Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:35

Bakıda «Baburnamə» miniatürləri sərgisi açılıb


Sərgi 2016-сı il fevralın 3-dək davam edəcək.
Sərgi 2016-сı il fevralın 3-dək davam edəcək.

-

Dekabrın 26-da Heydər Əliyev Mərkəzində «Baburnamə» miniatürlərindən ibarət sərgi açılıb.

Mərkəzin yaydığı xəbərə görə, sərgi Rusiyanın Dövlət Şərq Muzeyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Sərgidə «Baburnamə» əsərinə çəkilmiş 57 miniatür Muzey tərəfindən ilk dəfədir xaricdə nümayiş etdirilir.

Moğol imperiyasının banisi Qazi Zəhirəddin Məhəmməd Baburun (1482-1530) yazdığı «Baburnamə» türk və İslam ədəbiyyatında memuar janrında ilk əsərdir.

Müəllif burada öz həyatını qələmə alıb, Mərkəzi Asiya, Əfqanıstan və Hindistanın tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, flora və faunasına dair qiymətli məlumatlar verib.

«Baburnamə» 1589-cu ildə Baburun doğma çağatay dilindən fars dilinə tərcümə edilib.

Avropa alimləri Baburun memuarı ilə XIX əsrin əvvəllərində tanış olublar. 1826-cı ildə kitab çağatay dilindən ingilis dilinə, 1871-ci ildə isə fransız dilinə tərcümə edilib.

Böyük türk hökmdarı Qazi Zəhirəddin Məhəmməd Baburun dünya şöhrətli «Baburnamə» əsərini 2011-ci ildə tanınmış türkoloq Ramiz Əskər Azərbaycan dilinə çevirib nəşr etdirib.

Heydər Əliyev Mərkəzində nümayiş olunan miniatürlərin XVI əsrin sonuncu onilliyində Baburun nəvəsi Əkbər şahın Aqra və ya Lahor şəhərlərindəki emalatxanalarında yaradıldığı bildirilir.

Şərq ölkələrində orta əsrlərdə miniatür sənəti məşhur olub və əsasən klassik irsin görkəmli nümayəndələrinin əsərləri əsasında yaradılıb.

Bəzi məlumatlara görə, həmin miniatürləri rus mesenant Aleksei Morozov 1906-cı ildə Nijni-Novqorodda yarmarkada fars tacirlərindən alıb, daha sonra isə onlar Şərq incəsənət abidələrinin kolleksiyaçısı Pyotr Shchukin-in əlinə keçib.

Hazırda həmin miniatürlər Moskvada Dövlət Şərq Muzeyində qorunur. Ümumilikdə 57 vərəqdən ibarət kolleksiya ilk dəfə 1960-cı ildə Semen Tyulyayev-in albom-kataloqunda nəşr edilib.

Sərgi 2016-сı il fevralın 3-dək davam edəcək.

XS
SM
MD
LG