Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:22

Günel Mövlud. Zərrə qədər abrımız qalıbsa, utanmalıyıq


Günel Mövlud
Günel Mövlud

-

"Bomboş boşalan içimizə, düşdüyümüz mənəvi boşluğa görə hədsiz dərəcədə utanacağıq."

Günel Mövlud

Azərbaycan tarixində qara ləkə

Utanmalıyıq!

2016-cı ildən başlayaraq, bizim hamımızın hakimiyyətə qarşı loyal, etirazsız kəsiminin, yəni ölkənin doxsan faizinin bolluq, firavanlıq, kef-əhval içində keçən son on ilinə biraz uzaqdan baxmaq imkanımız olacaq. Gəlin bu bolluq, firavanlıq sözlərini qəribçiliyə salmayaq.

Əgər xaricdən gətirilib kəndlinin evinin önündə satılan kənd təsərrüfatı məhsulları kəndlinin özünün istehsal edə biləcəyi məhsuldan iki-üç dəfə ucuz başa gəlirdisə, bunun başqa adı yoxdur. Həyətin meyvəsindən kompot bişirmək hazır kompotu almaqdan baha başa gəlirdisə, bunun başqa adı yoxdur. Dediyim isə bu deyil.

Pullar azaldıqca, neft ucuzlaşıb, dollar qalxdıca, paket maaşlar kəsilib, ölkə “ekonom rejim”ə keçdikcə biz o illərə get-gedə daha uzaqdan baxmaq imkanı əldə edəcəyik.

Gündən-günə daha sadə yaşamağa başladıqca, həyatımız get-gedə sadələşdikcə, kasıbladıqca, parıltı söndükcə, rənglər bozardıqca biz geri baxanda tamam fərqli hisslər keçirəcəyik.

Bu hissi bu on il ərzində çox varlı yaşayan da, az varlı yaşayan da, heç varlı yaşamayan da keçirəcək. Biz, həmin neft iynəsinə otuzdurulmuş neft narkomanları kimi keçirdiyimiz illərə baxdıqca utanacaq, xəcalət hissi keçirəcəyik.

Fərd olaraq, təkbaşına elədiklərimizə görə deyil, toplum, cəmiyyət, xalq olaraq etdiklərimizə görə utanacağıq. O illər bizim ayıbımıza, utancımıza, unutmağa çalışdığımız rüsvayçılığa çevriləcək. O illər Azərbaycan tarixində ən qara, ən iyrənc, ən murdar dövr kimi qalacaq.

Bu illər ona görə qara ləkə kimi qalmayacaq ki, bir dəstə oğru məmur ölkəni talayırdı. Bu dövr ona görə qara ləkə kimi qalacaq ki, biz özümüz də toplum olaraq, cəmiyyət olaraq oğruya çevrilmişdik, korrupsiyalaşmışdıq.

Milyardları oğurlayanlar bizə imkan yaratmışdılar ki, qəpik-quruş oğurlayaq. Biz o qəpik-quruşu oğurlayırdıq. Hərə bir cür, hərə bir şəkildə.

Birimiz paket maaşla, birimiz saxta xəstəlik sənədi, birimiz yalançı, kağız üstə iş yeri ilə oğurlayırdıq. Biz öz ökəmizin, öz gələcəyimizin pulunu oğurlayırdıq və özümüzə bəraət qazandırırdıq ki, onsuz da yuxarıda oturanlar milyard oğurlayırlar.

Nefti bitmiş şəhərdə caz. Qənbər Qənbərli
Nefti bitmiş şəhərdə caz. Qənbər Qənbərli

Bu dövr ona görə qara ləkə kimi qalmayacaq ki, müəllimin, professorun adı süpürgə pulu, imtahan pulu yığmaqda hallanırdı.

Ona görə qara ləkə kimi qalmayacaq ki, onların rəsmi, qanuni maaşını gülməli rəqəmlərə endirməklə, gələcəyimizə təhsil verməli olan bu adamları rüşvətxor, dilənçi, töycüyığana çevirmişdilər.

Bu dövr ona görə qara ləkə kimi qalacaq ki, vicdanlı, dürüst professorlar, müəllimlər ac ikən, bu illər ərzində xalq qazandığı pulu uşağının təhsilinə deyil, toyuna, cehizinə xərcləyirdi. Namiqlərin, Nadirlərin, Rəqsanələrin başından pul səpir, onların yarım saat dingildəməsinə on minlər verirdi.

Bu dövr ona görə qara ləkə kimi qalmayacaq ki, ölkənin ziyalıları, yazıçıları, sənət adamlarının əksəriyyəti özünü yaltaqlığa, məddahlığa vurmuşdu, hakim rejimə odalar yazırdı, xalqı ona səs verməyə çağırır və bunun müqabilində maddi rifah əldə edirdi.

Bu dövr ona görə qara ləkə kimi qalacaq ki, bunu etməyən, özünü məddahlığa, yaltaqlığa qoymayan, xarakterini, simasını qoruyub saxlayan ziyalılar, yazıçılar, sənət adamları olmazın məhrumiyyətlər içində yaşayırdı.

İllüstrasiya. Bakıda şadlıq evlərindən biri
İllüstrasiya. Bakıda şadlıq evlərindən biri

Ona görə qara ləkə kimi qalacaq ki, o dövr ərzində pulu mügənnilərin başına səpən, itinə qara kürü yedirən, restoranda onminlərlə hesab ödəyən adamlar öz ölkəsinin işıqlı adamlarına kömək əli uzamaqdan imtina etmişdilər.

Biz o dövrə baxacağıq və doğrudan da, bir toplum olaraq, zərrə qədər abrımız qalıbsa, utanacağıq. İşlətdiyimiz bahalı telefonlara, geyindiyimiz bahalı paltarlara, keçirdiyimiz dəbdəbəli toylara görə, zəlil günə qoyduğumuz təhsilə, təlxəklik, mütrüblük kimi baxdığımız sənət, mədəniyyətə görə, bomboş boşalan içimizə, düşdüyümüz mənəvi boşluğa görə hədsiz dərəcədə utanacağıq.

Utanmalıyıq. Utanmalıyıq. Utanmalıyıq.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG