertəsi güclü eniş aşırı reaksiyadır. Treyderlərin çoxu tətildədir, bəziləri il sonu haqq-hesablarını qaydaya salırlar. Bu isə qiymətlərdə şişirdilmiş dəyişikliyə səbəb olub.

«Gələn iki həftənin qiymətləri də 2016-cı ildə daha uzun müddətə göstərici sayılmayacaq. Bayramlara görə həcmlər aşağı qalacaq», - «Phillip Futures»in təhlilçisi Daniel Ang söyləyir.

Təhlilçilərin fikrincə, ABŞ iqtisadiyyatı dirçəlməkdə davam etsə və Çin iqtisadiyyatı sabitləşsə, neftə tələbat da bir az düzələr.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG